Qonaq Kitabı
NİGARANÇILIQ

Tiflisdə “İslamiyyə” mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü; ikisi də naxçıvanlı idi: biri bəzzaz Məşədi Heydər idi, biri də ayaq üstə alış-veriş eləyən Məşədi Qulamhüseyn idi.

Həmin gün mehmanxanaya bir nəfər də gəldi düşdü, bu da şirvanlı Məşədi Məmmədbağır idi ki, özgə nömrələrdə yer olmadığından qabaqkı məşədilərin razılığı ilə həmin üçüncü nömrəyə bir kravat qoydurdu, bunlara yoldaş oldu.

Yevropa davasının səbəbindən şəhər basabas idi və mehmanxanalarda adam əlindən yer tapılmırdı. O səbəbdən dəxi genişlik və asudəlik axtarmağa macal olmurdu və ərz elədiyimiz kimi darışlığa hamı dözürdü. Bahalıq da ki, qaydası ilə.

Üçüncü müsafir Məşədi Məmmədbağır əslən maarifpərvər bir şəxs idi və Tiflisdə xeyli tanışları var idi. Haman axşam bunun görüşünə müsəlman maarifpərvərlərindən iki nəfər cavan gəldi: biri qəzet müxbiri Mirzə Rza, təbrizli, özü də xeyli məlumatlı və qeyrətli bir cavan; ikincisi şair və ədib Həsən bəy Gəncəli, rus gərsi oxumuş və müsəlmanca da özünə görə təhsil tapmış bir vücud.

Üçüncü nömrəyə bir samavar istədilər və bu beş nəfər ağa bir az vaxtda bir-birinə dəxi də mehriban olub başladılar şirin söhbəti. Yarım saat keçməmişdi ki, naxçıvanlıların görüşünə üçüncü bir nəfər də daxil oldu ki, bu da müəllim Mirzə Məmmədqulu idi.

Ağalar məşğul oldular söhbətə və çay içməyə. Mirzə Məmmədqulu çayına qənd salıb üzünü tutdu həmşəhərlilərinə və dedi:

- Məşədi Qulamhüseyn, mən evdən çox nigaranam. Bir həftə olar ki, Naxçıvandan dadaşım yazmışdı ki, bizim Sadıq naxoşdu. Biçarə uşaq elə uşaqlığından sısqadı, amma o cür ki, kağızda yazılmışdı, mən doğrusu qorxdum. Əvvəl kağız yazdım və sonra tab gətirmədim, bir teleqraf da vurdum. İndi nə kağıza cavcab var, nə teleqrafa. Odur ki, sizin gəlməyinizi eşidib özümü yetirdim bura ki, bəlkə dedim siz biləsiniz. Ola bilər ki, bizim Cəfəri bazarda-zadda görmüş olasınız, ya bəlkə bizim evdən bir şey eşitmiş olasınız. Qərəz ki, çox nigaranam.

Məşədi Qulamhüseyn və Məşədi Heydər cavab verdilər ki, Sadığın kefsiz olmağını Naxçıvanda nə eşidiblər, nə də Cəfəri bazarda görüblər və hər ikisi heyfsiləndilər ki, bu işdən xəbərləri yoxdur.

Ağalar həmin söhbətdə idilər ki, otağın qapısı yavaşca açıldı və genə örtüldü. Nömrədə söhbət edənlərin biri, ya bəlkə ikisi qapının bu cür açılıb örtülməyinə diqqət elədi: amma qalan qonaqlar bunu bilmədilər və bir-iki nəfər gördüsə də, buna əhəmiyyət vermədi.

Qapını yavaşca açıb-örtən polis məmuru idi ki, paltarını dəyişib, arada camaat içində dolanırdı və özünü elə saxlayırdı ki, bir kəs bunun nə iş sahibi olduğunu duymasın. Həmin şəxs bir saat bundan qabaq küçədə gəzərkən “İslamiyyə” mehmanxanasına cəm olan müsəlmanlara diqqət salıb şəklənmişdi ki, bunlar işsiz deyillər və üçüncü nömrəyə yığışmaqlarında yəqin ki, bir politika və ya milli söhbətlər və tədbirləri var və əlbəttə ki, bir para cavanlar ola bilər ki, bəzi məsələlərə məşğul olsunlar. Hökumət məmuru qapını bir az açıb hərçənd ağaları gördü, amma, söz yox, bilmədi ki, haradan və nə danışırlar və dalanda artıq dayanmağı da lazımsız gördü; çünki mehmanxana sahibi və qulluqçuları deyə bilərdilər ki, “sən kimsən və nə istəyirsən?” Bu səbəbdən məmur yavaş-yavaş yendi küçəyə.

