Qonaq Kitabı
İDİLBOYU TATARI

 

(“İdil boyu tatarı” məqaləsi “Yeni iqbal” qəzetinin 26 fevral 1916-cı il tarixli 243-cü nömrəsinin 2-3-cü səhifələrdə “Doktor N.Nərimanlı” imzası ilə dərc edilmişdir. Məqalənin sonunda qəzetin redaksiyası belə bir qeyd vermişdir: “Doktor Narimanlı cənabları bir çox illər tatarlar arasında qalıb onların məişəti və milli əhval və həyatını yerində öyrənmişlərdir”). 

 

Keçən günlər, ümumrusiyada yaşayan müsəlmanların mühüm bir milli bayramları qafqazlılar üçün səssiz-səmirsiz keçdi. İdil boyu yaşayan tatar qardaşlarımız tatar mətbuatının onillik bayramını yapdılar. Fəqət böylə bir əziz milli bayram nədənsə səssiz, gurultusuz keçdi... Bir tərəfdən buna əfsus edirik, çünki mətbuatın onillik bayramını bütün Rusiyada yaşayan müsəlmanlar layiqincə bayram etmədilər. Yəni bu ümum müsəlmanların bayramı olduğu halda, hamı bir qüvvətdə onu hiss etmədi, böylə bayramlara bir neçə ay müqəddəm hazırlaşmaq gərəkdir, müəyyən bir yer, müəyyən bir vaxt təyin etmək lazımdır.

Doğrudur, on il ömür mətbuatımızın həyatında uzun bir ömür deyilsə də, bununla belə yüz illərlə lal yaşamış bir millətin on ildə açılmış dilinin meyvəsini görmək və hiss etmək lazımdır...

Digər tərəfdən, tatarların gurultusuz bayram etməklərinə mən təəccüb etmirəm və tatarlara yaraşan bir hərəkətdir; bunlar çığırmaq, bağırmaq sevmirlər, bunlar İdilboyu yaşayıb da, guya İdildən tərbiyə almışlar! Bir baxınız, diqqət ediniz İdil çayına! İdil həqiqətdə axırsa da "Gur" çayı kimi qıjıldamıyır, guruldamıyır, köpüklənməyir, səssiz, səmirsiz böyük, geniş, mülayim, gözəl, məğrur İdil, müdam hərəkətdə bulunur, bu mülayim, səssiz İdil milyonlarca insanlara həyat verməkdə ikən böyük bir dəryanın ən böyük gərəkli bir damarı da hesab olunmaqdadır.

İştə, tatarlar da bu onillik ərzində müdam hərəkətdə bulunub səssiz-səmirsiz milyonlara mənəvi bir həyat verməkdə olub, bütün Rusiya islamlarını böyük istiqbalı işıqlı bir hissəsi və hisli bir damları hesabındadırlar.

İdil həmvar, mülayimdir, yavaş-yavaş axıb da geniş sinəsini hamı üçün açıbdır.

Ah! Bu tatar millətinin sinəsini bilirsinizmi? Paroxod İdilin sinəsini yarıb gedirkən özündən sonra bir iz qoyurmu?

Tatar sinəsinə çox millər uzandı. İlminskilər bu sinəni yarmaq istədilər, bu sinəyə çoxlu oxlar vurdular, fəqət İdilin sinəsi müdam həmvar qalarkən bir yol tutub həzin-həzin axan kimi, tatar sinəsi də yüz illərlə dəhşətli sədəmələrə davam edib təqyir tapmamış. İdil gözəldir! İdil nə gözəllikdə bir çay olmağını görmək istəyirsiniz isə İdil boyu səyahət ediniz, İdilə Jiquli dağlarından baxınız. Ah! Nə gözəl mənzərə! Tatar millətini bilmək üçün tatarlar arasında yaşamaq gərəkdir, bunlara yavuq gediniz; Ruhlarını oxuyub anlayınız, düşününüz, tarixi nəğmələrini eşidiniz; o vaxt tatar nə gözəl bir millət olduğunu hiss edərsiniz! Doğruluq insanda gözəl sifət isə bu gözəl sifəti tatarlarda görərsiniz. Öz arasında yaşayıb tərbiyə tapmış tatar, yalan bilməz desək də yarar...

