Qonaq Kitabı
YIĞINCAQ

Kəndin ortasında keçmiş mülkədar Kalış bəyin  boş samanlığına kənd camaatı cəm olubdur: kimi bağdaş qurma, kimi çömbəlib, kimi də ayaq üstədir. Təqribən iyirmi-otuz adam var. Yuxarı başda kənd şura sədri Həsənəli, sol əlində çubuq, sağ əlində ağaç, çubuq çəkə-çəkə və danışa-danışa əlindəki ağacı gahdan bir yerə vurur. Onun çovuşu Zeynal əlində şallaq, sədrin əmri ilə gah gedir adam çağırmağa, gah qayıdıb gəlir. Kəndlilər yenə gəlməkdədirlər. Əhvalat Qarabağın aran tərəfində kəndlərin birində vaqe olur.

 

Məclisi kənd şura sədri Həsənəli bu sözlərlə başlayır və təzə içəri girən Zeynala üzünü tutub bir növ acıqlı deyir:

 

H ə s ə n ə l i. Mən, flan-flan olmuş sənə dünən axşamdan dedim ki, camaatın hamısına xəbər verəsən ki, bu gün günorta çağı tək bir adam da evdə qalmasın, bura cəm olsun. Pəs hanı camaat?

 

Z e y n a l.  Yoldaş Həsənəli, allaha and olsun, kənddə bir ev də qalmayıb ki, gedib xəbər verməmiş olam. Qardaş, gəlmirlər, vallah, gəlmirlər, lap beləcə dirəniblər. Biri deyir, su nobatımdır, gələ bilmənəm, biri deyir, dəyirmana dən aparacağam. Daxı mən nə eləyim? Ay Həsənəli, mənimki deməkdi. İndiki zamanda deməkdən savayı nə eləmək olar?! Zornan xalqı çəkə-çəkə gətirə bilmənəm ki? Mənimki deməkdi.

H ə s ə n ə l i  (acıqlı və ucadan). Necə yanı gətirə bilmənəm? Canını da alaram! Xalq öz başına deyil ki?

Z e y n a l.  Yanı sən deyirsən ki, mən kənd camaatına zor eləyim?

H ə s ə n ə l i (acıqlı). Zor da elərəm, canını da alaram! Kənd camaatı ki, hökumətin sözünə baxmadı, hökumətin qərarını pozmaq istədi, o camaatın canını da alallar.

S ü l e y m a n.   Bir surətdə ki, camaat hökumətin çağırmasına gəlmədi, adamın canını da alallar.

M ü ə l l i m  M i r z ə  Y ə h y a.  Əlbəttə ki, qərardada tabe olmaq lazım gəlir.

H ə s ə n ə l i   (üzünü camaata tutub).  Buna bax sən allah, bir yandan özək katibi yazır ki, günorta vaxtı camaat orada hazır olsun ki, iclas olacaq; bir yandan da hərə bir cavab versin ki, su nobatım belə gəldi, dəyirman nobatım belə getdi. Cəhənnəmə getdi, gora da üstəlik!

M u s t a f a   (Həsənəliyə). Həsənəli, doğrudan da görəsən bu gün mərkəzdən gələn kimdi? Yəqin təzə bir məsələdən ötrü bir iclas qurulur. 

H ə s ə n ə l i  (başını bulaya-bulaya öz-özünə gileylənir). Eh, nahaq yerə belə camaatın təklifini qəbul elədim və bu boyunduruğu boynuma götürdüm. Qardaş, səni ki, iclasa çağırırlar, əlbəttə ki, bir vacib məsələ var ki, mərkəzdən adam göndərirlər. Qardaş, axır gün günorta ki, olub, niyə vaxtlı-vaxtında cəm olmursunuz ki, adamın üzünə söz gəlməsin? Qurani-münzəl haqqı, bu camaatın hərəkəti məni xarab eləyibdir ki, huşum başımda deyil.

 

Kəndlilərdən Mehbalı içəri girir.

 

H ə s ə n ə l i  (Mehbalıya).  Hey, Mehbalı ağa, allaha şükür olsun ki, axırı sən də təşrif gətirdin. Qardaş, axır axşamdan sizə xəbər verilib ki, bu gün iclas çağırılır, mərkəzdən adam gələcək. Axır mən bilmirəm nə vaxt bizdə də bir qayda olacaqdır.

