Qonaq Kitabı
SİRKƏ

Bir neçə gün bundan qabaq bizim ədib yoldaşlarımızın biri gəlmişdi Bakıya və düşmüşdü orta mehmanxanaların birində.

Mən və Bakı ədiblərindən birisi bir gün günorta zamanı, getdik haman ədib rəfiqimizin görüşünə. İçəri girdik. Xoş-beş... Görüşəndən sonra oturduq və bir yarım saata qədər oradan-buradan söhbət elədik, sonra istədik duraq çıxaq gedək. Rəfiqimiz də o meyldə oldu ki, bizlə bahəm təmiz havada bir qədər dolansın və üçümüz də çıxdıq küçəyə.

Parapet bağına yavıqlaşanda Bakı ədiblərindən birinə də rast gəldik. Bu da qoşuldu bizə. Olduq dörd və Mixaylovski küçə ilə biz yarım saat oyza-buyza vargəl edəndən sonra Bakıya təzə varid olan rəfiqimiz dedi:

- Doğrusu, mən acımışam.

Biz dördümüz də dayandıq və başladıq bir-birimizin üzünə baxmağa. İkinci Bakılı ədib yoldaşımız dedi:

- Gedək bizə.

Birinci ədib yoldaşımız soruşdu:

- Nəyiniz var evdə yeməli?

İkinci Bakılı ədib yoldaşımız belə cavab verdi:

- Siz öləsiz, bir saat bundan qabaq getmişdim bazara. Təzəcə bir araba kütüm balığı bazarın ortasında saxlayıb satırdılar, camaat da çox şirin alırdı. İki dənə balıq da mən aldım; ikisi on iki girvənkə gəldi. Balıqları bir uşağın əlinə verdim apardı evə. İndi bu saat (anam) o balıqların ikisini də bişiribdir. Əgər biz bu saat dördümüz də getsək bizə, haman balıqları qoyarıq qabağımıza və şirin söhbət edə-edə nahara məşğul olarıq və ola bilər ki, xaçpərəstlər istemal edən və biz mömin bəndələrə haram buyrulan “zəhrimardan” – zaddan da evdə tapıla: çünki balığın yanında içməli bir şeyin qonşuluğu heç yaman olmaz.

Biz hamımız ac idik, onunçün  də bu təklifi qəbul edib getdik.

Süfrəni döşədilər... Qab-qaşıq və duz-çörək gətirdilər və burada mən gördüm ki, ev sahibi ədib rəfiqimiz bir növ təşvişdədir və o otağa soxulur, bu otağa soxulur, guya bir şey axtarır. Axırda gəldi durdu qabağımızda və əllərini dizlərinə vurub dedi:

- Heyf, balıq ləzzət verməyəcək.

Biz səbəbini soruşduqda dedi ki, evdə sirkə yoxdu. Kütüm balığını da sirkəsiz yedin, ya heç yemədin – ikisi də birdir.

Və bu sözləri deyəndən sonra ev sahibi qaçdı çölə və haman saat sevincək qayıdıb gəldi. Əlini bir-bir qoydu biz üç ədibin çiyninə və şad, sevincək dedi:

- Siz öləsiz, bax, bu dəqiqə sirkə gələcək.

Biz hərçənd doğrudan da ac idik, ancaq sirkənin gəlməyinə çox böyük həvəslə dayandıq. O səbəbə ki, doğrudan hər bişmişin öz qanunu və xasiyyəti var və təzə balığı sirkəsiz yemək, əti duzsuz yemək kimi bir şeydir.

On dəqiqə keçməmişdi ki, bir balaca uşaq bir böyük şüşə dolusu qırmızı sirkəni götürüb qoydu stolun üstə, qaçdı getdi və ev sahibi ədib yoldaşımız balıqları buğlana-buğlana iki böyük qabda “pəh-pəh” deyə-deyə gətirdi qoydu stolun üstə. Qapının arasından da bir qoca arvad başını çıxardıb mehriban və səsi titrəyə-titrəyə dedi:

- Yeyin, qadanız mənə gəlsin.

Bu arvad ev sahibi ədib yoldaşımın anası imiş.

Bakıya təzə varid olan ədib rəfiqimiz çəngəli balığın bir tikəsinə ilişdirib qalxızdı yuxarı və burnunun qabağına tutub iylədi və dedi:

- Pəh, pəh!.. Deyəsən yeməli balığa oxşayır.

Ev sahibi ədib yoldaşımız da balığın bir tikəsini çəlgəlnən götürüb qoydu mənim boşqabıma və bir tikəsini də öz boşqabına qoyub pəh-pəh eləyə-eləyə dedi:

- Siz öləsiniz, balığın bir ətrinə tamaşa eləyin ey!.. Pəh-pəh, balıq, nə balıq. Balığı da təzə-təzə yeyəsən; təzə ki, olmadı – daha onun nə ləzzəti?

Birinci bakılı ədib yoldaşımız çəngəli ilə balığın tikələrini seçə-seçə ev sahibi ədib yoldaşımıza belə diqqət tutdu:

- Mən öləm, ay Əhməd Fitrət (ev sahibi ədib yoldaşımızın adıdır), o yediyin balığın adını ata-anamız “balıx” qoyub, sən də elə “balıx” de, “balıq” demə.

