Qonaq Kitabı
TAMAHKAR

Beş pərdəli məzhəkə

 

İŞTİRAK EDƏNLƏR

 

H a c ı   M u r a d - 60 yaşında

İ m r a n - 25 yaşında

G ü l z a r – Hacı Muradın qızı, 18 yaşında

M ə h ə r r ə m   b ə y - 55 yaşında, xəsis bir mülkədar

H a c ı   S a l e h - 48 yaşında, tacir

Ş ə r ə f   x a n ı m - Hacı Muradın həmşirəsi

Ə h m ə d - Şərəfin oğlu, 10 yaşında

N a b a t - Hacı Muradın xidmətçisi, 25 yaşında

Q u l u - Hacı Muradın nökəri

Ə l i q u l u - Məhərrəm bəyin sabiq nökəri

Q u r b a n

N i y a z - Qulunun yoldaşları

 

 

BİRİNCİ PƏRDƏ

 

Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı. Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.

 

Q u l u. Deyən gərək, a qoca kaftar, bu pulları kimə yığırsan, niyə yemirsən? Arvadın yox, oğlun yox, bir qızın var, o da bu gün-sabah çıxıb allah bəndəsinin birinə gedər. Yenidən evlənməyə ömrün yox; çünki yaşın altmışdan ötmüşdür. Bəs bu pulları kimə yığırsan? Adam pulu qazanar ya bu dünya üçün, ya axirət üçün. Bu dünyada yeyər, içər, aşna-dosta xərclər, kef edər. Axirət üçün də məscid-mədrəsə tikdirər, fağıra pul verər, yetimə paltar alıb qarnını doydurar. Amma bu zalım oğlunda bunların heç biri yoxdur. Nə deyim, allahın sirrinə təəccüb qalmalıdır... Pulu götürüb belə xəsisə verir ki, sandığa doldurub. Bacısı gecə-gündüz keşiyini çəkir və mənim kimi bazburudlu oğlanı da ona nökər edir. Yəni belə malınyeməzin malını yemək haramdır? Vallahi, mənə görə halaldan da halaldır. Ancaq açarları əlimə sala bilmirəm və özü də nə duyursa, məni otağına qoymur. İndi gəlib məni burada görsə həşirimi qatacaqdır. (Pəncərədən baxır.) Odur, gəlir, dədəmin evi yıxıldı.

 

Süpürgəni yerə atıb tez qaçır, Hacı Murad o biri qapıdan daxil olur.

 

H a c ı   M u r a d. Bu süpürgə burada nə gəzir? Yoxsa yenə zalım oğlu Qulu burada imiş. Qulu! Qulu! Kar olasan. Nabat! Nabat!..

 

Nabat daxil olur.

 

N a b a t. Nə buyurursan, ağa?

H a c ı   M u r a d. Qulu haradadır? Bu süpürgə burada nə gəzir?

N a b a t. Qulu indicə əlində süpürgə buraya girdi.

H a c ı   M u r a d. Kafir uşaqları kafir, min dəfə demişəm ki, mənim otağıma, ta özüm çağırmasam girməyəsiniz. Sizin əlinizdən rahat bayıra da çıxa bilmirəm. Bəs Qulunun özü haradadır?

N a b a t. Ağa, Bilmirəm.

H a c ı   M u r a d. Get bu saat harada isə tap buraya göndər. (Nabat gedir.) Axırı bu zalım oğlu Qulu mənim başıma bir iş gətirəcəkdir. Murdar oğlunu görmək istəmirəm. Üzündən-gözündən oğurluq yağır. (Qulu daxil olur.) Qulu, harada idin? Səni çağırıram heç səs də vermirsən.

Q u l u. Ağa, bağçada çarhovuza su buraxmışdım.

H a c ı   M u r a d.Bu süpürgə burada nə gəzir?

Q u l u. Ağa, gəldim, səndən izin alıb evi süpürəm, gördüm evdə yoxsan, çıxdım. Özün buyurubsan ki, izinsiz sənin otağına girməyim.

