Qonaq Kitabı
Ey cəmalındır sənin allah nurin məzhəri

 

Ey cəmalındır sənin allah nurin məzhəri,

Uştə beytüllah qaşın mehrabi, qəddin mənbəri.

 

Sən nəçük süni-xudasən, ey mələk yüzlü bəşər,

Yüzini görgəc oxur üşşaq “allah əkbəri”.

 

Ta yaratdı yer ilən gögi təala şanəhu,

Görmədi heç kimsə sən tək dilbəri-məh peykəri.

 

Çin çərisi sanasan kim, dutdu Rum iqlimini,

Ta yüzün girdinə düşdü zülfi-müşki-ənbəri.

 

Ruzü şəb ayü günəş girdi-fələkni dövr edən,

Şəbçırağ olmuşdur, istər isən bütinin əxtəri.

 

Qamətin pəst eylədi sərvi çəməndə, ey sənəm,

Arizin qıldı xəcil bağlarda vərdi-əhməri.

 

Dünyada hər kim qılur bir padşahın xidmətin,

Bu Xətayi bəndədir sidq ilə şahın çakəri.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info