Qonaq Kitabı
TAXIL HƏKİMİ

 

İki il bundan qabaq Pirsaqqız kəndinə, Həsənbəygilə qonaq getmişdik.yazın axır ayı idi. Havalar gözəl keçirdi, tez-tez yağış yağırdı və göy ot dizdən yuxarı qalxmışdı. Taxıllar da çox yaxşı idi. Və hamısından da xoşbəxtlik bu idi ki, Pirsaqqız kəndinin ətrafında çəyirtgə görsənmirdi.

Amma, - necə ki məlumdur, - əkinçi həmişə başıbəlalı olur az-az ittifaq düşür ki, onun əkin-tikininə bir yandan bir afət və bir bəla toxunmaya.

Mən Həsənbəygildə iki həftə qonaq qaldım və orada eşitdim ki, bu il taxılın başında bir əngəl var; belə ki, taxılın sünbülləri ayaq üstə durduğu yerdə bilmirsən nədənsə qırılıb düşür yerə və əkinçilər nə qədər bu işə diqqət yetirirlərsə, bunun sirrini və səbəbini duya bilmirlər. Əkinçilər rəvayət edirlər ki, taxılın sünbülləri o yerdə ki, bu gün salamatca durub hazırlaşırlar bir-iki həftəyə saralıb biçilməli olsunlar, səhər gedib görürsən ki, biçarə taxılın baldırını guya qayçı ilə kəsiblər. Və təəccüb də burasıdır ki, zəmilərdə nə çəyirtkə görsənirdi, nə qeyri bir qurt-quş. Siçanın da söhbəti ola bilməzdi; çünki Pirsaqqız kəndinin əkinləri suvarılan əkinlərdir onunçun da bu cür əkinlərə siçanlar asanlıqla yavıq düşə bilmirlər (boğulurlar).

 

*      *      *

Bu əhvalatı kəndlilər şəhərə xəbər vermişdilər və mən kəndə yetişən günün sabahısı günü dedilər ki, taxıl həkimi gəlir.

Və çünki həkimi rahat etmək üçün kənddə elə bir müvafiq mənzil yox idi, onunçün taxıl həkimi Həsənbəygilə düşməli oldu.

Həkim sarısaçlı və sarısaqqal bir kişi idi ki, avtomobildə iki nəfər qeyri qulluqçu ilə gəlib düşdülər və ev sahibi ilə və mənlə tanış oldular və bir müxtəsər çay-çörəkdən sonra kəndliləri də götürüb getdilər əkinlərə baxmağa.

Onlar getdilər və Həsən bəy məşğul oldu qonaqlara çörək hazırlamağa.Əvvələn bir erkək kəsdilər. Amma mən görmədim bu heyvanı hardan gətirdilər və kim gətirdi. Sonra məlum oldu ki, qonşuluqda olan erməni kəndinə adam gedib şərab da gətirsin. Mən də kənardan durub baxırdım və həkimin yolunda çəkilən bu zəhmətləri ürəkdən çox da təsdiq edirdim və çox da xoşlayırdım. O səbəbə ki, elm və bilik sahibinin yolunda çəkilən zəhmətlər həmişə vacib və müstəhəqdir[1]; xüsusən elə bir alim ola ki, onun elm və biliyindən kənd camaatı mənfəətbərdar ola bilə.

 

*      *      *

İki saat və bir qədər də artıq keçəndən sonra Həsənbəyin balkonunda açılan nahar stolu əziz qonaqları gözləyirdi.

