Qonaq Kitabı
QƏSSAB

Bir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verir qəssab Şamilə. Bir dəfə də eşitdim ki, daha vermir. Axır vaxtlarda deyirdilər ki, Məşədi Məmmədəli qızını qəssab Şamilə verməyə razı olub. Ən axırda genə dedilər ki, Məşədi Məmmədəli qəssab Şamildən inciyib və qızını daha ona vermir.

Üç-dörd gün bundan qabaq qəssab Şamil gəldi bizə. Bununla bizim bir yüngülvarı qohumluğumuz da varmış (yəni: özünün rəvayətinə görə). Məlum oldu ki, qızı nəhayət xoşlayıb, amma Məşədi Məmmədəli genə nədənsə, qızını vermək istəmir. Şamil xahiş etdi ki, mən vasitə olam və bəlkə Məşədi Məmmədəlini yumşaldam. Qəbul etdim. Dedim:

- Məşədi Məmmədəli sözümü yerə salmaz və əgər qız razı isə, yəqin ki, düzəldərəm.

Və bu da məlum oldu ki, Məşədi Məmmədəli üç dəfə qəssab Şamillə barışmağa gəlib və üç dəfə də acığı nəyə isə tutub, qızı vermək istəməyib.

 

*      *      *

Bir gün Məşədi Məmmədəliyə sifariş elədim ki, cümə axşamı gələcəyəm bozbaş yeməyə. Xəyalımda qoymuşdum dəlil-nəsihətlə Məşədini yola gətirəm və elə də bir böyük üzrü yoxsa, onu həmişəlik qəssab Şamillə sazlaşdıram.

Getdim. Damağım çağ idi; çünki bir tərəfdən artıq ümidvar idim ki, bu bədbəxt Şamilin işini bəlkə bir təhər düzəldəm, o biri tərəfdən də bilirdim ki, Məşədi Məmmədəlinin arvadı iranlı olduğuna görə, gərək çox səliqəli bozbaş pişirmiş ola.

Qabaqkı otaqda süfrə salınmışdı: qab-qacaq, soğan, turp və nazik bazar çörəyi...

Əyləşdik. Mən istədim piş əz vəqt moizəmi gödəkçə yerinə yetirib, qəssab Şamilin yanında borcdan çıxam. Dedim:

- Rəfiqim, Məşədi əmoğlu, sən bilirsən ki, mən sənə xeyirxah bir adamam və heç istəmənəm sənə elə bir yol göstərəm ki, sən sonra, nəüzübillah, peşimanlıq çəkəsən. O allah bəndəsi Şamili sən çox incitmə. Bilirsən ki, o özü bir salamat adamdır. Onunla qohum olmaq sənə heç bir yandan eyb yetirməz, Əgər əlahiddə bir maneçilik yoxdursa, ver qızı, başdan olsun getsin.

Məşədi Məmmədəli çox yumşaqlıqla mənə belə cavab verdi:

- Molla əmoğlu, and olsun oxuduğun qurana, mənim heç bir sözüm yoxdur; qızı vermişəm və qurtarıb gedibdi. Amma o nainsafa da bir dəlil-nəsihət elə ki, bir surətdə ki, mənnən qohum olub, bir az da nə eybi var, istiqanlı və mehriban olsun və yeri düşəndə özgələrə nisbət heç olmasa bir zərrə qədər qayınatasına təfavüt qoysun. Məsələn Qurban bayramında sifariş eləmişdim ki, bizə bir kök qurbanlıq göndərsin. Altı manat yarım da pul göndərmişdim. Heç müftə istəməmişdim. Nə eybi var, ay zalım oğlu, elə bil bir yad kişiyəm. And olsun allahın birliyinə, elə bir arıq heyvan göndərmişdi ki, bir dəri, bir sümükdən başqa bir şey tapa bilməzdin. Dəxi mən də daş deyiləm ki! Hirsim tutdu, sifariş göndərdim ki, bizim qohumluğumuz tutmayacaq... Xülasə... Molla əmoğlu, arxayın ol, bu qədər danışdım, səni də ac qoydum. Arxayın ol... Bir surətdə ki, sən də məsləhət görürsən, bir qızdı, vermişəm, qurtarıb gedibdir. Allah səni də dostluqdan və qohumluqdan əksik eləməsin öz birliyi xatirinə. Gedim görüm çörək hazırdımı...

