Qonaq Kitabı
"ƏSLİ VƏ KƏRƏM"

 

(“Əsli və Kərəm” məqaləsi “Yeni iqbal” qəzetinin 21 aprel 1916-cı il tarixli 288-ci nömrəsinin 3-cü səhifəsində “Doktor N.Nərimanlı” imzası ilə dərc edilmişdir). 

 

Aprel ayının 15-də mövqeyi-tamaşaya qoyulmuş "Əsli və Kərəm" operası demək olar ki, cənabi Üzeyirbəyin əsərlərindən ən yaxşısıdır.

Bir şairin, ya bir ədibin əsəri olan kimi bütün bir qövmün-elin də özünə münasib əsəri ola bilər. Bir ədibin əsəri onun ruhunu, fikrini bütün əqidəsini bildirən kimi, ümumiyyətlə bir qövm və ya elin tərəfindən yaranmış əsər haman qövmün ruhunu, fikrini və əqidəsini bildirər. Ədib inşasını çap edib kitablar vasitəsilə intişar edər. Elə isə inşasını əzbər ağızdan-ağıza verib intişarında davam edər. Bir ədib inşasının təğyir tapmasına tək bir özü səbəb olarsa, qövmün-elin inşasına təğyir verən çox olar. Çünki ağızdan-ağıza keçən hekayələr, nəqlə hərə bir şey artıra bilər. "Əsli və Kərəm" hekayəsi də türk-tatar qövmünün inşası olub, bu uzun müddətdə, əlbəttə təğyir tapıbdır. Fəqət təğyir tapıbsa da, əsil mətləbə əl vurulmamış, "Atalar sozü" mənasını saxlayan kimi "Əsli və Kərəm" hekayəsi də Üzeyirbəyin operasında əsil mənasını itirməmiş. Əlbəttə, öylə də gərək olsun, elin inşası elin güzgüsüdür. Bir elin - qövmün ruhunu, fikrini, bütün əqidəsini onun inşasından bilmək olar. Böylə isə "Əsli və Kərəm"də əsil mətləbi aramalıyız. Türk-tatar qövmü-eli. "Əsli və Kərəm"in dilləri ilə nə demək istəyir? Həqiqi, təmiz məhəbbət nə olmağını istəyir bildirsin: həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pula satmaq olmaz. Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadən ayırmaz. Həqiqəti, təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fikirlər bəsləməz... Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatarsa, ideala çatan kimidir. İdeala çatarsa, ideal ideallığından çıxar...

Kərəm başında qara, çirkin fikirlər bəsləsə idi, Əsli ilə yaşamaq istərdi, fəqət yaşamadı, öldü... Və ölməyinə də səbəb Əslinin min cövr və cəfadan sonra tapılmağı və sonra Kərəmə verilməyi oldu. Baxınız nə nazik bir mətləb! Nə gözəl və dərin bir fəlsəfə! Nə təmiz və müqəddəs bir əqidə! Türk-tatar qövmünün bu fəlsəfəsinə mürur ilə çox oxlar atıldı və atılmaqdadır. Fəqət qövm yaratdığı inşasını ölümə verməmiş və verməyəcəkdi də. Çünki qövm yaşayır və müqəda idealını arayır. Böylə bir müqəddəs idealı olan qövm ölməz. Çünki həqiqi, təmiz məhəbbət idi... Saflıq, səmimilik, mehribanlıq, mərdlik, comərdlik türk-tatar qövmünün tarixi sifətlərindəndir desək də yarar. Böylə bir sifətlərlə tərbiyə tapmış türk-tatar qövmü "Əsli və Kərəm" kimi nazik mətləbli, dərin fəlsəfəli el əsəri yaradar. Bu əsərlərdən qövmün istədiyini və fikrində bəslədiyini bilmək olar. Ona görə qövmün əsərlərinə girişən ehtiyatı əldən buraxmasın gərəkdir. Qövmün fikrini, qanacağını sözlərdən mətləblərdən bilmək olursa, el düzəldən mahnıların havacatından da onun ruhuna dair çox şeylər bilmək olar...