Avtomobilin səsini uzaqdan eşitdik və bildik ki, qonaqlar gəlirlər. Bir neçə dəqiqədən sonra atsız araba əjdaha kimi özünü soxdu həyətə. Taxıl həkimi avtomobilin içində ayaq üstə durmuşdu və əllərini bizə tərəf tutub “Urra! Urra!” deyə-deyə qışqırırdı. Miniklər sevincək özlərini saldılar yerə və gəldilər yanımıza. Kəndlilər də başladılar həyətə cəm olmağa. Həkim əlində kağız bükülmüş bir şey tutub “spirt”, “spirt” deyirdi. Yavıq gəlib gördük ki, kağızın içində allahın bir heyvanıdır, bir az əqrəbə oxşayır, bir az qırxayağa oxşayır, bir az danadişə oxşayır, bir az da astaqoza oxşayır; ancaq bunların heç biri deyil.

Həsənbəyin evində spirt tapılmadı. Kənddə qeyri yerdə ola bilməzdi. Və həkim spirt əvəzinə bir stəkana bir az araq tökdü ki, erməni kəndindən bu gün içmək üçün gətirmişdilər və kağızın içindəki böcəyi saldılar arağın içinə. Yazıq heyvan bir qədər arağın içində çapalayandan sonra arxası üstə düşdü qılçalarını yuxarı qalxızdı və dəxi cansız və hərəkətsiz başaldı arağın içində üzməyə.

 

*      *      *

Həkimin bəyanatına görə, taxıl çöplərini qırıb yerə tökən həmin bu qurt imiş.

Ay zalım oğlu!!!

Hamı acmışdı; xüsusən çöldən gələnlər. Çörəyi gətirdilər və Həsənbəy qabaqca şərab istəkanını qalxızıb həkimin sağlığına içdi. Həsənbəydən sonra qulluqçuların biri də nitq başladı və elm və bilik ərbabının sağlığına içdi və biz də hamımız içdik. Sonra həkim durdu ayağa qurtu içinə saldığı stəkanı yuxarı qalxızıb, elmi-heyvanatdan bir neçə söz söylədi. Sonra heyvanları əvvəl şöbələrə qismət elədi, şöbələri siniflərə qismət elədi. Əvvəl məməli heyvanlardan danışdı, sonra quşlardan danışdı, dördüncü sinifdə iki həyatlılardan danışdı, sonra məfsəlli heyvanlardan da bir az məlumat verib keçdi qurtların və böcəklərin şöbəsinə və arağın içindəki qurtu nişan verib başladı onun vücudunun yapılışından şərh verməyə.

- Ağalar, bir baxın. Bu heyvanın vücudu örümçək kimi iki qisimdən mütəşəkkildir. Əksəriyyən taxılların içində yaşayır. Başla köküs üzərində altı cüt buynuzları, altı cüt ağız əqsamı və beş cüt bacaq vardır. Qarnı uzun və üzərindəki bacaqlar qayət ufaq və zəifdir.

Qurdun qabığından, hiss cihazlarından, yemək cihazlarından, tənəffüz cihazlarından da danışandan sonra qurdun ağzına bir çöp uzatdı və bu mərdümazar heyvanı çəyirtkədən sonra taxılın ən qəddar düşmənləri cərgəsində qoydu. Və bayanatını tamam edəndən sonra şüşənin ağzını bərk bağladıvə durdu səliqə ilə və ehtiyatla şüşəni qoydu yavıqdakı taxçaya və məlum etdi ki, onun qəsdi bu nadirül-vücud heyvanı mərkəzə aparmaq və orada onu əkin fənni labaratoriyasına nişan vermək və onunla lazımi mübarizənin təşkili yolunda çalışmaqdır.

Bunu da lazım bilirəm qeyd edəm ki, həkim nitqini söyləyən zaman əlindəki heyvanı gah Həsənbəyin qabağına tuturdu, gah mənim qabağıma tuturdu və gah qulluqçuların qabağına tuturdu. Və şüşənin içindəki heyvanın cəmdəyi arağın içində arxası üstə və qıçları yuxarı üzməkdə idi.

