Qonaq Kitabı
NƏRİMAN NƏRİMANOVUN OĞLU NƏCƏFƏ MƏKTUBU

 

Moskva  

28 yanvar 1925-ci il

 

Mənim 1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə tamaşaya qoyulan pyesim "Nadanlıq" oldu. Həmin günü ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün - yeni stillə 1925-ci il yanvarın 28-də həmin vaxtdan 30 il keçir. Dostlarımdan bəziləri bu xəbəri eşidib həmin günü balaca şadyanalıq etməyi arzulamışlar. Artıq onlardan teleqramlar almışam. Əlbəttə, ciddi şəkildə götür-qoy etsək, demək olar, əslində heç bir iş görməmişəm. 30 il! Yəqin ki, bu müddət ərzində nəsə bir iş görmək olardı. Bu müddətdə yazdıqlarımı həmin vaxtla müqayisə etdikdə xəcalət çəkirəm... Lakin digər tərəfdən, bütün həmin vaxtı, yaşadığım bütün həmin mühiti, ömrümün bütün dolanbac yollarını təsəvvürə gətirdikdə, hər halda bununla təskinlik tapıram ki, az da olsa, bəzi sahədə çox iş görmüşəm. Təkcə məni əhatə edən mühit, onun geriliyi, süstlüyü, fəaliyyətsizliyi, ətraf həyat hadisələrinə biganəliyi, millətlərarası mənasız didişmələr, buradan irəli gələn iztirablar: qanlar, göz yaşları, yoxsulluq, riyakarlıq və sairə mənə rahatlıq verməyib. Bunlar yazdığım bütün əsərlərdə əksini tapıb. Bəlkə də bütün bunlar bədii cəhətdən zəif qələmə alınıb, lakin qüvvəm və imkanım daxilində bütün bunlara yazılarımda təkcə münasibətimi bildirməyim onu göstərir ki, mən bir çoxları kimi ətrafımdakı mühitə laqeyd qala bilməzdim. Qəlbim narahat idi, istəyir və çalışırdım ki, bəşəriyyətə nəsə bir fayda verim. Mənə, 30 il ictimai sahədə işləmiş adama təskinlik verən yalnız və yalnız budur. Əgər sadə işimlə bu müddətdə öz "xəstəliyimi", heç olmasa, beş-on adama "yoluxdura" bilmişəmsə, hətta bu, məni və düşüncəmi o mənada rahat buraxar ki, ömrümü əbəs yerə yaşamamışam və bu geniş, həm də darısqal dünyada əbəs yer tutmamışam...

Əziz oğlum Nəcəf! Əgər ömür vəfa qılsa, çalışacağam səni elə hazırlayam ki, bəşəriyyət üçün daha çox iş görəsən. Ancaq taleyin hökmüylə tezliklə əbədi məskənə köçəsi olsam, onda səndən xahişim bu olar ki, heç olmasa daim özgələrin dərd-sərini çəkən atan kimi cüzi işləri yerinə yetirəsən.

Mənim həyatım, ömrüm qayğılarla dolu olub. Qardaşımın və bacılarımın ailələri iyirmi yaşımdan mənim boynumda olub. Bu 30 ildə 11 adam böyüdüb boya-başa çatdırmışam. Onlardan 8 qız uşağını ərə vermişəm, yerdə qalan üçünü cüzi məvacibimlə böyütmüşəm. Bütün bu işləri sahmana salandan sonra yenidən oxumağa başladım, 30 yaşında universitetə daxil oldum. Universiteti qurtardıqdan sonra var qüvvəmi Salman qardaşımın balalarının tərbiyəsinə sərf etdim. Bütün bunlardan yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verəndən sonra azad olmuşam. Bu məktubu isə aradan bir il keçəndən sonra, məhz 1925-ci ildə yazıram. Bütün bunları sənə ona görə yazıram ki, məni bəşəriyyət üçün az iş görməyim üstündə qınamayasan. Bu mənada ümidvaram ki, sən gördüyüm işləri davam etdirib başa çatdıracaqsan.

Əziz oğlum! Əgər həyatımı öyrənsən, əmin olarsan ki, mən ömrümün ən azı 1925-ci ilədək olan dövrünü başqaları üçün yaşamışam. Bəs sonrası necə olacaq? Sonrası beləcə də davam edəcək, çünki mən yalnız belə ictimai işdə məmnunluq tapıram. Üstəlik, Rusiyadakı indiki quruluş mənim ruhi aləmimə hər şeydən daha çox uyğundur.

Ümumiyyətlə, mən insanın insan tərəfindən əsarətinin əleyhinəyəm. Harada olursa-olsun, bütün varlığımla köləliyə qarşıyam. Bəşəriyyətin tezliklə nadanlıqdan və eləcə də köləlikdən azad olması üçün yollar axtarmışam. Sosial-demokrat da olmuşam. Lakin bu təşkilat get-gedə idealdan daha çox uzaqlaşır. Bolşeviklərin proqramını xüsusi məmnunluqla qəbul etmişəm, çünki həmin sənəddə tezliklə məhz öz proqramımın həyata keçiriləcəyini - Yer üzündə köləliyin məhv ediləcəyini görmüşəm və görürəm.

