Qonaq Kitabı
OĞRU İNƏK

 Atalar sözü: Atı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini.

 

Qaraqılçıq kəndində bizim yaxın qohumlarımız yaşayır. Onun üçün də mən il olmaz ki, oraya qonaq getməyəm.

Şəhər yerində qara-quraya baxmaqdan insanın hövsələsi daralır; ona görə də bir bəhanə axtarır ki, böyük şəhərdən bir neçə gün uzaq olsun. O biri tərəfdən də, kənd aləmində gahdan bir elə bir zövq və səfa üz verir ki, onu böyük və qalmaqallı şəhərdə heç vaxt tapa bilməzsən.

Uzun aylarnan şəhərdə beynini yazı-pozu ilə yorandan sonra, birdən görürsən ki, səhranın ortasında, təmiz və saf havada, quşların və heyvanların içindəsən. Əkinlər, sular, ağaclar və yarpaqlar... Gör hara gəlib çıxıbsan? Harada qaldı böyük şəhərin dar küçələri ki, camaatın əlindən səkidə yol tapıb, keçmək mümkün deyil.

Xülasə.

 

*      *      *

 

Qaraqılçıq kəndində pambıqlar hələ yığılmaqda idi. Hava çox xoş keçirdi və sübh tezdən durub, tüfəngləri götürüb gedirdik dovşan ovuna. Dovşan ovu deməkdə, məqsəd dovşanı vurub, onun ətini yemək deyil; bir surətdə ki, bizim müsəlman arasında dovşanı heç layiqincə bişirib ortalığa çıxarmağı bacaran yoxdur. Ancaq ovun da ləzzəti bir canlə şeyi candan salıb onu ələ gətirməkdir ki, evə qayıdıb gələndə oğul-uşaq sənə gülüşüb deməsinlər ki, “bax, buna bax; maşallah ovçularımıza!..”.

 

*      *      *

 

On üç gün mən Qaraqılçıq kəndində qaldım və bu on üç günün bir həftəsinə kimi dovşan vurub gətirmək və onları parçalayıb köpəklərə verməklə keçirtdim. Qalan həftəni də bizim qohumların “oğru inək” adlı bir inəyi ilə məşğul oldum.

Əhvalat bu qərar ilədir:

Bir neçə gün kənddə vaxt keçirəndən sonra gördüm ki, səhərlər çayın yanına yekə bayda dolusu qaynar süd gələndə “oğru inəyin südü” deyib danışırlar.

Mən bu söhbətə diqqət verdim. “Oğru” sözünü insanlar barəsində eşitmişik və heyvanların da bir parasının barəsində eşitmişik; necə ki, məsələn oğru pişik, oğru it. Quşlardan da sağsağan və qeyriləri də oğru ola bilər. Amma bunu bilmirdim ki, inək necə oğru ola bilər və nəyi oğurlaya bilər.

Bir gün sabah çayını içəndən sonra əmoğlumla həyətə çıxdıq və mənim xahişimə görə o məni apardı inəyi göstərsin və onun oğurluğu barəsindəməlumat versin. Həyətin kənarında, bağın qapısının yanında, uzaqdan bir boz inək görsənirdi. Əmoğlum mənə dedi ki, “oğru inək” dediyim – haman o inəkdir.

Gəzə-gəzə getdik yaxınlaşdıq. İnək qoca idi. Bir buynuzu da dibindən qırılmışdı. Bir buynuzunun arası da sınmışdı. Bir gözü lap yumulu idi; kimsə vurub çıxartmışdı. Əmoğlum inəyin o tərəfinə ötüb heyvanın dal qılçasında bir çapılmış yer göstərdi: keçən vaxtlarda hansı nainsaf dəhrə, ya xəncərlə yaralamış imiş.

 

*      *      *

 

Bunların hamısı öz qaydasınca. Ancaq mən onu bilmək istəyirdim ki, indi gündüz vaxtı inək nə səbəbə çölə otlamağa getməyib, evdə qalıbdır? Bağlarda da bir şey yoxdur ki, heyvanın qarnı doysun; bir surətdə ki, indi heyvanlar  çölə gedirlər və biçilmiş taxıl yerlərində, sovulmuş pambıq yerlərində çör-çöpdən-zaddan tapıb qarınlarını doyuzdururlar.

Əmoğlum cavab verdi ki, inək toxdu, ona görə də qeyri heyvanlarımızla çölə getmək istəmir. Soruşdum:

- Necə yəni toxdur və nə yeyir ki, tox olur? – Əmoğlum cavab verdi ki:

- Həmin oğru inək gecələr gedir xəlvətcə xalqın pamvıq əkininə girir, qarnını doyuzdurur və səhər tezdən hava işıqlanmamış, qayıdıb gəlir. Payızın bu gödək günlərini də burada həyət-bacada gəzib dolanır və yatıb dincini alır.