Məşədi getdi, abgüştü[1] öz əlində buğlana-buğlana gətirdi, çörək doğradı, qarışdırdı və mənə “buyur” deyib, təklif etdi. “Bismillah” deyib əlimi uzatdım, bir tikə götürdüm və gördüm ki, bozbaş babətdir; nə elə artıq ləzzətli bə nə elə də artıq ləzzətsiz, yəni miyana.

Bu mənim dadım.

Amma qonşuma gəldikdə burada məzaqlar xeyli təfavütlü çıxdı. Belə ki, Məşədi Məmmədəli ikinci tikəni ağzına qoyandan sonra bir yavaşca guya öz-özünə dedi:

- Çox yavandı. – Bir az keçdi ki, dedi:

- Namərd oğlu genə yavan ət verib – və bir tikə də yeyəndən sonra əlini yeməkdən lap çəkib üzünü tutdu həyətə və ucadan arvadını harayladı:

- Tükəzban, Tükəzban! Bu saat o qırışmal oğluna mənim tərəfimdən sifariş elə ki, mən dəxi ona qız verəsi olmadım.

Mən təəccüb elədim, bir qədər də rahatsız oldum və bir qədər də iştaham küsdü. Bir istədim Məşədi Məmmədəliyə nəsihət edim və yalandan bozbaşı təriflədim; amma çünki qonşumun sifətindən hirs yağırdı, bildim ki, nəsihətin faydası olmayacaq. Bunula bərabər genə özümü borclu hesab etdim və bu işə qarışım, bəlkə axırı yaxşılıqla qurtara. Dedim:

- Məşədi əmoğlu, bozbaş ki, o qədər yavan deyil, nə səbəbə bu qədər inciyirsən?

Amma Məşədi Məmmədəli o qədər hirslənmişdi ki, deyəsən mənim sözlərimi heç eşitmədi və üzünü həyətə tərəf tutub dübarə çığırdı:

- Ay arvad! Mənim axır sözümdü. Mən zarafat eləmirəm. Vermirəm! Vermirəm! Bax, aç qulağını, eşit!

Məşədinin əlləri titrəyirdi. Mən məəttəl qaldım və söz yox, gəldiyimə peşman oldum. Əlimi sildim, çəkdim kənara və allaha şükür elədim.

Ancaq bu heyndə Məşədi deyəsən yuxudan ayıldı və deyəsən səhvini və kəmədəbliyini başa düşdü; çünki gördü ki, mən də ac qaldım. Və deyəsən, hirsi bir az soyudu; çünki alçaqdan və yumşaqlıqla:

- Sən allah, Molla əmoğlu, məni bağışla. Bu saat gərək sənə qayqanaq pişirtdirim. Sən ac qaldın. – Və genə üzünü həyətə tərəf tutub, qabaqkından bir qədər mülayim arvadını çağırdı:

- Tükəzban, tez ol bir az qaynaq pişir. Molla əmoğlu bozbaşı bəyənmədi, ac qaldı. Allah pis adamın atasına lənət eləsin. Bizi ac qoydu.

Mən üzr istədim və qayqanağı qəbul eləmədim; çünki iştaham bilmərrə qaçmışdı və bir də qayqanağı mən əslindən xoşlamaram. İstədim duram ayağa. Məşədi Məmmədəli tez qalxdı ayaq üstə və məni çiynimdən aşağı basıb güclə yerə oturtdu. Mən tabe oldum.

Bir az keçdi. Məşədi qayqanaq da gətirdi. Üstündən çay da içdik və hətta söhbət də elədik və axırda durdum, xudahafiz elədim. Və istəyirdim çıxam, dayandım və baxdım Məşədi Məmmədəlinin üzünə, bir istədim qəssab Şamildən söz açam və dəlil-nəsihət edəm. Amma haman dəqiqə xəyalıma gəldi ki, o bədbəxt qəssab Şamil Məşədi Məmmədəlinin acıq damarına düşübdür; yoxsa, arıq qoyun və yavan ət, - bunlar hamısı bəhanədir.

Haman saat mənə yəqin oldu ki, bu azarın daha dünyada bir müalicəsi yoxdur və indi də Məşədi Məmmədəli qəssab Şamillə barışıb öpüşsə də, sabah ya biri gün bir yavan ət üstə genə acıyıb küsəcəkdir. Daha bu adət oldu getdi.

Bir ay, ya ay yarım keçmişdi, eşitdim Məşədi Məmmədəli qızına toy eləyib, verib qəssab Şamilə. Toya mən də dəvət olunmuşdum; amma xəstə olduğuma cəhət gedə bilmədim.  

 

 



[1] Bozbaş.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info