Qonaq Kitabı
Çün sənin tək yar buldum, özgə mən yar istəmən

 

Çün sənin tək yar buldum, özgə mən yar istəmən.

Səndən ayru cümleyi-aləmdə mən var istəmən.

 

İstərəm ki, mən çəkim dərdü fəraqin zəhmətin,

Məndə özgə eşqinizdə kimsə bimar istəmən.

 

İstərəm kuyində avaz etməyə nakəs rəqib,

Öz ünümdən özgə anda naleyi-zar istəmən.

 

Dün demişsən istərəm bir busəyə yüz can baha,

Ol mətaə məndən özgə heç xiridar istəmən.

 

Ol səbəbdən bu Xətayinin sözü həqqanidir,

Həqdən özgə dünyada mən yarü ğəmxar istəmən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info