Mən soruşdum ki:

- Pəs pambıq sahibi məgər gecələr pambığı başına buraxır? Məgər o pambığını heyvandan və oğru-əyridən gözləmir?

Əmoğlum belə cavab verdi. Dedi:

- Əvvələn, bu sözləri sən yavaş danış; çünki o pambıqlar ki, onların bərəkətindən, bax, bu kor inəyimiz gündə bir dolu sərnic süd verir, - o pambıqlar hamısı bizim qonum-qonşunun pambığıdır. Onlar hərçənd ki, bizim bu oğru inəyin hünərindən xəbərdardırlar, amma allaha təvəkkül edib, bizim inəyin oğurluğunu uzaq pambıqlara isnad verirlər; yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapı-bir qonşularımızın pambığının bərəkətinə bağlıdır. Ona görə də mən səndən xahiş edirəm ki, indi biz ehtiyat üçün gərək yavaş danışaq.

 

*      *      *

 

Gəldik evə. Hava qaranlıqladı və çıraqlar yandı. Axşam çay ortalığa gələndə, genə bir kasada qaynar süd ortalığa gəldi və burada oğru inək durdu gözümün qabağında və mən çox istədim biləm ki, indi oğru inək haradadır və nə işə məşğuldur. Əmoğlum dedi ki, hələ həyətdədir; çünki hələ vaxtı deyil, yəni hələ oğurluğa getməyibdir. Soruşdum:

- Bəs nə vaxt gedəcək? – Dedi:

- Adamlar yatışandan sonra. – Dedim:

- Əmoğlu, bax, doğrusu, mən bir yazıçı adamam və bu bir neçə gün ki, burda sənə qonaq olub gəzib dolanıram və yağlı süd-qatıqlardan yeyib içirəm, bu öz qaydasınca. Və əlbəttə ki, şəhərə gedəndən sonra bu gözəl günləri həmişə arzu edəcəyəm. Amma burası var ki, biz bir yazıçı millətik, bizə yağ və pendirdən, süd və qaymaqdan da əfzəl yaxşıca tanımaq, təcrübə görmək lazımdır. Bizə tema və mövzu lazımdır; yəni müxtəsər, bizim yazıçılıq karxanasında həmişə xammal lazımdır ki, karxanamız işləsin, bikar qalmasın. Bu gecə məndən yatdı yoxdu. Gərək bir bürüncək götürəm və sənlə gedəm, oğru inəyi səhərətək pusam və onun “fənd-felini” öyrənib sonra yazıya götürəm; ta ki, həb bir kəs bilmirsə, bilsin və eşitməyibsə eşitsin ki, inəkdən də oğru olarmış.

Elə də elədik. Qabaqca əmoğlum tənbəlləşib getmək istəmirdi. Mən çox təkid elədim və istər-istəməz razı oldu; birlikdə getdik.

Hərçənd ay işığı yox idi, amma hava o qədər də qaranlıq deyildi. Həyətin dibinədək getdik. Amma inək orada deyildi. Bağa girdik. Orada da inəyi görmədik. Əmoğlum dedi ki, inək yəqin ki, özünü veribdir pambıqların birinə. Amma hansı pambığa getməyini belə bilmədik. Bağdan çıxdıq. Pambıq əkinlərinə tərəf gedirdik. Hava bir az soyuq idi. Mən üşüməyə başladım. Amma inəyin xasiyyəti məni o dərəcədə maraqlandırırdı ki, soyuqdan donsaydım da, genə inəyi tapmamış evə qayıtmayacaqdım.

Burada əmoğlum mənə dedi:

- Dayan.

Baxdıq ki, qabaqda bir heyvan qaraltısı görsənir. Əmoğlum dedi:

- Bu bizim inəkdir. Yəqin ki, burda Hüseynqulunun pambığına özünü vermək istəyir. Amma deyəsən pambıqda da adam var və adamın olmağını inək də duyubdur.

Biz bu sözü danışanda pambıq zəmisinin içindən spiçka işığı gəldi. Məlum oldu ki, doğrudan da pambıqda adam var imiş. demək, oğru inək durub güdürmüş ki, Hüseynqulu pambıqdan çıxıb evinə getsin, sonra bu da özünü pambığa versin, ta səhərə kimi orada otlayıb qarnını doyuzdursun.

