Qonaq Kitabı
KÖÇ

 

Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.

Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx” oğlum! Səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.

Dərhal dimdik qalxdım. Paltarımı geydim. Əl-üzümü yudum. Bir fincan çay içər-içməz pilləkənləri gup-gup başı-aşağı endim. Öküz arabası qapımızın ağzında durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi.

Artıq, hərəkət edəcəyik... Sevinirəm... Ailəmizin hamısı aşağıda idi. Hətta Mərmər adlı ağ pişiyimi, sarı, iri tüklü toyuğumu cücələri ilə bərabər bir səbət içində götürmüşdük. Necə sevinməyim?! Hamımız arabaya doluşduq. Salman kişi də arabanın boynuna oturdu: “Həm... Hof” edib əlindəki uzun qırmancını havada bir neçə kərə şaqqıldatdı. Araba hərəkət etməyə başladı.

Atam da ata minib, yanımızca gəlirdi. Şəhərin iri, geniş küçələri ilə gedirik. Hər zaman gözümüzün alışdığı geniş küçələr, böyük evlər, iri şüşəli mağazalar...

Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şərqi bürüyən qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi kimi görünən buludlar əlvan rənglərə boyanırdı.

Şəhərin tozlu, gurultulu küçələrindən, isti havasından get-gedə uzaqlaşırdıq.

Arabamız iki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yolla gedirdi.

Azərbaycan!.. Doğma vətənimin gözəl təbiəti vardır. Səhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qımıldanır, tarlalara, təpələrə, çöllərə xalı kimi döşənmiş lətif, yumşaq otlar, çiçəklər, dəniz kimi dalğalanır, yaşıl yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, dərəlik, təpəlik, irəlilədikcə qarşımızda bir-birindən daha gözəl təbiət, daha canlı lövhələr açılır. İri, kələ-kötür, ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır, insan ürəkdolusu nəfəs alır.

Yumşaq otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxudundan insan bihuş olurdu.

Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. Qocaman bir dağın təpəsinə qalxdıq. Qarşımıza daha böyük bir dağ çıxdı. Bu dağı da aşdıq, çiçəklər səltənəti kimi bir açıqlığa çıxdıq. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlaşmışdı. Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. Artıq yetişmişdik. Sevincimdən atılıb-düşürdüm.

Yaxınlaşınca bizi ən əvvəl bir çoban köpəyi qarşıladı. It qara ağzını açıb hürür və üstümüzə atılırdı.

 

OBA

Obaya yaxınlaşdıqca uşaqlar, bir neçə yaşlı qadın və kişi qarşımıza çıxdı. Qoca hamısından əvvəl irəliləyib, salam verdi. Sallaq, iri dodaqlarında, yanları cizgilərlə örtülmüş kiçik gözlərində, sümükləri qalxıq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. O, yumru başlı çomağına söykənərək:

- Sizi dünən gözləyirdik, xoş gəldiniz! - dedi

Atam:

- Sağ ol, Kərim baba, dünən olmaseın, bu gün olsun, - deyə cavab verdi.

Bu aralıq, qadınlar da yetişib arabamızı araya aldılar, anamla görüşdülər. Atam gülə-gülə:

Ay Kərim baba, Ayrım qızı ilə necə keçinirsən? – deyə soruşdu:

Kərim baba iri, sallaq dodaqlarını geniş açaraq, gözlərini daha da qıydı:

- Ağzında “Ayrım qızı” deyirsən, necə keçinəcəyik, itlə pişik kimi.

Atam yaşlı adamlarla əylənməyi çox sevərdi.

Qırx beş-əlli yaşında, qısaboylu, sağlam və ağzı yaşmaqlı bir qadın yaxınlaşıb, atama salam verdi. Atam onunla rəsmi görüşdükdən sonra gülə-gülə dedi:

- Ayrım qızı bax, yetişər-yetişməz Kərim baba səndən şikayət edir.

