Qonaq Kitabı
BALACA FELYETON

 

(Balaca felyeton “Hümmət” qəzetinin 1 aprel 1918-ci il tarixli 36-cı nömrəsinin 2-ci səhifəsində “Doktor N.Nərimanlı” imzası ilə dərc edilmişdir).

 

 

Keçmiş zamanda bir nəfər şəxs bir gün öz bağında yetişmiş almalardan dərib xanın hüzuruna gətirir. İttifaqən xan o gün divan qurmuş idi. Müqəssirlər bir səfdə durmuş müntəziri həkm xan idilər. Bu şəxs dəxi bilməyib müqəssirlər cərgəsində durdu. Birdən xan bayıra çıxıb dedi: 'Aparın bunları həbsə salın..." Fərraşlar müqəssirləri yığıb bu şəxsi dəxi onlarla həbsə saldılır.

Bu minval zavallı kişi üç ay zindanda qaldı. Bir gün xan xörək yeyən vaxt yadına keçmişdə yediyi almalar və nə tövr ləzzətli olması düşdü. Dərhal soruşdu:  "O mənə bir neçə vaxt bundan qabaq alma gətirən kişiyə nə ənam verdiniz?" Xanın xidmətkarı isə dedi: "Onu həbsə salmışıq". "Onu tez buraya gətirin" dedi. Biçarəni zindandan çıxarıb xanın hüzuruna gətirdilər. Xan bir qədər şirinkarlıq edəndən sonra dedi: "Məndən bir şey istə, sənə bağışlayım". Kişi isə dedi: "Xan qurbanın olum, buyurgilən mənə bir ip, bir Quran və bir balta gətirsinlər". Xan bir az gülüb dedi: "Bu şeyləri nə edirsən"? O kişi dedi: " O balta ilə bağımda olan alma ağacını dibindən vuracağam. O ip ilə bağlayıb şəhərdən aparıb kənddə yandıracağam. O Quranı da suya qoyub axırda o suda özümü və uşaqlarımı çimdirib and içəcəyəm ki, bundan sonra bir də xan və bəy qapısına getməsinlər".

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info