H a c ı   M u r a d. Yaxşı, itil get. (Qulu çıxır.) Durum sandığı yoxlayım. Yoxsa Quluya etibar eləmək olmaz. Xoş o adamın halına ki, pulu əlçatmaz və möhkəm yerdədir. O gün də Məhərrəm bəy deyir ki, mən pullarımı bangə verirəm. A kişi, adam da gözü görə-görə pullarını özgəyə verərmi? Bu dünya elə dünyadır ki, adama bir qəpik də etibar etmək olmaz. Yaxşı, birdən o bangdə pullar itdi, ya vermədilər, onda mən kimdən alım? Yox, səfih işdir. (Papağının içindən əsgiyə düyünlü açarları çıxardır, dörd tərəfinə baxa-baxa sandığın içindən mücrünü çıxardıb pulları sanayır.) Gərək burada əlli min manat ola. Dünən də Məşədi İsmayıl istədi ki, müamilədən kəsə, gördü ki, xeyr, mən o adamlardan deyiləm. (Bu halda Nabat daxil olur. Hacı Murad cəld mücrünü altına qoyub üstünü çuxası ilə örtür.) Yenə nə var?

N a b a t. Hacı ağa, Gülzar xanım hamama gedəcəkdir, pul istəyir.

H a c ı   M u r a d. Hamama gedəcəkdir? Çox qələt edəcəkdir. Evdə su da var, od da var, qab da var, qazan da var. Su qızdırsın çimsin. Gələniniz əlini açır pul ver, gedəniniz pul ver. Pul, pul, pul! Haradan alım? Deyəsən xəzinə üstə oturmuşam. Niyə dayanmısan? İtil get.

N a b a t (gedə-gedə kənara). Qoca kaftar, pulları sandıqlarda gizlədib bir tək balasına da qıymır.

H a c ı   M u r a d (yalqız). Yox, evdə bu qədər pulu saxlamaq olmaz. Heç olmasa mücrünü bir başqa yerdə gizlədim. Yoxsa sandıq elə şeydir ki, oğru əvvəl onun üstə yüyürər. (Fikir edir.) Tapdım. Hacı Saleh də pulu gətirsin, onu da bunlara qatıb basdırım. (Mücrünü yenə sandığa qoyur.) Görəsən nə oldu ki, Hacı Saleh gec gəldi? Şəhərdə bərk səs var ki, Hacı Saleh banqurotdu. Bu halda Hacı Saleh pərişan bir halda daxil olur.

H a c ı   S a l e h. Salaməleyküm.

H a c ı   M u r a d. Əleyküməssəlam. Hacı, buyur əyləş. Nə var? Çox pərişansan, xeyir ola?

H a c ı   S a l e h. Hacı əmi, dünyanın hansı işinə baxıb pərişan olmayım? İnsanda insaf, rəhm, sədaqət qalmayıbdır. Vaxtı ki, işin sazdır, sənə ehtiyac var, hamı sənin qulundur. Amma elə ki, işin bir balaca əydi, hamı üstünə ayaq basıb, sənə qılınc vuracaqdır. Sənə məlumdur ki, bu şəhərin sövdəgərlərinin əksərini mən pullu etmişəm. Neçələrini dar günündən qurtarmışam. Neçələrinin veksillərini cırıb atmışam. İllər ilə müamiləsiz pul borc vermişəm. Xülasə, hansını deyim? Özün bilirsən.

H a c ı   M u r a d (kənara). Bu müqəddimədən heç gözüm su içmir.

H a c ı   S a l e h. Hacı əmi, Moskvadan gətirdiyim mal tamamilə satılmamış durur, barama da zərər çıxartdı. Alış-veriş belədir ki, beşinə sən borclu olursan, beşi də sənə. Mal satılıb qurtarar, borclar verilər. İndi mənim işim bir az dolaşıqdır, dövlətli etdiyim adamlar mənə macal vermir. Sənin beş min manatını hazır etmişəm, ancaq altı yüzünə bir həftə möhlət ver, çünki onu Məşədi Niyazquluya verəcəyəm. O gözləyə bilmir. Doğrudan da, əlində heç zadı yoxdur. Yoxsa onun pulunu nə qədər saxlasam, istəyən adam deyil.