Ayrım qızı kiçik və yanları ətli gözləri ilə gülümsəyərək:

- Qoy istədiyi qədər şikayət etsin, nənəmiz Həvva Adəmi cənnətdən çıxartdığı üçün kişilər bizimlə heç bir zaman barışmayacaqlar, - dedi.

 

ALAÇIĞIMIZ

 

Arabamız bir alaçığın ağzında durdu. Yerə endik... Bizi keçədən qayrılmış bir alaçığa gətirdilər. Bir anda kənd qadınları və uşaqları ətrafımızı aldılar.

Qadınlar anamla öpüşür, danışır, gülüşürdülər. Uşaqlar isə inci kimi düzülmüş ağ dişlərini göstərərək, mənimlə danışmaq, oynamaq istədiklərini anladırdılar. Mən isə utancaq bir uşaq olduğumdan anamın yanında büzüşüb durur, arabir onların təbəssümlərində iştirak edir kimi görünürdüm. Atam da alaçığın böyründə Kərim baba ilə köhnə bir palazın üstündə oturub, söhbət edirdi. O gün hava çox isti idi.

Günəş yandırırdı. Bir tərəfdən, alaçıq içinə doluşmuş bu qədər adamın ağır nəfəsi, o biri tərəfdən alaçıq gecələrinin başçatladan havasından nəfəs almaq mümkün deyildi. Yaxşı ki, bu hal çox sürmədi. Bayırdan Kərim babanın: “Qonaqları çox incitməyin, yoldan gəliblər, qoyun bir az rahat olsunlar” deməsi ilə adamlar yavaş-yavaş çəkilməyə başladılar. Bir azdan sonra kasıb bir süfrə açıldı; yeyib qalxandan sonra atam Kərim babnı səslədi:

- Ay Kərim, bizi alaçıq üçün çubuq hazırlamısanmı?

Kərim baba soyuq bir halda:

- Bilmirəm bu oxumuşların səbri nə üçün az olur? Gəldiyiniz indidir, nə xəbər? – dedi.

Atam:

- Vaxt keçir, hər halda alaçıq hazır olmalıdır, - dedi.

Kərim baba:

- Nəyinə gərək, axşama qədər sən alaçığını məndən istə, mənim əlimdə o nə çətin işdir?! Hələ ağacları dünən qırıb hazırlamışam, - cavabını verdi.

Ayrım qızı:

- Çox öyünmə, dünən zor-güc ağacları mən kəsdirdim; sənə qalsa idi, kim bilir, indi də hazır olmayacaqdı.

O bu sözləri elə bir tərzdə dedi ki, hamı güldü. Atam Kərim baba ilə alaçıq qurmağa getdi. Alaçığımız obadan bir az uzaq, atamın bəyəndiyi axar-baxarlı, gözəl bir yerdə quruldu. Bir saat sonra alaçığımıza köçdük.

 

MƏŞĞƏLƏLƏRİM

 

Yavaş-yavaş oba uşaqlarına alışdım. Hər gün çayımı içər-içməz alaçıqdan çıxardım. Uşaqları tapıb çiyələk, göbələk toplamağa, ya dərədə balıq tutmağa gedərdik. Bu dərə başdan-başa su qaynağı idi. Hər ağacın, hər daşın dibində su sızırdı. Daşların, ağacların dibini qazar, ətrafına çay daşları yığıb, bulaq qayırardıq. Hər birimiz tapdığımız bulağa öz adımızı verərdik. Elə gün olurdu ki, səhərdən axşamadək o dərədə yalqız gəzərdim. Gözəl çiçəklərdən, bulaqlardan, yaşıllıqlardan doymaz, ayrılmazdım. Arabir də meşədə quş yuvası axtarmağa gedərdik.

