Qonaq Kitabı
KİŞMİŞ OYUNU

Qış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki,buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq.

Kəndə yetişib xəbərdar olduq ki, buranın cammatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına.

Tövlənin bir tərəfi mal ilə dolu və qaranlıq idi, amma digər tərəfi uca və işıq idi və burada çox cəmiyyət əyləşib söhbətə məşğul idilər. Danışanlar bizi görcək səslərini kəsdilər və cümləsi birdən ayağa durub, bizə kəmali-ehtiram ilə yuxarı başda yer göstərdilər. Biz əyləşdik. Onlar bizim əhvalımızı soruşmağa ba.ladılar. biz də onlardan əhvalpürsan olduq. Xülaseyi-kəlam, kəndlilər biz ilə bir mehribanə rəftar elədilər ki, guya aylar ilə bizim müntəzirimiz idilər. Kəndlilərin bu növ rəftarı, bizi nəhayət mərtəbədə dilşad etdi.

Əvvələn, biz çox ac idik. Havanın belə soyuq vaxtında nə qədər yol gəlib, yorulub, bir belə isti yer bə qonaqdust sahibxanə axtarırdıq ki, bir növ rahat olaq. Saniyən, əhli-beytdən ayrı düşüb və qış mövsümü qürbət vilayətə səfər etməkdən bizim ümdə məqsədimiz bir qədər çörək pulu əlimizə gətirib tezliklə vətənə üz döndərmək idi.

“Zurnalı” kəndindəki bu tövr mehribanlıq görüb biz yəqin etdik ki, xəyalımızda tutduğumuz məbləği, həmin gecə tövləyə cəm olan allah bəndələrindən cəm edib dəxi sair yerləri bu soyuqda gəzib dolanmağa möhtac olmarıq və piş əz vəqq evimizə qayıdıb övrət-uşağımızın könlünü şad edərik; necə ki, bizim könlümüz bu gecə burada şad oldu.

Başladıq kəndlilər ilə şirin söhbətə. Onlar bizdən İranda vaqe olan əhvalatı soruşmağa başladılar, biz onlardan bəzi əhvalat başladıq soruşmağa. Belə məlum oldu ki, keçən il bu vilayətin pambıq və arpa-buğda ziraəti[1] səlamət imiş.

Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. Bu şəxsdəri almaq məqsədilə kəndə gəlmiş imiş. bu minval ilə söhbət iki saat çəkdi və biz necə ki, lazım idi, isinib təam[2] gözləyirdik; çünki biz mədlisə varid olub əyləşən kimi sahibxana məzkur Bala Sultan nökərini göndərdi ki, xoruz öldürüb bizdən ötrü sədr düyüsündən plov bişirsinlər.

Tövlə qapısı açıldı və bizim yadımıza düşən, əlbəttə, plov oldu. Bir ucaboylu oğlan, kəhildəyə-kəhildəyə - guya ki, uzun yol qaçıb, - məclisə daxil oldu. Kəndlilərin birinin yanında oturub başladı haman kəndlinin qulağına bir şey pıçıldamağa. Bir qədər keçəndən sonra, haman oğlan tövlədən kənara çıxdı.

Həmin oğlan çıxıb gedəndən sonra, kəndlilər başladılar bir-bir pıçıldaşmağa. Bala Sultan kəndlilərin bu tövvr hərəkətini xoşlamayıb söylədi:

- Çox eyibdir sizdən ötrü ki, bizim belə əziz qonaqlarımızın yanıda pıçıldaşırsınız. Mən bu tövr biədəbliyi sizdən əsla gözətləmirəm. Hər nə sözünüz varsa, aşkara söyləyin ki, görək nə olubdur. Mən başa düşə bilmirəm, sizin necə bir xəlvət işiniz ola bilər ki, bizdən gizləyirsiniz.

Kəndlilərin biri cavab verdi:

- Xeyr, Sultan ağa, ellə bir xəlvət işimiz yoxdur. Olsa da, elə bir iş deyil ki, sizə dəxli ola.

