Qonaq Kitabı
İKİ ƏR

 Bu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri xah hekayələrdə, xah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.

O şəhər ki, əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.

Həmin bu dindar əhalinin vətənində təqribən Oktyabr inqilabının qabaqlarında, yəni on-on iki il bundan qabaq bir allah bəndəsi yaşayırdı ki, onun ismi hacı Ramazan idi.

Hacı Ramazan “idi” deməkdə mən ona işarə etmək istəyirəm ki, bu bəndeyi-xuda indi daha hali-həyatda deyil; bir neçə il bundan müqəddəm eşitdim ki, vəfat edibdir.

Hacının sənəti hamamçılıq idi; yəni Heydər ağanın hamamını icarəyə götürmüşdü. Elə yadımdadır ki, ilin müddətində haman icarə etdiyi hamamdan altı yüz manat sahibinə verdi və bir o qədər də bəlkə özünə zəhmət haqqı qaldı.

Çün hacı Ramazan bizim qonşumuz idi, onunçun da onun nəinki hamam icarəsinin təfsilatı, bəlkə ev-eşiyinin xırda-para işləri də göz qabağında idi və mən möhtərəm oxucularımı inandırıram ki, hacı Ramazan övrəti Şərəbanını şox istərdi; o qədər istərdi ki, övrətin yolunda hacı Ramazanın iki dəfə xəlvətcə ağladığını mən görmüşəm: bir dəfə övrətinə heç bir şey üstündə acığı tutub talaq verəndən sonra və ikinci dəfə hacının ağlamağını o vaxt gördüm ki, övrəti ilə barışandan sonra. İkinci dəfə genə acığa düşüb boşayandan sonra, biçarə kişi gəldi mənim atamın yanına və ona başladı yalvarmağa:

- Məşədi Ələsgər əmoğlu, and verirəm səni o qərib imam Rzaya ki, mən bir qərib bir adam kimi evimdə oturub qürəba tək ahu-nalə edirəm. Gəl zəhmət çək, get hacı Əsədgilə və o kişiyə de ki, hacı Ramazan bir qələtdi eliyibdir.

Demək, hacı Əsəd – hacı Ramazanın övrəti Şərəbanının atasıdır. Və hacı Ramazan övrəti ikinci dəfə boşayandan sonra o qədər peşiman olub, o qədər qəm-qüssə edir ki, təkliyə tab gətirə bilməyib, gəlib ürəyinin dərdini mənim atama açır, ondan vəsatət və müavinət təmənna edir.

Hacı Ramazan qırx beş-əlli yaşında ucaboy bir kişi idi. Övrəti Şərəbanı, otuz beş ya bir az artıq yaşında göyçək bir arvad idi. Bunların övladı yox idi və əvvəlindən heç də olmamışdı.

Zahirən yaxşı yola gedərdilər və kişinin övrətə olan məhəbbəti – necə ki, ərz olundu – kafi dərəcədə idi: amma səbəb nə oldusa, iki ilin müddətində aralarında nə vaqe oldusa, hacl Ramazan övrəti Şərəbanıya iki ilin müddətində iki dəfə talaq verdi və ikinci talaqdan sonra genə nəhayət peşiman olmuşdu və onun üçün də atamın yanına iltimasa gəlmişdi. Əzbəs ki, bizim hacı Əsədə bir növ uzaq qohumluğumuz çatırdı və hacı Əsəd hər halda atamın sözünü yerə salmazdı və onun üçün də Ramazan atama pənah gətirmişdi.

Xülasə, bu dəfə də iş yaxşılıqla düzəldi: çünki bu dəfə də Şərəbanıya verilən talaq – təlaqi-rüci hesab olunurdu. Şərəbanının iddəsi tamam olmamışdı, xalamgil getdilər, övrəti gətirdilər əri hacı Ramazana tapşırdılar və bu dəfə ondan xahiş etdilər ki, dəxi bundan sonra mehriban dolansınlar ki, bir də özgələrini zəhmətə salmasınlar.

Bu əhvalatdan bir il keçmişdi ki, dedilər hacı Ramazan övrəti Şərəbanı ilə sözə gəliblər və sonra eşitdik ki, hacı genə övrətinin talağını veribdir.

Bu dəfə daha bunların mabeyninə girən olmadı. Hər kəs bu xəbəri eşidirdi, gülməkdən başqa qeyri bir cavab tapa bilmirdi versin və dəli-divanədən savayı hacı Ramazanla övrətinə bir qeyri ad tapa bilmirdi qoysun. Amma axırda ər və arvad genə barışdılar; çünki bunların bir-birinə heç bir ədavəti yox idi; ancaq bir-birilə dalaşıb boşanmağa məhz adətgərdə olmuşdular.