Əhməd Fitrət bu heyndə sirkə şüşəsini əlinə götürüb, balığın üstə tökmək istəyirdi və birinci bakılı ədib yoldaşımızın tənqidinə bilmədi o saat nə cavab versin. Ancaq şüşənin ağzını açmamış qoydu stolun üstə və bir qədər də dinməyib, sonra dedi:

- Mərhum atamız, doğrudur, “balıx” deyiblər, amma biz gərək “balıq” deyək, nəinki “balıx”.

Bakıya təzə varid olan ədib rəfiqimiz Əhməd Fitrətdən soruşdu:

- Axı bir səbəbi var ya yox?

Əhməd Fitrət də bundan soruşdu:

- Nəyin səbəbi?

Mən burada üzümü Əhməd Fitrətə tutub dedim:

- Necə yəni nəyin səbəbi? Axı səndən soruşurlar ki, biz ki, dörd Azərbaycan balaları ki, oturub burada balıx yeyirik, nə səbəbə biz bu balığa “balıq” deyək, “balıx” deməyək?

Əhməd Fitrət bir qədər ucadan dedi:

- Balıx nədi?

- “Balıx”, bax, bu yediyimiz heyvanın adıdır.

Əhməd Fitrət çəngəli stolun üstünə qoyub, dik qalxdı ayağa və ağzında yavan çörəyi çeynəyə-çeynəyə dedi:

- Ay mənim əziz qardaşlarım, axı bir mənə deyin görüm, axı hər dilin bir qanunu var. Axı bizim türk dilinin də bir qanunu var ya yox?

Birinci bakılı ədib yoldaşımız çəngəli qoydu stolun üstə, bir az ucadan, bir az da hirsli, buna belə cavab verdi:

- Allah atana rəhmət eləsin, ay Əhməd Fitrət. bir bizi başa sal görək, o necə qanundu? Bəlkə doğrudan da biz qanmırıx.

Bakıya təzə varid olan ədib rəfiqimiz də bu söhbətə qarışıb o da çəngəli qoydu yerə və üzünü Əhməd Fitrətə tutdu:

- Əhməd Fitrət, qardaş, sən deyəsən hirslənirsən... Əvvələn, burada hirslənmək heç lazım deyil və ikincisi budur ki, axı...

Əhməd Fitrət bunun sözünü belə kəsdi:

- Xeyr, bağışlayınız, mən heç hirslənmirəm; ancaq hər bir dilin bir qanunu var və o qanuna biz də gərək tabe olaq. Məlumdur ki, biz türk milləti necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində də habelə. Nə bir qanun tanıyırıq, nə bir ahəngə tabe oluruq; elə başımızı aşağı salıb Kabla Məmmədcəfər və Fatma xalalar kimi deyirik. Elə ata-babalarımız və cici-bacılarımız deyən kimi biz də gərək balığa “balıx” deyək?

Bakılı birinci ədib yoldaşımız da balıqdan bir tikə ağzına qoyub, bir az coşmağa başladı və dedi:

- Əlbəttə, gərək “balıx” deyək. Bəs necə sən ana dilinin tərəfdarısan?

Əhməd Fitrət balığın bir tikəsini götürüb qoydu ağzına və bir az da ucadan və əllərini ölçə-ölçə ağzı köyşəyə-köyşəyə bu cür dedi:

- Qardaş, burada ana dilinin nə dəxli var? Məgər “balıx” deyəndə ana dili olur, “balıq” deyəndə ana dili olmur? Bir də mən qanmıram, biz dörd nəfər adam burada təzə dil yaratmayacağıq ki? Yəqin ki, dünyada hər bir elmin mütəxəssisi olan kimi dilin də qanunlarını vəz edən həyata tətbiq edən var. Asimbəyin[1] dil barəsində tətəbböatını... Əgər bunları...

Dörd nəfər türk ədibləri, yəni mən də onların içində, belə mübahisə etdiyimiz əsnada, on iki girvənkə gələn balığı iki nəfər yeyib az qalmışdılar ki, sümükləri də yesinlər ki, bu arada qapının arasından ev sahibinin qoca anasının başı titrəyən səsi ilə bizə tərəf belə xəbər verdi:

- Qadanız mənə gəlsin, bu qədər “balıx-balıx” deyə-deyə pəs niyə o gözəl sirkəni qoydunuz orada qaldı və ağzını heç açmadınız da?

Nənənin bu sözü bizi deyəsən yuxudan oyatdı; bir də baxaq ki, doğrudan da “balıq”nan “balıx” sözlərinin mübahisəsinə biz dörd nəfər ədib elə bərk qızışmışıq ki, on iki girvənkə balığı yeyib qurtarana kimi o gözəl sirkə ağzı tıxanclı dəc qalıb stolun üstündə; bir surət də ki, haman sirkəni dördümüz də tamam yarım saat gözlədik ki, bazardan gəlsin.

  



[1] Nəcim Asim bəy- Türkiyənin məşhur dilçi alimlərindən biri.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info