Kəndlinin bu sözləri Sultanın xoşuna gəlmədi və Sultan bir qədər ucadan dedi:

- Gedə, sənin ağlın qaçıb, nədir?! Necə mənə dəxli yoxdur?! Sizin nə bir elə işiniz ola bilər ki, mənə dəxli ola bilməsin?

Haman kəndli cavab verdi:

- Xeyr, Sultan ağa, vallah elə bir iş yoxdur.

Kəndlilər genə başladılar bir-birinə pıçıldaşmağa. Bala Sultan bu dəfə dəxi qeyzlənib uca səslə dedi:

- Adama sözü bir dəfə deyərlər! Axmaq uşağı axmaq! Bir mənə deyin görüm ki, axı nə barədə pıçıldaşırsınız və nə bir elə iş vaqe olub?

Qabaqca cavab verən kəndli söylədi:

- Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdir və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun: amma doğrusu budur ki, qorxuruq, ehtiyat edirik ki, izin vermiyəsən!

Bala Sultan hirs ilə dedi:

- Necə ehtiyat edirsiniz?! Necə qorxursunuz ki, izn verməyim?! Nəyə izn istəyirsiniz?

Kəndli dedi:

- Xeyr, Sultan ağa, başınızı ağrıtmayınız! Elə bir xəlvət işimiz yoxdur. Olsa da, daha nə lazım söyləmək?! Onsuz da biz yəqin bilirik ki, izn vermiyəcəksiniz, daxı nə lazım söyləmək!

Bala Sultan o mərtəbədə hirsləndi ki, yeriindən bir qədər dikəlib qeyz ilə, daha uca səslə haman kəndliyə dedi:

- Allah sizə lənət eləsin! Sizi görüm üzünüz qara olsun! Lənət olsun sizi doğub əkənlərə! Bu qədər sözü uzatmaq olmaz. Axı bir deyiniz görüm sözünüz nədi? Az məni dəli-divanə edin!

Kəndlilərin bir ayrısı üzünü Bala Sultana tutub dedi:

- Sultan ağa, bizim fikrimiz allahdan gizli deyil, səndən niyə gizlin olsun! Amma doğrusu budur ki, qorxuruq ki, getməyimizə izn verməyəsən.

Bala Sultan alçaq səslə soruşdu:

- Hara gemək istəyirsiniz?

Kəndlilərdən bir cavab gəlmədi. Sultan dübarə soruşdu. Kəndlilərdən bir cavab çıxmadı. Sultan çox uca və qeyzli səslə dübarə soruşdu:

- Hara getmək istəyirsiniz?

Kəndlilərin birindən bu tövr cavab gəldi:

- Sultan ağa, doğrudan-doğrusu biz hamımız qorxuruq; səndən qorxuruq ki, izn vermiyəsən. Amma mən sözün əslini deyəcəyəm. Mən biləm ki, məni öldürəcəksən, - genə sözümü deyəcəm. Sözün vazehi budur ki, bu saat və bu dəqiqə poçt yolu ilə bir dəvə karvanı İrəvana 18 yük kişmiş aparır. Amma necə yeməli kişmişdir!.. Bu xəbəri bu saat Kərbəlayı Heydərəli gətirib. Deyir ki, tayın biri bir az dəlinib, kişmişdən bir qədər yola tökülmüşdü. Kərbəlayı Heydərəli oğlunun canına and içir ki, belə kişmiş, Təbrizədən, indiyə kimi bu tərəflərə gəlməyib. Sultan ağa, allah-taala Hüseyn Sultanın ruhunu şad eləsin, aman günüdür, rəhmin gəlsin, biz yazığıq.

Bala Sultan təəccüblü soruşdu:

- Yaxşı, mən nə eləyim? Necə rəhmim gəlsin sizə?

