Qonaq Kitabı
"ARŞIN MAL ALAN" VƏ OPERETTALARIMIZ

 

(“Arşın mal alan” və “operettalarımız” məqaləsi “Yeni iqbal” qəzetinin 16 mart 1916-cı il tarixli 257-ci nömrəsinin 3-cü səhifəsində “Doktor N.Nərimanlı” imzası ilə dərc edilmişdir). 

 

Operettalarımızdan axır vaxt ən şöhrət tapmışı "Arşın mal alan" martın 11-də mövqei-tamaşaya qoyuldu. Məzkur operettanı mən əvvəlinci dəfə görüb dərin-dərin fikirlərə getdim. İyirmi il bundan müqəddəm zor ilə, yalvarmaq ilə teatroya gəlməyən müsəlmanlar indi teatra iki-üç gün qalmış biletlər gəzirlər, birə-iki qiymət verib bilet alırlar, ətraf kəndlərdən teatro xatirəsi üçün gəlib qəsdinlərdə qalırlar. Bir çoxu bilet tapmayıb qəmgin evə qayıdır. Müsəlman səhnəsi guya tərəqqi yoluna düşübdür. Parter dolu, qalorka dolu, lojalar dolu, müsəlman xanımlarına məxsus lojalar da dolu!.. Hamı bir ağızdan "bravo" çığırırlar, bir ağızdan gülürlər... Şadü xürrəm evlərinə qayıdırlar... Fəqət bu operettalar təsirsiz, əlbəttə, qalmayır. Qalorka adamlarına səhnədə vurulan bir çırtıq da kifayətdir. Artistlərimiz bunu başa düşüblər, çətinə düşəndə qalorkaya pənah aparırlar, onlardan imdad gözləyirlər... Fəqət bu yazıq pərdə altına alınmış xanımlar!.. Bunlar teatra taza ayaq açmışlar, bunlar pərdə altında yaşayıb teatra da pərdə altından tamaşa edirlər... Bunlarda tənqid əqli hala oyanmamış. Bunlar təmiz ürək ilə teatra gəlib yoldaşları kişilərdən bir şey öyrənmək istəyirlər. Heç olmaz isə bu xanımların hala pozulmamış əxlaqlarını nəzərdə tutub müəlliflərimiz qələmlərini bir az saxlasalar və artistlərimiz "qarın tansından" əl çəksələr yaman olmazdı...

Doğrusu, gördüyüm operettalardan "Arşın mal alan" mənə xoş gəldi. Həm musiqi, həm məna cəhətdən bu operetta gördüyüm "O olmasın, bu olsun " və ya keçən həftə mövqeyi tamaşaya qoyulmuş "Əlli yaşında cavan" operettalarından yaxşıdır. "O olmasın bu olsun"a kukolni komediya desək də yarar. Uşaqlar  gəlin-gəlin oynayan kimi yekəbığlı, saqqallı kişilər də səhnədə atılıb düşürlər və yekəbığlı, saqqallı kişilər də onlara "bravo-bravo" deyib çırtıq çalırlar... Genə heç olmasa "O olmasın, bu olsun"da cənabi-hammal camaatı böyük bir feyzə çatdırdı. Qız əvəzinə oğlan gəlin gətirib "şəyatinlər tansı"nı xalqa göstərdi. "Əlli yaşında cavan" isə heç bir şey göstərə bilmədi. İki "kablayı", "qulluqçularına qonaq" getmək üçün arvad uşaqlı bir evə yığıldılar, çox fikirləşdilər, tər tokdülər, fısıldaşdılar, amma axırı bir şey çıxmadı...

Yox! "Arşın mal alan" operettası bunlara bənzəmir. Bunda bir ideya var desək də yarar. Nədir o ideya? - Qızı görməmiş qızı almaq olmaz. Cənabi Əsgər bəyin fəlsəfəsi ilə arvad mal kimi bir şeydir. Malı görüb almaq kimi qızı da gərəkdir əvəl görəsən, sonra alasan. Demə ki, Əsgər bəyin fəlsəfəsi ilə arvad almaq üçün bir sifətini görmək tamamdır. Şəksiz bu bir tipdir. Əqilləri gözlərində olan adamların tipidir.

