Qonaq Kitabı
MOLLA FƏZLƏLİ

Minbərin dibində bir qərib molla oturmuşdu. Helə ki, mərsiyə tamam oldu və məscid sovuşdu, mən də cammatla çıxdım küçəyə, gördüm ki, haman tanıdığım molla mənim dalımca gəlir. Mən buna tərəf çönüb baxanda bu mənə çox ədəblə dedi:

- Axund Molla Nəsrəddin, bu gecə sizə qonağam.

Dedim:

- Qonaq allah qonağıdır. – Və üz qoydu bizim mənzilə tərəf.

Mollanın adı Axund Molla Fəzləli imiş. Yaşı olardı qırx beş-əlli. Boyu uca və azca arıq. Yol ilə söhbət edə-edə bunu da bildim ki, Axund Fəzləlinin peşəsi mərsiyəxanalıqdır və İrandan bir neçə gün bundan qabaq bizim vilayətə gəlib ki, məhərrəmlikdə məscidlərin birində mərsiyə oxumaqla bir qədər xərclik ələ gətirsin və qayıtsın vətəninə. Və söhbət arasında işarə elədi ki, bu barədə mən ona kömək edim. Mən əlimdən gələni vədə verdim və bunu da axunda təkid etdim ki, nə qədər bizim şəhərimizdədir, mənə qonaqdır.

 

*      *      *

Axşam vaxtı idi. Arvad çörəyi və çayı yerbəyer etdi. Yedik, içdik, bir qədər də söhbət etdik. Axundun kefi bir az da açıldı və hətta bir qədər də avazla oxudu. Səsi də babət idi; necə olmuş olsa, bütün ömrünü mərsiyəxanalıqda keçirib, onun səsi xeyli pişmiş idi.

Axunda o biri otaqda yer saldıq, yatdı.

Gecənin bilmirəm nə vaxtı idi; gördüm uşaqların anası öz-özünə mırtdanır. Qulaq asdım, bir şey başa düşmədim. Bir az da keçdi, eşidirəm ki, arvad genə öz-özünə dillənir və deyir.

- Başına kül, ay belə molla!

Mən təəccüb elədim və bir qədər də qulaq asdım, gördüm ki, Axund Molla Fəzləli öz-özünə yavaşca “conəm-conəm” deyə-deyə oxuyur. Arvad da bunun oxumağına deyinirmiş. Bir qədər keçir, məni yuxu tutur.

 

*      *      *

Sübh tezdən durduq; çay-çörək yeyib qonağımızla şörin söhbət edə-edə çıxdıq bazara, getdik məscidə. Mən haman gün qazı ilə danışdım və qərar qoyduq ki, “Pir cavan” məscidində Axund Molla Fəzləli məhərrəmin onuna kimi mərsiyə oxusun.

Axşam gəldik evə və arvada dedim ki, daha qonağımızın işi düzəlib və nigarançılıqdan çıxıb və ola bilər ki, gecəni rahat yata və bizi də bidar eləməyə.

Bu axşam da mollanı müvafiq qayda çay-çörəkdən yana rahat edib yerini saldıq və özümüz də çırağı keçirtdik. Gecənin bir vaxtı elə bildim ki, uşaqların anası məni dümsükləyir. Ayıldım.

- Arvad, nə var?

Arvad gecə deyinə-deyinə cavab verdi:

- Gör, başı küllü qonağın nə qayırır?

Ay işığı idi. Akoşkadan görünürdü ki, tut ağacının budaqları öz-özünə hərəkət eləyir. Dedim bəlkə yel əsir; amma hava sakit idi. Akoşkaya tərəf sürünüb, başımı bir qədər həyətə tərəf çıxartdım və gördüm ki, qonağımız yatdığı otağın pəncərəsindən əlini uzadıb tut ağacının bir budağından yapışıb çəkir və ağ tutları bir-bir ağacdan dərib qoyur ağzına və “conəm-conəm” deyə-deyə oxuyur və bunu da deyir:

- Ay qürbətdə məhtab gecələri[1] təkcə yatan yazıq canım vay!