M e h b a l ı (Həsənəliyə bir az qabarır). Axır nə olub ki? Qoymazsınız xarabamızda bir saat oturub yorğunluğumuzu alaq? Nə qiyamətdir axır? Siz çağırmısınız, mən də gəlmişəm. Dəxi qanmıram ki, nə istəyirsiniz?

H ə s ə n ə l i  (qabarır). Ədə, balam, sizə daxı söz demək olmaz? Axır, a yoldaş, bir bax gör günün nə vaxtıdır? (Göyə baxır). İndi az qalır günorta olsun.

M e h b a l ı.  Cəhənnəmə olsun, gora olsun! Sən çağırmısan, mən də gəlmişəm. Daxı bilmirəm məndən nə istəyirsən.

K a b l a   S a l a h  (Həsənəliyə tərəf). A balam, siz olasınız allah, söz-hekayəti qurtarın getsin. Mən bilmirəm, axır sözləşməyin nə mənası var? Daxı bəsdir, siz olasınız allah, qoyun görək başımıza nə iş gəlir. Qoyun görək gələn kimdi, nədən ötrü gəlir? Əsl mətləbi qoymusunuz, ancaq bir-biriniznən deyişirsiniz.

 

Kalış bəy içəri girir və dinməz-söyləməz gedir quru yerdə bağdaş qurma oturur. Təsbehini çıxarıb başlayır çevirməyə.

 

H ə s ə n ə l i  (Kalış bəyə tərəf). Kalış bəy, bağışlaginən, sənin bu məclisə gəlməyə ixtiyarın yoxdu. Sənin səsin alınıbdı.

K a l ı ş   bə y (iki əlli təsbeh çevirə-çevirə). Xub, burada indi seçki yox, səs vermək yox. Mənim səssizliyimin sizə burada nə zərəri ola bilər?

K a b l a   S a l a h,  K a b l a   Ə l i ş,  Ə b d ü l k ə r i m  (birdən). A kişi, heç bir zərəri ola bilməz. Burada nə var ki?

Ə b u z ə r,   k o m s o m o l   M u r a d,  S ü l e y m a n,  C ə m ş i d (birdən). A kişi, necə ola bilməz? Hazır ki, səsi alınıb. Səsi alınmışların bu məclisdə nə işi ola bilər?

 

Kalış bəy durur ayağa və səs-küy yatır.

 

K a l ı ş   b ə y.  Eybi yoxdur, gedərəm (istəyir getsin, sonra isə fikirləşir və Həsənəliyə tərəf qayıdır). Həsənəli yoldaş, samanlığın kirasından iki ayın haqqı qalır; yəni o qədər də pul deyil, ayı iki manatdan dörd manat eləyir, onu çıxart ver. İmran qoyun kəsib, uşaqlara ət alacağam. Bir qəpik pulum yoxdur.

H ə s ə n ə l i. Necə samanlığın kirası? Hansı samanlığın?

K a l ı ş   b ə y.  Bax, həmin bu samanlığı deyirəm ki, siz bunu klub eləmişsiniz və burada iclas qurursunuz.

H ə s ə n ə l i.  Mən kira-zad bilmənəm. Mən heç kəsdən samanlıq kira eləməmişəm.

Y a r m ə m m ə d  (Həsənəli tərəfə). Hə, doğrudu, keçən ilin sözüdü.

İ m a m v e r d i.  Hələ bəlkə altdakı ilin söhbət ola.

K a b l a   Ə l i ş.  Onda Şura sədri Həsənəli deyildi.

H ə s ə n ə l i. Xeyr, mən deyildim.

Ə b u z ə r.  A kişi, haranın sözünü danışırsınız, onda şura sədri sarvanlı İsa idi.

B i r   n e ç ə s i.  Hə, İsanın vaxtında idi.

B i r-i k i   k ə n d l i.   Hə, İsanın vaxtında idi.

K a l ı ş   b ə y. Xub, istər İsanın vaxtında olsun, istər Musanın vaxtında olsun. Mən samanlığımı hökumətə icarəyə vermişəm, hökumətdən də istəyirəm. Nə dəxli var ki? Bu nə sözdü?

 

Bir-iki kəndli  girir içəri və hərə bir yanda gedib oturur.

