Qonaq Kitabı
YAN TÜTƏYİ

Cavan vaxtlarımda mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim. Qulluğumun adı dilmanclıq idi; yəni şikayətə gələn kəndlilərin sözünü naçalnikə rusca tərcümə elərdim, naçalnikin də sözünü türkcə yetirərdim kəndlilərə. Şikayətçi olmayan vaxtda da naçalnik tərəfindən pristavlara və yüzbaşılara hökmlər və qeyri kağızlar yazardım və kağızları öz əlimdən yazandan sonra verərdim naçalnik qol çəkərdi, göndərərdi öz yerinə.

Bir gün divanxanada oturub yazı yazırdım. Yoldaşlarımın çoxu ruslar idi; ancaq bir-iki nəfər müsəlman mirzələri hərə öz işinə məşğul idi. Günorta vaxtı idi. Burada birdən mənim başıma bir iş gəldi; oturduğum yerdə akoşkadan gördüm ki, divanxana həyətinə çoxlu kənd camaatı gəlməkdədir. Bu təbiidir: yaraşar ki, qəza naçalniki divanxanasında həmişə kəndli olsun. Amma məni təəccübləndirən iki şey oldu: biri bu idi ki, camaat adəti həddən artıq gəlirdi və ikincisi də bu idi ki, kəndlilərin bir çoxunun əlində bir şey görürdüm: uzaqda çubuq sapına oxşadırdım, amma akoşkaya yavıq gəldim və diqqətlə baxıb gördüm ki, kəndlilərin əlindəki yan tütəyidir.

Təəccüb! Məgər bunlar hamısı çobandırlar? Və əgərçi çobandırlar, tütəklərini niyə əllərində gətiriblər və nə münasibətlə buraya bugün cəm olublar və kim bunları çağırıb?..

Mən, - necə ki, naçalnik dilmancı, - borc bildim çıxam həyətə və bu əhvalatdan xəbərdar olam, həyətə çıxan kimi camaat töküldü üstümə və başladı şikayətə:

- Ay ağa, bizə nəçəlnik ağanın rəhmi gəlsin. Biz Gərməçataq camaatındanıq. Həyə bu tütəkləri istəyirsiniz – bax, beş-on dənə yığıb gətirmişik. Vallah, billah, tapılmır. Çobanların çoxu dağdadır; hərə öz tütəyini götürüb aparıb. Sarvanlar kəndinə də adam göndərmişik deyirlər: orda ustası var, olsa qayıtdırıb gətirəcəklər. Yoxsa İrəvanı vurduq bir-birinə, ancaq beş-üç dənə tapdıq.

Mən bir şey başa düşmədim; çünki nə qədər fikir eləyirdim yadıma düşmürdü ki, naçalnik divanxanası Gərmə-çataq camaatından yan tütəyi istəmiş olsun və niyə istəsin? Mən bu fikrimi camaata dedikdə qabaqda duran kəndlilər belə bəyan etdilər ki, guya naçalnik divanxanasından hökm göndərilib Gərmə-çataq yüzbaşısına ki, bugün, yəni iyun ayının ikisində, İrəvandakı kazak qoşunundan ötrü əlli dörd dənə yan tütəyi camaatdan yığıb göndərsin.

Mən daha təəccüb elədim və soruşdum ki, bəs hanı naçalnik hökmü və yüzbaşı özü haradadır?

Bu heyndə bir kazak böyüyü, yanında bir neçə kazak, onların dalınca Gərmə-çataq yüzbaşısı Əbdül Kərim, əlində şallaq, onun dalınca yasovulu Heydərəli və bunların da yanlarınca bir neçə nəfər Gərmə-çataq ağsaqqalı hücum çəkdilər divanxanaya və kazak böyüyü qeyzli, uca səslə naçalniki soruşdu və cavab almayıb, soxuldu naçalnikin kabinəsinə, yanındakılar da bunun dalınca.

Burada məni təəccübləndirən bu oldu ki, indi gələn kazakların birinin əlində dörd dənə “fleyta”, yəni yan tütəyi vardı. Bunlar, daha çobanlar çaldığı sadə yan tütəyi deyildilər; çünki “fleyta” dedikdə düyməli, uzun və şəvə kimi qara tütəklərdir ki, əsgəri musiqi dəstəsində bunun öz yeri var.

Çox qəribə! Kəndlilər bir yandan, bu kazaklar da bir yandan, - bunlar hamısı bugün bizə yan tütəyi daşıyırlar.

Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, huşumu başıma yığam. Burada naçalnikin çox uca və çox acıqlı səsini eşitdim:

- Mirzə Abbas! (Məni çağırırdı).