H a c ı   M u r a d. Yox, Hacı Saleh, düz söz, gözləyə bilməyəcəyəm. Pul özümə çox lazımdır.

H a c ı   S a l e h. Hacı, sən şəhərimizin birinci dövlətlilərindən hesab olunursan. Sən niyə pula möhtac olasan?

H a c ı   M u r a d. Elə orada evim yıxılıbdır ki, xalq məni dövlətli qələminə veribdir. Hansı borclunun üstünə gedirəm, deyir, Hacı, sən dövlətlisən, gözlə. Baba, haradan dövlətli oldum. Qırx il külüng çalıb bir cüzi pul əlimə almışam. O da onda-bunda.

H a c ı   S a l e h. Hacı, buyur bu dörd min dörd yüzü al, yerdə qalan altı yüzə də bir həftə vaxta, kağızı təzələyib, mənə möhlət ver. Eybi yoxdur, müamiləni də artır.

H a c ı   M u r a d. Xeyr, xeyr, heç vaxt qəbul edə bilmərəm. Gərək beş mini tamam qabağıma qoyasan, bax kağızın vaxtından iki gün də keçibdir. Mən təəccüb edirəm ki, niyə mənim pulumdan kəsib Məşədi Niyazquluya verirsən, çünki məni yumşaq tanıyırsan.

H a c ı   S a l e h. Hacı Murad, bu sözləri mənə deyirsən? Mənə bir həftə vaxt vermirsən? Neçə dəfə səni dar gündən qurtarmışam, a biinsaf kişi? Səni ilan ağzından qurbağa kimi, borclulardan xilas etmişəm. İndi mənə aman vermirsən?

H a c ı   M u r a d. Onlar keçmiş əhvalatdır. Mən də sənə az etməmişəm. Köhnə palan içi açmaq lazım deyil. Daha bir gün də gözləyə bilmərəm. Dünya ölüm-itimdir və bundan əlavə də Kərbəla ziyarətinə gedəcəyəm. Pul lazımdır.

H a c ı S a l e h (rişxəndlə). Hacı Murad, ziyarətin qəbul olunsun, ancaq soruşmaq eyib olmasın, hansı əməl ilə gedirsən?

H a c ı   M u r a d. Niyə? Mən nə pis əməl etmişəm ki, ziyarətim də qəbul olmasın?

H a c ı   S a l e h. Hələ cürət edib soruşursan da? Sənin yediyin, içdiyin it qanından da murdardır, çünki oğurluqla, qaçaqlıqla, yetimin malını mənimsəməklə yığılıbdır. Hansı əməlini deyim. İmranın atasının pulu ilə mal-dövlət sahibi olduğunu hamı bilir və yetim İmranı nə tövr saxladığın cümləyə məlumdur. Amma onun atasının sən çöldəqalmışı öz oğlu kimi, xəz paltolu saxladığı hamıya məlumdur.

H a c ı   M u r a d. Babam, mənimlə davaya gəlmisən? Bir qəbih iş görmürəm ki, öz pulumu istəyirəm də.

H a c ı   S a l e h. Kağızı ver buraya, bihəya kimi! Buyur, bu sənin beş min manatın. (Pulları verir.) Sən elə zalım deyilsən ki, adama rəhm edəsən. Boynuma torba salıb dilənməyə hazıram, nəinki sənin kimi adamdan minnət götürməyə. (Veksili Hacı Muraddan alıb çıxır.)

H a c ı   M u r a d (pulları sayarkən). Yaxşı çrxartdım. Hacı Saleh az qalmışdı ki, İmranın qəyyumu olub Şeyx Əlinin malını məndən iddia edə. Dünyada qəribə adamlar var. Bir də görürsən ki, səndən iddia edir ki, mənim babam sənin babanı filan qərinədə əsirlikdən azad edibdir. İndi gərək sən də mənə qul olasan. Durum mücrüyə yer qazım. Qulu! Qulu!