Mənim quş balasına olan məhəbətimi oxuculara qələmlə anlada bilməyəcəyəm. Bu kiçik, məsum heyvanları dəlicisinə sevərdim. Bir quş balası tapdıqda o qədər sevinərdim ki, dünyalara sığmazdım. Anam, atam: “Oğul, bu heyvanları əsir etmə, burax, yazıqdırlar” – deyə nə qədər israr edərdilərsə də ağlayıb, yalvarıb onları zor-güc razı edərdim. Bu quş balalarını fındıq çubuqlarından qayırdığım bir nəfəs içində bəsləyirdim.

Şəhərdən gətirdiyim toyuğumun cücələri böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. Kiçik bacımla hər birimiz bir xoruz və bir fərə seçmişdik.

Çadırımızın dörd bir yanı açıqlıq, çalılıq[i] olduğundantoyuq cücələri ilə o açıqlıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyir və çalıların altında eşələnirdi. Ovcumu dənlə doldurub “dü-dü-dü!” – deyə səslədiyim zaman görməliydiniz, hər yerdə olsalar, qala üzərinə yürüş edən qalib bir ordu kimi uçaraq, qoşaraq ətrafımı alırdılar.

Mən onları aldadırmışam kimi əlimi arxamda gizlədərdim. Hamısı boyunlarını bükərək, gözlərini aşağıdan-yuxarıya üzümə dikib baxardı. Bilsəniz, o məsum baxışlar qəlbimə nə qədər toxunardı! Biixtiyar ovcumdakı dəni yerə səpərdim. Cücələr bir-birini döşləyərək, dimdikləyərək səpdiyim dəni dənlərdilər.

Alaçığımızın böyründə bunlara kiçik bir hin qayırmışdım; tülkü qorxusundan hinin ağzını gecələr böyük bir daşla örtürdüm. Günlərimin çoxunu bu heyvanlarla keçirərdim.

 

SƏHƏRLƏRİM, AXŞAMLARIM

 

Bu yerlərin səhərləri, axşamları mənə hər şeyi unutdururdu. Axşamlar qoyun-quzu mələşə-mələşə obaya dönərkən, səsdən qulaq tutulurdu. Xüsusən yavaş-yavaş nəfəs alan səhərlərin, axşamların qanadları ucundan yayılan sərinlik, dağ çiçəklərinin, çökə ağaclarının rayihəsi, qoruqlarda, tarlalarda biçilmiş təzə otların gözəl ətri, meşənin axşamlara, səhərlərə məxsus rütübət qoxusu, bulaqların şırıltısı, quşların ötüçməsi, quzuların mələşməsi, itlərin hürüşməsi bir-birinə qarışaraq, obaya başqa bir rəng, başqa bir şəkil verirdi. Bir saat əvvəl səssizlikdən ölgün kimi görünən təbiət birdən-birə canlanırdı. Hər şeydə bir yenilik, bir təravət görünürdü. Bundan böyük məşğılı nə ola bilərdi? Dəyənəyi əlimə alıb, obaya gedərdim. Analarını əmməsinlər deyə quzuları, oğlaqları bir ağıla doldururdular. Mən kənd uşaqları ilə ağıla atılıb o şux quzularla doyunca oynar, onlarla bərabər atılıb-düşərdim.

Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. Həsrətlərinə qovuşmuş heyvancığazlar ayaqlarını bükərək, quyruqlarını oynada-oynada analarını əmərdilər.

Obanı yenə də həzin bir sükut almış, yalnız ara-sıra çobanların səsi, itlərin hürüşməsi, uşaqıarın bağırtısı eşidilirdi. Bu kiçik heyvanları sevdiyim kimi, çobanlarını da sevər, çox vaxtımı da onlarla keçirərdim. Onların sadə və sərbəst sandığım məişəti xoşuma gələrdi. Hətta o bəxtiyar bildiyim insanlara qibtə edərək, “bu açıq, geniş obalarda, bu gözəl təpələrdə, yaşıl yamaclarda çoban olmaq, pisdirmi?” deyərdim. Mən də kiçik çomağımı alıb, çox zaman onlarla bərabər gedərdim. Qoyunları yamaca yayıb, bir təpədə oturardıq. Çobanlar tütək çalar, həzin mahnı oxuyar, keçmiş günlərdən və gələcəkdən dadlı-dadlı söhbət edirdilər.