Cəld özümü yetirdim naçalnikin otağına və gördüm ki, kazak böyüyü əyləşib naçalnikin yanında, o qalan adamlar da kənarda səf çəkib durublar. Naçalnik elə bir halətdə mənim üzümə baxırdı ki, deyirdim bu saat durub məni yeyəcək. Hirsindən kişinin gözləri qızarmışdı və mənə bir qədər dik-dik baxandan sonra əlini stolun üstə tərəf uzatdı və soruşdu:

- Bu nədi?

Mən kefli adam kimi, qabaqca stolun üstündə bir şey görmədim; amma stolun üstündəkilər haman dörd dənə fleyta idi (yəni yan tütəkləri idi) ki, bayaq kazakların əlində gördüm.

Naçalnik bir də dedi:

- Bu nədi?

Mən cavab verdim ki, bunlar fleytadır, yəni yan tütəyidir. Naçalnik belə giley-güzar başladı:

- Bəs sən ki, keflənməyə adətkərdə imişsən, nə cürət eləyib mənim idarəmə qulluğa girdin?

Mən cavab verdim:

- Cənab naçalnik, bizim şəriətimizdə keflənmək məndir və siz cənabın hüzurunda mən o qələti eləmərəm və eləyə də bilmərəm.

Elə ki, bu söz mənim ağzımdan çıxdı, naçalnik yerindən dik atıldı, stolun üstündən bir yazılmış kağız götürdü və mənə tərəf bir qədər əyilib, az qaldı kağızı soxa mənim ağzıma və çığırdı:

- Oxu.

İndi mənim yadımda deyil ki, mən o kağızı necə oxudum; çünki gözlərimi toz bürümüşdü. Amma kağızın məzmunu belə idi:

“Hökm. Gərmə-çataq yüzbaşısına, İrəvan qəza naçalniki tərəfindən. Hökm edirəm, əlbəttə və əlif əlbəttə iyun ayının ikisində İrəvan şəhərinə, Cəfərabad məhəlləsində olan kazak qoşununun böyük əfsəri palkovnik Afanasyevin hüzuri-şəriflərinə əlli dörd dənə yan tütəyi (fleyta) camaatdan yığıb göndərəsən; çünki həmin qoşunlar haman tarixdə haman yan tütəklərinə minib Kənakir kəndinə yaylağa gedəcəklər və məbada-məbada bu işi təxirə salasan ki, məsuliyyət altına düşəsən. Vəssalam.

                                                                                 İrəvan naçalniki Petrov”

Demək, həmin hökm yazılıb bizim divanxanadan, hökmə qol çəkib həmin bizim naçalnikimiz Petrov və hökmü də öz dəsti-xəttilə yazan kimdir? Mən bədbəxt, mən yazıq, mən başıbəlalı Mirzə Abbas Fərzəliyev, yəni İrəvan naçalnikinin dilmancı.

 

*      *      *

Hə, yavaş-yavaş huşum başıma cəm olur və indi yuxu ilə həqiqəti seçirəm. İndi bilirəm ki, günah kimdədir, kimdə deyil. Və ancaq indi qanıram ki, mətləb nə üstədir və indi görürəm ki, bu fəsadı törədən kim imiş.

Vallah-billah, əgər naçalnikin yerinə mən olsaydım, yapışardım bu lənətə gəlmiş dilmanc Mirzə Abbasın boğazından (yəni özümü deyirəm ha) və o qədər sıxardım ki, boğulardı və boğulub öləndən sonra ağlı başına gələrdi.

Əhvalat belə imiş: hər kəs istəyir həmin qiylü-qalın əslindən xəbərdar olsun, aşağıda yazılan bir neçə sətri zəhmət çəkib oxusun.

 

*      *      *

İki ay bundan qabaq naçalnikdən izin alıb getmişdim kəndimizə anamın ziyarətinə. Orada mən bir həftə qaldım. Amma necə qaldım? Əmoğlum Pirverdinin bərəkətindən, elə yadıma gəlir ki, kəndimiz behiştin bir guşəsi idi. Pirverdi bir məharətlə yan tütəyi çalırdı ki, onun çalmağına qulaq asanda mənim yemək-içmək yadıma düşmürdü.

Əmoğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd çobanlarına tapşırmışdı. Bununla belə özü də həmişə qoyunlarının yanında olardı və qeyri çobanlar kimi bu da yan tütəyini çalmağı adət eləmişdi. Amma Pirverdinin çalmağı özgə bir çalmaq idi və çox ittifaq düşərdi ki, qonşu kəndlərdən bunun yan tütəyi çalmağına qulaq asmağa gələrdilər və mənim özümün bu çalğıya o qədər həvəsim vardı ki, daha doya bilmirdim. Axırda mən özüm də bir belə eşqə düşdüm ki, özümə bir yan tütəyi ələ gətirib başlayım yavaş-yavaş çalmağa ki, bəlkə, pənah allaha, mənə də elə xoşbəxtlik üz verdi ki, mən də Pirverdi kimi çalan oldum. Əmoğlum bu xəyalı bilən kimi öz yan tütəyini bağışladı mənə və mənim bir həftə məzuniyyətim qurtarandan sonra tütəyi səliqə ilə basdım papağımın arasına, qoydum bir balaca qutuya ki, yolda arabada sınmasın və gəldim İrəvana. Burada mənzilimdə qutudan tütəyi çıxardım və üst-başımın tozunu silməmiş və yoldan rahat olmamış, başladım tütəyi çalmağa.

Amma heyf və heyf; nə qədər püfləyirəm – tütək heç bir səs vermir. Dodağımı gah belə tuturam, gah elə tuturam, gah yavıqdan çalıram, gah bir az uzaqdan üfürürəm. Tütək ancaq körük kimi fısıldayır, ancaq bir səs çıxartmır.

Daha yorulub, bir qədər məyus oldum. Tütəyi qoydum stolun üstünə, çıxdım getdim divanxanaya. Qulluğumu qurtarıb gəldim evə və çörəkdən qabaq genə götürdüyüm tütəyi və genə istədim çalam. Xeyr, çalınmır.

Dedim bəlkə yolda tütək xarab olub; diqqətlə o tərəfə-bu tərəfə baxdım. Xeyr, salamatdır, amma çalınmır. “Allahu-əkbər”. Genə yoruldum və qoydum kənara. Çörək yedim və çıxdım getdim gəzməyə və qayıdıb gələndən sonra genə istədim imtahan eləyəm. Xeyr, çalınmır. Bari pərvərdigar, bu nə bədbəxtlik?! Niyə sən məni elə bir nemətdən məhrum qılırsan ki, o neməti sən hər bir çobana kəramət eləmisən? Mən nə günahın sahibiyəm?

Və belə-belə allahı çağırmaq genə bir fayda bağışlamadı; çünki bu xeyr-duadan sonra nə qədər əlləşdim, - tütəyim çalınmadı.

Yada salıram Pirverdinin çalmağını: tütəyi belə tuturdu, sağ əlini belə qoyurdu, sol əli ilə belə yapışırdı, barmaqları burda olurdu, dodaqlarını belə yumurdu. O ki, bunları belə eləyirdi ki, mən də belə eləyirəm, bəs niyə bu şoğərib tütək onun əlindən çalınsın, mənim əlimdən çalınmasın!..

 

*      *      *

 

Bir gün səhər yerimdən durdum, geyindim, tez bir stəkan çay içdim ki, gedim divanxanaya qulluğuma və ehtiyat üçün tütəyi götürdüm, dayadım dodağıma. Aha!.. Qurban olduğum tütək çalındı; yəni bundan bir səs çıxdı. Haman səs idi ki, Pirverdinin kəndimizdə çalmağını yada salırdı.

Ax, haradasan, əmoğlu, səni bir qucaqlaya idim və basa idim bağrıma, doyunca öpə idim!..

Saata baxdım:qulluğumun vaxtından yarım saat keçirdi. Tütəyi bir neçə dəfə öpdüm, səliqə ilə qoydum qutuya və qaçdım küçəyə.

Pəh-pəh, nə gözəl dünya! Günün istisi, küçənin tozu, adamlar5ın yaxşı, ya pis hərəkəti, dağ, daş, otlar və ağaclar, - guya bunların hamısı bugün dilbir olublar ki, mənə mübarəkbadlıq versinlər ki, bugün mənim tütəyim səs çıxardıb.

Divanxanaya yetişdim, yoldaşlarımın cəmisinə salam verdim və bir-ikisinin qulağına pıçıldadım ki, bugün mənim tütəyim çalınıbdır. Oturdum, kağız-kuğuzu çıxartdım, başladım yazmağa. Amma hər nə ki yazıram, - heç bilmirəm nə yazıram, hər kəslə danışıram, - bilmirəm nə danışıram; çünki fikrim tütəyin yanındadır. Saatı çıxardım qoydum stolun üstə ki, görüm saatın şümarələri[1] nə vaxt gəlib 3-ün üstündə duracaqlar ki, börkümü götürüb qaçım evə.