Kəndli bir az durub dedi:

- Vallah, Sultan ağa, qorxuram deməyə; amma deyəcəyəm. Əgər bizə mərhəmət eləsən və izin versən, bu saat atları minib, silahlanıb, karvanın qabağını kəsərik və kişmişdən beş-on tay gətirib, burada gecələr söhbət edə-edə yeməyə məşğul olarıq; məsələn, ontay kişmiş gətirəcək cəmimizə bütün qış kifayət edər. Aman günüdür, Sultan ağa, dəxi belə fürsət bir də ələ düşməz! Sultan ağa, şair bə nə yerdə deyib: “Fürsəti vermə fotə aqil, bəlkə olmaya nadan!”. Aman günüdür. Sultan ağa, bizə rəhmin gəlsin!

Bala Sultan çox təəccüblü dedi:

- Olan[3], nə danışırsınız! Məgər dəlisiniz?! Kişmiş taylarını çöldə tökməyiblər ki, siz gedib yığışdırıb gətirəsiniz! Ola bilməz ki, karvanın yanında gözətçi və çarvadar olmasın. Qoyarlarmı xalqın gözünün qabağında özgənin malını gətirəsiniz?!

Kəndlilərin biri Sultana belə cavab verdi:

- Nə deyib qoymazlar, Sultan ağa?! Çarvadarın hünəri nədir qoymasın?! Və bir də ki, biz iki adam, üç adam, əli boş və piyada getməyəcəyik. Yəqin ki, karvanın yanında olacaq iki, üç nəfər silahsız və piyada çarvadar; amma biz olacağıq iyirmi-iyirmibeş nəfər atlı və silahlı. Bizim qabağımızda iki-üç çarıqlı dəvəçi nə danışa biləcək? Heç göz açmağa fürsət vermərik. Sulta ağa, bizi o qədər də yava və aciz hesab etmə.

- A gədə, allahı sevirsiniz bu fikirdən düşün! Olan, vallah, sizdən qan qoxusu gəlir. Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izn verim ki, grdib quldurluq edəsiniz! Qardaşlarım, vallah, bu işlərin ffaydası yoxdur, gəlin bu daşı ətəyinizdən tökün! Xatadır, cahılsız, gedərsiniz, bir söz siz deyərsiniz, bir söz onlar deyər, sözünüz çəp gələr, gözü qanlısınız, əlinizdən xata çıxar. Ondan sonra gəl polisəyə cavab ver!

Kəndlilərdən biri:

- Sulyan ağa, haqq fərmayiş edirsiniz, belə işdə xəta da ola bilər olsun, qan da tökülə bilər; çünki çarıqlı dəvəçi bizim kimi igidlərin qabağında ağzını açıb danışsa, lazımdır ki, onun ağzını məhz güllə ilə yummaq. Amma siz nahaq yerə bolusadan ehtiyat edirsiniz. Biz elə yerdə yatmarıq ki, altımıza su çıxsın. Əgər əlimizdən xata da çıxsa, biz eləmənik ki, bir yad adam bizim işimizdən xəbərdar olsun. Sultan ağa, gərək sənə yaxşı məlum ola ki, belə işlər bizim peşəmizdir. Daha biz xam deyilik. Bizim bu cür işlərə getməyimiz əvvəlinci dəfə deyil ki, bolusa[4] bizim işimizdən xəbərdar olsun və axırda bizə əziyyət eləsin. Sənin başına and olsun. Sultan ağa, bir nəfəz də bizim işimizi duymaz.

Bir qədər fikir edəndən sonra Bala Sultan söylədi:

- Orasını döğru deyirsiniz: mən bilirəm ki, xam deyilsiniz; amma vallah doğrusu, genə qorxuram. Yer qulaqlıdır, dünya-aləm şeytan ilə doludur. Uşaqlar ehtiyatlı olun!

Kəndlilərin cavanlarından on-on beşi sevincək durdular ayağa və “allah sənə ömür versin, Sultan ağa!” – deyə-deyə eşiyə çıxdılar.

Kəndlilərin bir neşəsi çıxdı eşiyə və bir neçəsi oturduğumuz tövlədə olan atlardan bir neçəsini yəhərləyib çəkdilər kənara. Bir qədər keçəndən sonra eşiyə çıxan kəndlilər və bunlardan başqa dəxi bir neçəsi gəldilər otağa; cümləsi əsbab və əsləhəli: kiminin belində qəmə, kiminin əlində tüfəng – hamısı qıvraq geyinmiş...