Oxunan mahnılarda həm ələm vardı, həm də nəşə. Lakin bu sirri anlamaq üçün mən hələ kiçik idim...

Oruc adlı bir çoban gözəl tütək çalardı. O, tütək çalırkən qoyunlar iştahla otlar, arabir qulaqlarını qırparaq, o səsi dinlərdilər. Hətta Dəmir adlı qıllı, boz köpək də qulaqlarını sallayaraq iri, tüklü quyruğunu yerə çırpa-çırpa başını Orucun ayaqları üstünə qoyub, gözlərini tütəkdən ayırmaz və ara-sıra həzin bir səslə zingildərdi. O çalğıdan, o gözəl səsdən bu heyvan da həzz aldığını bununla anladardı. Gözəl səsin, gözəl çalğının heyvanlara nə qədər böyük təsiri olduğunu gözümlə gördüm: obanın şərq tərəfindən Novçalı adlı bir bulaq var idi. Günortacağı çobanlar sürünü ora aparırdılar. Bir gün sürünü o bulağa sürərkən Oruc təpə başından yoldaşı İlyasa:

- Ay İlyas! Ay İlyas! Bu tütəklə sürünü geri döndərimmi? – dedi.

İlyas cavab verdi:

- Döndərə bilməzsən!

Oruc tütəyi çalmağa başladı. Qoyunlara sanki gizli bir qüvvə dur əmrini verdi. Hamısı bir şeydən hürkmüş kimi durdu. Qulaqlarını qırparaq, birdən-birə döndülər, quyruqlarını ata-ata, mələşə-mələşə təpəni başyuxarı dırmandılar. Oruc məğrur bir tövrlə:

- Hə, döndərdimmi? – deyə çomağı qapıb tzəədən sürünü dərəyə sürdü.

 

KƏRİM BABA

 

Günlərimin bir qismini də Kərim babailə keçirirdim. Kərim baba altmış yaşlarında, qısaboylu, köksü və kürəkləri enli bir qoca idi. Gözünün yanları iri cizgilərlə örtülmüş və kiçilmişdisə də yenə parlaq idi. Söz söylədiyi zaman daima kiçik gözləri, qalın və iri dodaqları gülərdi. Onun keçirmiş olduğu uzun bir tarixi hər zaman gözlərində oxumaq olurdu. Yaşlı olduğu halda daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, canı sapsağlam idi. Bu adamın hərəkətindən və simasından gəncliyində çox igid olduğu anlaşılırdı. Indi belə fikri-zikri daima ovda və şikarda idi.

Atasından qalma köhnə tüfəngi var idi. Bu tüfəngin lüləsi kiçik bir top lüləsi qədər idi. Onu hər zaman özü ilə gəzdirər və bir an yanından ayırmazdı. Hər gün silər, təmizlər və arabir dərənin içinə enərək, bir yeri nişan alardı. Nişanladığını vurduqda, bütün arzularına qovuşmuş bəxtiyar bir uşaq kimi sevincindən atılıb-düşərdi. Tüfəngin bir top qədər şiddətli səsindən xoşlanmayan Ayrım qızı arabir Kərim babaya istehza ilə: “Ayıbını yer örtsün, sən heç bildiyindən əl çəkmə! Yaxşı ki dədən Qafar sənə bu qırıq tüfəngi qoyub gedibdir” – deyirkən Kərim baba məğrur bir tövrlə:

- İgid atadan igid oğluna bir tüfəng, bir də at qalar... – cavabını verərdi.

