Qonaq Kitabı
İLYA İLİÇ MEÇNİKOV

 

(“İlya İliç Meçnikov” məqaləsi “Açıq söz” qəzetinin 11 iyul 1916-cı il tarixli 232-ci nömrəsinin 2-3-cü səhifələrində “Doktor N.Nərimanlı” imzası ilə dərc edilmişdir). 

 

İnsan var ki, ölər yox olar və bunun yoxluğunu ancaq yavuq qohum-əqrəbası hiss edər. İnsan var ki, ölər və bunun yoxluğu xüsusi bir milləti heyifsiləndirər. İnsan var ki, ölər və onun ölümü bütün millətlərə təsir edər.

İlya İliç Meçnikovun ölümü, yoxluğu doğrudan da hamı millətləri, bütün insanları ələm dəryasına qərq edə gərəkdir. İnsan üçün ömrü uzatmaq, çox yaşamaq məsələsindən başqa daha əhəmiyyətli bir məsələ ola bilərmi?

Səlamət yaşamaq, ömrü uzatmaq və yalnız tez qocalmamaq deyil, bəlkə həmişə cavan qalmaq - bu məsələ İlya İliçin axırıncı idealı, son xəyal və arzusu idi. Bu məqsəd və arzusuna özü tamamilə çatmadısa bu yoldakı gizlin xəzinələrin aşkar olunmasına səbəb oldu, yəni gələcək alimlər üçün gedilməsi ağır və çətin olan yolu asanlaşdırdı. Qaranlıq nöqtəni işıqlandırdı.

Axır vaxtlarda haman bu məsələ, yəni ömrü uzatmaq məsələsi mədani millətlər nəzərində son dərəcə qiymətli və maraqlı bir məsələ olmuşdur.

Meçnikov vətəni Rusiyanı səmimi-qəlbdən sevənlərdən idi. Fəqət bununla bərabər, 20 il bundan müqəddəm vətənini atıb Parisdə işləməyə məcbur oldu. Nə üçün?

Ondan ötrü ki, 20 il bundan müqəddəm Meçnikov "Elm ancaq hürriyyət aləmində tərəqqi tapar" sozlərini deyənlərdən idi. O vaxtlarda bu sözləri söyləyənlər üçün, bu əqidədə olanlar üçün Rusiyada yaşamaq mümkün deyildi. Bu səbəblərə görə Meçnikov sevgili vətəninı tərk edib daha artıq sevdiyi elmin tərəqqisi üçün Fransanı özünə ikinci vətən seçdi...

Fransada olunca əvvəlinci gündən Meçnikovu qucaqladılar; ona lazım olan məbləği buraxdılar, xüsusi laboratoriya verib də dedilər: işləyiniz...

Meçnikov da işlədi, işləyib də indiki dərəcəyə çatdı. Bunun dərəcəsi boyükmü idi?

Bir payədə böyük idi ki, vətənindən qovulmuş Meçnikovu Rusiya dövləti 1910-cu ildə özü dəvət etdi və krala olunan hörmət Meçnikova olundu. Rusiyada demək olur ki, İlya İliç Meçnikov şan-şövkətdə qraf Tolstoydan sonra ikinci bir adam idi. Bunların hamiləri bütün insanlar olmağa binaən, şəxslərinə əl uzatmaqdan çəkinərdilər.

Həqiqət Meçnikovu bir Rusiya və ya bir Fransa itirmədi. Bəlkə hamı millətlər, daha doğrusu, bütün insanlar itirdilər... İlya İliç Meçnikov daha 23 yaşında ikən professorluq dərəcəsinə çatmışdır. 1870-ci ildən 1882-ci ilədək Petroqradda və Odessada professor olub, sonralar yuxarıda zikr olunan səbəblərə görə Rusiyanı tərklə Parisə köçmüş və orada axır vaxtadək Paster istitutunda işləmişdir. Özu üluhiyyə, elm-heyvanat professoru olduqda tibbə dair məsələlərə ciddi surətdə girişirdi və haman tibbə dair məsələlər dairəsində işlərkən tamam dünyaya məşhur oldu. Özü təbib olmadıqda bunun teoriya nəzəriyyələri, fənn ilə tapdığı qanunlar təbiblərə qanun oldu. Təbabət aləmındə "Meçnikov məktəbi" meydana gəldi; Yəni təbiblər və professorlar bunun bu göstərdiyi yol ilə işləməyə başladılar. Mədəni dövlətlərdə təbiblər professorlar arasında Meçnikovun müridləri günbəgün artmağa başladı. Yəni bunun tibbə dair meydana gətirdiyi teoriyalar bir çox elmlər üçün qanun oldu.

Qəzetə vasıtəsilə Meçnikovun elmi əsərləri barəsində bəhs etmək qeyri-mümkündür.