İyirmi-iyirmi beş nəfər igid hərəsi bir at eşiyə çəkib, çaparaq mindilər və qayıb oldular.

Biz hər ikimiz dilxor olduq. Əvvələn, bizə məlum oldu ki, biz xam xəyal eləyirmiş idik; çünki dəxi gördük ki, bu tövr müsəlmanlardan heç bir ianə və ehsan gözləmək olmaz. İkinci budur ki, kəndlilərin quldurluğa getməklərindən biz başladıq iztiraba düşməyə: kim nə bilsin, bunların bu tövr rəfdtrından bizə nə qədər dərdi-sər və bədbəxtlik gələ bilər.

Bu qisim xəyalata məşğul idim, Bala Sultan mənim təğyiri-əhvalımı duyub üzünü yuydu mənə və dedi:

- Ağalar vallahi, billahi zəmanə xarab olub! Böyüklərin, ağsaqqalların çürük qəpiyə alan yoxdur. Ha deyirsən: “Balam, oturun yerinizdə, bu cür işlərdən qan qoxusu gəlir, belə işlərə iqdam edən – həmişə allah yanında günahkar və bəndənin yanında xəcalətli olur”, amma nə fayda, sən deyirsən, - sən eşidirsən.

Yoldaşım, Bala Sultanın cavabında dedi:

- Sultan ağa, cənabınız nəhaq yerə zəmanədən giley edirsiniz. Mən elə başa düşürəm ki, əgər sizdən izn olmasaydı, cahillər kişmiş dalınca getməzdilər.

Bizim ikimizdən və Bala Sultandan savayı tövlə otağında bir qoca kişi dəxi var idi. Yoldaşım axırıncı sözlərini deyib qurtarandan sonra, həmin qoca kişi bir öskürüb çubuğunu yerə boşaldıb və heç birimizin üzünə baxmayıb, başını bulaya-bulaya guya ki, öz-özünə dedi:

- Xeyr, ağalar, belə deyil!

Bu heyndə uzaqdan bir güllə səsi gəldi. Biz hər ikimiz dik atıldıq və çox qorxduq. Bala Sultan da zahirən narahat olub, başını yuxarı qaldırıb başladı qulaq verməyə. Amma qoca kişi əhvalına təğyir verməyib, çubuğunu tütün ilə doldurub başladı yandırmağa. Mən elə güman elədim ki, onun quluğı eşitməz; amma mən səhv edirmişəm. Qoca kişi başını bulaya-bulaya və yerə baxa-baxa guya öz-özünə dedi:

- Allah görüm sizi yox eləsin, toxumunuz yer üzündən tükənsin! Bir tikə qurğuşun ilə görəsən hansı biçarənin balalarını ağlar qoydular?!

Bir qədər keçəndən sonra, iki tüfəng açıldı. Mən qorxudan başladım titrəməyə. Yoldaşım başını mənə tərəf əyib alçaq səslə qorxa-qorxa soruşdu:

- Seyid Hüseyn, başımıza nə çarə qılaq? Bu nə iş idi biz düşdük?

Mən mat-mat o yazığın üzünə baxıb bilmədim nə cavab verim.

Bir az da keçəndən sonra, uzaqda at tappıltısının səsi gəldi. Bir qədər də keçdi, genə uzaqdan güllə atıldı. Ondan sonra beş-altı kərə bir-birinin dalınca tüfəng səsi gəldi. Bir azdan at tappıltısı şıddıt edib gəldikcə yavıqlaşdı. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyə-kəhildəyə atları tövləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. Bala Sultan ayağa durub üzünü tutdu kəndlilərə:

- Afərin, afərin, balalarım! Allah birinizi min eləsin! Sizsiz mənim bir günüm olmasın!

Kəndlilərdən bir cavab çıxmadı. Bala Sultan cahılların birinə üzünü tutub dedi:

- Cəfərəli, niyə dinmirsən? Fikirli adama oxşayırsan? Yoxsa əlinizdən bir xəta çıxıb?

