Qonaq Kitabı
Genə əzm eylədi könlüm, gedər ol şahi-əlayə

 

Genə əzm eylədi könlüm, gedər ol şahi-əlayə,

Vücudim eşqi məhv oldu səmək tək düşdü dəryayə.

 

Vücudim şəhrinə girdi, vilayət şahini gördi,

İkilik qələsin yıxdı, ulaşdı zati-yektayə.

 

Gəl, ey könlüm, səfər eylə, bu gün yövmi-hidayətdir,

Cəhanü canı qoy, filcümlə, getsün külli yəğmayə.

 

Gözü yəğmaçılar gəldi, məni yəğmaladı külli,

Əlimdən varlığım aldı, götürdü ani səhrayə.

 

Şəha, minnət! Şəha, minnət! Bu gün yövmül-hesab oldu.

Maariflər hesab verdi, münafiq qaldı fərdayə.

 

Xətayi ta səni gördü, vücudun sərbəsər gəzdi,

Çü şahın qulların gördü, yüzün xak etdi ol payə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info