Qonaq Kitabı
ƏNUŞİRƏVANİ ADİL

 

(“Ənuşirəvani Adil” məqaləsi “Yeni iqbal” qəzetinin 31 yanvar 1916-cı il tarixli 221-ci nömrəsinin 3-cü səhifəsində “Doktor N.Nərimanlı” imzası ilə dərc edilmişdir. Məqalənin sonunda “Bitmədi” yazılmışdır, lakin nədənsə, ardı çap olunmamışdır). 

 

Çümə günü yanvarın 28-də Tağıyevin teatrında "Nicat" cəmiyyəti tərəfindən cənabi Mirzə Əbdürrəsul Şərifzadənin 5 pərdəli "Ənuşirəvani Adil" əsəri mövqei-tamaşaya qoyuldu.

Doğrusu, cənab Şərifzadənin bu pyesi yazmaqdan məqsudu nə olmağını düşünəmmədik, "Ənuşirəvani Adil" namında bir pyesdən nə gözləmək olar? Ənuşirəvanlar çox gəlib-gediblər, indi də var, dövran sürürlər. Fəqət Ənuşirəvani Adil isə tək bir şəxs, tarixi bir vücud olubdur. Əlbəttə, bu tarixi bir vücud qeyrilərinə bənzəsəydi, "Adil" ləqəbini almazdı və Şərifzadə cənabları də zəhmət çəkib bu pyesanı yazmadı. Ənuşirəvana tarix nə üçün "Adil" ləqəbini verir?

Görükür, Ənuşirəvan öz zəmanəsində doğrudan da adil bir padşah imiş. Yəni, ədalət sahibi imiş, əqli icra edən imiş. Böylə isə bu ədalət sahibinin əqlinə, fikrinə, ruhuna, hərəkətinə fikir verməliyiz və bu müqəddəm ali sifət ilə sifətlənmiş vücudda ədalətin nişanələrini, səmərəsini tapmalıyız.

Doğrusu, cənab Şərifzadənin Ənuşirəvanında ədalətin nişanələrini tapmaq üçün kəndi əqidəmizi bir saatlığa kənar etməliyiz. Şirvanzadənin Ənuşirəvanı təxtə çıxan günü üzünü bütlərinə tutub "mənim ürəyimə rəhm salınız" deyib də sonra vəzirlərə buyuruq verir: Mənim padşahlığımda Məzdəki məzhəbi yox olsun gərəkdir.

Bunun cavabında vəzirlərdən biri "sənin atan bu işi etməyibdir, sən də hələ etmə" deyir. Bundan görünür ki, Ənuşirəvanın atası özündən adil imiş. Ənuşirəvani Adil peyğəmbərlik iddiası etsəydi, öz dinindən başqa qeyri dinlərin puç olmağını istəməsi təbiidir. Fəqət padşah olub da öz dinindən başqa qeyri dinlərin puç olmasını istəmək adil bir padşaha yaraşarmı?

Böylə zənn ediriz, cənab Şərifzadə bu mətləbi yaxşı düşünsə idi və bilsə idi ki, "ağacın iki başı var" bu yerdə qələmini saxlayıb da ətrafına baxardı və ağacın bir ucunu da öz başında hiss edərdi...

Teatr camaat üçün bir məktəb olmağını bir kərə düşünmək gərəkdir. İndi biz bu məktəbdə dərs verib də deyiriz:

"Adil padşad məmləkətində öz dinindən başqa qeyri-dinlərin intişar tampağına nəinki mane gərəkdir olsun və hətta haman dinlərə rəvac verənlərin puç olmaqlarına çalışsın".

Böylə bir lozunqu - əqidəni teatrdan söyləmək və böylə bir hərəkəti, sifəti vəsf etmək ədalət nə olmağını düşünməməkdir.

Nə üçün Şərifzadənin Ənuşirəvanı Məzdəki dinini puç etmək istəyir?

