Qonaq Kitabı
TÜRK BİRLİYİ

Bir pərdədə, məişətimizdən bir şəkil

 

 

İŞTİRAK EDƏNLƏR

 

H e y d ə r q u l u   a ğ a

C ə f ə r   b ə y

N ə c ə f   b ə y } Bəylər

S ə f ə r   b ə y

F i r i d u n   b ə y - təbib

S ə m ə d   b ə y - mühəndis } Ziyalılar

R ə s u l   b ə y - vəkil

M i r z ə   K ə r i m - müəllim

Ə l i  b ə y - student

H a c ı   C ə b r a y ı l

K ə r b ə l a y ı   H ü s e y n }Tacirlər

M ə ş ə d i   X u d a v e r d i

 

Əhvalat Qafqaz şəhərlərindən birində vaqe olur. Cəfər bəy axşam saat 7-də qonaqlarını gözləyərək Heydərqulu ağa ilə söhbət edir.

 

C ə f ə r   b ə y. Heydərqulu ağa, mən bu işi boynuma çəkmişəm və ümidvaram ki, yürüdəm, ancaq rica edirəm ki, özünü bir az saxlayasan. Xasiyyətin tünddür, heç zad üstə barıt kimi partlayırsan.

H e y d ə r q u l u   a ğ a. Cəfər bəy, sən öləsən, hərgah məni padşahlıq Dumasına vəkil seçməsələr - cəmi mülkümü, evimi, eşiyimi satıb Firəngistan deyə birbaş gedəcəyəm. Mən belə xəcaləti, töhməti yeyə bilmərəm.

C ə f ə r   b ə y. İndi mən bu məclisdə məsələnin başını açacağam və səni də Dövlət Dumasına vəkil seçməyi işarə edəcəyəm.

H e y d ə r q u l u   a ğ a. Nə üçün işarə edirsən? Açıq-aşkar de ki, Heydərqulu ağadan layiqli heç kəs yoxdur. Gərək onu seçək.

C ə f ə r   b ə y. Odur ki, tədbirin yoxdur. Əvvəl camaatın xahişini duymaq lazımdır. Sonra da ona görə iş görmək.

 

Bu halda Nəcəf bəy, Səfər bəy, Firidun bəy, Rəsul bəy, Hacı Cəbrayıl, Mirzə Kərim və sair qonaqlar daxil olurlar.

 

C ə f ə r   b ə y. Ya Allah. Xoş gəlmisiniz. Buyurunuz, buyurunuz. Nəcəf bəy, Səfər bəy, siz buraya buyurunuz. Hacı əmi, Mirzə Kərim buyurunuz buraya, divanın üstə əyləşiniz.

 

Qonaqlar otururlar.

 

H e y d ə r q u l u   a ğ a (Əli bəyə). Qardaşoğlu, kefin necədir? Görünür student paltarını çox sevirsiniz.

Ə l i   b ə y. Əmi, işarənizi başa düşürəm, ancaq təqsir məndə deyil. Özünüzə məlumdur ki, bu son illərdə Rusiyada elm təhsil etmək çox çətindir.

H e y d ə r q u l u   a ğ a. Məncə təqsir özünüzdədir, mənim təsəvvürümə görə studentlər dərslərini buraxıb padşahlıq işlərinə qarışmaqları eyn səfahətdir. Bunlar tətil edib dərs oxumamaqdan dövlətə nə zərər toxunacaqdır. Mənə görə hökumət dəxi də şad olur ki, universitetlər bağlanıb padşahlığın xərci azalar.

S ə m ə d   b ə y. Xeyr, Heydərqulu ağa, səhv edirsiniz. Darülfünunların bağlanması dövləti neçə il geriyə salıb böyük zərərlərə bais olur. Bu saat mühəndislərə böyük ehtiyac vardır.

F i r i d u n   b ə y. Həkimlərə də həmçinin.

M i r z ə   K ə r i m. Doğrudanda, studentlər hürriyyət uğrunda çalışıb böyük qurbanlar verirlər. Bunu inkar etmək olmaz.

R ə s u l   b ə y. Biz də student vaxtında az çalışmamışıq, padşahlıq Dumasının açılmasında bizim də payımız var.

N ə c ə f   b ə y. Onlar hamısı cavanlıq əlamətidir. Mənim kibi sinnə dolanda unudulub gedir.

