Qonaq Kitabı
Oğlum üçün

Yanar canım, oğul, daim sənin nari-fəraqında,

Necə pərvanələr hər dəm yanar şəmin ayağında.

 

Guli-ruyün həvasilə çıxar əflakə əfğanım

Olur bülbül nəvası gül fəraqü iştiyaqında.

 

Sənin vəslin xəyaliylə gözü könlüm gəzər daim

Ki, çün Məcnuni-sərgəştə, gəzər Leyla sorağında.

 

Nəhali-qamətin zikri mənim virdi-zəbanımdır,

Dəmadəm naleyi-qumri olur sərvin budağında.

 

O şirin ləblərin şövqü günü-gündən olur əfzun,

Əgər Fərhad tək yüz il dolansam hicr dağında.

 

Hərisəm bəs ki, ol şirinzəbanın zikrinə hərdəm,

Olur xoş nitqli tuti, şakər olsa dəmağında.

 

Sənin hicrin odu, Abbas, dəxi, çıxmaz ki, canımdan,

Səməndər tək yanar daim anan nari-fəraqında.

 

Uçub şəhbaz tək könlüm, gəzərdi vəsl bağında,

Pərü balını sındırdı fələk, bu pir çağında.

 

Gözümdə tardır dövran, məhü xurşidi-nurəfşan,

Məhaq içrə olub pünhan, sanasan çərx tağında.

 

Sirişkim birlə kim, xali deyildir qamətin gözdən

Nə tez düşdü təravətdən o sərvin su qırağında.

 

Nolaydı gur olaydım, görməyəydim gül kimi cismin,

Qalıbdır tirə xak içrə, məzarın gün qabağında.

 

Könüldə həsrətim qaldı, məzarın heyf kim, bir dəm

Səni ta görmədim xürrəm, oğul, damad otağında.

 

Nədəndir intizar ilə, o şəhla göz baxar heyran,

Gözüm ol gözlərə qurban, baxar ahu sayağında.

 

Həmişə zarü dilməhzun, tökər gözdən sirişki-xun,

Pərişan hal ilə daim, qəmü mehnət bucağında.

 

Qəmi-hicran edib tüğyan, qalıbdır Natəvan suzan,

Rəvan əşki-bəsər hər yan olan gözlər bulağında. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info