Kərim baba inəkləri cüzi aylıqla güdərdi. Özünün də iki inəyi, dörd-beş qoyunu var idi. Hər gün inəkləri bir yamaca yayıb obaya qayıdardı. Bu işdə ona bəzən kiçik oğlu Vəli də kömək edərdi. Oğul-uşaq zoğal, moruq dərməyə gedərkən Kərim baba da sıradan qalmazdı. O da onların içində olmalı idi. Kərim babanın inəkləri özbaşına buraxması sahiblərinin xoşuna gəlməzdi: lakin o bunlara heç əhəmiyyət verməyib nəşəsini pozma, tütək çalar, sümsü qayırar, hələ bayatı şikəstəsi də ağzından düşməzdi.

 

AYRIM QIZI

 

Ayrım qızı qısaboylu, kök bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlıq üzü var idi; bu çalışqan, namuslu qadının üzündə kişilərə məxsus bir heyrət vardı. Hələ gurlayan səsini hər kəs eşitsə idi, onun bir kişi olduğuna inanardı. Gündüzləri bir yandan bizim evdə çalışıb-çapalayar, bir yandan da öz evinin işlərini görərdi. Meşədən şələ-şələ odun daşıyar, sac asar, çörək bişirər, özgələrinin inəklərini, qoyunlarını sağar, nehrə çalxalayara və yorulmaq nə olduğunu bilməzdi.

Bu vaxta qədər kimsə Ayrım qızından “yoruldum” sözünü eşitməmişdi. Həyat onu belə öyrətmişdi. Onun əsl adı Fatı idi. Atası “ayrım” olduğundan hamı onu “Ayrım qızı” çağırsrdı.

Bu iki adamın təbiəti bir-birinə əsla uymurdu. Onun üçün Ayrım qızı bir yandan Kərim babanın uşaqcasına işlərindən, qəribə hərəkətlərindən darılar, o biri tərəfdən də naxır sahiblərinin töhmət və məzəmmətlərini izzəti-nəfsinə sığışdıra bilmədiyindən Kərim babanın arxasınca hər gün söylənərdi. Kərim baba heç bir şeyə əhəmiyyət vermədiyi kimi buna da əsla əhəmiyyət verməyib nəşəsindən, kefindən qalmazdı.

Bir gün qadınlarla uşaqlar moruq və çiyələk yığmağa getmişdi. Kərim baba sıradan heç qalarmı?! Ayrım qızı Kərim babanın da getdiyini, naxırın başsız qaldığını bilmiş, naxır sahiblərinin acı töhmətini eşitməmək, həm də Kərim babaya acı dərs vermək qəsdi ilə yumru başlı, iri çomağı götürüb özünü naxıra yetirmişdi. Axşamcağı naxırı obaya doğru sürərkən hamı ona tamaşaya çıxdı.

Hətta Kərim baba da tamaşadan qalmadı, uzaqdan laqeyd baxışlarla arvadını seyr etdi. Ayrım qızı əsla tövrünü dəyişməyərək əlində çomaq o inəyin- bu öküzün arxasınca bağıra-bağıra qaçırdı.

Kəndlilərdən biri gülə-gülə Kərim babaya:

- Ay Kərim, ay Kərim! Buna Ayrım qızı deyərlər, adamdan belə hayıf alarlar, bu pəhlvan arvad kişidən artıqdır, - dedi.

Bu sözün Kərim babaya bir milçək vızıltısı qədər təsiri olmadı, gurlayan səsi ilə:

- Mənim kimi kişinin elə də arvadı olar, - deyə cavab verdi.

 

İKİ PƏHLƏVAN

 

Sular qaralmağa, günəş yavaş-yavaş meşəli dağların arxasına çəkilməyə başlamışdı. Alaçığın bir tərəfində palaz döşəyib, çay içirdik. Kərim baba da palazın bir ucunda Ayrım qızı ilə yan-yana oturmuşdu. Hər ikisi keçmiş igidliklərindən danışır, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı.

