Qonaq Kitabı
Əgərçi xoşdu mənə ətri, həm səfası gülün

 

Əgərçi xoşdu mənə ətri, həm səfası gülün,

Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.

 

Cəfayi-xarı görüb köçdü bağdən bülbül,

Görən kim oldu bir gülşəndə aşinası gülün?

 

Xəzanə meyl elədi, almadı vəfa nəzərə,

Yetişdi bülbülə çox-çox qəmü cəfası gülün.

 

Tökər sirişk əvəzində gözüm üzə al qan,

Olubdu çünkü könül zarü mübtəlası gülün.

 

Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhərf,

Qutarmaz həşrə qədər halü macərası gülün.

 

Üzari-alinə baxdıqca qan olur dillər,

İlahi, həddən aşır möhnətü bəlası gülün.

 

Xəta yoluna düşüb bülbülə cəfa qıldı,

Xətaya saldı özün aqibət xətası gülün.

 

Cahanda zərrə qədər olmaz, ey könül, xəndan

Ki, xuni-bülbül əgər olmasa ğəzası gülün.

 

Tutardı xuni-cigərdən olaydı gər sirab

Günəş tək hər tərəfi, Natəvan, ziyası-gülün. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info