Xainürəkli, acıdil, əxlaqi pozğun, əqli naqis bir qız olsa da orasına diqqət edilməyib surətən xoş gəlirsə tamamdır. Demək ki, qızı görməkdən maqsud ancaq onun üzü idi və qızlarımız ərə gedəndə "arşın mal alanlar"ın ancaq gözlərinə, qaşlarına diqqət etməlidirlər. Şəksiz, böylə bir ideyani yeritmək ancaq opetta meydanında olar. Bunsuz operettalığından çıxıb opera olar. Yəni təbiətə müvafiq olub, insanın ruhuna və əqlinə yem verirkən onu qeyri bir aləmə dəvət edər. Öylə isə, yəni təbiətdən kənar bir meydanda dövr etmək istəriksə və tipləri qondurmaq fikrində olarıqsa, axıradək bu pillələri düşmək lazımdır. Məsələn: Üçüncü pərdədə Asya Gülçohrənin pərişan bir halda olmağını görüb də səbəbini bilmək istəyir, axırda Gülçöhrənin bir adama aşiq olduğunu anlayır. Fəqət Asyanın sözü ilə Gülçöhrə bir "arşın mal alan"dan başqa bir kimsəni görməyibdır. Görünür ki, Soltan bəy qızını çadra altında çürüdürmüş, yəni Gülçöhrə qədim müsəlman külfətinə məxsus tərbiyədə yaşayıb dilsiz-ağızsız bir qız idi. Əcəba, necə ola bilər ki, böylə bir tərbiyə tapmış bir müsəlman qızı əvvəlinci görüşdə küçədə gedən bir "arşın mal alan"a birdən-birə deyə "gəl məni al". Hələ utanmaz-utanmaz ayrılan vaxt deyir də: "Sözümüz-sözdür ha!" Cənab müəllif mülkədar Soltan bəyin evindəki tərbiyənin cilovunu başdan bir az boş etsə idi, Gülçöhrənin o hərəkəti də birdən-birə gözə çarpmazdı. Haman bu külfətdə tərbiyə tapmış Asya Süleymanın qabağına yüyürüb özünü göstərir və məhəbbət bağlayır. Görünür ki, doğrudan da Soltan bəyin külfəti tərbiyə cəhətincə bir az axsayırmış, yoxsa böylə şey olarmı? Əsgər bəyin nökəri əvvəlinci dəfə Soltan bəygilə gəlib "Süleyman bəy buradadırmı?" sözlərindən sonra başlayır zalda qulluqçu ilə çırtıq çalıb oynamağa...

Zatən operettaya məxsus bir yüngüllük gərəkdir olsun, fəqət təbiətdən kənar olmaq operettanın şərtlərindən deyildir, zənn edirəm. Kim bilir, bəlkə on və ya iyirmi il bundan sonra bizim qızların da əxlaqları pozulub hər bir "arşın mal alan"nın boynuna asılacaqdılar. Fəqət nə üçün indidən səhnə vasitəsi ilə böylə şeyləri dərs veririz? Qeyri millətlərin operettalarında böylə şeylər görünür isə, təbiidir. Onlarda bu əhvalatlar olubdur, aşıb-daşıbdır. Bundan sonra əhli-qələm bu əhvalatdan özləri üçün mövzu, tema və tiplər götürüb meydana gətiriblər və məqsədləri camaatın əxlaqını düzəltmək olubdur: Bizim operettalar bu pozğunluğu yol göstərirlər. Demək ki, başqalar hazır tipləri meydana gətirməkdə ikən biz özümüz gələcək üçüm tiplər düzəldirik...

... Mən doğrusu, opera və operettaya düşmən olanlardan deyiləm. Hətta keçən məqalələrimin birində bir çox adamlara cavab olaraq yazmışdım: Opera və ya operetta heç bir vaxt dramanın ölməyinə səbəb olmaz. Dramanın ölməyinə səbəb artistlərimizin elmsizliyi olacaqdır... Bu nöqteyi-nəzər ilə səhnəmizə baxılır isə demək olur ki, opera və operettalarımız daha artıq tərəqqi edəcəklər. Çünki Uzeyirbəy cənabları oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana gətirəcəkdir. Hər halda qeyr əsərlərə nisbət hal-hazırda Uzeyirbəyin əsərləri böyük ümüd yolu açır, bu yolda Üzeyirbəyin daha artıq tərəqqi etməyini qəlbdən isləyiriz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info