Qonaq Kitabı
MƏKTUB YETİŞMƏDİ

 

I

 

Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar güyinmiş adamlar bəzəkli və isti mənzillərdən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt onlar üçün əyləncədən başqa bir şey deyildi.

Dünyada bütün səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş!

Qurban Şeytanbazar ucunda məktub yazan həmşəhərlisi Molla Fərzəlinin yanında oturmuş, soyuqdan əlləri, üzü bozarmış, bir əli ilə köhnə və yırtıq paltarının açıq yaxasını tutaraq, o biri əli ilə də ayaqlarına buz kimi yapışan yırtıq çustunun palçığını təmizləyə-təmizləyə:

- Molla, mənə bir məktub yaz! Bilirsən ki, hər il sənə nə qədər xeyir verirəm. Vətəndən gəldiyim bir il olmaz, ancaq bununla sənə beş məktub yazdırıram, - dedi.

Molla Fərzəli soyuqdan donmuş əllərini ovuşdurdu. Əsnəyə-əsnəyə bir kağız parçasını dizi üstünə alaraq:

- Həmşəri, nə yazılacaq? – dedi.

Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı. Gizli bir söz söyləyirmiş kimi fısıldayaraq:

- Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, - dedi, - yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün, onlardan göz-qulaq olsun. Sonra yaz ki, mən də şükür Allaha, sağ və salamatam, Qulamrza ilə sizə on beş manat göndərdim. Bayram qabağı yenə göndərəcəyəm, uşaqlar korluq çəkməsinlər, özüm də yazın axır ayında gələcəyəm.

Molla Fərzəli qələmi mürəkkəbə batırıb yazmaq istədi. Mürəkkəb qatı olduğundan yazmadı. Molla ağzının suyundan bir damla mürəkkəbə damızdırıb qarışdırdıqdan sonra yazmağa başladı.

Qurban döşü açıq arxalığının və köynəyinin arasından görünən, soyuğun təsirindən dik-dik durmuş qıllarını arxalığının yaxalığı ilə örtüb, sümüklərinə qədər nüfuz edən soyuqdan yumaq kimi büzüşərək dedi:

- Molla əmi, yaman adamın quyusunda işləyirəm, quyu indi otuz sajından aşağı enib, nə qədər yalvarırıq: “Ay ağa, haqqımızı bir az artır, aşağı getmək çox çətindir, neftin, qazın iyindən nəfəs tutulur”, zalım oğlu razı olmur. “Əvvəlki şərtimizlə qazacaqsınız, yoxsa haqqınızı verməyəcəyəm” deyir. Molla, burada pul qazanmaq çox çətindir. Sənin peşən yaxşıdır. Gündə beş-on kağız, dörd-beş dua yazsan, bəsindir. Allah bərəkət versin. Daha nə istəyirsən?

Molla Fərzəli qələmi qələmdana qoydu, divarın deşiyindən iki barmağı arasında bir qədər torpaq alıb, məktubun üstünə tökərək quruda-quruda cavab verdi:

- Həmşəri, uzaqdan döyüş adama asan gəlir. mənim sənətim bildiyin qədər də yüngül deyil. Qış-yaz küçə başında müştəri yolu gözləməkdən adamın gözlərinə qaranlıq çökür. Elə gün olur ki, bir nəfər də müştəri gəlmir. Qarnını ovuşdura-ovuşdura qalırsan.

Molla əbasına bərk sarındıqdan sonra məktubu Qurbana oxudu. Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi ağzını açmış, diqqətlə onu dinləyirdi. Sonra üzündə, gözlərində sevinc qığılcımları uçuşaraq:

- Molla, Qulamhüseynə də salam yaz, - dedi, - yaz ki, mən gəlincə uşaqlardan göz-qulaq olsun, yazsın görüm bizim qızıl inək dururmu? Kor yabını satıb, ya yox? Bir də yaz ki, sgələndə Anaxanıma gülü-güllü dəsmal, Məmişə də qırmızı köynək gətirəcəyəm.

Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərfə qoydu və üzünü Qurbana tutub:

-         Həmşəri, zərfin üzü kimin adına olacaq – deyə soruşdu. Qurban əli ilə boynunu ovuşdura-ovuşdura:

-         Hə, molla yaz ki, Qurbanın uşaqlarının anasına yetişəcək.

Molla zərfin üzünü yazıb Qurbana uzatdı.

Qurban məktubu alıb sevincək iki əli arasında diqqətlə baxdıqdan sonra qoynuna qoymaq istədi. Məktub əlindən yerə düşdü. Məktubu tez götürdü. O yan-bu yanını təmizləyib yenidən qoynuna qoydu. Kisəsini çıxarıb, iki şahı mollanın ovucuna sıxaraq: “Al, həmşəri! Bayram qabağı gənə məktub yazdıracam, məndən sənə çox xeyir çatacaq”, - deyib qalxdı.