 

K a l ı ş   b ə y  (gedə-gedə). Xub, mən gedirəm. Amma bizim Şura hökumətimiz ədalətli hökumətdi. O razı olmaz ki, mənim var-yoxum, torpağım və kəhrizim alınıb kəndlilərə veriləndən sonra bir uçuq samanlığımdan da mənə çatası olan üç-dörd manat cib xərcliyimi Şura sədri ləngə sala ki, nə var-nə var, mən köhnə mülkədaram. Xub, bunun mətləbə nə dəxli var? Xudahafiz (yox olur).

 

Kəndlilərin bir parası gülüşür və Kalış bəy dala baxa-baxa çıxıb gedir. Kəndlilərin içində gülüşmə ucalır, fışqırıq çalınır və camaat gülüşür. Ayaqyalın Qurban adlı muzdur  məclisə girib,adamlara təəccüblə və guya qorxa-qorxa baxır.

 

H ə s ə n ə l i  (acıqlı, Qurbana tərəf).  Qurban, and olsun Əbülfəzl-Abbasa, sənin səsini alacağam! (Qurban fağır-fağır durub dinmir. Həsənəli yenə acıqlı haman sözləri deyir). Sənin meyidini görüm ki, sənin səsini alacağam!

Q u r b a n   (yavaşca, qorxa-qorxa). Nə səbəbə, a Həsənəli koxa?

H ə s ə n ə l i.  Necə yanı nə səbəbə? Hələ burası qəribədir ki, hələ səbəbini də soruşur.

 

Zeynal girir içəri.

 

H ə s ə n ə l i.  Qəribə burasıdır ki, hələ səbəbini də soruşur. (Qurbana tərəf). Necə yanı nə səbəbə? Pəs sən bilmirsən ki, bu gün burada iclas çağırılır.

C a b b a r  (Həsənəliyə). Həsənəli yoldaş, sən ağzının danışığını bilmirsən. Onunçün də və nahaq yerə də çığırırsan. Çünki burada kar adam yoxdur.

H ə s ə n ə l i. Hələ mən danışıram, Qurban danışır. Pəs sənə kim söz verdi, sən Qurbana vəkillik eləməyi başladın?

C a b b a r.  Necə kim söz verdi? Mən özüm söz verdim.

H ə s ə n ə l i  (Cabbara). Sən çox danışsan, sənin də səsini alaram.

C a b b a r  (bir iz yuxarı qalxıb xoruzlanır). Necə ala bilərsən? Heç vaxt ala bilməzsən.

K a b l a   S a l a h  (danışanlara). Ay uşaq, sizi pərvərdigar, qalmağal salmayın.

K ə n d l i   Y a r m ə m m ə d   (Həsənəliyə). Həsənəli, ağlın nə kəsir, bu gün mərkəzdən gələn kim ola bilər?

C a b b a r. Yəqin ki, mirab olacaq, çünki Seyid Hüseyn dünən sudan yana şikayətə getmişdi.

K a b l a  Ə l i ş (Cabbara tərəf). Yox, Cabbar, mirab ola bilməz. Mirab bu gün sarvanlara gedəsi idi. Mən deyirəm belə naloqdan yana gəlirlər.

Z ü l f ü q a r  (Kabla Əlişə). Yox, Kabla Əliş, belə deyil, mənim dünən şəhərdə qulağıma çatdı ki, həmkarlar ittifaqı sədri bizim kəndə gələsi idi.

H a q v e r d i. (Həsənəliyə). Həsənəli, pəs sənə heç yazmayıblar ki, kəndə gələn kimdi və nə işdən ötrü gəlir?

H ə s ə n ə l i. Yox, gələnin nəçi olduğunu yazmayıblar. Ancaq özək katibi sifariş edib, bu gün günorta vaxtı iclas çağırım, çünki buraya gələn adamın məruzəsi olacaqdır.

Ə b u z ə r.  Elədə ukom da gələcək.

C ə m ş i d. Elədə ispolkom da gələcək.

Q a s ı m   H a c ı l a r   o ğ l u. Elədə  politbüro gələcək.

K a b l a   C a h a n g i r  (guya bir şey tapıbdır). Həsənəli, Həsənəli, yol, yox, srağa gün bazarda zemkom mənə rast gəlib soruşdu ki, niyə qoyursunuz Həmzənin çəpərinin qabağını Rzaqulu əkin eləsin? Bəlkə bu gün gələn zemkom ola.

