Qonaq Kitabı
DİBDAT BƏY

Bir pərdəli, iki şəkilli məzhəkə

 

 

İŞTİRAK EDƏNLƏR

 

S ə f d ə r q u l u   b ə y - mülkədar bəy. Ucaboylu, dolubədənli, üzüqırxıq, çərkəz libasında, əlli yaşında sadədil bir şəxs. Danışanda tez-tez "vot tebe na" sözünü təkrar edir

M e h d i   b ə y

V ə l i   b ə y } Səfdərqulu bəyin qumar yoldasları.

R ü s t ə m   b ə y

S a ş a   b ə y

M ə ş ə d i   S ə m ə d - dükançı

A z a d   b ə y - doktor

N ə b i - Səfdərqulu bəyin nökəri

C ə b i - Mehdi bəyin nökəri

O v a n e s - Saşa bəyin nökəri

R ə h i m - tarzən

K ə r i m - oxuyan

 

 

BİRİNCİ ŞƏKİL

 

Səhnə Səfdərqulu bəyin otağını göstərir. Otaq yarı Asiya, yarı Avropa qaydası ilə bəzənmiş. Ortada girdə stol. Üstə şamdan, kart və qeyri qumar şeyləri. Sandalyalar qaydasız halda durmuş. Açıq qapıdan yemək otağı görünür, Pərdə qalxdıqda, Nəbi otağı qaydaya salarkən öz-özünə söylənir.

 

N ə b i. Vay sizin evinizi Allah yıxsın, a belə ağalar. Bir belə də qumar oynamaq olarmı? Hər gün səhərə kimi oynayırlar. Çox vaxtı gecəni gündüzə qatıb, o biri günə kimi kart vururlar. Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm. Amma bizim bu nəcib bəylərimiz davam edirlər. Özgə vaxtı "o yana dur" üstə xəncər, tapan-çaya çıxırlar. Amma qumarda bir-birlərinə itə deyilməz sözləri deyirlər. Yenə də keçir gedir. Amma lotular mənim bu səefeh ağamı yaxşı tovlayıb tapıblar. Gecə-gündüz çörəyini yeyib, çayını içib özünü də, qumarda sağmal inək kimi sağırlar. Ha-ha-ha... (Bir az dayanıb yenə də) Ha-ha-ha... A kişilər, bu lotuların hər kələkləri qurtarmışdı, qalmışdı elə bu. İndi də tutublar ki, Səfdərqulu ağa, səni cəmi bəylər tərəfindən dibdat seçəcəyik. Gedib Fitilbörgdə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışasan. Ha-ha-ha... Səfdərqulu bəy vəzirlər yanında danışacaq? Vay o yazıqların halına. "Vot tebe na"dan başqa bir şey başa düşə bilməyəcəklər. (Cəbi daxil olur.) Xoş gördük, a Cəbi lələ. Mənə qulluq.

C ə b i. Gecə ağamın papiros qutusu burada qalıbdır. Ona gəlmişəm.

N ə b i (papiros qutusunu stolun üstündən götürüb verir.) Cəbi, sən öləsən bu gecə, ağan Mehdi bəyi təmiz süngə çəkiblər. Yaxşı ki, hələ papağını da yaddan çıxartmayıb.

C ə b i. Mənim ağam kartın höcətinə gedəndir.

N ə b i. Odur ki, bu gecə on bir əl dalbadal onluğa vuruldu. Axırda hirsindən kartı cırıb atdı.

C ə b i. Mən Mehdi bəyin yerinə olsaydım, onluğa vurulanda qaçardım doqquzluğa. Ona da vurulanda səkkizliyi qoyardım. Getdikcə bir xal azaldardım.

N ə b i. Ha-ha-ha... afərin sənə, Cəbi lələ. Sən lap qart qumarbaz imişsən. Onda mənlə bir əl qonçuna oynamaqda necəsən.

C ə b i. Çox yaxşı, oynaram. Bəs Səfdərqulu ağa evdə deyil?

N ə b i. Qorxma, elə yatıbdır ki, top da atsan xəbəri olmaz.

C ə b i. Bu gecə udubdur, yoxsa uduzubdur?

N ə b i. Heç görünməz iş!.. Udubdur! Cəbi, yaxşı yadıma saldın, ağa tapşırmışdı ki, onu tezdən durquzam. Günorta olubdur, amma o hələ yatıb. Cəbi, bu gecə bizdə böyük qonaqlıq var. Oxuyanlı, çalanlı, içgili.

C ə b i. Səfdərqulu ağanı vəkil seçəcəklər. Onun üçünmü?