Qurban əli ilə qoynundakı məktubu bərk tutaraq yeriyirdi. O indi həmşəhərlisi Qulamrzanın mənzilinə gedib, həm məktubu ona vermək, həm də dilcavabı bir-iki söz sifariş etmək istəyirdi. Yolda yeriyərkən düşünürdü: “Əcəb bəxtəvər adamdır, indi gedib balalarını görəcək, külfətinə, elinə, obasına qovuşacaqdır. Ox... bir-iki ay sonra oralar nə gözəl olacaq. Çöllər, dağlar yamyaşıl olacaq, çiçəklər açacaq, ağaclar yarpaqlanacaq, ilk baharın elçiləri olan qaranquş, sığırçın və leylək sürü-sürü dönüb, yuvalarını tikəcək, səhər və axşam şirin-şirin nəğmələrlə ruhları, ürəkləri oxşayacaqlar. Hər yerdə əkin və bostan işləri başlanacaq, balıqçılar çaylardan və göllərdən balıq ovlayacaq. Ah məni bu gözəlliklərə, ev-eşiyimə, uşaqlarıma həsrət qoyan kasıblıq!”. Bu kədərli düşüncə Qurbanın vücudunun hər sahəsinə sürətlə yayılaraq, bütün bədənini titrətdi. Daxilində əzici bir sızıltı duydu. Qəlbi sanki bir an dayandı. Artıq dizlərində taqət, vücudunda qüvvət qalmamışdı. O, ayaqları altında xışıldayan qarın üzərinə birdən-birə üzüqoyulu düşdü; ölgün və üzgün halda başını qaldırdı. Qabağında izdihamı yarıb keçən arabaları, isti paltarları, şənsifətli insanları, o qaynar həyat səhnəsini qəzəbli nəzərlərlə süzdü, biixtiyar soyuq dodaqlarından bütün iztirab və kədərlərinə tərcüman olan “of” uçdu, özünü doğruldaraq düşdüyü yerdən qalxdı. Tez əlini qoynuna soxdu və məktubu yanıq ürəyi üzərinə sıxaraq yeridi. Bir az sonra Qulamrzanın mənzilinə yetişdi. Qapı bağlı idi, məyus və dalğın halda geri döndü, qarışqa kimi qaynaşan işçilər içində sərsəri kimi dolaşarkən, həmşəhərlisi Səftəri gördü. Ona yaxınlaşaraq əhval soruşdu. Məlum oldu ki, Qulamrza şəhərə getmişdir. Qurban Səftərə yalvardı ki: Qulamrza qayıdanda mənim gəldiyimi ona de, tapşır ki, məni görməmiş getməsin, amanatım da, dilcavabı sifarişim də var”.

Bunu deyib Qurban mənzilinə qayıtdı.

 

II

 

- Namərdlər, alçaqlar, nə qədər ki, quyu dərinləşməmişdi mən baş idim, onlar quyruq. Hər tərəfə dönsəm, onlar da o səmtə sürünürdülər. Indi ki, quyu dərinləşib, mənə baş olmaq istəyirlər. Hər gün mənə təzə bir “ultimatum” verirlər. “Quyu dərinləşib, ölüm ayağı var. Daha nə bilim nə... nə” – deyə hər gün təzə şərt qoyurlar. Tfu sizin kimi namərd adamlara! Sizə qırmanc lazımdır, qırmanc!

Tanrıverdi və Səfər çəkdikləri torpağı boşaldıb yenidən dolu quyuya buraxdıqdan sonra Tanrıverdi:

- Ay ağa, - dedi bilirsən ki, quyunun indi çətin vaxtıdır, əjdaha kimi ağzını açıb qurban istəyir. Insaf da yaxşı şeydir. Axı...

Səfər Tanrıverdinin sözünü kəsdi, göz işlədikcə sıra ilə düzülən neft buruqlarına əli ilə işarə eləyərək əlavə etdi:

- Bax, bu yerlərin hər güşəsinə ayaq bassan, hər ovuc torpağına qazma vursan, işçi sümüyü görərsən, işçi fəryadı eşidərsən. Bu uca evlərdə, isti otaqlarda naz-nemət içində yaşayan...

Hacı Qulu Səfərin sözünü kəsib, ayaqlarını yerə çırparaq, bağıra-bağıra:

- Canınız çıxsın, - dedi – pul qazanmaq asandır? Siz canınızdan keçirsiniz, biz də ətək-ətək pulumuzdan.

- Səfər! Səfər! Qurban ipi tərpədir.

Səfər və Tanrıverdi tez quyunun ağzına yüyürdülər, başlarını aşağı dikərək baxırkən, quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər. Hər ikisi həyəcanlı bir səslə:

- Allah özü bağışlasın. Qurban da belə getdi – deyə fəryad qopardılar.

Hacı Qulu bir şey eşitmirmiş kimi, qorxma-qorxma quyunun ağzına gəldi və ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. Birdən-birə gözlərində, üzündə daşqın bir sevinc qığılcımları, dodaqlarında məmnuniyyəti andıran bir təbəssüm olduğu halda uca səslə:

- Çeşmənin başı açıldı, yavaş-yavaş neft qaynayır, - dedi.

Tanrıverdi soyuq və laqeyd bir tövrlə:

- Hacı, Qurbanın meyiti quyuda qalacaq? – deyə soruşdu.

Bu sözdən Hacı Qulu şirin yuxudan oyanmış kimi oldu. Göz qapaqları iri-iri açıldı. Kisəsindən iki iyirmi beşlik çıxarıb:

 - Kim bu işi görsə, bu əlli manat oundur – dedi. Tanrıverdi quyuya yaxınlaşdı və neftin qaynayıb qalxdığını görüncə:

- Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın – dedi. Hacı əlli manatı onlara verib dedi:

- Əlli manat sizin olsun, bölüşün, ancaq bu işi ağzınızdan qaçırmayın.

Səfər soruşdu:

- Ağa, bəs paltarı nə olacaq?

Hacı əlini onun çiyninə qoyaraq, yağlı bir dil ilə:

- Onu da bir yerdə qazıb basdırın, - dedi.

Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən, arasından yerə bir məktub düşdü. Məktubun üzərində: “Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək” cümləsi yazılmışdı.

Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlə süzərək: “Yazıq Qurban, məktub yetişmədi” – deyə inlədilər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info