Qonaq Kitabı
BUZ

Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri hacı Mirzə Səttar idi və digəri Məşədi Hurməmməd idi.

Müsəlman həkim dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu; hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi ilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə və həb və işlətmə verməkdən ibarət idi.

Bu müsəlman həkimlərindən savayı şəhərimizdə rus həkimləri də var idi. Rus həkimi bunlara o səbəbə deyirlərdi ki, bunlar Rusiyada və bəlkə Avropada təhsil tapmışlardı. Və çün bizim camaatın arasında bu etiqad var idi ki, “rus həkimləri” müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etmişdilər, onunçun da ağır xəstəlik ittifaq düşəndə həmişə rus həkimlərini haziq[1] hesab edir onları dəvət edərdilər; savayı kasıb-kusubdan. Bunlar iki abası fayton pulunun, bir manat rus həkiminin həqqi-zəhmətindən və yarım manat aptek xərcindən qaçmaq babətindən Hacı Mirzə Səttara, ya Məşədi Nurməmmədə qane olub, beş-altı şahı ilə həkimi də və dava-dərmanı da ötüşdürərdilər.

Demək, müsəlman həkim çağırmaq istəyəndə, buradan bilmək olardı azarlının azarı yüngüldür. Amma “rus həkimi” gətirənlərin də mənası bu idi ki, xəstənin halı qorxuludur.

Hacı Mirzə Səttar xalama baxıb gedəndən bir saat sonra gördüm ki, xalamın əri Məşədi Zülfüqar bir köhnə faytonda bir rus papaqlı kişi ilə gəlib yendilər. Bu rus papaqlı kişi ilə gəlib yendilər. Bu rus papaqlı kişi rus həkimi imiş. buradan mən anladım ki, xalamın işi xarabdır. Mən də uzaqda durub, həkimin xalama baxmağına tamaşa edirdim.

Xülasə, baxdı qurtardı və bilmirəm nə dedi, nə demədi və həkim faytona minib gedəndə xalamın əri tələsik mənə bir qəpik verdi və dedi:

- Bala, tez ol, durma, tez, tez bir qəpiklik buz al gətir, ver evə... həkim deyirdi...

Və xalamın əri bu sözləri bir də təkid edəndən sonra anama xəlvətcə nəsə dedi. Evdən bir dənə boş dava şüşəsini əlinə alıb mindi faytona həkimin yanına və sürüb getdilər. Və fayton istəyirdi uzaqlaşa, atam evimizə tərəf ucadan dedi:

- Ay uşaq, buzu yaddan çıxartmayın.

Bunlar gedəndən sonra anam da həkim gələndə örtdüyü çarşafı yerə tullayıb, çökdü xalamın yanına və bu da mənə təkid elədi ki, durmayıb, tez qaçım bazara buzun dalıyca; çünki məlum oldu ki, həkim tapşırıb ki, xalamın ürəyinin üstünə əlbəttə buz qoysunlar və ürəyi sakit olmayınca buzu götürməsinlər.

Mən üz qoydum bazara tərəf. Xəyalımda qoymuşdum gedəm düz baqqal çarsısına və buzu alam gətirəm. Və şəhərdə ordan da savayı bilmirdim harada buz satırlar.

Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm; çünki yazıq xalam dərin gözlərini güclə mənə tərəf çöndərib belə yalvarırdı:

- Qurban olsun sənə xalan, ürəyim pörşələndi, buzu tez gətir.

Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən başladı hürməyə. Mən əlimə ehtiyat üçün iki daş aldım, qapını örtdüm, keçdim. İt küçəyə çıxmadı və həyətdən itin yorğun “hov, hov” səsi gəlirdi. Bu it hərçənd çox qoca bir idi və yol ilə ötüb keçənlər ilə də çox bir acığı yox idi və olmazdı. Hacı Bayramın oğlu, mənim küçə yoldaşım Şirəli, mən həmişə onların qapısından ötəndə haman qoca köpəyi çağırardı küçəyə və itini küşkürərdi üstümə və özü də, iti də (məni) bir qədər qovalardılar, amma tuta bilməzdilər; çünki it o qədər qoca idi ki, bir az mənə tərəf hücumdan sonra tez yorulardı, durardı və ancaq gücsüz və əlacsız durduğu yerdə “hov, hov” edərdi. Və mənə xoş gələn o idi ki, itin bu xasiyyətinə Şirəlinin elə bərk acığı tutardı ki, məni boşlayıb başlardı yazıq qoca iti daşlayıb incitməyə.

Bu da mənə nəhayət xoş gələrdi. Belə olanda Şirəli itin acığını dönüb istərdi məndən alsın və çox vaxt olardı ki, biz bir-birimizlə söyüşərdik və çox vaxt da elə savaşardıq ki, yol adamları bizi gəlib aralardılar.

Çünki dəxi Şirəli qapıda görsənmədi, mən də itin hürməyinəqulaq vermədim və xalamı da mülahizə elədim; yəni bir növ yazığım gəldi və keçdim getdim.

