Qonaq Kitabı
Bilən bu dərdimi yoxdur bu halətdə, bu halətdə

 

Bilən bu dərdimi yoxdur bu halətdə, bu halətdə.

Tutubdur könlümü mehnət bu firqətdə, bu firqətdə.

 

Neçün əhvalımı bilməz o mahi-mehriban, ya rəb?!

Nədən heç dadıma yetməz bu müddətdə, bu müddətdə?

 

Gedibdir taqətim dizdən, tükənmiş nur həm gözdən,

Neçün ülfət kəsib bizdən bu qürbətdə, bu qürbətdə.

 

Deyin yari-vəfadarə, o, çox uymasın əğyarə,

Kərəm qılsın məni-zarə bu xiffətdə, bu xiffətdə.

 

Ataram sərü samanı, dağıdaram bu viranı,

Yolunda qoymuşam canı bu mehnətdə, bu mehnətdə.

 

Özümdə intizarım var, dilimdə iztirabım var,

Rəqiblər yar, mən əğyar bu qəflətdə, bu qəflətdə.

 

Vətəndən ayrılıb getdim, rəhi-eşq içrə seyr etdim,

Mən hicrində cana yetdim bu həsrətdə, bu həsrətdə.

 

Məni qoydu fəraqında, həmişə iştiyaqında,

Həyatın songu cağında, bu üsrətdə, bu üsrətdə.

 

Dolandım hicr dağında, əyildim qəm otağında,

Xəyal hüsnün sorağında bu saətdə, bu saətdə.

 

Xəyalım yar ilə getmiş, dilim hicr ilə odlanmış,

Cəsəd həm Natəvan qalmış bu zillətdə, bu zillətdə. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info