Qonaq Kitabı
Nəfəsi əhli-dilin gövhəri-candır bilənə

 

Nəfəsi əhli-dilin gövhəri-candır bilənə,

Nitqimiz qüdrəti-həq, ruhi-rəvandır bilənə.

 

Mərifət gövhərinin kaninə mədən ola gör,

Üstə bu gəncü hünər elmi-nihandır bilənə.

 

Şərbəti-həqdən içən eşq əri azad olur,

Eylə sərməst olanın küfri imandır bilənə.

 

İstədi abi-həyat çeşməsi kim, irdi Xızr,

Ol verür doğru xəbər, cümlə əyandır bilənə.

 

Ələ girməz, xanı ol əsrükü divanə aşiq,

Leyk ol məşuqənin dərdi amandır bilənə.

 

Qövli yalançı ilə olma müsahib, çək əlin,

Həmdəm olmağ div ilə külli ziyandır bilənə.

 

Ey Xətayi, həqi sən tanı, özündə sakin ol,

Dəxi söz söyləmə, var, bu söz əyandır bilənə.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info