Söz yox ki, qonşuluqda bir belə mərdümazarlıq əmoğluma yaraşan şey deyildi; onun üçün də mən ona söz deməmiş, özü getdi inəyi qaytardı, gətirdi həyətə və istədi aparsın qeyri heyvanlarını saldığı pəyəyəsalsın. Amma çox əlləşdi, inək ora getmək istəmədi; çünki vəhşi bir heyvan kimi çöldə “kallahı” dolanmağa çoxdan adət edibdir. Və bir də dedilər ki, pəyəyə onu zornan qatsan da, qapısını-divarını uçurub dağıdacaq və qaçıb baş alıb gedəcək çöllərə otlamağa.

Mən özüm də bir qədər yorulmuşdum. Yatdıq. Və səhər dedilər ki, inək hara isə əkilib və qarnını doyuzdurub, sübh tezdən qayıdıb gəlibdir.

Oğru inəyin macərası bununla qurtarmadı. Mən kimi yazıçıya bu kifayət deyil ki, bir oğru inəyə rast gəldim, bir gecə də onun oğurluğunu gördüm və sonra gəldim yıxıldım yatdım, səhər də durdum, oğru inəyin oğurluqla yağlanan südünü çaya qarışdırıb ləzzətlə içdim, ayağa durdum.

Çox maraqlı, çox qəribə və çox bilməli bir məsələ budur ki, həmin allahın heyvanı harada, nə vaxt və kimdən bu oğurluğu öyrənibdir.

Əmoğlum həmin oğru inəyi, yanında balası ilə iki il bundan qabaq qaraqılçıqlı Məşədi Nəcəfdən səksən bir manata almış imiş. Getdim, Məşədi Nəcəfi tapdım. O, inəyi bir il ondan qabaq qiyamədinli məşhur “oğru Musadan” almış imiş. Amma Məşədi Nəcəf, inəyin gecələr pəyəni dağıdıb oğurluğa getməyindən və kəndlilərin bezikib inəyi əmim oğluna satmış imiş.

İndi oğru Musanı tapmaq mənə lazım oldu. Qiyamədinli kəndi ilə Qaraqılçıq kəndinin arası təqribən altı-yeddi verst olar. Evə qayıtdım və əmoğlumdan xahiş etdim ki, bir at-yəhər özünün var, bir at-yəhər də qonşudan borc alsın.

Hərçənd əmoğlum Qiyamədinliyə getməyə bir güldü və mənlə ora getməyə qabaqca meyil göstərmədi. Mən çox təkid etdim, o da istər-istəməz razı oldu.

Qiyamədinli bir böyük obadır və qədimdən oğurluqda şöhrət tapıbdır. Yadıma gələn budur ki, keçmiş əyyamda ədliyyə məhkəmələrinin işlərinin çox hissəsi qiyamədinlilərin oğurluq işlərindən ibarət olardı. İndi də bir neçə il bundan qabaq qiyamədinlilər genə ad çıxarmaq istəyirdilər; ancaq hökumət bir qədər bərk tərpəşdiyindən Qiyamədinli oğrularını bir növ susdurdu.

Əmoğlumla bir soyuq gündə atları mindik və Qiyamədinliyə gəldik çıxdıq. Pəs hara düşək? Əmoğlum istədi atı kənd şura sədri və əmoğlumun aşnası olan Məmmədyargilə sürsün.

Dedim:

- Yox, ora getməyək və iki səbəbə görə ora düşməyək: biri budur ki, Məmmədyarı bu işə gərək qatmayaq; çünki burda sual-cavab olacaq, danışıq olacaq. İnəyi oğru Musa haradan alıb, kimə satıb, niyə və neçəyə satıb? Və axırda Məmmədyar bizim yanımızda xəcalət ola bilər ki, onun da kəndində oğurluq darülfünundan nəinki tək bircə insanlar oğurluq diplomları alırlar, hələ bəlkə heyvanlar da adamlardan geri qalmırlar. İkincisi də budur ki: biz əgər şura sədrinin evinə düşsək, orada heç bir iş görə bilmərik; çünki oğru Musa eşidəndə ki, biz şura sədrinin evinə düşmüşük qorxusundan nə oraya gələcək ki, biz onunla görüşüb danışaq, nə də bizə bir açıq söz deyəcək. O elə güman edəcək ki, biz şikayətə gəlmişik. Və bizim oraya gəlməyimizi, şura sədrigildə düşüb oğru inəyin söhbətini açdığımızı Musa eşitsə, hələ qorxusundan kənddən baş alıb qaçıb gedə.

Mən daha əmoğlumun bu barədə məsləhətinə ümidvar olmayıb, dedim atları sürək kənd məktəbinə. Elə də oldu.

Bir sinifli kiçik bir məktəbin tək bircə müəllimi var idi ki, özü də müdir hesab olunurdu. Adı Mirzə Xəlil idi. Atdan düşdük. Mirzə Xəlil qabağımıza çıxdı. Xoş-beş... Məktəb şagirdləri həyətdə hay-küylə oynaşırdılar. Bunlar bizi görcək yanımıza toplandılar. Atlarımızı əlimizdən alıb bilmədik hara çəkdilər. Əmoğlu atların dalınca getdi və Mirzə Xəlil məni içəri apardı.