Bu arada naçalnik məni çağırdı və belə dedi:

- Götür bu saat bir hökm yaz Gərmə-çataq yüzbaşısına ki, iyun ayının ikisində əlbəttə və əlif-əlbəttə Cəfərabad məhəlləsində olan kazak qoşununun böyük əfsəri palkovnik Afanasyevin hüzuri-şərəflərinə əlli dörd dənə araba camaatdan yığıb göndərsin; çünki qoşunlar həmin tarixdə, haman arabalara minib Kənakir kəndinə yaylağa gedəcəklər və bu işi məbada təxirə salasan ki, məsuliyyət altına düşərsən. Vəssalam.

Mən naçalnikə “baş üstə” deyib getdim. Hökmü yazdım və gətirdim naçalnikin qabağına qoydum. Bu da bir-iki sətir başdan və bir-iki söz axırdan oxudu və qələmi götürüb qol çəkdi, qaytardı mənə; amma bircə bunu dedi ki, “tez, tez, bu saat göndər”.

Hökmü haman dəqiqə dəftərə saldılar, qoydular paketə və göndərdilər.

Amma araba nədir, zad nədir? O gün mənim beynimə belə-beləsözlər çox çətin girə bilərdi; çünki o gün mənim fikrim məhz yan tütəyinin yanında idi və o gün məndən ötrü yan tütəyindən savayı heç bir şey yoxdu və ola da bilməzdi. Və gör o günü mən də olan yan tütəyinin eşqi nə qədər qəliz imiş ki, naçalnikin hökmündə “araba” əvəzinə “yan tütəyi” yazmışam.

Hökm də gedib Gərmə-çataq yüzbaşısına çatandan sonra, o da hökmü verib mirzəsinə oxudub və camaata xəbər veriblər ki, naçalnik camaatdan əlli dörd dənə fleyta, yəni yan tütəyi istəyir. Hamı məəttəl qalıb, aya, bu qədər yan tütəyini haradan yığmaq mümkündür və aya, görəsən qoşuna bu qədər yan tütəyi nə lazımdır; çünki axı yan tütəyini minmək olmaz! Bu at deyil, eşşək deyil. Və axırda yüzbaşı və kənd mirzəsi ki, camaat içində hamıdan çox bilən imişlər, camaatı başa salırlar ki, yəqin qoşunların musiqi dəstəsinin çalğılarının xərcini hökumət istəyir kənd camaatının öhdəsinə qoysun.

Bir qədər də danışdıqdan və məsləhətdən sonra belə qərar qoyurlar ki, camaat içindən üç nəfər ağsaqqal seçib göndərsinlər şəhərə ki, bazarı gəzib nə qədər tapsalar, yan tütəyi alsınlar və çobanlardan da hər nə bacarsalar, yığıb aparsınlar. Bundan əlavə qubernata da bir ərizə yazdırsınlar ki, bundan sonra qoşunların musiqi dəstəsinin xərcini camaatın üstünə yıxmasınlar; çünki Gərmə-çataq camaatı çox kasıbdır.

 

*      *      *

İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşunları iyunun ikisində Kənakir dağına yaylağa gedəsi idilər və İrəvan naçlnikindən haman gün əlli dörd araba istəmişdilər və naçalnikdən kazak böyüyünə cavab gəlmişdi ki, lazımi qərardad olunub və vəqti-müəyyəndə əlli dörd araba hazır olacaq.

Haman iyunun ikisində arabalar gözlənən vaxt kazak böyüyü polkovnik Afanasyevə ərz edirdilər ki, Gərmə-çataq yüzbaşısı dörd dənə fleyta gətirib. Polkovnik bu işə təəccüb edir və fleytaları qəbul etməyib, arabaları soruşur. Yüzbaşının da ki, arabadan xəbəri yox. O da naçalnikin hökmünü nişan verir. Hökmdə də araba yazılmayıb, yan tütəyi yazılıb.

Polkovnik bir neçə dəfə ayaqlarını yerə döyəndən sonra və yüzbaşının atasını və anasını bir neçə dəfə söyəndən sonra yüzbaşını da, onun yasavulunu da və gətirdikləri yan tütəklərini də götürüb, bir neçə kazak əsgərləri də onların dalınca gedirlər naçalnik divanxanasına ki, görsünlər bu nə əməldir.

Xülasə.

Amma naçalnikin və mənim başıma bu mərəkəni açan yan tütəyindən də axırda elə bir mətləb hasil olmadı; axırda belə məlum oldu ki, yan tütəyi çalmaqda əmoğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xudayi-taaladan qismət deyilmiş.

Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı tütəyi bilmərrə gözdən saldım.

 

 



[1] Əqrəbləri.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info