Cəfərdən bir cavab gəlmədi. Bu heyndə genə at tappıltısı gəldi. Tövlənin qapısı açıldı və bir neçə cahıl başladılar tövləyə bir şey sürüməyə. Biz elə bildik ki, bu da kişmiş tayıdır; amma səhv edirik. Cahıllar içəri sürüdükləri, qana bulanmış adam ölüsü idi.

Bala Sultan irəli yeriyib və ölünün paltarına sifətinə diqqət ilə baxandan sonra, pərişanhal olub dedi:

- Allah sizin evinizi yıxsın! Bu fəqir dəvəçinin günahı nə idi ki, bunu öldürüb, əhli-əyalını gözü yolda qoydunuz?!

Heç kimdən bir səs çıxmadı. Bala Sultan ölünü görən kimi hər iki əlini dizlərinə vura-vura dedi:

- Vay, vay, vay! Allah sizə lənət eləsin! Durmayın, durmayın! Götürün beli, qazmanı, köməkləşin, tez tövlənin bucağında bir dərin quyu qazın, cəmdəyi (nəşi) salaq quyuya, üstünü peyin və axbun ilə örtək. Tez-tez! Daha durmayın! Durmaq vaxtı deyil! Vay, vay!

Cahıllar Bala Sultana bir cavab verməyib durduqları yerdən hərəkət eləməyib başları aşağı, baxırdılar kimi ölüyə, kimi yerə.

Bala Sultan genə təkid ilə dedi:

- Niyə durursunuz? Nə fikir eləyirsiniz? Dəxi indi fikir eləmək fayda verməz. İndi durmaq vaxtı deyil! Gedin tez quyu qazın!

Cahıllar bir cavab verməyib, durduqları yerdən hərəkət eləmədilər. Bala Sultan onların üstə hirs ilə çığırdı:

- Məgər qulaqlarınız kardır? (sağırdır?). Amma neçə dəfə sözü deyərlər? Mən əvvəl sizə dedim ki, bəd əməlin dalınca getməyin; xatadır, adam başağrısı çəkər. Sözümə qulaq verməyib getdiniz və üç-dörd tay kişmişdən ötrü adam öldürdünüz. İndi bunların hamısı keçib, barı öz zibilinizi özünüz təmizləyin!

Cahılların biri, hər iki əlini qəməsinin dəstəsinin üstə qoyub, döşünü bir qədər dalı çəkib, gözlərini axıda-axıda üzünü Sultana tutub dedi:

- Sultan ağa, ölünü tövlənin bucağında gizlətmək çox asan işdir: götürərəm qazmanı, bir dəqiqənin içində bir dərin quyu qazaram, cəmdəyi xakriz edərəm. Burada bir çətin iş yoxdur. Amma bunula canımız qurtarmayacaq. Necə dərin quyuda ölünü gizlətsək, genə axırda gəlib çıxardacaqlar və bizim hamımızı katrojniyə göndərəcəklər.

Bu kəndli sözünü qurtaran kimi yoldaşları bir səslə bu sözü təsdiq eləyib dedilər:

- Doğru deyir, Kərbəlayı Məhəmməd doğru deyir. Bizim hamımızı Sibirə göndərəcəklər.

Bala Sultan təəccüb ilə soruşdu:

- Olan, yoxsa sizi görən olub?

Kərbəlayı Məhəmməd cavab verdi:

- Sənin başına and olsun, Sultan ağa, bizi bir əhəd[5] də görməyib. Karvanın yanında məhz üç nəfər dəvəçi idi. İkisini karvanın yanında öldürdük. Bu yazıq da bizim dalımızca qaça-qaça gəldi kəndin yavığına ki, bəlkə kişmiş taylarını bizdən saldıra; bunu da öldürdük və bədənini gətirdik buraya ki, bizim kəndin kənarında nişanə qalmasın.

Bala Sultan genə dedi:

- Dəxi nədən qorxursunuz? Sizi görüb tanıyan olmayıb, bəs dəxi nədən qorxursunuz?