Bunu görəndə çəkildim geri və arvadın qulağına dedim:

- Ay arvad, hərənin dünyada bir dərdi var, Axund Molla Fəzləli də yəqin ki, dərdli insanların birindəndi. Amma and verirəm səni o körpə uşaqların canına, yorğanı çək başına, yat. Dəxi məni şirin yuxudan bidar eləmə!..

 

*      *      *

Sübh tezdən nədənsə həmişəkindən tez oyandım. Həyətdə haman tut ağacının dibində xalça salırdım, samovarı qoydurdum və qonağımızla bahəm başladıq çay içməyə. Ağ tutun yetkinlərindən biri düşdü qabağımızdakı stəkanın yanına və gecəki fəqərə gəldi durdu gözümün qabağında və qonağa dedim:

- Axund Molla Fəzləli, siz tək möhtərəm vücudun barəsində mehmannəvazlıq şərtlərini deyəsən layiqincə əmələ gətirə bilmirəm; ondan ötrü ki, dünən gündüz mənim yadımda idi ki, gərək bu tutdan çırpıb yaxşı yetkinlərindən sizə bir padnos müvafiq qayda təqdim edə idilər ki, bizim vilayətin mətaını da dadıb, İranın tutu ilə fərqini mülahizə buyura idiniz. Xahiç edirəm əhv buyurasınız və bundan sonra meyliniz çəkən kimi əmr edəsiniz ki, sizə hər gün tut çırpıb versinlər; dəxi gecələr yuxunu özünüzə haram edib, ağacdan tut dərib yeməyə möhtac olmayasınız.

Bu sözlərin qabağında Molla Fəzləli stəkanının qəndini qarışdıra-qarışdıra mənə belə dedi:

- Axund Molla Nəsrəddin, mən allaha min şükürlər edirəm ki, bu qürbət vilayətdə siz tək bir vücuda rast gəldim və nə qədər ki, sizin hüzurunuzda qonağam, dünyada bir nemət yoxdur ki, mən ona özümü tamarzı hesab edəm. O ki, qaldı həmin tut məsələsi, söz yox ki, bu meyvə cəmi meyvələrin ən ləziz və nəciblərindəndir bə mən nəinki bircə tuta, bəlkə də meyvəcatın heç birinə o qədər talib deyiləm. Bir surətdə ki, allaha evinizi abad eləsin, meylim olsa idi, ya dünən, ya bugün istərdim. Və lakin gecə yuxudan bidar olmağımın illəti nəinki bir tutdur, xeyr, xeyr. Siz, allaha şükür, cəmi sirlərə vaqif gərək olasınız ki, insan ki, öz əhli-beytindən kənar oldu, əllbəttə onun üçün bir növ narahatlıq hasil olacaq; xüsusən mənim kimi bir allah bəndəsi ki, bütün ömrümdə xah qürbətdə, xah öz vilayətimizdə əhli-xanəmdən bir dəfə də olsun kənar düşməmişəm və ömrümdə tək bir gecəni tək və tənha yatmamışam. Eh, xudavəndi-aləm sizin rütbənizi gün-gündən artıq eləsin. Nə eybi var, hər gecənin bir səhəri və hər zimistanın bir baharı olar. İnşallah əlbəttə bizim də görəcəkli günümüz var. İnsanın qisməti öz vaxtında gəlib özünə çatacaq. Eh, siz sağ olun, allah kərimdi. Xudavəndi-aləm öz lütfü mərhəmətini siz tək vücuda müzayiqə buyurmasın öz birliyi xətrinə.

Bəli, mətləb dəxi lap aşkar oldu.

Haman günü axundu bir bahanə ilə məscidə tək yola salıb qaldım evdə və arvadı çağırıb yavaşca ona dedim:

- Ay arvad, bilirəm sən də gecələr yatmaq istəyirsən, vallah mən də yatmaq istəyirəm. Mənə gecə yarısı oyanıb yarı çağırmaq və tut ağacının budaqlarından tut dərib yemək lazım deyil və bilirəm ki, bu işlər sənə də lazım deyil. Amma bunu bil və eşit ki, nə qədər qonağımızın işi düzəlməyib – bizi qoymuyacaq rahat yataq.

Arvad məndən soruşdu ki, biz neyniyək ki, axund rahat yatsın? Mən acıqca dedim gərək qonağımızı evləndirək.

