Qonaq Kitabı
ŞƏRQ FAKÜLTƏSİ

1920-ci ilin sentyabr ayının on ikisində darülfünunun Şərq fakültəsində imtahanlar tamam oldu və sabahı günü, yəni sentyabrın on üçündə cavan tələbə Əbdülhəsənzadə Xəlil darülfünuna gəlib gördü ki, yubanıbdır; çünki imtahan tutan tutub, tutmayan qayıdıb gedib. Əbdülhəsənzadə bir az təşvişə düşdü və darülfünunun böyük və uzun dalanında ağ rənglə ağarılmış divarlara vurulan cürbəcür elanlara göz gəzdirirdi, bəlkə Şərq fakültəsinə daxil olanların siyahisini görə. Amma haman siyahi hələ divarda ola bilməzdi; o səbəbə ki, professorlar şurası ancaq o gün axşam baş tutacaqdı və qəbul olunanlar və olmayanlar məhz haman şurada bəlli olacaqdı.

Əbdülhəsənzadə Xəlil heç bir yandan özünə təsəlli tapa bilməyib, üz qoydu professorlar kabinəsinə tərəf. Bunun qabağına oradan tibb şöbəsinin professoru məşhur təbib İvanov çıxdı. Məlum ki, Xəlilin bununla işi uoxdu; ona ancaq Şərq fakültəsi professoru lazım idi ki, ibarət ola, məsələn, professor Süleymanbəydən, ya qeyri birindən. Onun üçün də Xəlil məcbur oldu gedib kabinədən bunları soruşsun. Bu heyndə Xəlilin baxtına Süleymanbəy və genə Şərq fakültəsinin müdərrisi Əhməd Zəki əfəndi (çox yaxşı adamdır) çıxdılar dalana və cavanın dərdindən xəbərdar oldular. Professor Süleymanbəy qəti cavab verdi ki, daha iş-işdən keçib. Xəlil başladı şiddətlə yalvarmağa və müdərris Əhməd Zəki əfəndi, deyəsən insafa gəlmək istədi və professor Süleymanbəyə yavıqlaşıb ona yavaşca nə isə dedi. Bu iki pedaqoq bir neçə dəqiqə bir-birinə pıçıldaşandan sonra Əbdülhəsənzadə Xəlili çağırdılar və müdərris Zəki əfəndi ona belə dedi:

- İndi sən özün də görürsən ki, imtahanlar qurtarıbdır və sən gecikmisən, fürsəti itirmisən. Amma, doğrusu, mənim də professor Süleymanbəyin də sənə yazığımız gəlir və sözün doğrusu əgər imtahana hazırsan, biz sənə burada bir tema verərik və burada bizim gözümüzün qabağında haman temayabir inşa yazarsan. Əgər yaxşı yazdın və sənin ləyaqətin bizə aşkar və əyan oldu, onda biz dəftərini dünən imtahan verənlərin cərgəsinə daxil edərik və göndərərik Maarif Komissarlığının komissiyasının. Əgər sənin yazın ləyaqətli görülsə, ola bilər ki, qəbul olunmağın bəlkə baş tuta bilə.

Xəlilin şadlığının həddi və hesabı yoxdu.

Üçü də getdilər leksiya otağına və professor Süleymanbəy qara taxtanın qabağına gedib, təbaşiri iki barmağı ilə götürüb türkcə[1] belə yazdı: “Hər nə əkrsən, onu biçərsən”. Bunu yazıb Xəlilə tərəf çöndü və dedi:

- Bu temaya bir məqalə yaz. Ancaq nə çox uzun olsun, nə çox qısa olsun: məsələn, dörd səhifə qədərincə, təqribən bir o qədər olsun.

Xəlil “baş üstə” deyib oturdu yazmağa. Professor Süleymanbəy və müdərris Əhməd Zəki əfəndi çıxdılar dalana, papiros yandırdılar və başladılar çəkməyə.

Bizlərdə şagirdə tema verib yazı yazdırmaq adəti rus müdərrislərindən götürülüb.

Tema – bir yazının, bir məqalənin ünvanıdır; məsələn, bir risalənin mövzusu yatalaq xəstəliyidir. Yatalaq xəstəliyi bu risalənin temasıdır. Birisi bir şairin barəsində bir yazı başlayır; o şairdən bəhs edir. Həmin şair həmin məqalənin ünvanıdır və ya temasıdır. Birisi bir məsələni ünvan edib, uzun-uzadı bir kitab bağlayır; məsələn, “İdareyi-müstəbidənin hüsni-əxlaqa təsiri”, “Bir məmləkətin abü-Həvasının oyerin əhalisinin xasiyyətinə olan münasibəti” qeyri belə-belə məsələlər...

Bir temanı ünvan edib, bir məqalə inşa etmək, yəni verilən temaya bir məqalə yazmaq bir tərəfdən çox çətindir, bir tərəfdən də çox asandır. Çətindir ondan ötrü ki, çox vaxt elə olur ki, heç bilmirsən nə yazasan, haradan başlayasan, harada qurtarasan. Tema tək ikicə sözdən ibarətdir; amma sən gərək azından iki min söz düzəldib yazasan. Məsələn, tək ikicə kəlməni qoyurlar qabağına, deyirlər yaz: “Şair Nəbati və kitab”. Yaz görüm nə yazacaqsan.

Rus məktəblərində ikinci dərəcəli[2] tələbələrəbelə-belə tema verilir: “Şair Lermontov və Qafqaz dağları”. Bir dəfə yadıma gəlir ki, belə tema verilmişdi: “Şair Turgenev və rus xanımlarının sarı saçı”... İndi yaz görüm nə yazacaqsan, canın çıxsın. Turgenevin on yeddi cild romanlarını tök qabağına, axtar tap, gör rus qızlarının sarı saçlarını zalım oğlu hansı cildində tərifləyib.