 

*      *      *

Bizim bu ziyafət məclisimizin ətrafında kəndlilər doluşub tamaşa edirdilər. Onların bəzisi dinməz-söyləməz qulaq asırdı; amma bir neçəsi gülürdülər. Ancaq mən bircə şeyi başa düşmədim ki, aya onların bu zahiri gülməkləri ürəklərinin şadlığının əlaməti idi, ya qeyri bir şeyin, qeyri bir hissin əlaməti idi. O ki, mənim özümə gəldikdə, doğrusu, mənim əhvalım çox xoş idi. Nə eyibi var? Həsənbəyin evində kababı doğurdan da yaxşı pişirmişlər; bir surətdə ki, Qarakənd şərabı da burada mühəyya idi. Qaldı ki, bu evi xaraba böcəkdi nədi, - ki bu saat arağın içində mayallaq aşır və dilsiz-ağızsız əkinçilərin çörəyini zay edir, - əlbəttə, bunları bir vəsilə ilə qırıb yox eləmək savab işlərin ən savabıdır. Ancaq indiki ziyafət məclisindən bu müqəddəs nəticə hasil ola biləcəkmi, ya olmayacaq, bunu da bircə misal və manəndi olmayan həqqi-təbarək və taala bilə bilər və xülaseyi-kəlam, nəticədə nə olacaq olsun, indi bu saat stolun üstündəki erkək ətin kababı və Qarakənd şərabı – hələ ki, əldə nəqd qazanc bunlardır.

Bu mənim öz əhvalım.

Qalan ziyafət yoldaşlarım bu saat nə hiss edirlər, onunla işim yoxdur.

 

*      *      *

Avtomobil nərə təpə-təpə gəldi durdu balkonun qabağında. Taxıl həkimi durdu ayağa və başladı yola hazırlanmağa.

- Xudahafiz. Salamat qalınız.

- Sağ olunuz.

- Allah ömür versin.

- Salamat qalınız.

- Xudahafiz.

- Xudanasir...

Avtomobil nərə təpə-təpə həyətdən qaçdı küçəyə və yox oldu.

Amma burada, Həsənbəyin balkonunda bir qışqırıq düşdü:

- A gədə! A gədə! Həkimin qurtu qaldı!.. Taxıl qurtu qaldı!.. A gədə! Ay haray, qaçın həkimin dalıyca!.. Qaçın aftamabilin dalıyca!..

Demək, avtomobil həyətdən çıxan kimi baxıb gördük ki, taxıl qurtunun şüşəsi, qurt da içində, üzə-üzə yaddan çıxıb, qalıb haman balkonun taxçasında.

İki nəfər cavan sıçradı atın üstünə və çapdılar avtomobilin dalıyca. Amma avtomobil icad edənin anası ölsün ki, atlı onu qovalayıb tuta bilə.

Xah Həsən bəy, xah mən özüm və xah kənd camaatı və qeyri qulluqçular gərək bu etiqadda olaydıq və həqiqətdə də bu etiqadda var idik ki, taxıl qurtunu araq şüşəsində saxlayan və onun qədrini bilən taxıl həkimi və heyvanat mütəxəssisi yolun hansı bir yerində şüşənin burada yaddan çıxıb qalmağı yadına düşsə, haman yerdən avtomobili gərək geri qaytara, ya heç olmasa adam göndərə.

 

*      *      *

Mən ondan sonra üç gün də qaldım Pirsaqqız kəndində, Həsənbəygildə. Və həkimin haman əziz və nadirül-vücud heyvanı Həsənbəyin balkonunun taxçasında, araq şüşəsinin içində kəllə mayallaq üzməkdə idi.

 

*      *      *

Keçən il Həsənbəy özü Bakıya bizə qonaq gəlmişdi və rəvayət edirdi ki, bir-iki ayın içində haman taxıl qurtu arağın içində başladı xarab olmağa və dağılmağa. Və axırda Həsənbəy məcbur oldu haman şüşəni içindəki arağı ilə götürüb tullasın çölə və belə də elədi.     

 



[1] Layiqli, yerindədir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info