Sözün müxtəsəri hamısından yaxşıdır. Bizim arvadın Xeyransa adında bir dayısı qızı var idi; qırx-qırxbeş yaşında bir dul arvad idi. Bir dəst paltara və on altı manat pula Xeyransanın siğəsini mən özüm oxudum Axund Molla Fəzləliyə və haman gün qonum-qonşu bekar arvadların köməkliyi ilə və xeyir-duası ilə Xeyransanı gətirdik təzə əri Molla Fəzləlinin otağına.

Xeyli müvafiq gəldi. Hərçənd Xeyransanın bir gözü bir qədər məyub[2] idi; amma dəxi nə eləmək qismət belə imiş.

Allaha çox şükür olsun! Arxayınlayandan sonra yatdıq.

Dedim:

- Ay arvada, allaha çox şükür olsun, həmi qonağımızın arzusu ələ gəldi, həmi biz dəxi bundan sonra bidar olmanıq.

Qonaqlarımıza çay-çörək göndərib arxayınlayandan sonra yatdıq.

Allahu-əkbər! Lənət şeytana! A kişi, bilmirəm gecənin nə vaxtı idi, yuxuda qulağıma bir tıqqıltı gəldi. Gözlərimi açıb bir şey başa düşmədim. Bir qədər də qulaq verib gördüm ki, pəncərəmizin şüşəsini birisi yavaşca tıqqıldadır. Qalxdım və gözlərimin bulaşığını silə-silə gördüm ki, bir əmmaməli adam, əba çiynində durub həyətdə, pəncərənin qabağında. Baxdım ki, bu qonağımız Molla Fəzləlidir. Çox təəccüblə soruşdum:

- Axund nə var? – Qonağım yavaşca və guya xəlvətcə dedi:

- Hamama.

Mən cavab verdim:

- Baş üstə! – və geyinib çıxdım həyətə və axundla bahəm getdik qonşuluqdakı hacı Cəfər hamamına.

Bəhər hal[3], qəzavü qədərdən qaçmaq olmaz və gələcəyi bilmək tək bircə xudavəndi-aləmin şəninə yazılıb. Mən elə güman eləyə bilərdim ki, dəxi Axund Molla Fəzləlinin barəsində mən hər bir təklifimi yerinə yetirmişəm. Dəxi arxayın idim ki, bu beş-on günü o da mənim evimdə rahat olacaq və mən də öz otağımda öz əhli-xanəmlə rahat yatacağam.

Amma belə deyilmiş. İkinci gecə də Axund Molla Fəzləli məni şirin yuxudan oyatdı və xahi-nə xahi apardı hamama.

Əssəbrü miftayülfərəc[4] heç eybi yoxdur. Hər şeyin dünyada intəhası olan kimi bu işlərin də əlbəttə bir axırı ola biləcək.

Üçüncü gecə də yuxuda idim qulağıma tıqqıltı gəldi. Ayıldım və gördüm ki, Molla Fəzləli durub pəncərənin qabağında.

- Axund, hamama!..

Dəxi qurtardı, dəxi hövsələmin qədəri o yerə kimi idi. Başımı pəncərədən çölə tərəf bir qədər bir qədər çıxardıb dedim:

- Axund Molla Fəzləli, dəxi məni bağışla, mən sizdən üzr istəyirəm. Səni mən and verirəm peyğəmbərə, mənim günahımdan keç. Mənim az qalır altmış yaşım ola, mən də o qədər sövq-səfa yoxdu ki, sənə yoldaşlıq eləyə biləm. Hər gecə hamama getməyə mənim taqətim yoxdu. Allaha şükür indi dəxi hamamın yolunu tanıyırsan; bu səfər də hamama mənsiz get. – Dedim və çəkildim. Yorğanı çəkdim başıma...

Axund Molla Fəzləli mənsiz getdi hamama; amma haman gün də bizim evdən daşınıb köçdü Xeyransanın evinə. Məlum oldu ki, məndən inciyib; çünki bizdən gedəndə mən ilə görüşmədi.

Bir həftədən sonra eşitdim ki, Xeyransanın təlağını verib, yığışıb gedib İran vətəninə.

 

 



[1] Aylı gecələr.

[2] Eybli, şikəst.

[3] Hər halda.

[4] Səbr müvəffəqiyyətin açarıdır.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info