H a c ı   C ə b r a y ı l. Bunu Nəcəf bəy doğru deyir. Mənim oğlum da göydən gedir. Deyirəm oğul, sənin Germaniyada aldığın təhsil mənə qızıl xəzinəyə durubdur. İndi çalış pul qazan. Bu gün, sabah evlənib arvad-uşaq sahibi olacaqsan. Pulsuz adamın nə dili var, nə hörməti. Hamıya gərək bəli, bəli, deyəsən.

C ə f ə r   b ə y. Camaat, şair deyir ki:

Məsudimiz nə qəhvə və nə qəhvəxanədir,

Didari-yarı görməyə bunlar bəhanədir.

İndi əzizlərim, sizləri buraya yığmaqdan mənim də ümdə məqsədim nəinki qırqovul-plovdur, bəlkə, bir böyük mətləb üçün bunlar bir bəhanədir. O mühüm mətləb budur: dövlət tərəfindən elan olunur ki, padşahlıq Duması aprel ayının 27-də açılır. Ona görə hər yerdə üzvlər seçməyə hazırlıq gedir. İndi bizə lazımdır ki, toplaşıb bu barədə məsləhət, məşvərət edək. Fikirlərimizi birləşdirib bir layiqli şəxs üzərində dayanaq. Elə olmasın ki, aramıza nifaq düşüb hərə bir tərəfə çəkə. Belə olursa, bişək və şübhə bir nalayiqin biri seçilib bizi cəmi Rusiyada rusvay edəcəkdir...

H e y d ə r q u l u   a ğ a. Cəfər bəy,bağışla sözünü kəsirəm. Deyirlər ki, Motal Qurbanəlinin oğlu Ayı Kərim bərk deputatlıq şövqinə düşübdür. Özü də harada oturursa deyir ki, şəhər dumasında məndən yaxşı danışan yoxdur. Siz öləsiniz istəyir onu zarafat üçün seçəsən və Dövlət Dumasının vəkilləri knyazlara, qraflara belə rekamandasiya (tövsiyə) edəsən; rica edirəm tanış olasınız, Qafqaz vəkili Motal Qurbanəlinin oğlu Qalayçı Məhəmməd Cəfərin nəvəsi Ayı Kərim. Ha... ha... ha...

C ə f ə r   b ə y. Heydərqulu ağa doğru buyurur. Dövlət Dumasının üzvlüyü nə dərəcədə böyük mənsəb olduğunu cümləniz bilirsiniz. Bu Duma şəhər duması deyil ki, hər əttar, baqqal başmaqlarını taqqıldada-taqqıldada gəlib iclasda filan küçədə neçə fanar asılsın, filan adama çayxana açmağa izin verilsin, ya yox deyə boşboğazlıq edib vaxt keçirsinlər. Bu duma padşahlıq Dumasıdır. Oraya seçilən vəkillər də gərək padşaha layiq şəxslər olsunlar. Belə ki, hər bir şeydən artıq gərək əsli, nəcabəti olsun, taki adı, familiyası çəkiləndə deməsinlər ki, bu cürə adam eşitməmişik. Sonra qədd-qamətli olsun ki, gözə görünüb secilsin. Uca, gur səsi olsun ki, danışdığı sözünə qulaq asıb fikir versinlər: mənim təsəvvürümə görə seçilən vəkil gərək bu sifətlərə sahib olsun. Səhv edirəmsə, buyurunuz, səhvimi deyiniz.

F i r i d u n   b ə y. Bəli, səhv edirsiniz. Özü də artıq dərəcədə. Siz vəkilliyə ləyaqəti bu üç sifətdə görürsünüz. Nəcabət, qəd-qamət, uca səs. Məyər padşahlıq Duması əcayib adamlar yığıncağıdır ki, elə adam göndərək? Xeyr, Cəfər bəy, bizə qəd-qamətli adam lazım deyil. Bizə elmli, tədbirli, zakondan, siyasətdən, vətənimizin keçmişindən və hali-hazırdan baxəbər şəxs lazımdır.

M i r z ə   K ə r i m. Məncə bu sifətlərdə kifayət etməz. Gərək elə şəxs olsun ki, vətənin, millətin uğrunda pulundan, malından, hətta canından da keçə bilsin. Burada bəylik, xanlıq, rəiyyətlik bilmərrə gərək mülahizə olunmasın.