Üçüncü nömrədə ağalar naxçıvanlı Mirzə Məmmədqulunun nigarançılığına təəssüf etdilər; çünki gördülər ki, bu biçarə həqiqətdə elə çox nigarandır. Şirvanlı Məşədi Məmmədbağır ikinci stəkanı çəkdi qabağına və üzünü Mirzə Məmmədquluya tutub dedi:

- Mirzə, mən indi bilirəm ki, sən nə çəkirsən; çünki mənim də başıma gəlib. Doğrudan, da nigarançılıq yaman şeydir, allah heç kəsə göstərməsin. Bildir, yəni belə təxminən yeddi-səkkiz ay olar, yay fəsli idi, uşaqları göndərmişdim kəndə, özüm də şəhərdə idim; hava da nə qədər desən isti idi. Axşam oturmuşduq, çay içirdik. Ədib Həzmi də bizdə idi. Qapı açıldı, nökərimiz Qasım girdi içəri. Mən dik atıldım: “Qasım nə xəbər var?” Qasım cavab verdi ki, “Ağa, xanım deyirdi tez gəlsin kəndə” – “Niyə, nə olub? Doğrusunu de görüm, uşaq azarlamayıb ki?” – “Xeyr, xeyr. Vallah ay ağa, bir kəs azarlamayıb: amma balaca oğlan gecə səhərə kimi yatmayıb, elə hey ağlayıb. Bilmədim sancılanıb, ya nədi? Xanım məni göndərdi ki, harda olsan, durmayıb təşrif gətirəsən kəndə”. – Dedim: “Qasım, yəqin ki, bir zad var, məndən dizlədirsən. Doğrusunu de görüm, bəlkə məndən gizlədirsən? Bəlkə uşağın başına bir iş gəlib?”. Dəxi bundan artıq nökər mənə bir söz demədi. Amma indi axı insanın ağlı var! Mən öz-özümə fikir elədim ki, doğrudan əgər bir qorxulu mətləb, bir bədbəxtçilik olmasa, dəxi övrət məni buradan kəndə çağırmaz; özüm də ki, bir həftə yoxdur ki, kənddən gəlmişəm. Xülasə, ha fikirləşirəm, bir yana çıxarda bilmirəm. Durdum fayton tutdum. Qasımı da götürdüm, düşdüm yola. Yolda hava qaranlıqlaşdı. İndi gəl ki, fikrimə min cür şeylər gəlir: gah deyirəm ki, uşağın başına bir iş gəlib; gah deyirəm anası bəlkə azarlayıb, bəlkə nökər məndən gizlədir. Xülasə, kəndə yetişənə kimi mənimki mənə dəyib, lap ölüb getmişəm; dəxi məndə can qalmayıb. Axırda eşitdim ki, nə var, nə var uşaq axşamnan bir az sancılanmış imiş, axırda bir çay qaşığı yağ veriblər, yaxşı olub. Xülasə, bu nigarançılıq pis şeydir.

Məşədi Məmmədbağır sözünü qurtaran kimi oturanlar bir səslə dedilər:

- Bəli, nigarançılıqdan da dünyada pis şey yoxdur.

Şair və ədib Həsən bəy Gəncəli durdu ayağa, boş stəkanına iki tikə qənd saldı və başladı özü üçün çay tökməyə və tökə-tökə dedi:

- Sən hələ onu deyirsən, məşədi, amma o nigarançılığı ki, mən çəkmişəm, allah heç kəsin başına gətirməsin. Üç il, ya bəlkə dörd ildi, - yaxşı yadımda deyil, - bizim Baxşəli bəy gedirdi Gəncəyə. Apardım vağzala, bileti aldım və yola saldım getdi. O günün sabahısı Tiflilsə xəbər gəldi ki, dəmir yolda bir maşın uçub dağılıb və miniklərdən bir neçə nəfəri şikəst olub və neçəsi də ölüb. Mən bunu eşitcək, doğrusu, dəxi ölüb getdim. Hərçənd hansı maşının uçmağı məlum deyildi, amma deyəsən elə mənə yəqin olmuşdu ki, dağılan Baxşəli bəy minən maşındır. Götürüb Gəncəyə, dadaşıma teleqraf elədim. Allah rast saldı ki, xəbər haman gündə gəldi. Baxşəli bəy özü cavab vermişdi ki, “nigaran olma, səlamət gəlib yetişmişəm Gəncəyə”. Dəxi sonra heç məlum olmadı ki, uçan maşın hansı imiş; Bakıya gedən imiş, ya Batuma gedən imiş? Qərəz ki, hər kəs nə deyir desin, dünyada bu nigarançılıqdan pis şey yoxdur.