 

Qulu gəlir.

 

Q u l u. Nə buyurursan, ağa?

H a c ı   M u r a d.Get mətbəxdə bir xəncər tiyəsi var, onu buraya gətir. (Qulu gedir.) Bu döşəkcənin altını qazaram və basdırıb üstündə oturaram. Ancaq Quludan və Nabatdan həmişə sərvaraq olmalıyam. Ələl-xüsus o şeytan Quludan. Hər bir şeyə diqqət edir. İndi soruşacaqdır ki, bu xəncər tiyəsini neynirsən?

 

Qulu daxil olur.

 

Q u l u. Ağa, bunu neynirsən?

H a c ı   M u r a d. Canına dərd edəcəyəm, səfih oğlu səfih! İndi durub mənnən silist edecəkdir. Nə edəcəyəm, dırnaqlarımı kəsəcəyəm.

Q u l u. Ağa, bunnan mən ət döyürəm. Bu dırnaq kəsməz.

H a c ı   M u r a d. Sarsaq oğlu sarsaq, itil cəhənnəmə.

Q u l u. Ağa, niyə acığın tutur. Bu elə kütdür ki, heç yer də qazmaz.

H a c ı   M u r a d. Nə dedin? (kənara) Allah, divarların da qulağı var. Bu zalım oğlu haradan bildi ki, mən tiyəni nə üçün istəyirəm.

Q u l u (kənara). Bəli, məlum oldu ki, tiyə nə üçündür.

H a c ı   M u r a d. Qulu, indi başımı sandığa qoyub yuxuya getmişdim, yuxuda gördüm ki, sən surətdə bir adam evə girib istəyir ki, mənim pul sandığımı yarıb...   belə boğub məni o boş sandığa saldı. Çox vaxt yuxu doğru olur. İndi onun ücün bunu səndən istədim ki, yanımda silah olsun.

Q u l u. Bəli, ağa, adam gərək ehtiyatlı olsun. Yanında silah saxlasın. (kənara) Amma necə inandım, məni hec şeytan da aldada bilməz, istəyir bu aldatsın. (Hacı Murada) Ağa, mən getdim, yoxsa toyuq ocaqda yanar.

H a c I   M u r a d. Ay gədə, toyuq nədir? Nə deyirsən? Kim sənə izin veribdir ki, toyuq kəsirsən. Bu zalım uşaqları axırı məni dilənçi edəcəklər, elə bu saat da dilənçi halındayam. Kafir oğlu kafir, bu dəqiqə o toyuğu mənə dirildərsən.

Q u l u. Ağa, mən neyləyim. İmran ağa buyurdu ki, axşama plov bişir, iki toyuğu da kəs qoy aşın altına, qonağım var.

H a c ı   M u r a d. A kafir oğlu, mənəm sənin ağan, yoxsa İmran? O haradan ağa oldu. Bir yetim gədə idi. Rəhmim gəlib saxlamışam. İndi mənim evimi dağıdır? Get bu saat onu buraya çağır. (Qulu gedir.) Evin yıxılsın, İmran. Yaxşı evimi dağıdırsan. Heyf sənə, çil toyuq. Hamı toyuqlardan yumurtlayan idi. (İmran daxil olur.) Atam, belə ki, sən başlamısan, tezliklə mənim boynuma torba saldırıb diləndirəcəksən.

İ m r a n. Nə olmuş?

H a c ı   M u r a d. Atam, bu nə qonaqlıqdır? Bu nə toyuqplovdur? Atam, yağ, düyü müftə deyil. Hamısına pul vermişik. Axır mənə deyən gərək, ay axmaq, niyə evə yağ, düyü alırsan ki, gədə-güdə hər gün aş bişirib yesin? Bu xərcə heç Süleyman padşahın xəzinəsi də davam edə bilməz.

