Qonaq Kitabı
BAQQAL MƏŞƏDİ RƏHİM

Təbrizdə olduğum vaxtlar məhəlləmizdə, “Usta-şəyird” bazarında bir baqqal ilə üns tutmuşduq və hətta axır vaxtlarda dost da olmuşduq. Mən Bakıya köçüb gələndən il yarım sonra haman Məşədi Rəhim gəldi çıxdı “Molla Nəsrəddin” idarəsinə. Məlum oldu ki, Məşədi Rəhim Təbrizdəki baqqal dükanını yığışdırıb, gəlib Bakıda dərya kənarı tərəfində genə baqqal dükanı açıb.

Bir neçə vaxt keçdi, daha Məşədi Rəhim yadımdan çıxdı.

Bir gün bulvarın qabağı ilə keçirdim, gördüm bir səliqəli baqqal dükanında dostum Məşədi Rəhim əyləşib alış-veriş eləyir. Girdim içəri. Məşədi Rəhim durdu ayağa, gəldi məni qucaqladı, altıma kürsü qoydu. Az qalırdı ki, kişi məhəbbətin çoxluğundan uşaq kimi ağlasın. Məni boşlayıb, Məşədi Rəhim cəld qaçdı dükanın mətaından əvvəl bir neçə alana gətirdi, ovcunda tutdu qabağıma. Mən istədim almayam; amma “mən ölüm”lə Məşədi Rəhim bu alanaların üçünü mənə yedirtdi. Sonra getdi, ovucları tutduqca bir neçə ağ alma gətirdi qoydu qabağıma və dedi:

- Bax, bu almalar anton almasıdı. Qoy bundan bir qədər göndərim, ver uşaqlar yesin.

Bu sözləri deyə-deyə Məşədi Rəhim bir yekə kağız torbasına bu almadan doldurub qoydu tərəziyə. Almadan sonra Məşədi Rəhim dükana göz gəzdirib, getdi ovcunda iki xurma gətirdi, tutdu qabağıma:

- Bax, bu xurma Bağdad xurmasıdı. Plovun qarasına qoydur, ye, elə bil ki, məcundu. – Və əlinə bir kağız torbası alıb, istədi içinə xurma doldura.

Söz yox, bunu lazımdı nəzərə almaq ki, mən buraya alış-verişə gəlməmişdim və hər halda bu şeyləri almağa nə meylim vardı, nə də cibimdə ona görə pulum vardı. Və o biri tərəfdən də Məşədi Rəhim o şivə ilə ki, başlamışdı, deyəsən dükanın hamısını elə bu saat tərəziyə qoyub, mənə satmaq xəyalında idi. – Dedim.

- Məşədi Rəhim, sən elə eləmə və bu nahaq zəhməti də çəkmə. Bu şeylərin heç birisi mənə lazım deyil və plovun qarasına xurma qoymağı mən çoxdan yadırğamışam. Və bu şeyləri də ki, sən çəkib düzürsən bura, bunların pulunu verməyə heç mənim cibimdə tavana da yoxdur.

Məşədi Rəhim dik baxdı üzümə; amma elə baxdı ki, bilmədim mənim sözlərim onun xoşuna gəldi, ya acığına gəldi. Bir az da baxandan sonra dedi:

- Molla dayı, sən o sözləri mənə demə; çünki o sözlər mənə toxunur. Alllah şahiddi ki, biz sənnən neçə ildi ki, bir evli kimiyik. Mən heç sənnən pul istəmirəm. Bax, qoy mən şeylərdən sənə bir qədər verim, apar qoy evində qalsın. Nə eybi var, bu gün lazım olmaz sabah lazım olar. Evdi, evin qonaq-qarası olar. Belə şeylər həmişə ələ düşməz. Bax, bir-iki girvənkə bu püstədən qoyum; təzə Mazandarandan gəlib. Çox da ucuzdu. Bu il püstənin ilidir. Üç-dörd girvənkə bu pendirdən qoyum: Gəncə pendiridi, çox da yeməlidi, yekcə[1] yağdı. Bu şabalıtdan on girvənkə çəkim, nuxalı rəfiqim Məşədi Sadıq təzəcə gətirib. Bax, bu sədri düyüsündən istərsən bir put, istərsən yarım put apar; Rəştdən öz əxəvim[2] Məşədi Kərim seçib göndərib. Amma evdə gərək tapşırasan ki, pişirəndən bir gün qabaq suya qoysunlar. Amma zalım oğlunun düyüsü nə qədər desən gəlimlidir.

Məşədi Rəhim bu sözləri dedikcə bir kağız torbaya anton alması qoyub çəkdi, bir kağız torbaya xurma qoydu çəkdi, bir qədər püstə qoydu, pendir qoydu, şahbalıt qoydu, iki yekə torba düyü qoydu çəkdi və genə istəyirdi əlini uzatsın kağız torbasına tərəf, mən dedim:

- Məşədi Rəhim, sən zarafat eləyirsən, ya doğrudan bu çəkdiyin şeyləri məndən ötrü hazırlayırsan?

Dostum genə üzümə dik baxdı və dedi:

- Bax, Molla dayı, and verirəm səni mabeynimizdə[3] olan sədaqətə, əgər evinizdə qənd var, xub, olsun; əgər yoxdursa, beş-on girvənkə yarmarka qəndi apar. İki paçka qoyum; hər biri beş girvənkəlikdi, ikisi on girvənkədi...

Cəmi bu şeyləri Məşədi Rəhim yığdı səbətə, küçədən bir hambal çağırdı, cibindən iki şahı pul çıxartdı verdi hambala və dedi:

- Əlihüseyn, bu şeyləri apar Molla dayının mənzilinə. Şeyləri boşalt, səbəti gətir dükana.

Mən məəttəl qaldım və Məşədi Rəhimə dedim:

- Məşədi Rəhim, sən niyə belə elədin və mən heç başa düşə bilmirəm ki, bu nə işdir.

Ola bilərdi ki, bu şeyləri dükanda qoyub çıxa gedə idim; amma bunu eləmədim. Bircə səbəbə: Məşədi Rəhim çox yalvardı; o qədər yalvardı ki, kişiyə yazığım gəldi.

Hambal səbəti dalına atıb baxırdı üzümə ki, düşüm qabağa; amma mən də istədim ki, mənsiz getsin. Burada da məlum oldu ki, zalım oğlu bizim evi tanımır. Əlacım kəsildi.

Evə yavıqlaşanda qonşuluğumuzda bir tanış rus arvadı dalımca hambalı bu şeylərlə yüklənmiş görəndə gülə-gülə “zdrastı” deyib keçdi. Bunun gümanı iki yerə gedə bilərdi: ya xəyalına gələ bilərdi ki, ev adamımızın birinin ad günüdü, ya da anadan olan günüdür; ya güman eləyə bilərdi ki, mənim güzəranım çox yaxşı keçir. Halbuki bi iki gümanın ikisi də batil idi.

Evə lap yavıqlaşdıq. Hambal da dilləndi və dedi:

- Molla əmi, maşallah, qəribə yeməli mal almısan. Yəqin ki, bu gün qonaqlıq eləyirsən?

Mən burada hambaldan çox utandım və utanmağımın da səbəbi bu idi ki, mən, köhnə bir türk yazıçısı, bu halətdə və bu dəqiqə bir evdar qarınqulu məşədiyə oxşayırdım.

Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim. Qalan borcunu da bu yavıqda üzdüm.

 

 



[1] Tamam.

[2] Qardaşım.

[3] Aramızda.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info