Bu heyndə nömrənin qapısı genə bir qədər açıldı və genə örtüldü və lakin otaqdakılar etina eləmədilər. Genə ağalardan bir neçəsi dedi:

- Bəli, nigarançılıq pis şeydir.

Naxçıvanlı Məşədi Heydər papirosunu saldı ayağının altına və başladı bu cür söhbəti:

- Həsən bəy, sən hələ yaxşı qurtarıbsan; hələ allah rast salıb ki, sənin nigarançılığın bir gün çəkib. Amma o necədir ki, bir həftə nigarançılıqdan nə yuxu yuxulayasan, nə yeyib-içməyə iştahan ola? Mən keçən novruz bayramından bir həftə sonra getmişdim İrəvana; özümdə Hacı Məsum əminin oğlu Məşədi Səlimgildə düşmüşdüm. Çünki mərhum hacı Məsum mərhum əmim hacı Nemətlə yeganə dost idilər. Mən İrəvana çatan kimi hacının xırda oğlu Məşədi Ələkbər çıxdı qabağıma və zorla məni apardı evlərinə. Lazımi hörmət və mehribançılıq... Xülasə, sözüm orda deyil. Gecə yeyib-içdik və yatdıq. Mən özüm, doğrusu, yuxuya heç o qədər inanan deyiləm; amma o gecə yuxuda gördüm ki, bizim Məşədi Kazım vəfat edib. Səhər durdum ayağa, heç kəsə bir söz demədim, çay içib Məşədi Ələkbərlə çıxdım bazara. Bir istədim vaqiəmə heç məna verməyəm, qulaq asmayam; amma gördüm ki, dəxi heç bir iş tuta bilmirəm; hər nə eləyirəm, yuxum gəlib durur qabağımda. Gördüm ki, iş belədir, götürdüm Naxçıvana bir “sroşni” tel vurdum. O gün axşama kimi qərarım lap kəsildi: bilmədim ki, nə qayırım. Yediyim  haram, içdiyim haram. Xülasə bir tövr gecəni keçirtdim. Səhər açıldı, amma teleqrafdan bir xəbər yox. Günortaya kimi beləcə gözü yolda qaldım. Nahar vaxtı idi ki, axır teleqrafçı girdi içəri və teli verdi mənə. Açıb oxudum. Teleqraf evdən idi, anamın dilindən yazılmışdı ki, “durma gəl Naxçıvana”. Elə bunu bilcək lap qurudum. Xülasə, nə başınızı ağrıdım, haman gün yığışdım düşdüm yola. Sabah axşam yetişdim Naxçıvana. Amma nainsaflar... Deməginən Məşədi Kazım da sağ-salamat, hamı da salamat. Ancaq bir bağ sövdəmiz var idi, bağı özgəsinə verirmişlər; əgər mən özümü tez yetirməsəydim, bağ əldən çıxacaqmış. Müxtəsər, indi görün bu neçə günü mən nələr çəkmişəm. Vəssalam ki, bu nigarançılıqdan dünyada çətin şey yoxmuş.

Axşamdan dörd saat keçdi. Qonaqların üçü durdu ayağa və “xudahafiz”, “salamat qal” eləyib, mehmanxanadan çıxıb getdilər və gedə-gedə yol uzunu genə öz-özlərinə deyirdilər ki, “doğrudan da nigarançılıq pis şeydir”. Mehmanxanada qalan Məşədi Heydər, Məşədi Qulamhüseyn və Məşədi Məmmədbağır istədilər soyunub yatsınlar və bunlar da bir-birinə  dedilər ki, “doğrudan da dünyada nigarançılıqdan pis şey yoxdur”.

O ki, qaldı təğyiri-libas olan[1] məmura, o da mehmanxananın həndəvərində çox vurnuxdu ki bilsin aya bu millətpərəstlər nə xəyal ilə mehmanxanaya yığışıblar və bunlar görəsən nə siyasi məsələlər ortalığa qoyub müzakirə eləyirlər və nə tədbirlər tökürlər. Amma nə qədər səy elədi, bir şey başa başa düşə bilmədi və başa düşə bilmədiyindən çox nigaran qaldı.

Həqiqət, dünyada bu nigarançılıqdan da pis şey yoxdur.          

 

 



[1] Geyimini dəyişdirən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info