Bəlkə də sən bu sətirləri oxuyarkən bolşevizm heç olmayacaq. Lakin bu heç də o demək deyil ki, bolşevizm yaramır; bu o demək olacaq ki, biz onu saxlamağı bacarmadıq, onu yetərincə qiymətləndirmədik, işin qulpundan pis yapışdıq. Sözün açığı, hakimiyyətlə o qədər lovğalandıq ki, başımız boş-boş işlərə, dedi-qodulara qarışdı, vacib olanı əldən buraxdıq. Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: Hakimiyyət yetərincə yaxşı, görkəmli işçilərin çoxunu korladı. Onlar nəhəng dövlətin taleyini əllərinə alaraq və hesabat vermədən diktatorluq etmək qərarına gəldilər... Belə rəhbərlik ilk vaxtlar üçün zəruri idi, lakin bu vəziyyəti indiyədək davam etdirmək bolşevizmin süqutunu yaxınlaşdırmaq deməkdi.

İndi bu sətirləri sənə yazdığım vaxt işimiz o yerə çatıb ki, ən yaxın kommunist dostlar Lenindən sonra özlərini onun qanuni varisi adlandıran şəxslərin dövləti idarə edə bilməmələrindən yaranan nöqsanlarımız barədə bir-biri ilə danışa bilmirlər...

Bunları sən mənim MK-dakı geniş məruzəmdən öyrənəcəksən. Həmin məruzə sənə bütün bunlardan baş çıxarmağa imkan yaradacaq və elə bu məruzədən də öyrənəcəksən ki, çoxları öz vəzifə-mənsəblərini itirə biləcəkləri qorxusundan dinmədikləri halda, sənin atan bu barədə cəsarətlə danışırdı.

Əzizim Nəcəf! Vəzifə-mənsəb dalınca qaçma, çünki o, insanı korlayır. Əgər bir adamı yaxşı tanımaq, onun bütün daxili aləminə bələd olmaq istəyirsənsə, onu bir müddətə vəzifə başına qoy. Tezliklə həmin adamın müsbət və mənfi cəhətləri üzə çıxacaq. Bu baxımdan əgər sən kütlələri hiyləsiz-yalansız öz arxanca aparmağa hazır deyilsənsə, yaxşısı budur, ondan imtina edəsən... Əgər kütlə (fəhlə və kəndlilər) səni dəyərləndirərsə, hakimiyyətdə iştirakını zəruri hesab edərsə, sənə etibar edərsə və sən bu etibara əsasən "ümumi işə müəyyən fayda verəcəyinə əmin olarsansa, onda imtina etmə. Burada yalnız bircə şərt var ki, gərək onu müəyyənləşdirəsən: yəni kütlə sənin hakimiyyətdə iştirakını öz arzusu ilə, könüllümü qəbul edib, yoxsa məcburi? Əgər səndə zərrə qədər şübhə yeri varsa ki, kimlər tərəfındən olursa-olsun məcburi seçilirsən, onda yaxşı olar imtina edəsən. Əks halda öz ləyaqətini nəinki təkcə kütlə, həm də öz qarşında itirəcəksən. Hər dəfə hakimiyyətə öz ləyaqətinə görə yox, məcburi gəldiyini dərk etdikcə, müəyyən ruhi sıxıntı, əzab çəkəcək, sistematik olaraq ləyaqətini nəinki kütlələrin, həm də öz gozündə itirəcəksən... Buradan da sənin sonrakı dünyagörüşündə pozuntu əmələ gələcək. Bu isə ictimai xadimin həyatında təhlükəli məqamdır. Sən müstəqil həyata hazır olduğun zaman bütün bunlara tab gətirmək mümkündür. Bu nə deməkdir? Yəni özünə elə peşə və ya sənət seçməlisən ki, bu şəxsiyyətdən, yaxud idarədən az asılı olsun. Sənə aydın olsun deyə öz həyatımdan misal çəkəcəyəm. Artıq bilirsən ki, universitetə daxil olum deyə 30 yaşında kamal attestatı almaq üçün imtahan verdim. Sonra belə bir sual qarşısında qaldım: hara daxil olmalı? Yaşım və bütün həyat şəraitim mənə tezliklə universiteti bitirməyi diqtə edirdi. Odur ki, elə fakültə seçmək lazım idi ki, az vaxt aparsın. Qarşımda belə bir sual dayanmışdı: hüquq (o vaxt hüquq fakültəsi asan fakültə sayılırdı), yaxud təbiyyat fakültəsinə daxil olummu? Çünki həmin fakültələrdə 4 il oxumaq lazım idi. Bu fakültələri bitirdikdən sonra şəxsiyyətlərdən, yaxud idarələrdən daha çox asılı olmayım deyə bu fikirdən vaz keçdim və ömrüm boyu kənar şəxslərdən az asılı olmaq üçün tibb fakültəsinə daxil oldum. Bu bir səbəbdi, digər səbəb isə belə idi: sənin nənən, mənim anam Həlimə rəhmli, başqalarının halına acıyan, xeyirxah qadın idi. Ehtiyacı olanlara imkan daxilində əl tutar, qonşuluqdakı xəstə qadınların qayğısına qalar, bir tikə çörəyini onlarla bölüşərdi. Kiçik yaşlarımdan bunları müşayiət etdiyim üçün, çox güman bütün bunlar mənə təsir gostərmişdi... Odur ki, tibb fakültəsində oxumaq uzun vaxt aparsa da, çətinlikləri çox olsa da, şəxsiyyət və idarələrdən mümkün qədər asılı olmamaq və daha çox ruhi məmnunluq əldə etmək üçün mən həmin fakültəyə daxil oldum.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info