Şəksiz səhnə şərtləri bir neçə şey artırmağa və əksiltməyə yol verir. Fəqət öylə bir təğyir vermək ki, təbii olsun. Məsələn: Türk paşası bayraq verir ki, Kərəmi gətirsinlər, gətirirlər də. Paşa keşişin və Kərəmin işlərinə baxıb keşişə höküm verir ki, qızını Kərəmə versin. Demək ki, bu otaq məhkəmə otağı imiş. Bununla belə, bir az ondan müqəddəm haman otaqda paşa qızlar ilə eyş-işrətə məşğul idi. Hətta qızlar oynayıb paşaya ləzzət verirdilər.

Doğrudan-doğrusu bilmək olmazdı ki, bu otaq paşanın hərəmxanasımı, yainki məhkəmə otağımı? Hərəmxana isə əcəba paşa qulluğuna dair işlərə nə üçün hərəmxanada baxır. Baxıb da küçə xalqını arvadlar olan otağa doldurur. Yox, bu otaq idarə isə qızların burada bel sındırmaqları nə münasibət ilə? Mən bilməyirəm bəlkə o vaxtlar türk paşaları hərəmxana ilə idarəni bir edibmişlər... Hər halda bu böyük bir istehzadır...

Artistlərin oyununa gəldikdə, biz yenə də sözümüzün üstündə davam edib deyiriz:

Madam ki, elmli artistlərimiz yoxdur, həm dramamız və həm operamız axsayacaqdır. Fəqət bu səfərlik artistlərimiz "Əsli və Kərəm"i pis oynamadılar. Yəni şarjdan çəkindilər.

Cənab Sarabski (indi, şükür Allaha, Sarablı) Kərəm rolunda əvvəlinci dəfə oynamayır. Bununla belə, hələ Kərəmi layiqincə yarada bilməyir.

Mən istərdim cənab Sarablı Kərəm rolunda əvvəlinci pərdədən ta sonra kimi şəklini çəkdirə idi. Onda özü görərdi ki, üzünün mütləq ürəyində olan dərdindən xəbəri yoxdur:

Əvvəlinci pərdədən ta axıra kimi üzü eynən bir maskaya bənzəyirdi. Artist mimika ilə üzünün təğyir tapmağı ilə ürəyindəkini bildirsin gərəkdir...

Cənab Sarablı tamam fikrini musiqiyə verib uyuyarkən müqabilində durub onunla danışanlara da məhəl qoymayır. Lüzumsuz hər dəfə camaata baxmaq yaramır. Cənab Sarablının dəhşətli ölümünə , mən elmi nöqteyı-nəzəri ilə baxdıqda bu vaxtadək ölməyinə nə səbəb olduğunu bilməyirəm...

Cənab Ağdamski də (nə vaxt Ağdamlı olacaqdır?) Sarablı düşən dərdə mübtəla olubdur. Bu da səhnə yoldaşlarını görməyə gözü yoxdur.

Cənab Mirzə Muxtar müsiqidə ustaddır. Fəqət Sarablı sərv ağacı ilə yanıqlı danışdıqda nə üçün Mirzə Muxtar sərv ağacı kimi dayanmışdı?..

Terequlov keşiş rolunu yaxşı oynayır. Fəqət qapısında oğru Kərəmi görüb layiqincə hay-haray salmadı. Ona görə sonradan əllərində fanarlar ilə gələnlər böylə göründü ki, guya keşişə qonaq gəlirlər.

Cənab Bağdadbəyov şeyx Nuranı olduqda oxuyarkən əlini qaldırmaq yerində idi. Fəqət sonra qeyri bir rolda əlini yersiz qaldırır idi.Cənab Cəfərov sofini pis oynamadı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info