Ayrım qızı Kərim babanı qzışdırmaq fikri ilə əlini onun çiyninə vuraraq deyirdi:

- Bunu görürsüz, aylarca üzünü görməzdim. İşi nə idi? Boşboğazlıq, o qapı-bu qapıda veyl-veyl gəzməkdən başqa əlindən bir iş gəlməzdi, evə gləndə bizə qan qusdurardı. Bir igidliyi, qoçaqlığı olsaydı... Meşədən bir şələ demirəm, bir qucaq odun da gətirməzdi. Odun gətirməyə getsə görərsən beş-on çırpını arxasına alır: “Ayrım qızı, Ayrım qızı! Bunu hara töküm? – deyə bar-bar bağırardı; elə bil ki, mənə baş gətirib. Bu gün meşədən gətirdiyim bu dağ kimi şələni görürsüz ki? Belə şələ gətirsə, kişi deyərəm. Onun hünəri nədir?

Ayrım qızı söylədiyi məğrur bir vəziyyət aldı. Gurlayan səsi ilə Kərim babaya:

- Rəhim ağanın qapısında nehrə çalxaladığımız yadındadır? – dedi.

Kərim baba sükutla başını tərpətdi. Ayrım qızı üstün gəldiyini hiss edərək, özünü doğrultdu, şən və açıq bir sifətlə sözə başladı:

- İkimiz də cavan idik. Rəhim ağanın qapısında qulluq edirdik, bu çoban idi, mən də ağanın inəklərini sağır, yağ-pendirini tuturdum. Qapıda bundan başqa dörd-beş çoban da var idi. Hamısı yeniyetmə, bığıburma oğlanlar idi. Bir gün nehrə çalxalayırdım. Zöhrə xanım da alaçığın ağzında durub baxırdı. Canımız üçün, çobanların hamısını yordum. Bax, bunun özünü elə yordum ki, düşdüyü yerdə qaldı. Zəhra xanım əllərini bir-birinə vurub qaqqıldadı:

- Ay Kərim, çox öyünmə, Ayrım qızı dörd-beş kişiyə dov gəldi – dedi.

Ayrım qızı bu sözləri söylərkən, Kərim baba yetim uşaq kimi başını köksünə dikərək, həzin-həzin dinləyirdi. Ayrım qızının belə öyünməsi, Kərim babanın sükutla büzülüb durması birdən-birə bayaqdan Ayrım qızına qulaq asanların qəhqəhəsinə səbəb oldu. Bu qəhqəhədən Kərim baba özünü bir qədər doğrultdu.

- Ey! Adam qocalanda belə sözləri çox eşidər; mən əgər yazı-pozu bilsəydim, göstərdiyim igidlikləri bir-bir yazar, böyük kitab bağlardım. Insan özünü öyməkdən nə çıxar. Arvad nədir ki, onun igidliyi nə olsun. Hay-hay! Beş-on qoyun sağıb, nehrə çalxalayıb, yağ-pendir tutub, dili ağzına sığmır. Indi mən deyim, sən qulaq as!

 

PƏLƏNG OVU

 

Kərim baba söhbətinə belə başladı:

- Bizim Borçalı meşələrində pələng olmadığını bilirsiniz; ancaq qabaq zamanlarda varmış. Qırx-əlli il bundan əvvəl kəndin yaxınlığında bir pələng görünmüşdü. Onun qorxusundan meşəyə heç kəs getmirdi. Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalayıbdır; ağlım başımdan çıxdı. Tüfəngimi götürüb getdim. Kəndlə pələngin arası beş ağac olardı. Dərəni aşdım. Aşağı uzanan daşlı-qayalı bir dağ ətəyi ilə meşənin içərisinə gedirdim. Günün bu zamanı idi; günəş saralmağa, sular qaralmağa başlamışdı. Pələngi gözdən qaçırmamaq üçün yan-yörəmə baxırdım. Bir də nə gördüm?! Uzaqda iki göz məşəl kimi yanır. Baxdım, pələng idi; o da məni görmüşdü, pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, cırmaqlayırdı.