Amma bu dəfə bunların başına bir qəzavü-qədər gəldi ki, bir-birilə yola getməməklərinin və tez-tez ayrılmalarının nəticəsində el içində abırları getməkdən savayı, aşıqların dilində və hekayə yazanların qələminə düşüb rüsvayi-cahan oldular.

Belə ki, şəhərimizin mollalarının cümləsi bu rəyə gəldilər ki, müvafiqi-şəri-şəriət Şərəbanını dübarə əri hacı Ramazana qaytarıb əqd etmək mümkün deyil, ta o vaxtadək ki, Şərəbanı bir qeyri şəxsə ərə gedə, ona müvafiq qayda ilə arvadlıq edə və sonra müvafiqi-şəriət ondan boşana və iddəsi çıxa. Və məhz ondan sonra yad bir övrət kimi genə irəliki əri hacı Ramazana qayıdıb övrət ola bilər.

Əvvəllər bəndə bu sözə inanmadım və qonşuluğumuzda hacı Molla Əlidən bu məsələni soruşduqda doğrudan bildim ki, quranda həmin fəqərə müəyyən surədə qeyd olunubdur. Hacı Molla Əli hətta quranı açdı və bilmirəm hansı yerindən belə bir ayə də gətirdi ki, guya əgər bir müsəlman bəndə övrətinə iki dəfə talaq verəndən sonra, genə üçüncü dəfə onu boşaya, o vaxt daha o övrət o kişiyə halal ola bilməz; “fəla təhəllü ləhü minbədü hətta tənəkhü zocən ğeyrən”; yəni özgə bir ərə getməyincə dəxi qabaqkı ərinə halal ola bilməz.

Mən elə qanıram ki, o yerdə ki, bir işin, çətin bir məsələnin özgə bir həlli, qeyri bir çarəsi yoxdursa, daha o yerdə çox da atılıb düşmək, ya çox fikirləşmək lazım deyil; zira zəmani ki, sənin qabağına quran ayəsi kimi “həblül-mətin” qoyulub, sübuta yetirirlər ki, flan yol ilə yox, flan yol ilə getməlisən, daha burada bir özgə çarə yoxdur: gərək haman yol ilə, xoşsa da, naxoşsa da, getməlisən.

Hərçənd hacı Ramazan üçün qurani-şərif ortalığa qoyduğu təfsir heç də əlverişli deyil idi, amma əhli-iman hacı Ramazan üçün bundan başqa bir təfsir ola bilməzdi. Demək, gərək Şərəbanı müvəqqəti surətdə qeyri bir ərə getsin.

Pəs kimə getsin?

Bu məsələ, zənn edirəm, dünyada yaşayan cəmi övrət sahibi ərlər üçün müşgül bir məsələ gərək ola.

Nə tövr olsun ki, hacı Ramazanın gözləri baxa-baxa istəkli övrəti bir özgə kişiyə ərə getsin? Axı o övrətdən hacı Ramazan əl çəkməyibdir?.. Hələ nəinki əl çəkməyibdir, hətta bəlkə gecələr də ondan ötrü biqərar olub yuxuluya da bilmir.

Aha!.. Hacı Ramazan dadaşımızın fikrinə bir şey gəldi və ürəkdən dərin bir ah çəkdi. Həmin ah elə şəfabəxş bir ah idi ki, hacının ürəyindən hər nə qədər küdurət və öhdəsində nə qədər ağırlıqda ağır yük var idi, fövrən onların hamısını yüngülləşdirib, ona bir nicat yolu göstərdi.

Hacı Ramazan xəyalına qoydu ki, Şərəbanının siğəsini oxutsun öz hamamının tulambarçısı Kəblə İmaməliyə.

Bu kişi çox bir fəqir, altmış yaşında pəjmürdə hal, bir çirkli-mirkli iranlıdır. Səhərdən-axşamadək peşəsi karvansaralardan hamama təzə peyin daşımaq, onu hamamın damında qurutmaq və quru peyini kürəkləyib, hamam kürəsinə töküb yandırmaq idi.

Kəblə İmaməli subay bir kişidir və evi-eşiyi olmadığından hamam dalanında yatırdı. Xeyli kasıb olduğu cəhətdən hacı Ramazana bərk itaət edib, gecə-gündüz peyinlə çalışırdı ki, oradan ona çatan bir tikə çörəkdən əli üzülməsin.

Hərçənd bu iş zahirdə hacı Ramazan üçün çox asan vəchlə düzələn işə oxşayırdı, amma axırda elə olmadı.