İ m r a n. Sən evə nə yağ alansan, nə düyü. Bu günkü plovun xərci də mən ilədir. Budur, on iki ildir ki, mən bu evdə oluram, burada bir qonaq üzü görməmişəm və özüm də sənin qorxundan çağırmamışam. Amma indi bazardan gəlirdim, bir fağır qəribə rast gəldim. Bu gecəliyə qonaq olmağı rica etdi, naəlac qalıb razı oldum. Bir də, qəribə kömək etməyi Allah, peyğəmbər buyurmuşlar.

H a c ı   M u r a d. İndi də durub mənə şəriət öyrədəcəkdir. De görüm, ağa İmran, o hansı tatın kitabındadır ki, toza, torpağa batıb min əziyyət ilə pul qazanasan. Verəsən toyuq-plova, onu da gəlib-gedən lotu-potu yesin. Özü də çil toyuğun əti ilə.

İ m r a n. Daha mən sənə nə deyim? Sənin üçün Allah, peyğəmbər, Quran, şəriət hamısı puldur ki, yığasan sandıqlara, nə özün xərcləyəsən, nə də başqasına verəsən.

H a c ı   M u r a d. Kəs səsini, nadürüst, namərbut. Budur, on iki ildir ki, sən ata-anasız yetimi öz oğlum kimi bəsləyib, paltar, çörək verib bu boya çatdırmışam. Onun əvəzində mənə dediyi sözə bax. Çörəyim sənə haram olsun.

İ m r a n. Sənin məndə heç bir haqqın yoxdur, mənim səndə var. Hələ atam Şeyx Əli sənə elədiyi yaxşılıq və qoyduğu dövlət dursun kənarda. Mən özüm gecə və gündüz çalışıb sənə pul qazanmışam. Amma bu vaxta kimi heç bir şeyə ixtiyarım yoxdur ki, əl vuram. Yığ, yığ görək kimə qalacaqdır... (Çıxır.)

H a c ı   M u r a d. Ümid ol, sənə qalacaqdır. Çox tələsmisən. Yox, dəxi dayanmaq yeri deyil. Lazımdır tezliklə Gülzarı bir dövlətli yerə verib İmranı qovmaq. Baxaq görək, şəhərimizdə arvadsız dövlətli kimdir. Kərbalayı Cəfər. Yaxşı dövləti var. Amma irəliki arvaddan beş oğlu var, dörd də ayı kimi qızı. Heyf, bunlardan mənə heç şey düşməz. Hacı İmanqulu. Malı-dövləti çox, özünün də sill azarı var. Bu gün-sabah təşrif aparacaqdır. Amma bu bədbəxt də molla, seyidin kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmiş. Bəs kim qaldı? (Fikirləşir.) Tapdım, Məhərrəm bəy. Yaxşı pulu, mülkü var. Qapısında nökər-qulluqçunun sayı-hesabı yoxdur. Heç bir övladı da, qohum-əqrəbası da yoxdur. Sinni də mənə yovuqdur. Qulu! Qulu!

 

Qulu daxil olur.

 

Q u l u. Nə buyurursan, ağa?

H a c ı   M u r a d. Qulu, bir az naxoş kimiyəm, tezdən yatacağam, heç kəsi buraya qoymazsan. Gələn olsa, deyərsən ki, ağam azarlıdır, yatıb. Di get.

Q u l u. Ağa, bəs plov yeməyəcəksən?

H a c ı   M u r a d. Xeyr, ağan İmran yesin. (Qulu çıxır.) Durum mücrü üçün yer qazım. (Durub qapıları bağlayır, tiyəni götürüb yeri qazır.) İndi, oğrular, tapın görüm Muradın pulu haradadır? Heç şeytanın da ağlına gəlməz ki, mən burada pul basdırmışam. Qulu demiş, tiyə elə kütdür ki, yeri də qazmır. (Mücrünü basdırıb üstünü torpaqla örtur.) Daha təşvişdən qurtardım. Gör ürəyim necə atdanır. (Bu halda Qulunun papağı şüşəni sındırıb pəncərədən içəri düşür, Hacı Murad diksinib qalxdıqda ayağını tiyə kəsir. Bərkdən qışqırır. Sonra Qulunun papağını görür.) Bu yenə zalım oğlu Qulunun işidir. (Durub qapını açır və çağırır.) Qulu! Qulu!