Fəqət burada biz iki məsələyə dair bir neçə söz demək istəyiriz:

Əvvəlinci məsələ Meçnikovun qan barəsində olan əhəmiyyətli bir nəzəridir. Meçnikovun bu məsələ ilə məşğul olmasından əvvəl təbibləri həmişə bir sual rahat qoymurdu:

Nə üçün iki sağlam bir mərəzə düçar olarkən biri haman mərəzdən öldüyü halda, o biri sağalır?

Bu suala Meçnikov və Meçnikovdan qabaq belə cavab verirdi:

Görünür ki, birinin bədəni o birisindən qüvvətlidir, yəni bədənin özündə mühafizə edən bir qüvvə olsa gərəkdir.

Fəqət o qüvvənin bədənin hankı bir üzvündə olduğu məsələsi qaranlıq idi.

Meçnikov bir çox zəhmətlərdən sonra haman qüvvəni qanda tapdı.

İnsanın və ya heyvanın qanı iki növdür: biri təmiz və ya al qandır ki, şəriyan, biri də işlənmiş qara qandır ki, vəridlərdə cərəyan edir. Bu qana zərrəbin ilə baxdıqda qanın özü də iki hissədən ibarət görünür: biri suya bənzər, biri də yumuru-yumuru şeylərdən ibarətdir. Bu yumuru-yumuru şeylərin bəzisi qırmızı, bəzisi də ağ olduğundan birincilərə kərivati həmra, ikincilərə də kərivati-beyza deyilir. Yuxarıda söylədiyimiz qanın ağ hissəsini iştə bu kərivati-beyza təşkil edir. Nəbatata su lazım olan kimi bədənə də ağ qan lazımdır. Bədəni mərəzin təsirindən mühayizə etmək al qanın vəzifəsidir. Məzkur ağ cisimlər bədən üçün qəribə bir hamidir!

Vəqta ki, bədənə xaricdən gözə görünməyən mikroblar daxil oldu, haman dəm məzkur ağ cisimlər tamam bədəndə bədəni düşməni olan yerə cəm olub başlarlar bu mikrobları puç etməyə, əritməyə (yeməyə)...

Meçnikovun bu nəzəriyyəsi tibbdə mövcud fikirlərdə doğrudan da bir inqilab törətdi...

İkinci məsələ, tez qocalmamaq və yainki həmişə cavan qalmaq məsələsidir. İlya İliç Meçnikov axır zamanlarda bu məsələyə ciddi surətdə girişmişdi və demək olar ki, bu mühüm və əhəmiyyətli məsələnin yarısınadək çatmışdı.

Meçnikovun təsəvvürüncə bədən zərərli şeylərdən saxlanarsa, zəifləşməz və tez də qocalmaz. Bir çox təcrübələrdən sonra Meçnikov bədənin mürur ilə zəifləşib qocalmağını yediyimiz təamdan bildi. Yediyimiz təam qarına gedib qarın suyunun vasitəsi ilə yumşalıb bağırsaqlara daxil olur (xolera barəsində yazdığım kitabçaya baxınız); bağırsaqlardan bədənə lazım icza haman təamdan qana süzülür, lazım olmayan daha doğrusu, bədənə zərərli şeylər fəzalət bədəndən çıxır. Fəqət böylə də olur ki, haman zərərli şeylər ya tamamilə çıxmayır, ya gecikir və bağırsaqlarda qalır, qalıb da iylənir. İrin kimi şey olub qana süzülür və bədən mürur ilə ağırlanıb zəifləşir. Demək ki, bədən mürurilə zəifləşib də vəqtində, məqamında özünü mühafizə edə bilməyib qocalır. Tələf olur...

Bəs nə tövr etmək ki, bu zərərli şeylər bədəndə heç olmasın və ya olsa da az olsun?

Bu suala cavab olaraq Meçnikov teoriyası deyir: təama diqqət etmək gərəkdir, yəni eylə şeylər yemək ki, ondan qalan şeylər bağırsaqlarda irinləməsin və bədəni mürur ilə zəhərləməsin... Hal-hazırda matsoni adında kasalarda qoyulmuş qatıq, kasmast yemək haman bu teoriyanın, bu nəzəriyyənin nəticəsidir. Fəqət bu qatıqdan savayı da şeylər vardır ki, onları yemək nəinki bədənə xeyirdir, hətta bağırsaqlarda qalmış zəhərin gücünü də azaldır.

Meçnikov ərəblərdə olan mərəzlərə diqqət edib görür ki, bizlərdə, Avropada olan qarın-bağırsaq mərəzləri ərəblərdə görünmür.

Bu fikir ilə onların təamlarına diqqət edib görür ki, ərəblərin on birinci təamı xurmadır. Xurmanı (anali) təhlildən keçirib görür ki, doğrudan da xurma bağırsaqlarda əmələ gələn zərərli şeylərin azalmasına səbəb olur. Bu barədə Meçnikovun gözəl bir leksiyasını eşidib təəccüb edirdim: əcəba bu qoca, 70 yaşında olan kişinin insaniyyətə nə payədə məhəbbəti vardır!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info