İdil məğrurdur, milyonlarca insanlara yem verib bəsləyir, qabağında heç bir şey davam etmiyir: Aşıb-daşır, tutduğu bir yol ilə gedir...

İlminskilərin, pobedinosovların zəhərli oxlarına yüz illər ilə davam edib də milliyyətlərini bu vaxtadək mühafizə edən tatar milləti məğrur olmasınmı? Yoxsa deyəcəksiniz: milliyyətlərini mühafizə edib də tərəqqi yolundan uzaq düşdülər, yox! Min dəfə yox! 20 qraduslu soyuq qışda İdil kənarına gedərsiniz isə böyük, geniş İdili görməzsiniz: bütün İdil (Volqa) qalın buzlu buxov ilə saxlanıb, üzəri (üstü) qalın, yumşaq qar ilə örtulür: İdil nə olduğunu bilməyən bir şəxs böylə bir vəqtdə İdilin böyük, geniş bir çay olduğunu da bilməyəcəkdir.

Fəqət qış gedər, tamam dünyaya can verən yaz gələr. İdil tamam gözəlliyi ilə buzlu qarın bərk buxovundan xilas olub qarın altından çıxar və genə də məğrur hər tərəfinə baxar, baxıb da daimi girdarını bildirər.

Öylə də tatarların həyatı: 1905-ci ilədək tatar milləti İlminskilərin buxovlarında saxlanıb qar əvəzinə üstlərinə ağ kəfən çəkilmişdi. Tatarların girdarı-bədani, ruhi-hissiyyatı bütün həyatı bu kəfən altında həzin-həzin nəfəs alırdı. Zahirdə İdil qış fəsli müvəqqəti, cansız hərəkətsiz, mənasız nəzərə gələn kimi tatar milləti də mənasız bir həyat sürməkdə bulunurdular. İdil öz baharını gözləyən kimi tatar milləti də kəndi "bahar"ını gözləyirdi.

1905-ci ildə "bahar" gəldi... İlminskilərin qələmləri sındı; ağızları yumuldu; illərlə bəslədikləri acı, zəhərli, vicdansız fikirləri məhv oldu. Tatar buxovundan bir az xilas olub kim və nə olduğunu göstərdi və göstərir; tatar tərəqqidən qaçmayırdı. Fəqət tatarlıq məhv olmağından qaçırdı...

Tatar yaşamaq istəyirdi, ölmək istəmirdi; tatar tufayuqlarını meydana gətirməyə çalışırdı...

Əcəba, tatarların Rusiyaya gəlməkləri Rusiyanın tərəqqisinə mane olduğu iddia edilirsə[i], bu yüz illərdə Rusiya tatarlara hankı bir tərəqqi yolunu göstərdi? Bir millətin milliyyətini, hüququnu məhdud etmək, ata-babasını unutdurmaq; bütün həyatını yüz illərlə "qar" altında saxlamaq tərəqqi yolumu?

Yox, tatar, tərəqqidən qaçmayır! Tatarın beyni yüz illərlə qaplanıb qalıbda, hissli ürəyi daim döyünməkdədir, hüquqi payimal olmuşsa da, istiqbalı səadətdədir.

Budur, hazır gözəçarpan bir həqiqət! Zaqafqaz müsəlmanları 20 il bundan müqəddəm "tərəqqi" yolunu qəbul ediblərsə də, indi tatarlardan geri qalmaqlarını da anlayır və düşünürlər...



 

[i] Keçənlərdə Bakıda leksiya oxuyan bir nəfər Rusiyanın mədəniyyətcə geridə qalmasına olan səbəblər cümləsindən biri olaraq belə bir iddiada bulunmuşdu. “İqbal”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info