Qonaq Kitabı
Ey xublar içrə tələti hüsn ilə bay olan

 

Ey xublar içrə tələti hüsn ilə bay olan,

Ol sərv qəddi sayəsi zilli-hümay olan,

 

Canlar şikarın etməyə səyyad gözləri,

Kirpügi ox, qaşları peyvəstə yay olan.

 

Baği-rüxin suvarmaq içün bağiban kimi

Hər bir yanayə qanlu yaşım dürlü çay olan.

 

Ah-vay ki, kamü vayəmi verməz, tükəndi ömr,

Eşqində gecə-gündüz işim ah-vay olan.

 

Qılsan bu xaki-payinə bir gəz nəzər nola,

Salmazmı xakə yüzüni xurşidü ay olan?

 

Vəslin nəvasın istəsə canım, əcəb degil,

Möhtac olur həmişə pəniyə gəday olan.

 

Aldın şikəstə könlünü miskin Xətayinin,

Çindir vəfalu bolmağı xubi-Xətay olan.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info