Baqqal çarsısına yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerə əlini uzatdı, yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim bir qəpiyimə baxdı və buza baxdı, buzu iki böldü və yekəsini bir kələm yarpağına bükdü, verdi mənə.

Buzun ağırlığı olardı təxminən beş girvənkə. Buzu aldım əlimə və sərin baqqal rastasından çıxdım günün qabağına. Hava şiddətli isti idi. Yayın orta ayı idi və başımın üstündəki nisfünnəharın[2] günü əgər bir imam möcüzü ilə göydən yerə düşə bilsəydi, düz mənim kəlləmə düşərdi. Mən istidən qan-tərin içində idim və bir yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz şiddətnən əriyib süzələnirdi. Yerdən bir təmiz daş götürdüm, hərdən bir buzun böyrünə vurub əzirdim və basırdım ağzıma və alnıma.

Gəldim çatdım hacı Bayramın qapısına. İtin səsi gəlmirdi. Şirəli genə görsənmirdi. Hacı Bayramın darvazasının qabağına yetişəndə özüm də deyə bilmərəm ki, niyə dayandım. İtin genə səsi gəlmir. Heç kəs nə qapıda, nə küçənin bir yanında görükmür; yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib.

Adətkərdə olmaq yaman imiş və mənim də adətim buna idi ki, bircə gün də olmayıb ki, bu darvazanın qabağından ötüb keçəndə ya it mənim qabağıma çıxmasın, ya Şirəli çıxmasın. Və məlum ki, bunların da bir çıxanda mənim üçün burada məşğuliyyət olmasın, ya iti daşlamayım, ya Şirəliylə söyüşməyim və hərdən bir də onunla dalaşmayım.

Pəs neyləyim? Bir çarəm buna qaldı ki, yerdən iki dənə qıvraq daş götürdüm, öz evimizə tərəf bir qədər də uzaqlaşdım ki, bir həngamə törəsə, məni əli çatan olmasın. Və geri çönüb daşın birini tulladım hacı Bayramın darvazasına və qaçdım, daha da uzaqlaşdım.

Daldan köpəyin səsini eşidirdim. Qoca it xahi-nəxahi[3] çıxmışdı qapıya və xahi-nəxahi öz vəzifəsini ifa edirdi.

Əlimdəki o biri daşı da tulladım. Daş itin başının üstündən ötüb getdi şaqqıltı ilə dəydi hacı Bayramın darvazasına. Burada köpək deyəsən acığa düşdü; çünki mənə tərəf başladı hürməyə. Mən qorxudan qaçdım, bir qədər uzaqlaşdım və çönüb geri baxanda gördüm ki, itin dalıyca Şirəli də mənə tərəf hücum edir.

Siz elə bilməyin ki, mən onlardan ehtiyat eləyirdim; bir zərrəcə eləmirdim. Çünki bilirdim ki, köpəyin nə dişi var məni tutsun, nə taqəti var mənə güc gəlsin. O ki, Şirəli idi, onun öhdəsindən hər halda gələ bilərdim.

Buzu qoydum yerə, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilə yapışıb az qaldı havaya uçsun. Suyu axa-axa buzu tez torpağın içindən götürdüm tulladım divarın kölgəsinə və qaçdım yerdəki daşlara tərəf və qabağıma gələn daşları yerdən qapıb başladım Şirəliyə tərəf tullamağa. Bu da mənə baxıb, durdu məni daşa basmağa. Köpək də ancaq mən atdığım daşlara özünü çırpırdı və bundan başqa sahibinin oğluna bir qeyri kömək göstərə bilmirdi. Biz həmi bir-birimizi daşlayırdıq, həmi bir-birimizi söyürdük. Söyüşlərimiz bu qəbildən idi: “A sənin ananı... flan və flan”, “Ay sənin bacının... flan və flan” “Köpək oğlu və it oğlu” söyüşləri burada o qədər vec vermirdi; səbəb bu ki, toqquşmamız adi bir toqquşmalardan deyildi ki, söyüşlər də adi olsunlar. Hətta mən ona burada hirsimdən elə bir söyüş göndərdim ki, Şirəli qeyzindən ağaladı və haman söyüşü ağlaya-ağlaya mənə geri qaytaranda öz atası hacı Byram həyətdən eşitdimi, eşitmədimi, ancaq gördüm ki, kişi düz gəldi yapışdı oğlunun qulağından və çəkə-çəkə apardı həyətinə və dübarə həyətdən çıxdı, mənə tərəf səsləndi:

- Ədə, vələdüzzina, düz yolunnan çıxıb gedə bilmirsən?

Mən dinmədim və oturdum divarın dibində. Ürəyim elə yanırdı, az qalırdım yerdəki buzu götürəm soxam ağzıma. Buz da öz işində, əriməkdə idi. Genə özümü saxlaşdıra bilmədim və əlimdəki daşnan buzun bir tərəfini əzdim basdım ağzıma və bir alma yekəlikdə qalan buzu istədim genə qoya yerə. Ancaq burada xalam yadıma düşdü və istədim duram qaçam evə və qalan buzu yetirəm azarlıya. Və burada baxdım ki, Şirəli durub darvazasının ağzında və mənə tərəf baxır. Mən də dinmədim və düşdüm yola, evimizə tərəf. Burada Şirəlidən elə bir söz eşitdim ki, dəxi məcbur oldum dayanam və ona cavab verəm.

