Qonaq Kitabı
"MEHR VƏ MAH"

 

(“Mehr və Mah” yaxud “Əsli və Kərəm”in astarı məqaləsi “Yeni iqbal” qəzetinin 28 aprel 1916-cı il tarixli 294-cü nömrəsinin 3-cü səhifəsində “Doktor N.Nərimanlı” imzası ilə dərc edilmişdir).

 

 Yaxud "Əsli və Kərəm"in astarı

 

Aprelin 23-də mövqei-tamaşaya qoyulmuş "Mehr və Mah" operası "Əsli və Kərəm"in astarı kimi nəzərə gəldi demək olur.

Zira "Əşli və Kərəm" ilə "Mehr və Mah"ın arasında bir təfavüt görünmədi, nəinki təfavüt görünmədi, hətta "Mehr və Mah"ı "Əsli və Kərəm"ə oxşatmağa çalışmış. Nə üçün "Mehr və Mah" ayrıca bir el əsəri ola-ola nə üçün "Əsli və Kərəm"o astar gərək olsun? Nə üçün "Şahzadə Əbülfəzl" ünvanlı el əsərinə "Mehr və Mah" adı qoyulsun!

Keçən "Yeni iqbal"ın 288-ci nömrəsində "Əsli və Kərəm" ünvanlı məqaləmizdə yazmışdıq: Bir ədibin əsərinin təğyir tapmasına bir özü səbəb olarsa, qövmün elin inşasına təğyir verən çox olar, çünkı ağızdan-ağıza keçən hekayəyə nəql ilə hərə bir şey artıra bilər...

"Əsli və Kərəm" hekayəsi də türk-tatar qövmünün əsəri olub bu uzun müddətdə əlbəttə təğyir tapıbdır. Fəqət təğyir tapıbsa da əsil mətləbə əl vurulmamış... Elin inşası, elin güzgüsüdür. Bir elin, bir qövmün ruhunu, fikrini, bütün əqidəsini onun əsərindən bilmək olar. Ona görə qövmün əsərlərinə girişən ehtiyatı əldən buraxmasın gərəkdir....

İndi gərək cənab Şərifov bu şərtləri gözləyibdirmi?

Cənab Şərifovun "Mehr və Mah" operası eynən el əsəri, daha doğrusu, çobanlar arasında məhşur "Şahzadə Əbülfəzl"dən götürülübdür. Həmin hekayə gözəl, şirin bir dil ilə yazılmağı mənim qabağımdadır. Onu diqqətlə oxuyub gördüm, Cənab Şərifov elm əsərini, daha doğrusu, onda olan nazik mətləbi ya düşünməyibdir, yainki düşünübsə də haman mətləbi gizlədibdir. "Əsli və Kərəm"dəki gözəl, dərin fəlsəfə, təmiz, müqəddəs əqidə bu hekayədə də gözə çarpır. Padşahın oğlu Şahzadə Əbülfəzl yuxusunda Yəmən padşahının qızını görüb  aşiq olur. Tac və təxtindən əl çəkib Yəmən tərəfə gedir. Fəqət yolda Çin padşahının qızı Rəna xanıma rast gəlir. Elmli, gözəl tərbiyəli Rəna xanım isə yuxusunda Əbülfəzli görüb aşiq olubmuş və neçə aylar imiş onu görmək istəyirmiş. Əbülfəzl Rənanı görüb əxlaq və ətvarına bələd olub onu bir mələk hesab edirdi. Bununla belə Yəmən qızının vüsalına çatmaq istəyirdi. Rəna xanım çox istədi ki, Əbülfəzl qalsın, olmadı. Rəna Əbülfəzlə öylə bir payadə məhəbbət bağladı ki, axırda həmən məhəbbət Rənanı vadar etdi ki, Əbülfəzli buraxsın.

Rəna fikir edirdi: Mən Əbülfəzli sevirəm, ona binaən gərəkdir onun rahətliyinə çalışmaq. Bunun rahətliyi də Yəmən qızına bağlıdır. Bu fikir ilə Rəna Əbülfəzli buraxıb dedi: Məni unutma, hər müşkül işində mənə rücu et, mən sənin düyünlərini açaram...