Kərbəlayı Məhəmməd:

- Sultan ağa, biz ömrümüzdə heç bu tövr kəmehtiyat iş tutmamışıq. Yəqin elə sabah bizi qol-qola bağlayıb aparacaqlar navaxta!

Cahıllar səs-səsə verib dedilər:

- Elədir!.. elədir!.. doğrudur!.. Yəqin apracaqlar!

Bala Sultan təəccüblü,  uca səslə soruşdu:

- Qardaş, nə deyib aparacaqlar, axı? Kim gedib sizi şeytanlayacaq? Bizim içimizdə ki, bir yad adam yoxdur.

Kərbəlayı Məhəmməd başını bulaya-bulaya Sultana cavab verdi:

- Sultan ağa, məni bağışla, amma heç özün də bilmirsən nə danışırsan! Vallah, Sultan ağa, evimiz yıxılıb. Dəxi bu işlərin heç çarəsi yoxdur!

Bizə dəxi gün kimi aşkar oldu ki, kəndlilər məhz bizim ikimizdən ehtiyat edirlər ki, buradan çıxıb gedəndən sonra, bunların quldurluğu barəsində bir söz danışarıq, ya divana xəbər verərik. Yoldaşım cahılları bu barədə sakit eləmək qəsdilə bunlara üzünü tutub həqiranə söylədi:

- Ay qardaşlar, şükr edirəm pərvərdigara ki, burada bu saat hazır olan adamların cəmisi müsəlmandır, xarici millət yoxdur. Siz də müsəlmansınız, biz də müsəlmanıq və övladi-peyğəmbərik. Bizim əlimizdə bundan savayı dəxi bir çarə yoxdur, məgər ki, cəddimizə and içib, onun kitabi-məcidini öpüb, sizə səmimi qəlbdən söz verək ki, nə qədər ömrümüz var, - siz bu gün burada elədiyiniz işlərin barəsində bir yanda və bir kəsə ağzımızı açıb danışmayaq və əgər bu xüsusda vədə-xilaf olsaq, allah-taala bizim kər ikimizin həftadi-həftinə iki min lənət eləyə və hər iki dünyada biz üzüqaralar cərgəsində olaq.

Yoldaşım sözünü qurtaran kimi, Bala Sultan başladı:

- Xeyr, xeyr ağalar! Nahaq yerə siz bədgüman olursunuz. Heç narahat olmuyun və heç özgə şeylər fikrə gətirməyin. Biz onu yaxşı bilirik ki, siz bizə xəyanət edən adamlardan deyilsiniz.

Bala Sultan sözünü qurtardı və cahıllar bir söz demədi. Bir qədər keçəndən sonra, kəndlilərin biri üzünü bizə səmt tutub dedi:

- Ağalar, biz sizi yaxşı tanıyırıq. Sizin əsl kökünüzə bələdik. Seyid olmayın, istəyirsiniz nə olursunuz olun, - insana etibar yoxdur. Üç il bundan irəli iki nəfər seyid padşahlıq yolunda bir ermənini öldürüb, cibindəb iki manat yarımını çıxartmışdılar. Naxçıvanda bu iki yoldaşın sözü çəp gəlir və birisi gedib nəçəlnikə, erməni öldürməklərini xəbər verir. Biz sizin kimi seyidlərə etibar eləyib özümüzü badi-fənaya verə bilmərik, yazığıq. Bizi Sibirə aparandan sonra, siz ki, gəlib bizim uşaqlarımıza çörək qazanıb sahiblik eləməyəcəksiniz?

Haman kəndlinin sözünə qüvvət verib, cahıllar başladılar qaim səslə deməyə:

- Xeyr, xeyr! Heç vaxt etibar eləmək olmaz! Heç vaxt inanmanıq.

Bala Sultan genə bizə köməyə gəldi və kəndlilərə başladı deməyə:

- A balam, axmaq-axmaq danışmayın, bu kişilər siz dediyiniz adamlardan deyillər, niyə bu qədər boş-boş danışırsınız.