İ m a m v e r d i. A kişi, mən qanmıram ki, axır niyə belə uzağa gedirsiniz? Yoxsa belə güman eləyirsiniz ki, Məmişi özlüyünə qoyacaqlar ki, vurub fağır Məmmədəlinin başını dağıdıbdır, biçarənin başı deyirlər simləyibdir. Siz öləsiniz ki, bu gün gələn silisçi olacaqdır.

K o m s o m o l   M u r a d  (əri girə-girə). Deyəsən mərkəzdən gələnin sözünü danışırsınız? Mən eşitdiyimə görə bu adam maarif xadimləri ittifaqının sədri gərək ola. Biz onu iki gündür gözləyirik.

M ə ş ə d i   S a l m a n   (Həsənəliyə). Həsənəli yoldaş, nə ağlın kəsir, bəlkə hərbi stol müdiri ola?

Ə b d ü l k ə r i m.  Yox, yox, o da deyil. Yəqin ki, yardım komitəsidir. Dünən Heybətqulu yardım komitəsinə şikayətə getmişdi.

İ m a m v e r d i. İndi nə deyirsiniz deyin, amma çəgirtkə adamları da ola bilər ha!

Q a s ı m   H a c ı l a r   o ğ l u. Amma ola bilər ki, milis naçarniki də olsun ha!

Ş a h v e r d i. Amma ola bilər ki, toxucular ittifaqı adamlarından da olsun.

Ə b d ü l k ə r i m   (Həsənəliyə). Həsənəli, bəlkə Yermeşə ittifaqından gələn var?

Q u l a m ə l i. Yox, yox. Hər nə deyirsiniz deyin, amma bu gələnlər muzdur komitəsindən gələn olacaq.

S e y i d b a l a.   Qardaş, bir allaha baxın, axır kağızı gətirin. Açıqca deyibdi ki, kağızı firqə özək katibi verdi, yanında da bir adam var idi, o da çox acıqlı adama oxşayırdı; özü də urusca danışırdı, amma musurman idi. Yəqin ki, o adam bu gün bura gəlir. Ya yollara baxan adamdı ki, körpülərə və arx-bərəyə nəzər yetirsin, ya da malları istraxavoy eləyən adamdı. Ancaq bunlar hansı birisi olsa, əvvəl-axır bizim üçün dərd-sərdi; çünki o ki, körpüləri deyirsən, qardaş, vallah....

Ç a l   C ə f ə r. (Seyidbalanın sözünü kəsir). A kişi, mən qanmıram ki, yavığı qoyub uzağı axtarırsınız. Bu adam köybirliyi tərəfindən gəlir.

X ə l i l.  Köybirliyi yox, sənətbirliyi.

Ə b u z ə r. Sənətbirliyi yox, ticarət birliyi.

K ə n d  m ü ə l l i m i. Xub, ticarət birliyi deyəndə lazımdır, müəyyən eləmək ki, aya ticarətin hansı şöbəsinin birliyini nəzərdə tutursan; pambıq birliyinimi, yun birliyinimi, ipək birliyinimi, yaxud .... (hıqqıldayıb dayanır).

Ç a l   C ə f ə r.  Yox, xeyr, bir dəri birliyini, bağırsaq birliyini, ciyər birliyini (adamlar gülüşür).

 

Qapıda duranlardan səs gəlir: "çəkilin, çəkilin" və iki nəfər atlı atdan yenirlər. İkisinin də qoltuğunda yekə portfel. Qabaqca gözü çeşməkli bir  cavan, başında şapqa, ayağında paxodnı, tapançalı qalife şalvar, təqribən iyirmi yaşında, qoltuğunda portfel, ikincisi iyirmi beş-otuz yaşında, şapqalı paxodnı çəkmə, yaraqlı. Bunlar daxil olur camaatın içinə və yuxarı başa keçirlər və yuxarı başda qoyulmuş miz üstə portfellərini qoyub, başlayırlar portfellərin içindən kağız-kuğuzlarını qurtdalamağa və oradan bir neçə kağız-kuğuzu mizin üstə qoyub, camaata tərəf nəzər edirlər. Bunlardan çeşməksiz yoldaş - ki, adı təbliğat şöbəsi müdiri imiş,--üzünü camaata tutub deyir.

