Qonaq Kitabı
Yıxıb bu könlüm evin, eyləyib viran, getmə

 

Yıxıb bu könlüm evin, eyləyib viran, getmə,

Yoxumdu tabü-təvan firqətə, cavan, getmə!

Fəda olum sənə mən, səndən ayrıla bilməm,

Yəqin fəraqın edər qəddimi kaman, getmə.

Səninlə roşən idi qəlbim, ey gözüm nuri, .

Güman ki, təng ola canimə bu cahan, getmə!

Boyun bəlasın alım, sərv tək yıxılma, oğul,

Doyunca görməmişəm, getmə, bir zaman, getmə!

Çıxaydı kaş gözüm, görməyəydi hicranın

Ölüncə bil edərəm naləvü fəğan, getmə!

Səbahə dək oturub çəkmişəm cəfalarını,

Boyum bərabərisən indi əlaman, getmə!

Yəqin əl çəkəcək dustu aşinalərdən,

Divanə tək düşəcək çöllərə anan, getmə!

Səninlə kim açılıb qəlbimin şükufələri

Mürüvvət eylə, əzizim, edüb xəzan, getmə!

Tərəhhüm eylə mənə, dərdü möhnətim çoxdur,

Qoyub bu hicr bəla içrə Natəvan, getmə!

Di yumma gözlərini, qoy görüm doyunca barı,

Gözümdə cari edib əşk həm rəvan, getmə. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info