Şirəli uzaqdan mənə haraylayırdı:

- Hə, beləcə it kimi qorxub qaçırsan ha!

Allahu-əkbər... Axı bu söz yaxşı söz olmadı. Burada Şirəli mənə hər nə desə idi, genə qulaq ardına vurub özümü yetirərdim evə; çünki xalamın ərindən də qorxurdum və bir az da anamdan qorxurdum. Amma axı allah görür ki, Şirəli nahaq söz danışdı; çünki mən onun nəyindən qorxdum ki!.. İndi gedirəm evə.

Mən çöndüm dayandım və Şirəliyə belə söz qaytardım:

- Ədə, köpək oğlu köpək, mən sənin nəyindən qorxurdum?

- Köpək oğlusan da, it oğlusan da!

Biz başladıq bir-birimizə yavıq gəlməyə. Ehtiyat üçün buz tikəsini genə qoydum divarın dibinə və o mənə, mən ona yavıq gəldik, gəldik və bir-birimizə söyə-söyə yetişdik, çatışdıq və düşdük yumruq döyüşünə və sonra da əlbəyaxa olduq.

Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördük ki, bir qoca kişinin qucağındayam. Bir nəfər də çarşaflı arvad və bir-iki də oğul-uşaq Şirəlini çəkə-çəkə aparırlar evinə tərəf. Mən istədim qoca kişinin əlindən dartınıb çıxam, hərifin üstünə hücum edəm, burada mən birdən ayıldım, sakit oldum. Kürəyimdən naqafil bir bərk yumruğu hiss edən kimi başımı qalxızdım.

Məni vuran xalamın əri idi. Bundan onun hirsi hələ soyumadı; yumruğunu qalxızmışdı yenə yendirsin, qoyub qaçdım evə tərəf.

Xalamın ərini dalımcan gələn görmədim, yəqin ki, o da bazara tərəf getdi. Sonra bildim ki, gəlib evdə məni bazardan gəlmiş görməyib, qayıdıb bazara ki, buzu özü alıb gətirsin.

Utandığımdan azarlının yanına getmədim; ancaq anam uzaqdan məni görəndə bircə bunu dedi:

- A balam, səni görüm ciyərin yansın! Necə ki, yazıq azarlı arvadın ciyərini yandırdın.

Xalam məni çox istərdi; onunçun da sonra mən bildim anam mənə bu qarğışı eləyəndə xalam anama belə deyib:

- Ay qız, Sara, sən həzrət Abbas, uşağa elə qarğış eləmə!

Bir neçə gündən sonra xalam vəfat etdi. Mən o günü nə ağladım, nə də dərd elədim, necə ki, cəmi mənim kimi bacı uşağı xalasının ölümünə nə ağlar və nə dərd elər.

Bununla belə bircə şey yadımdan çıxmadı və indiyə kimi məni gahdan bir narahat etməkdədir.

Nədi o? – Onun adı “buz”dur.

Xüsusən yay fəsilləri ki, bir tərəfdən bizim isti iqlimdə ki, yayın istisinin şiddətindən nəinki xəstələr, bəlkə salamat adamın da vaxt olur ki, ciyəri yanır.

Və yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür və öz-özümə deyirəm: o xoşbəxt ki, indi onun ürəyi yanır, bu buzu aparıb ona verəcəklər ki, ürəyi sərinlənsin. Və çox-çox daha da xoşbəxt adamlar var ki, bu buzlar onların ləziz yeməkləri və marojnalarına sərf olunur. Amma mənim xalam odlu qızdırmanın içində ürəyi yanmaqda olduğu halda, bircə tikəsinə həsrət qaldı və iki gün sonra ölüb getdi.

Kimin qüsuru ucundan? Mənimmi, ya yox? Kimdədir taxsır? Məndədirmi ki, itlər ilə dalaşmağa məşğul olub, xalamın buzunu odlu torpağın içində əritdim? Ya bəlkə günahkar təbiətdir ki, daş kimi bərk bir buzu istidən suya döndərir? Ya bəlkə günah heç birimizdə deyil? Ondan ötrü ki, mən tək tərbiyə görməyən on yaşında bir uşağın həmin rəftarı çox təbiidir, necə ki, buz gün qabağında əriməyi təbiidir.

Məqsəd suallara cavab vermək və belə-belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur.

Ancaq hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir və eyni zamanda xalamın “ciyərinin yanmağı” yadıma düşür.

Nə qədər ki, uşaq idim, yadıma düşməzdi; elə ki, yekəlib ağlım kəsdi, buz əhvalatı mənə hər bir yeri düşəndə dərd olur. Bir tərəfdən də on dörd yaşında oluğum vaxt ölümcül azarlı xalamı bir qəpiklik buza həsrət qoymağım yadıma düşür.  

  

  

 



[1] Çox bilikli, çox mahir.

[2] Günortanın.

[3] İstər-istəməz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info