Hacı güman edirmiş ki, bəli, Şərəbanının siğəsi zahirən və rəsmən oxunub, şərən Kəblə İmaməliyə övrət olar. Nə eybi var? Kəbləyi kişi öz tulumbarçılığında, Şərəbanı isə qardaşı hacı Əsədin evində. Bir neçə gündən sonra siğə geri oxunar, yəni rəsmən kəbləyi, Şərəbanının talağın verər və öz vaxtında da Şərəbanının genə siğəsi hacı Ramazana oxunar. Və beləliklə iş qurtarıb gedər.

Heyhat! Və beləliklə xam xəyal!

Şəhərin cəmi şəriətmədar və hüquqşünasları bu rəydə müttəfiq oldular ki, Kəblə İmaməli, şəri Şərəbanıya yavıq düşməyincə, onunla müvafiqi-şəriət cüt olub övrəti eləmiyincə, Şərəbanı bu kişiyə ərə getmiş hesab olunmayacaq və beləliklə də hacı Ramazanın niyyəti düzəlməyəcək.

Danışırlar ki, hacı dadaş durada xeyli zəhmətə düşdü: o, mollaya yanaşdı, bu fazildən məsələ etdirdi, hiyleyi-şər yollarını axtardı və bu yolda çox xərc qoydu. Hətta çarəsiz qalıb Kəblə İmaməliyə də pənah apardı; onunla da nə isə xəlvətdə çox danışardı.

Elə başa düşürəm ki, çarə ələ gətirə bilmədi; çünki mən də bir vaxt gördüm və qonşularımız da buna şahid olduq ki, hacı Ramazan Kəblə İmaməliyə öz məhəlləsində müvəqqəti bir mənzil kirayə elədi, orada kişiyə bir otaq döşətdirdi. Kəbləyi kişinin üst-başını təzələdi və bir neçə gündən sonra Şərəbanını haman Kəblə İmaməlinin mənzilinə gətirdilər. Bundan sonra məhəllə uşaqları gahdan bir Kəblə İmaməlini təzə mənzilinə gedən görəndə onun dalınca o qədər gülüşüb qışqırardılar ki, kişi axırda hirslənib, yerdən daş götürüb uşaqların üstə atardı. Amma hamısından gülünc bu idi ki, hacı Ramazan əmi hərçənd gecələr Şərəbanının yanında qalmazdı və qala da bilməzdi, amma gündüzlər, qədimdən adət etdiyi kimi bazardan ət, çörək alıb əlində səbət aparardı və qapıdan Şərəbanını çağırıb verərdi; arvad da yad arvad kimi başında çarqat, üzüörtülü gəlib əti alıb aparardı. Qonşuların dediyinə görə hacı, Şərəbanıya bircə bunu deyərdi:

- Ay qız, kefin necədir?

Qabaqca hacı, Kəblə İmaməli ilə şərt qoymuşdu ki, Şərəbanının talağını tez bir vaxtda versin. Amma bilmədik səbəb nə oldu ki, bu iş təxirə düşdü və bir neçə ay çəkdi. Bir dedilər ki, Kəblə İmaməli Şərəbanını daha boşamaq istəmir; sonra dedilər ki, Kəblə İmaməli hacı Ramazandan bir neçə yüz manat pul istəyir. Bir övqat söyləyirdilər ki, bu iki ərin arasında Şərəbanının üstündə böyük niza[*] əmələ gəldi.

Amma nəticədə işlər pis keçmədi.

Bir gün danışdılar ki, Kəblə İmaməli Şərəbanının talağını veribdir və bir neçə baxtdan sonra dedilər ki, hacı Ramazan Şərəbanını nikah edib evinə gətirib.

Bu hekayəni indi qələmə gətirməkdən mənim məqsədim budur:

Mən istəyirəm bunu qeyd edəm ki, bir belə işlər, yəni kişilər tərəfindən övrətə üç dəfə talaq verəndən sonra o övrəti qeyri bir kişiyə nikah etmək məcburiyyəti təzə bir söhbət deyil. Məlumdur ki, dindar müsəlmanlar arasında belə əhvalatlar həmişə ittifaq düşübdür və buna keçmiş vaxtlarda bir kəs nə təəccüb və nə də etiraz edərdilər.

Amma hal hazırda əgər bu sətirlərin indiki oxucuları burada yazılan keyfiyyəti və bu hekayədə adları çəkilən molla və məşədiləri gülünc hesab etsələr, bu ondan ötrüdür ki, biz indi Oktyabr inqilabının onuncu ilinə gəlib çatmışıq. Və bu da məlumdur ki, indiki əsrimiz elə bir əsrdir ki, ərlə arvad tez-tez dalaşır da və tez-tez barışır da. Nə şəriətin nikahı, talağı və nə Kəblə İmaməlinin vəsatəti onlara lazım olmur; səbəb budur ki, indi daha insanlar azad yaşamaq üçün özlərinə azad bir yol tapırlar.

 

 



[*] Dava-dalaş.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info