Qonaq Kitabı
Allah, Allah den, ğazilər deyən şah mənəm

 

Allah, Allah den, ğazilər deyən şah mənəm.

Qarşu gəlün, səcdə qılun, ğazilər deyən şah mənəm.

 

Uçmaqda tutin quşuyam, ağır ləşgərlər başıyam,

Mən sufilər yoldaşıyam, ğazilər deyən şah mənəm.

 

Nerdə əkərsən bitərəm, xanda çağırsan, yetərəm,

Sufilər əlin dutaram, ğazilər deyən şah mənəm.

 

Mənsur ilə darda idim, Xəlil ilə narda idim,

Musa ilə Turda idim, ğazilər deyən şah mənəm.

 

Əsir edin, bəri gəlün, novruz edin, şaha yetün,

Hey ğazilər, səcdə qılun, ğazilər deyən şah mənəm.

 

Qırmızı taclu, boz atlu, ağır bir ləşkər nisbətlü

Yusif peyğəmbər sifətlü, ğazilər deyən şah mənəm.

 

Xətayiyəm al atluyam, sözü şəkərdən datluyam,

Murtəza Əli zatluyam, ğazilər deyən şah mənəm.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info