Cahıllar səs-səsə verib çığırışmağa başladılar.

- Vallah, Sultan ağa, heç ola bilməz! Dünyada heç kəsə etibar yoxdur. İranın naməlum seyidləri hara, biz hara! Sultan ağa, heç ola bilməz!

Biz başladıq yalvarmağa:

- Ay allah bəndələri! Biz xata elədik ki, gəlib bura çıxdıq?! Allahı sevirsiniz bizə izn verin, qoyaq gedək işimizə! Cəddimiz peyğəmbərə and olsun, bir yanda bir söz ağzımızdan qaçırmanıq.

Kəndlilər daha ucadan başladılar çığırmağa:

- Ola bilməz!.. Ola bilməz!.. Yerinizdən tərpəşməyiniz, yoxsa güllələrik!

Daha sonra nə oldu, nə olmadı, - yadımda deyil. Orası məhz yadımdadır ki, cahıllardan bir neçəsi bir-birinin qulağına bir şey pıçıldaya-pıçıldaya yavaş-yavaş başladılar bizə səmt yavıqlaşmağa, yoldaşım başını pəncərənin içinə soxub, başilə pəncərənin şüşəsini para-para edib özünü bir növ həyətə saldı. Onun dalınca mən özümü haman pəncərədən saldım həyətə və düşdüm yoldaşımın üstə. Kəndlilər çığırdılar:

- Qoymayın o namərdləri getsinlər!

Mən düşən kimi, başladım qaçmağa, amma yazıq yoldaşım yerindən hərəkət eləyib bir-iki qədəm qoyub, genə yıxıldı yerə; sonra durdu ayağa və axsaya-axsaya mənim əlimdən yapışdı və biz ənvai-müsibət ilə kəndin içindən, itlərdən özümüzü qoruya-qoruya, çıxdıq kəndin kənarına.

Axırı bir tövr özümüzü sürüyüb yarıcan saldıq erməni kəndinə və bir tövlədə yatıb sübh tezdən ac-acına yola düşüb, axşam vaxtı gəlib yetişdik “Nurcaman” kəndinə. Çox yavaş yeriyirdik; çünki yoldaşımın sağ ayağı bərk incimişdi və yazığa nəhayət əziyyət verirdi. O mərtəbədə qorxmuşduq ki, vətənə qayıdmaqdan savayı qeyri bir şey yadımıza düşmürdü... İki gündən sonra Arazı keçib İran torpağına yetişdik və əliboş, kor-peşman çatdıq kəndimizə və qorxudan başımıza gələn macəranı heç kəsə izhar eləmədik.

Əhvalatdan bir il sonra genə yolumuz Rusiya torpağına düşdü. Qəsdimiz İrana gəlmək idi. “Zurnalı” kəndinin yanından keçib gecə yatdıq “Ulağlı” kəndində. Bura ilə “Zurnalı”nın arası ağacyarımdır. “Zurnalı” kəndindən Bala Sultandan və kəndin qeyri əhvalatından söhbət saldıq ki, bəlkə keçən il kişmiş karvanının qarət olmağından, dəvəçilərin ölməyindən bir xəbər bilək. Amma artıq təəccüb elədik ki, heç bir kəsin yadına bir belə əhvalat gəlmirdi. Sonra kəndlilərdən biri bizdən soruşdu:

- Ağalar, yoxsa “zurnalıların” siz ilə kişmiş oyunu oynayıblar?..

Məhz burada biz başa düşdük ki, “zuranılar” nə kişmiş qarət ediblər və nə dəvəçi öldürüblər: bunlar ancaq bizim ilə “kişmiş oyunu” oynayıblar. Və məhz indi başa düşdük ki, “zurnalılar” bizim başımıza “kişmiş oyununu” gətirməkdən məqsədləri ancaq bizi kənddən qaçırtmaq idi; çünki biz akoşkadan özümüzü yerə salıb qaçan zaman onlar bizi güllə ilə də vura bilərdilər, yuyub öldürə də bilərdilər...   

 

 



[1] Əkini.

[2] Xörək, yemək.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info