N ə b i. Bəli. Bunu sən haradan bilirsən?

C ə b i. Bu bəylərin kələyidir. Onu elə salırlar. O günü bəylərin hamısı bizdə idi. Gülməkdən qəşş edirlər. Mehdi bəy də deyirdi: Nə var, zəhməti mən çəkim, qonaqlığı Səfdərqulu bəyin boynuna mən qoyum, hamı kələyi mən qurum, kefi siz çəkin.

N ə b i. Bunun bəylərin kələyi olduğunu mən də duymuşam. Ancaq nə işim var, ağa mənə bir çuxa vədə edibdir. Təki o çatsın.

C ə b i. Gərək qabaqcan alasan. Sonra kələk açılanda verməz. Bəlkə yadına salanda səni də kötəkləyər.

N ə b i. Elə mən də onun fikrindəyəm. Gedim durquzum. Amma daş kimi bərk yatandır. Bilmirəm heç durquza biləcəyəmmi? (Gedib yataq otağının qapısından çağırır.) Səfdərqulu ağa, Səfdərqulu ağa! İndi gəl bunu oyat. Paltarlı, taxta yıxılıb, xoruldayır. (Səsini ucaldır.) Səfdərqulu ağa, Səfdərqulu ağa, Əstəğfürulla, əgər vəcinə isə.

C ə b i. Ədə, gedib əlin ilə durquzsana.

N ə b i. Yaxşı buyurursan, Cəbi ağa. Sən öləsən durub atama od vurar. O günü elə etmişdim. Diksinib atlandı və mənə elə sillə çəkdi ki, gözlərimdən od parladı. Dedi ki, bundan sonra məni heç vaxt əlinlə durquzma. (Qışqırır.) Səfdərqulu ağa! Səfdərqulu ağa! Allahü əkbər, mən nə edim? A Cəbi, sən də kömək elə, görək bu dibdat bəyi oyada bilərikmi?

C ə b i. A balam, mən nə kömək edim? Belə ki, Səfdərqulu ağa yatıbdır, heç "Koroğlu" da çalsan duran deyil.

N ə b i. Vay, sağ ol Cəbi, yaxşı yadıma saldın. (Çırtıq vura-vura o biri otaqdan bir qaval və bir tar gətirir.) İndi durarsan. Sənə bir elə meymun havası çalım ki, sıçrayıb dik atılasan. Al qavalı, köhnə lotu. (Qavalı Cəbiyə verir və özü çalıb oxuyur.)

Mən bu dərədən keçmərəm,

Çadramı yellətmərəm,

Ağ saqqala getmərəm,

Gəl, gəl ay evi yıxılmış,

Tez gəl, ay evi yıxılmış.

(Gedib qapıdan baxır.) Cəbi, sən öləsən, heç halına təfavüt etmir.

C ə b i. İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram.

 

Nəbi çalır.

 

C ə b i.

Əzizim ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölmüş,

Göy kişnər, bulud ağlar.

 

Nəbi gedib qapıdan baxır.

 

N ə b i. Xeyr a.

C ə b i. Adə, bəlkə, kişi ölüb?

N ə b i. Hardan ölübdür, xorultusunu eşitmirsən? Ay Cəbi, nə edək? (Fikrə gedir.) Hə tapdım, yaxşı tapdım.

C ə b i. De görüm, nə tapdın?

N ə b i. Qumarbazı qumar oyadar. Cəbi lələ, indi gəl bəylərin qumar oynamaqlarının təqlidini çıxardaq. Onda görərsən necə durar. Kürsünü çək otur. (Otururlar.) Bax, mən Vəli bəyəm, sən ağan Mehdi bəy. Ah, bir adam da olsaydı, işimiz düzələrdi.

 

Ovanes daxil olur.

 

O v a n e s. Nəbi, Saşa bəyin ağacı burada qalıb. Ona gəlmişəm.

N ə b i. Kirvə, yaxşı vaxtda gəlmisən, bir adamımız çatmırdı. (Durub onun əlindən tutub stola tərəf çəkir.) Hələ buyur otur.

O v a n e s. Yox, kirvə, mən qumar oynamıram.

N ə b i. A kişi, otur.

O v a n e s. Mən qumarı toba etmişəm.

N ə b i. Otur, pul ilə oynamırıq. Zarafat edirik.

O v a n e s. Kela, qabaqda da məni o cür öyrədib evimi yıxdılar.

N ə b i. Adə, qumar oynamırıq, oyun çıxardırıq. Sən otur, bu saat deyim. (Ovanes oturur.) Bax, sən Saşa bəy...