 

T ə b l i ğ a t   ş ö b ə s i   m ü d i r i. Yoldaşlar, mən bu gün iclası açılmış elan edirəm və mətləbə keçməkdən qabaq bu bir neçə sözü də lazım bilirəm söyləyəm ki, bundan qabaqkı əsrlərdə insanlar heyvan kimi yaşayırdılar; necə ki, bir sürü heyvan düşərdi bir çobanın qabağına və o çoban da bu sürünü hara istərdi oraya da aparardı. Amma indi, necə ki görürsünüz, dünyanın zəhmətkeşləri bir-biri ilə əl-ələ verib, daxı özlərini heyvan sürüsünə oxşatmaq istəmirlər və daxı, padşahlara, bəy və xanlara boyun əymək istəmirlər. Ancaq şahlar, bəy və xanlar da qara camaatı istismar etmək üçün bunları qaranlıqda saxlamağa çalışırdılar. Haman bugünkü iclasımızın mövzusu haman bu məsələdir ki, mərkəzdən qəzamıza gələn təbliğatçı yoldaş burada bu saat məruzədə bulanacaqdır. Söz verilir həmin qəzadan gələn təbliğatçı yoldaşa.

Q ə z a d a n   g ə l ə n   t ə b l i ğ a t ç ı   y o l d a ş. Məruzədən qabaq mən onu istəyirəm sizə deyəm ki, siz avam kənd camaatı  bircə dənə mətləbi gərək heç unutmayasınız ki, hər bir tərəqqinin banisi və hər bir məruzənin şərt və şəraiti və hər bir təbliğatın birinci məzmunu budur ki, mən onu burada sizə bəyan etmək istəyirəm ki, siz də , onu nəzərdə saxlayasınız və illa əgər onu siz nəzərdə saxlamasanız və onu özünüz üçün dillərdə əzbər etməsəniz - nə kənd istehsalatımız tərəqqi edər və nə də beşillik planımız baş tutar və nə də qeyri bir məramımız baş tutar.

C a m a a t.  Əlbəttə, əlbəttə belədir.

Q a s ı m   H a c ı l a r   o ğ l u.  Ay yoldaş, buyurun görək indi təklifiniz nədir və bizə nə yol göstərmək istəyirsiniz.

Q ə z a d a n   g ə l ə n   t ə b l i ğ a t ç ı.  Hər şeydən qabaq bunu gərək nəzərə alaq ki ,... (dayanır).  Q a s ı m. Bəli, nəzərə alaq ki....

K ə n d l i l ə r d ə n   b i r   n e ç ə s i.   Hə, nəyi nəzərə alaq?

Q ə z a d a n   g ə l ə n   t ə b l i ğ a t ç ı.  Nəzərə alaq ki....

K ə n d l i l ə r d ə n   b i r  n e ç ə s i.  Hı, buyur görək.

 

 

Camaat daxı da artmaqdadır. Adamlar diqqət ilə qulaq asır.

 

Q ə z a d a n   g ə l ə n   t ə b l i ğ a t ç ı.   Ay yoldaşlalar, bunu borcluyam sizə xəbər verəm ki....

 

Camaat bir növ ölgün kimi olur və çox təəccüblü bir-birinin üzünə baxır.

 

Ç a l   C ə f ə r  (təbliğatçıya). Ay yoldaş, camaat xahiş edir o sözü bir də deyəsiniz.

Q ə z a d a n    g ə l ə n    t ə b l i ğ a t ç ı.   Mən deyirəm  ki, Allah yoxdu.

K a b l a    Ə l i ş,    S e y i d b a l a,   K a b l a    P i r v e r d i  və b i r  n e ç ə s i. Necə yan? Allah yoxdu?....

Q ə z a d a n   g ə l ə n  t ə b l i ğ a t ç ı.  Yoxdu da! Daxı necəsi yoxdu ki!

 

Camaat yenə bir-birinin üzünə təəccüblü baxır.

 

S e y i d b a l a  (təbliğatçıya). Xub, ay yoldaş, bu söz sizin doğru sözünüzdü, yoxsa zarafat eləyirsiniz?

Q ə z a d a n   g ə l ə n   t ə b l i ğ a t ç ı  (təəccüblü). Daxı burada zarafat ola bilməz ki! Mənim siznən nə zarafatım ola bilər?

 

Camaat yenə təəcüblü bir-birinin üzünə baxır.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info