Şahzadə Əbülfəzl Yəmənə gəlib yuxuda gördüyü qızı tanıyır və almaq istəyir. Fəqət padşah şəhərin bir ağaclığında olan tilsimi sındırana qızını vermək istəyir. Şahzadə Əbülfəzl bilməyir nə etsin. Bu şəhərdə bir qoca qəssabdan başqa o tilsimin sirrini heç bir kimsə bilməyirmiş. Nə isə, qəssab şahzadəyə sirri öyrədir. Sirr də bunda imiş: nə gözünə görünər isə qorxmasın, irəli getsin...

Şahzadə axırda tilsimin yurdunu dağıdıb padşahın qızı Sərvnazı almaq istəyir. Qızı məşhur pəhləvanlardan Kürdoğlu da istəyirmiş, fəqət qorxusundan tilsimə yavuq gedə bilməyirmiş. Şahzadə də bu hünəri görüb həsəd aparır və qızdan əlinin çıxmağını yəqin edib şahzadəni tələf etmək istəyir. İki, üç dəfə Kürdoğlu tərəfindən qurulmuş tələdən şahzadə Rənanın köməkliyilə xilas olur. Axırda şahzadə qızı alıb muradına çatır. Bir gecə yuxusunda Rənanı pərişan bir halda görür, əhvalatı arvadı Sərvnaza söyləyir. Sərvnaz isə Əbülfəzl narahat olmasın deyə getməyə razı olur. Gəlirlər Rənaya çatırlar. Bunlar bura çatmaqda Rəna ayrılığa artıq tab gətirə bilməyib zəhər içir və ölür. Şahzadə deyir: Sənin kimi vəfalı rəfiqədən sonra mənə dirilik haram olsun deyib də xəncər ilə özünü öldürür və sonra Sərvnaz xanım da ağlayıb axırda ürəyi partlayıb ölür...

Bir baxınız, nə gözəl dərin bir fəlsəfə! Nə təmiz həqiqi bir məhəbbət!

Fəqət bu cənab Şərifovun xoşuna gəlməmiş və böylə düzəltmişdir: Xəbər çıxır şahzadə ölübdür. Padşah qızını Kürdoğluna verir. Toy günü bunlar eyşişrətə məşğul olarkən şahzadə gəlib çıxır. Sərvnaz şahzadəni görüb ürəyi xarab olur və ölür. Şahzadə də özünü xəncər ilə öldürür.

Şahzadə Əbülfəzl min zəhmət və məşəqqətdən, cövrü-cəfadan sonra axırda məqsədinə çatdı, sevgili Sərvnazı aldı.

İnsana daha nə lazımdır! Fəqət, yox; bu həqiqi, təmiz məhəbbət olmadı. Şahzadə Rənanı, vəfalı rəfiqəsini təmiz, həqiqi məhəbbətlə sevərdi. Rəfiqəsinin ölməyinə tab gətirməyib özünü də, Sərvnazı da qurban etdi...

Daha bundan goyçək, bundan təmiz, bundan müqəddəs məhəbbət ağıla gələrmi? Bəli, türk-tatar qövmünün əqlinə gəlir. Fəqət cənab Hacıbaba Şərifovun ağlı bunu qəbul edə bilməyir. Musiqi cəhətinə gəlincə, cənab Slavinski musiqidə mahir adamdır. Qəm, dəhşət, məhəbbət, səadət nə olduğunu sözsüz cənab Slavinskinin musqisindən hiss etmək olar... Fəqət el havacatilə pərvəriş tapan el əsərində el havasını da istərik.

Bu dəfə artistlər barəsində yazmaq istəmirik. Çünki ümid edirik bu rollarda axırıncı dəfə oynadılar. Bəli, ədəbiyyat və səhnə meydanı genişdir. Daha doğrusu məscidin qapısı açıqdır, dilənçidə də bir az düşüncə gərəkdir olsun...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info