Bir az da getmişdim ki, birdən-birə pələng yerindən atılıb bağıra-bağıra üstümə gəldi. Bir daşa söykənib, tüfəngimi ona tərəf yönəltdim. Pələngin bir nəcib xasiyyəti var: hücuma başladığı yerdən üz dəfə ovun üstünə atılar. Bu üç dəfənin heç birində ovlaya bilməsə, küsüb gedər. Qalxdığı yerdən iki dəfə üstümə atıldı, üçüncü dəfə az qaldı üstümə düşsün. Tüfəngimi dikəltdim, havada üstümə gəlirkən, qolları arasından nişan aldım. Pələngdən elə bir bağırtı qopdu ki, səsindən dağ-daş titrədi. Gözlərim qaraldı, tüklərim ürpərdi. Elə bil ağaclar, daşlar bir pələng sürüsü olub, üstümə gəlirdi. O iki-üç addım məndən aralı bir qaratikan kolu yanında yıxılıb nərildəyirdi. Iki dəqiqədən sonra canını təslim etdi. Yaxınlaşdım. O igid heyvanı öldürməyimə peşman oldum, ürəyim kövrəldi, gözlərim yaşardı. Tüfəngimi bir tərəfə atıb, qabağında diz çökdüm. Başını qollarım arasına alıb, üzündən-gözündən öpdüm.

Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığıldılar. Dedim ki, Borçalı torpağında bir igid var idi, o da bu gündən yaşamır. Bundan sonra Borçalı torpağı igid üzü görməyəcək.

Bir saat əvvəl sakit və dalğın halda bir yerdə büzülüb duran bu qoca artıq nəzərimizdə böyümüşdü. Hamımız başdan-ayağa hekayəyə qulaq kəsilərək onu dinləyirdik.

 

 

KƏRİM BABANIN ATASI

 

Kərim baba söhbətdən doymur, hadisəni hadisəyə, xatirəni xatirəyə calıyırdı.