O v a n e s. Mən Ovanesəm.

N ə b i. Adə, a qanmaz ayı, mən bilirəm ki, sən Ovanes kirvəsən. Biz ağaların qumar oynamalarının təqlidini çıxardırıq. Bax, Cəbi Mehdi bəydir, mən Vəli bəy, sən də ağan Saşa bəy... İndi başa düşdünmü?

O v a n e s. Kela, başa düşdüm, ancaq bu nə üçündür?

N ə b i. Sonra deyərəm.

C ə b i. Bax, Ovanes, Saşa bəy kimi oyna.

O v a n e s. Arxayın ol, kela, lap özü kimi oynayacağam.

C ə b i. Nə oynayaq?

N ə b i. Ştos (gedib Səfdərqulu bəyin otağının qapısını açır, sonra gəlib bir kalod kartı əlinə götürür. Vəli bəy rolunda). Bax, qospoda, bu yüz manat bankdır, kart deyil.

C ə b i (Mehdi bəy rolunda). Xeyr, olmaz, gərək tuz vuraq, kimə çıxsa o, bang qoysun.

O v a n e s (Saşa bəy rolunda). Mehdi bəy düz deyir, gərək tuz vuraq.

N ə b i. Pəh, yenə Mehdi höcətə saldı. Yaxşı tuz vururam. (Kartı bir-bir üç yerə paylayır, tuz Nəbiyə çıxır.) Gördünüz, tuz mənə çıxdı. Yamanlıq özünüzə qaldı.

C ə b i. Pravilo belədir, əzizim.

N ə b i. İndi kart qoyun.

C ə b i (stolun üstdəki basqa kaloddan kart çəkib üzü üstə qoyur.) Xalı beş manat.

O v a n e s. Kartı on manat.

N ə b i (kartı çevirir.) Beşlik üzdədir, kartınızı açın. Vəli bəy səninki üzdədir. İyirmi manatı bangə at, qadanı alım. Saşa bəy, bu saat sənin üçün də bir onluq getirərəm (kartı sağa və sola paylayır.) Sən vurdun, buyur, Saşa bəy, bu da sənin on manatın.

O v a n e s. Qoy bangda dursun. Uqol gedəcəyəm.

N ə b i. Çox yaxşı, get (kartı çalır.) Buyurun kəsin. (Ovanes kəsir.)

C ə b i. Xalı üç manat.

O v a n e s. Uqol, kela, xalına da on manat.

N ə b i. Pəh, Saşa bəy yenə azartnı elədi. Xeyr, vermirəm. Sənə xalı üç manatdan artığa xod yoxdur.

O v a n e s. Kartın təpədir.

N ə b i. Onda eybi yoxdur. Mehdi bəy, şahid ol ki, Saşa bəyin kartı təpə olmasa, pul verməyəcəyəm. (Kartı çevirib sağ-sola paylayır.) Saşa bəy, bu da təpə.

O v a n e s. O deyil, eybi yoxdur, o olmasın, bu olsun. Xalı üç manatdan edər altı manat. Bangdan istərsən dörd manat. Vəli bəy kartının üzünü aç.

C ə b i. Surət gətir.

N ə b i (sağa və sola paylayır.) Bu da surət.

C ə b i. O deyil.

N ə b i. Buyur, bu da surətin o birisi.

C ə b i. O da deyil.

N ə b i. Mehdi bəy, kartını aç, yoxsa getmərəm.

C ə b i. Nə, kartın dalını çək deyim.

N ə b i (səsini ucaldır.) Vallah çəkmərəm. Canım, surətin ikisi çıxıbdır.

C ə b i. Sən öl, o kartın dalını çək, göstərim.

N ə b i. Pəh, Vəli bəy, yenə höcətə saldın? İbişin canına çəkmərəm. Di inan...

S ə f d ə r q u l u   b ə y (o biri otaqdan). Vəli bəy, tuz gətir. Mehdi həmişə onu qoyar.

N ə b i. Ha beləcə... Zalım kartın gücünü gördünüzmü? Uşaqlar, cəld kürsüləri kənara qoyun. Kartı gizlədin, indi siz bayıra çıxın, məni gözləyin.

 

Cəbi, Ovanes çıxırlar.

 

S ə f d ə r q u l u   b ə y (başıaşağı cibindən pul çıxarıb). Vəli bəy, qız da! Bu on manat (başını qaldırır.) Nəbi!

N ə b i. Bəli.

S ə f d ə r q u l u   b ə y. A gədə, bəylər hanı?

N ə b i. Ağa, bəylər yoxdur.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info