Qonaq Kitabı
Ulu kim, laf edər meydanə gəlsün

 

Ulu kim, laf edər meydanə gəlsün,

Müxənnət gəlməsün, mərdanə gəlsün.

 

Ərəmlər mənzili həq mənzilidir,

Ərənlər sahibi-ürfanə gəlsün.

 

Cuş etdi zülfiqarım, qında durmaz,

Kim inkar əhlidir imanə gəlsün.

 

Əzəldən həq deyən əhli-təriqət,

O kandan sürülüb bu kanə gəlsün.

 

Aralıxdan küdurətlər ərindi,

Sürüldü lənət ol şeytanə gəlsün.

 

Günahkarın günahından keçərlər,

Yüz üstə sürülüb sultanə gəlsün.

 

Axan çaylar, axan arxlar, bulaqlar,

Yerindən mövc urub ümmanə gəlsün.

 

Rəvayətdir hədisi-Mustafadan,

Min il ölüb yatanlar canə gəlsün.

 

Xətayi xəstədir, kani-səxavət,

Xəbər ver dərdlülər dərmanə gəlsün.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info