- Mənim atam da gözəl ovçu idi. Nağıl edirdi ki, bir gün maral ovuna çıxmışdım. Dərədə kök bir buğa ovladım. Çeşmə başında kabab bişirib yedikdən sonra, uzanıb yatmışdım. Bir də gözlərimi açanda nə gördüm? Dörd bir yanımı duman elə bürüyüb ki, bir addım da qabaq görünmür. O gün evə qayıtmaqdan ümidimi üzdüm. Axşam olduğunu havadan bilmişdim. Kim bilir nə qədər yatmışam; nə edəcəyimi bilmirdim. Düşündüm-düşündüm, axırda gecəni bir qaya altında keçirmək üçün yavaş-yavaş dağa dırmaşdım. Elə uçurum, sıldırım qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb, parça-parça olacaqdım. Həm də qaranlıq idi, göz-gözü görmürdü. Qabağıma bir mağara çıxdı. Durdum, mağaranın ağzından içəri baxdım. Bir şey görmədim, çarəsiz mağaraya girdim, az sonra yuxuya getdim. Bir də ağır xorultudan gözlərimi açdım: “– Bu nədir? Məndən başqa burada adammı var?” – dedim. Dimdik oturub yan-yörəmi yoxlarkən,əlimə bir heyvan quyruğu toxundu, bir pələng quyruğu idi. Mən mağaraya sığındığım zaman o, oyaq imiş. Çünki yatmış olsaydı xorultusunu eşidərdim. Bu igid heyvanın məni bir qonaq kimi mağarasına qəbul etdiyinə şübhəm qalmadı. Özümü itirdim. Ancaq qorxmurdum: çünki bu heyvanın comərdliyinə əmin idim. Gecəni pələnglə bir yerdə keçirtdim. Shər dan yeri ağaranda mağaradan çıxıb dünən maral ovladığım yerə gəldim. Maralın bir budunu mağaranın ağzına gətirib yavaşca içəri itələdim. O gün yenə ovladığım maralın ətindən kabab bişirib yedim. Günortadan sonra idi, kəndə tərəf döndüm. Mağaranın aşağı yanından keçirdim. Gördüyüm bir hadisə ayaqlarımı mismar kimi yerə mıxladı: dərənin içində bir pələng uzanmış, bir qurd da onun ətrafında tülkü kimi quyruq bulayırdı. Məni heyrət aldı, yerdə oturub baxırdım. Qurd quyruğunu sallayıb dərənin bir o başına gedir, bir də dönüb gəlir, quyruğunu böyrünə qısaraq, dili ilə pələngi yalayırdı. Pələng isə əsla vüqarını pozmayım, yalnız onu iti baxışları ilə süzürdü. Qurd bir az sonra pələngin çənəsini, boğazını yalamağa başladı. Bu xainin riyakarlıqla pələngi tələf edəcəyini hiss etmişdim. Bir ara qurdu nişan alıb, vurmaq istədim. Nədənsə fikrimdən vaz keçdim. Qurd bir də dərəni dolanıb, pələngə yaxınlaşanda onun boğazından yapışdı. Yazıq heyvan elə bağırdı ki, səsindən dağ-daş tirədi. Elə bildim ki, qayalar üstümə töküləcək. beş-on dəqiqə o gözəl heyvan atılıb-düşəndən sonra hərəkətsiz qaldı. Təəccüb burasıdır ki, qurd yenə pələngin boğazını buraxmaq istəmirdi. Özü isə heç tərpənmirdi.

Pələngin öldüyünü yəqin etdim: ancaq qurdun da tərpənməməsindən heyrətdə idim. Tüfəngimi alıb dərəyə endim. Pələng ölmüşdü. Tüfəngin qundağı ilə qurdu nə qədər vurdumsa tərpənmədi. Bu da murdar olmuşdu. Mən ancaq indi anladım ki, pələng dərədə uzanırkən, bu xain qurd onunla üz-üzə gəlmiş, onun pəncəsindən qurtarmaq mümkün olmadığından bu riyakarlıqla ondan can qurtarmaq istəmiş, axırda da qorxudan bağrı yarılıb ölmüşdü. Çox əlləşdim boğazını qurdun ağzından qurtara bilmədim, dişləri kilidlənmişdi. Çarəsiz qəməmi çıxarıb, qurdun dişlərini çapdım. Elə igid bir heyvanın qurd kimi qorxaq, tamahkar bir heyvanın əlində ölməsinə ürəyim yandı.

Atasının nağıl etdiklərini bitirdikdən sonra Kərim baba özünəməxsus ağırlıq və təmkinlə əlavə etdi:

- İndi haman pələng dərisi məndədir. Atamdan yadigar olduğu üçün saxlayıram.

Atam onu təsdiqləyərək:

Əlbəttə, həm bunu, həm də vurduğun pələngin dərisini saxlamalısan, - dedi, çünki dərilərin hər biri iki igidin tarixini bildirən qiymətli xatirədir.

 

QIZIL İT

 

Kərim babanın Qızıl adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim, çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. Uzaqdan kölgəmi görüncə sürü ilə üstümə tökülüb hürərdilər. Bizim Qızılı özümə alışdırmaq ümidi ilə hər gün nə qədər çörək yedirdirdimsə yenə də alaçıqdan çıxıb, bir yana getdiyimi görüncə kəsik qulaqlarını oynadaraq, qalın boğuq səsi ilə hürər, nəşəmi pozardı. Ona görə Qızılı da sevmirdim.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info