 

Qulu başı açıq daxil olur.

 

H a c ı    M u r a d (papağı göstərir.) Bu nədir, a kafir oğlu?

Q u l u. Ağa, vallah, təqsir məndə deyil, Nabatdadır. Aydınlıq gecdir, həyəti süpürməyə başladım. Nabat gəlib birdən başıma bir qapaz salıb qaçdı. Mənim də əlimə bir şey düşmədi, papağı dalınca atdım, gəlib pəncərəndən içəri düşdü.

H a c ı   M u r a d. Kafir uşaqları kafir. Yeyin mənim yağlı-yağlı xörəklərimi, sonra qızışıb şıllağa durun. Görün sizin başınıza nə gətirəcəyəm. Elə indicə yuxuya getmişdim, şüşənin səsindən diksinib qalxdıqda tiyə ayağımı kəsdi.

Q u l u (kənara). A... indi basdırdığı yeri də bildim.

H a c ı   M u r a d. Get, zirzəmidə divarın çatlağında pambıq gizlətmişəm və küncdə əsgi var. Tap buraya gətir.

 

Qulu gedir.

 

H a c ı   M u r a d. Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur. Gərək adamın arvadı ola ki, canı rahat ola, yoxsa arvadsız kişinin günü it günüdür. Yəni bir tərəfə də baxanda arvada da etibar yoxdur. Evin baş oğruları onların özləridir. (Qulu axsaya-axsaya daxil olur.) Tez gəl, tənbəl oğlu tənbəl. Məni görüb ayağı da axsamağa başladı.

Q u l u. Ağa, mən də sən düşən günə düşdüm. Ayağıma mıx batdı.

H a c ı   M u r a d. Çox yaxşı oldu. Əlbəttə, ağasına xəyanət edəni Allah elə edər. İndi gəl ayağımı sarı.

Q u l u (Hacı Muradın ayağını bağlarkən kənara). Xəsis kaftar. İt sümük yığan kimi, anbarı doldurubdur mıx ilə, nal parçası ilə, kəndir qırığı ilə, əsgi ilə, əlinə hər nə düşübdür, siçan kimi yuvasına yığıbdır.

H a c ı   M u r a d. İndi həkim olsaydı, bir parça pambıqdan ötrü əpteyə göndərib məndən xeyli pul çıxartmışdı. Adam belə olmasa pul yığa bilməz.

Q u l u. Ağa, vallah mən belə pul yığsaydım, indi mənim də sənin kimi dövlətim vardı.

H a c ı   M u r a d. Sən niyə zəhmət çəkəsən? Ağanın min əziyyətlə qazandığından yeyib eşşək kimi şıllaq atırsan. Mən olmuşam bir leş, siz olmusunuz bir ac qurd. Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. Hə, qurtardın? İndi get orda dur. (Çağırır.) Nabat, Nabat! (Nabat daxil olur.) Xanım, indi de papaqaldıqaç oynuyursan?

N a b a t. Ağa, vallah, Qulu yalan deyir, nahaq yerdən gəlib məni sənə çuğullayır.

Q u l u. Yəni gündə hər səhər-axşam samovarı təzələyib xanım kimi altı-yeddi istəkan salma çay içdiyini də yalan deyirəm?

N a b a t. Ağa, vallah, yalan deyir, inanma Quluya. Mən də sənin kimi gizlin, gündə ocaqda yumurta bişirib yeyirəm?

Q u l u. Ağa. Nabat qəndi doğrayanda ciblərinə doldurur.

H a c ı   M u r a d. Dayanın, kafir usaqları, siz mənim evimə quldurluğa gəlmisiniz, mənim evimi tar-mar etmişsiniz. Mənim xəbərim yoxdur, bu saat sizin divanınızı edəcəyəm.

 



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info