Qonaq Kitabı
Qara zülfinə boynun hindi düşdi

 

Qara zülfinə boynun hindi düşdi,

Sənin sevgin könülə indi düşdi.

 

Əzəldən sevgini, var idi canda,

Sən eylə sanmagil kim indi düşdi.

 

Tuti yarım durub bağçaya gəzər,

Utandı sərv ağacı endi, düşdi.

 

Dilər dal boynuna don biçə xəyyat,

Gözündən yaş ələndi, sındı, düşdi.

 

Bu gün ulaşdılar xublar xubanı,

Bizə xublar xubanı rindi düşdi.

 

Nə qayğım var rəqibin fitnəsindən?

Eşitdim quyu qazan kəndi düşdi.

 

Xətayi, sən güvənmə malə, gəncə,

Neçələr malə, gəncə mindi, düşdi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info