S ə m ə d   b ə y. Parlamanlar məhkəməyə bənzər. Orada Rəsul bəy kimi vəkillər artıq mənfəət gətirə bilərlər. Firidun bəy düz buyurur. Gərək zakon biləsən, bu da vəkil işidir. Natiqlik də onların sənətidir.

K ə r b ə l a y ı   H ü s e y n. Mən ticarət üçün bir neçə dəfə zaqranitsaya (xaricə) getmişəm. Orada çoxdan parlamanlar işləyir. Zaqranitsada oxumuş cavanlarımız o üsula yaxşı bələddirlər. Məsələn, bacının oğlu Əli Heydər parlaman zakonlarını yaxşı bilir. Özü də üç xarici dildə danışır.

M ə ş ə d i   X u d a v e r d i. Kərbəlayı düz deyir. Çox layiqli oğlandır. Fikir eləməyiniz ki, bacım oğlu olduğuna görə tərif edirəm. Xeyr, doğrudan da başlı oğlandır.

Ə l i   b ə y. Bu işdə qohumluq, dostluq, aşnalıq gözləmək lazım deyil. Məhz vətənimizin xeyrini mülahizə etmək lazımdır. Bizim ölkədə nəcabətdə, mal-dövlətdə hamıdan artıq Heydərqulu ağadır. Mənim özüm də üç ildir ki, onun pulu ilə təhsil edirəm, lakin bununla belə o da seçkiyə qutu qoya, Firidun bəy də, mən insafımdan keçib Firidunu qoyub Heydərqulu ağaya şar salmaram.

H e y d ə r q u l u   a ğ a (tez ayağa qalxıb). Necə? Necə? Nə deyirsən? A gədə Firidun, bir gör onun ağzından çaxır iyi gəlirmi? Yəqin o buraya içib gəlmiş.

F i r i d u n   b ə y. Mən sizin nökəriniz deyiləm. Təvəqqe edirəm ədəb ilə danışasınız.

H e y d ə r q u l u   a ğ a. Kəs səsini gəda oğlu, gəda! Atan ölənə kimi mənim qapımda nökər idi. Baban da atamın nökəri. Buyur görək, Ağa Firidun bəy mən səninlə nə tövr rəftar edirəm. Sən gərək minlərcə şükür edəsən ki, mənimlə bir məclisdə oturub söhbət edirsən.

F i r i d u n   b ə y. Siz hələ qəflət yuxusundasınız, ayılmamısınız. O zaman ki, siz ağalar dilsiz, ağılsız rəiyyətin malının, canının, namusunun sahibi olub nə istəmişsinizsə etmişsiniz - getdi. İndi hürriyyət zamanıdır. İndi insan mülk-maaş ilə yox, elm, ədəblə şərəf qazanır.

H e y d ə r q u l u   a ğ a. Ha-ha-ha. Camaat, eşidirsiniz nə deyir? Daha biz Motal Qurbanəlinin oğluna nə üçün rişxənd edirik. A gədə, mən qəflət yuxusundayam, ya sən. Ayıl, gör nə fikrə düşmüsən. Məyər padşahlıq Duması sənin kimi köpəklər yeridir?

S ə m ə d   b ə y, R ə s u l   b ə y, M i r z ə   K ə r i m, Ə l i   b ə y (hamısı birdən). Eyib olsun sizə, Heydərqulu ağa.

H e y d ə r q u l u   a ğ a. Xeyr, eyib sizə olsun ki, bu kimi eşşəyi meydana çıxarıb vəkil seçməyi təklif edirsiniz.

F i r i d u n   b ə y. Bimərifət, nadan.

H e y d ə r q u l u   a ğ a. A gəda, mən bimərifətəm? Mən nadanam? Ayı oğlu, ayı!

 

Kürsünü əlinə götürüb Firidun bəyin üstə hücum edir. Qonaqlar ayağa qalxırlar. Cəfər bəy Heydərqulu ağanın əlindən tutur.

 

C ə f ə r   b ə y. Heydərqulu ağa, sənə qurban olum, sakit ol.

H e y d ə r q u l u   a ğ a. Çəkil kənara,görüm bu pota oğlu nə cürət edib o sözləri mənə deyir?!

 

Kürsü ilə vurub Firidun bəyin başını yarır. Küy, qalmaqal qalxır.

 

P ə r d ə

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info