Bir yekə otağın küncündə dəmir peç yanırdı. Otaq xeyli isti idi. Bir qədər keçdi, əmoğlu gəldi, çay içdik və axırda mən mətləbi Mirzə Xəlilə açdım.

Mən bu söhbəti Mirzə Xəlilə söyləyəndə, bizə çay gətirən on dörd-on beş yaşında bir oğlan durub qulaq asırdı. Və mən “oğru Musa” adını çəkən kimi bu oğlan çıxdı getdi. Müəllim Mirzə Xəlil də bunun dalınca çıxdı, genə qayıdanda mənə dedi ki:

- Bu oğlan ki, bizə çay gətirirdi, oğru Musanın qonşusudur.

Mən başa düşdüm ki, deyəsən, işi xarab elədim; çünki biz qərib adamıq və atdan düşən kimi birdən-birə oğurluq söhbəti salanda, camaat əlbəttə elə başa düşər ki, biz hökumət adamıyıq, oğru Musanı tutmağa gəlmişik.

*      *      *

 

Mən necə ki, güman edirdim, elə də oldu. Oğru Musanın adı məktəb şagirdlərinin ağızlarına düşən kimi kənddə küy düşdü: “Oğru Musanın dalınca adam gəlib ki, onu tutsun aparsın”.

Mirzə Xəlil zəngi çaldı və şagirdləri sinfə yığdı. Onları başa saldı ki, biz nə hökumət adamıyıq və nə bir kəsi tutmağa gəlmişik, ancaq şagirdlərin dərslərinə baxmağa gəlmişik; özümüz də Qaraqılçıq kəndinin müəllimləriyik.

Mirzə Xəlil dərs verməyə başladı. Biz də həyətə çıxdıq və tövləyə tərəf getdik ki, atları yoxlayaq. Bir qoca kişi atlarımızın qabağına saman tökürdü. Bizi görəndə salam verdi, dedi:

- Siz zəhmət çəkib soyuğa çıxmayın. Yoldan gəlmişsiniz, otaqda əyləşin, atlardan yana nigaran olmayın; mən burdayam.

Qoca kişi məktəbin qulluqçusu imiş. Biz qayıdıb otağa gəldik və qoca kişi də içəri girdi. Çubuğunu cibindən çıxartdı, doldura-doldura dedi:

- Mərdüməzarın evini allah yıxsın! Zəhrimar olsun o xeyir ki, sən onu oğurluqnan qazanacaqsan! İnsan gərək düzlüklə bir parça çörəyi qazana. Oğurluqnan vallah-billah heç kəs bu dünyada bir şey sahibi olmayıb, bir xeyir-bərəkət sahibi olmaz. – Dedim:

- Ay əmi, sən kimin qarasınca danışırsan?

- O haramzada Musanı deyirəm. İndi odur, inəyin günündə gəzir.

- Necə ki?

- Necə olacaq, ilin iki ayını çöldə gəzir, on ayını dustaqxanada.

- Ay əmi, sən yəqin ki, onun əməllərindən eşitmiş olacaqsan. O özü oğrudur, bu öz qaydası ilə. Amma bu nə tövr olubdur ki, deyirlər onun özü kimi bir oğru inəyi də var imiş?

Burada qoca kişi çubuğunu bir bərk sordu və dedi:

- Hay-hay!.. Musanın nəyini görmüsən?! O heç maldar deyil. O inəyi də uşaq vaxtı çovdar malından oğurlamışdı. Gecələr evdə qalmazdı ki, inəyə də göz-qulaq olsun. Onun üçün də gecələr oğurluğa inəyi də aparardı. İnək də belə cins inəkdi. Bizlərdə heç elə heyvan yoxdur deyəsən. Zəngəzur heyvanlarından idi. Qırışmal inəyi o qədər pambıq oğurluğuna gecələr apardı ki, inək də, neyləsin, heyvan olanda nə olar. Atalar demişkən: “Atı atın yanında bağlarsan, ya halını götürər, ya xasiyyətini”. Hə, bilirsən, ay ağa, o inəyin başı nələr çəkibdir, nə qədər ziyanlıqda tutulub, nə qədər kötək dəyib!? Gərək ki, bir buynuzu da sınmış ola; bir gözünü də Zülfüqar vurdu kor elədi.

Zəng çalındı. Uşaqlar bal arısı kimi vızıltı başladılar. Atları mindik, axşam özümüzü yetirdik Qaraqılçığa. Hava da çox soyuq idi.        

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info