Qonaq Kitabı
Yenə bipərvalığı yad etdigin yəni ki nə?

 

Yenə bipərvalığı yad etdigin yəni ki nə?

Olur-olmaz sözü bünyad etdigin yəni ki nə?

 

Hər səhər ta sübh olunca tapmazam çün rahəti,

Bəndəni qayğudan azad etdigin yəni ki nə?

 

Ğüssəvü dərdü fəraq ilən, əya Şirin misal,

Aşiqi dağlarda Fərhad etdigin yəni ki, nə?

 

Yüz gəz ölsəm dünyada bir dəm mana yoxdur vüsal,

Firqətində ömrümü bad etdigin yəni ki nə?

 

Səngdil yarın əlindən ah edübən dəmbədəm

Yaxə yırtıb, baş açub dad etdigin yəni ki nə?

 

Ölmüşəm hicrində gecdən çürümüşdür üstixan,

Dirligi də mana bir ad etdigin yəni ki, nə?

 

Ta ki, fəryadinə yetməz lütf edüb ol şahi-hüsn,

Ey Xətayi, munca fəryad etdigin yəni ki nə?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info