Qonaq Kitabı
N.NƏRİMANOVUN V.İ.LENİNƏ MƏKTUBU

 

Əziz Vladimir İliç!

Mənim teleqramlarımdan birində verilmiş məlumatı, demək olar ki, təkrar etmək lazım gəlir.

Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Əgər bu ərazilər Gürcüstana verilmiş olsaydı, əfkari-ümumiyyə ilə birtəhər mübarizə aparmaq olardı, lakin Ermənistana, daşnaklara vermək düzəldilməsi mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir. Bu barədə bizim nümayəndəmiz ətraflı danışacaqdır.

Bizi dəhşətli vəziyyətdə qoyan Mərkəzin başqa bir münasibəti: Mərkəzdən hər gün nümayəndələr gəlib əllərində olan mandatlara əsasən bu və ya digər səbəbə görə tanınmış xalq komissarına tabe olmaq haqqında bizə göstəriş verirlər.

Əziz Vladimir İliç, məgər "Müstəqil Azərbaycan" Sizin dilinizdən çıxmamışdırmı? Axı, məhz buna əsaslanaraq biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik.

İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir.

Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs, bütün Azərbaycanın kəndliləri?

Mən qəti surətdə bildirirəm: əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq. Onda qoy tarixən dolaşıq milli məsələləri belə asanlıqla həll edənlər bura gəlsinlər. O zaman bilərik ki, bizim mənasız - Şərqə doğru - çığırtımız nə deməkdir. Belə olan halda Şərqə necə gedəcəyik?

Yeganə ümidimiz - inqilabımızı Şərqdə siyasətlə müdafiə etmək ümidi də alt-üst oldu. Və bütün bunların müqəssiri kimdir? 1-ci Mərkəzin xəbərsizliyi və 2-ci Mərkəzdə oturmuş erməni daşnak-kommunistlərinin iyrənc işi.

Mən Sizin diqqətinizi buna cəlb edirəm.

Əgər qısa bir müddətdə Mərkəz daşnak kommunistlərin bütün bu murdar hərəkətlərinə son qoymaq iqtidarında olmasa, bütün müsəlman Şərqi bizdən üz döndərəcəkdir. Mən bu barədə Sizə ciddi surətdə bildirirəm və əgər Şərq məzlumlarının mənafeyi həqiqətən bizə əzizdirsə, Sizin də bu məsələyə ciddi yanaşmağınızı xahiş edirəm.

N.Nərimanov

Azərbaycan Respublikası MEA-nın  

Azərbaycan Tarixi Muzeyi, elmi arxiv, inv. N-2041

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info