Axır zaman orta məktəblərin axırıncı imtahanında belə-belə temalar gözümə sataşırdı:

  1. Zülmün nəticəsi.
  2. Məmmədəli şah və İranda mütrübbazlıq.
  3. İndiki atalar və indiki oğullar.

Və hətta keçən il Bakıda mədrəsədə (demirəm hansında) bir belə tema verilmişdi: “Hər kəsə dust dedim, düşməni-can oldu mənə” və qeyriləri...

Digər tərəfdən də bir temaya inşa yazmaqdan asan bir şey yoxdur; ancaq bir az cürətli gərək olasan və bəistilahi-rus[3] bir az da fantaziya əhli gərək olasan. Vəssəlam.

Bizim söhbətimizə gəldikdə tələbə Əbdülhəsənzadə Xəlil – necə ki, axırda məlum oldu – heç də aciz deyilmiş. Elə ki, professor cənabları dalanda yarım saat qədər papiros damaqlarında gəzib, var-gəl edib, istədilər otursunlar skamyanın üstə, Xəli əlində dəftər leksiya otağından çıxdı və xeyli ədəb və ehtiyatla dəftəri gətirdi iki əlli tutdu professor Süleymanbəyin qabağına. Müdərris Əhməd Zəki əfəndi soruşdu:

- Qurtardı?

Cavan tələbə cavab verdi:

- Bəli.

Professor Süleymanbəy eynəyinin şüşəsini təzə ütüyə çəkilmiş ağ dəsmalı ilə silə-silə dəftərin birinci səhifəsini tutdu gözünün qabağına və başladı oxumağa. Səhifənin axır sətirlərinə çatana yavıq vərəqi yavaş-yavaş qaldırdı ki, o biri səhifəni açsın, vərəqi çöndərdi və başladı gülməyə. Xəlil özü də bir az gülümsündü. Amma müdərris Zəki əfəndi professorun gülməyinə deyəsən təəccüb elədi və bu da başladı Xəlilin yazısına diqqətlə baxmağa. Professor cənabları dəxi özünü saxlaşdırmadı və daha da ucadan qah-qah çəkib Zəki əfəndiyə dedi:

- Qulaq as, mən başdan oxuyum.

Cavan tələbəmiz Əbdülhəsənzadə Xəlil ona verilən temaya bu məzmunda bir məqalə yazmışdı:

“Tarix 1920, sentyabr 13.

“Hər nə əkərsən onu biçərsən”. Biz görürük ki, doğrudan da rəhmətlik atalarımız yaxşı deyiblər ki, hər nə əkərsən onu biçərsən; məsələn, doğrudan da necə ki, biz görürük, bir kəndli qabaqca gedir yeri kotana verir, ondan sonra yeri dırmıqlayır ki, yer yumşalsın, ondan sonra toxumu səpir yerə, neçə vaxtdan sonra həmin toxum başlayır göyərməyə. Bir qədər vaxt keçir, taxıl sünbül olur, sonra bu sünbül elə saralır ki, az qalır ki, tökülüb dağılsın. Sonra kəndli bunu biçir, ondan sonra dərzləri xırmanda döyür, buğdasını çıxardır doldurur meşoklara, samanını da yığır samanlığa ki, qışda versin heyvanlara.

Qış vaxtı saman doğrudan da qızıl qiymətinə qalxır; amma yayda üzünə baxan olmur. Buğdanı yuyur, təmizləyir, qurudur və ulağa yükləyir, aparır dəyirmana. Dəyirmanda onu yaxşıca üyüdür, un eləyir, gətirir evə. Arvad unu ələklə ələyir, xamır qatır, o xamırı təndirdə pişirir,çörək olur. Külfət yığışır süfrənin başına və haman çörəyi yeyib allaha şükür eləyirlər. Onun üçün də belə şəhmətkeşləri allah dost tutur və onun üçün də atalarımız deyiblər: “Hər nə əkərsən, onu da biçərsən”.

İndi sən burada buğda əkdin, buğdanı da biçdin, amma özgə bir şey əksə idin, haman şeyi də biçərdin: məsələn, belə tutaq ki, sən buğda səpməyə idin, qarpız toxumu səpə idin; onda...”

Professor Süleymanbəy bu sözləri oxuya-oxuya özü də gülürdü, müdərris Əhməd Zəki əfəndi də gülürdü, hətta əsər sahibi Əbdülhəsənzadə Xəlil də bir az gülümsünürdü. Amma elə ki, rəvayət gəlib çıxdı qarpıza, burada Xəlil professora tərəf əyilib qorxa-qorxa dedi:

- Hələ qurtarmamışam.

Bu sözü eşitcək Zəki əfəndi elə bərkdən gülməyə başladı ki, bir tərəfdən bir neçə cavan tələbə tamaşaya yığışdı. Professor kabinəsindən də bir-iki gözü eynəkli qoca professorlar çıxdılar və təəccüblə durdular gülənlərə baxmağa.

Zəki əfəndi dəsmalı ilə göz yaşını silə-silə Süleymanbəyə deyirdi:

- Gərək qoya idik, qarpızın da rəvayətini tamam eləyə idi.

Adamların içindən cavan tələbə Əbdülhəsənzadə Xəlil elə yox oldu ki, professor Süleymanbəy və müdərris Zəki əfəndi gülməkdən ayılandan sonra onu daha orada görmədilər.  

 

 



[1] Azərbaycanca.

[2] Orta məktəb.

[3] Rus demişkən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info