Ondan ötrü ki, bu məzhəb hürr yaşamağı təklif edir. Fəqət necə hürr yaşamaq? Cənab müəllif məlumat verməyir və verə də bilməz. Ondan ötrü ki, hürr nə olduğunu müəllif özü düşünməmiş, daha doğrusu, məzdəki dini nə olmağını öyrənməmişdir. Pyesadan məlum olur ki, Ənuşirəvanın vaxtında bu din artıq dərəcədə intişar tapmış imiş, hətta padşahın müqərrib adamları və vəzirlərdən bir neçəsi bu məzhəbin yolunda canlarından keçməyə hazır imişlər. Böylə olan surətdə məzdəki dini "heyvanlar kimi yaşamaq və istədiyin arvadlar ilə əlaqə etmək" kimi qanunlardan ibarətdir, deyib keçmək böyük səhvdir.

Əcəba, azadlıq və hürriyyət aləminə dəvət edən dinin müqabilinə "adil" padşah hankı bir dini çıxarır? Dəmirdən, ağacdan, torpaqdan qayrılmış bütləri, daha doğrusu atəşi! Adil padşah dinini təklif edər: Yəni missionerlərin, məktəblərin vasitəsilə dinınin intişarına çalışar, yox! Şərifzadənin Ənuşirəvanında "ədalət" bir payədə aşıb-daşıbdır ki, məzdəki dinini meydana gətirən qoca məzdəki həbs etdirib boynunu vurdurur?! Bilməyirəm, bəlkə də tarixdə böylədir. Böylə isə Ənuşirəvana adil ləqəbi verən yazıçılar doğrudan-doğrusu, zülm və ədalət nə olmağını düşünməyiblər. Əqidə, məslək yolunda mürşidlər can veriblər, fəqət bu canları alanlar adil ləqəbinə də layiq olmayıblar...

Cənab Şərifzadə buna da kifayət etməyib, Ənuşirəvanın daha bir "ədalətini" göstərməyə çalışır. Ənuşirəvanın vəzirlərindən biri Zərdan padşahı öldürmək istəyib təamma ağu tökür. Həmişə qayda üzrə padşahın təamını iki adam dadıb sonra padşaha verərmişlər.

Bu vəzifə də padşahın ən müqərrib vəzirinin - Behbudun iki oğluna mühəvvəl olunubmuş. Behbudun oğlanları ağulanmış təamı yeyib də ölürlər.

Müqəssiri axtararkən Zərdan vəzir Behbudu göstərir. Ənuşirəvan Zərdanın sözlərinə inanıb Behbudun qətlinə hökm verir. Behbud "işin aqibəti aşkar olar, peşman olarsan" deyib padşahın əmrinə boyun qoyur. Hələ Behbudun qanı axa-axa iş aşkar olur. Behbudun nahaq yerə ölməyi və Zərdanın müqəssir olmağı məlum olur və genə haman Zərdanın ölməyinə padşah tərəfindən əmr olunur".

Handa bir zalım padşah olursa-olsun, işi təhqiq etməmiş ən müqərrıb, ən sədaqət ilə qulluq edən bir vəziri boş söz ilə öldürtməz.

Tutalım ki, Ənuşirəvanın "ədaləti" genə aşıb-daşıbmış, əcəba nə üçün əqlini itirmişdi? Təamdan qabaqça ölənlər Behbudun oğlanları idi.

Nə üçün bu əhvalat Ənuşirəvanı heç olmaz isə bir neçə saat etdiyi zülmdən saxlamırdı... Böylə bir əqil məntiq sahibindən ədalət gözləmək olarmı? Zatən ədalət olmuş olsa da, pərdənin o tərəfində qalır, camaat isə bu ədaləti görməyir, düşünməyir, hiss etməyir. Daha doğrusu, cənab Şərifzadə qəhrəmanı Ənuşirəvana zalım ləqəbi versə idi və məzhəb sahibi məzdəkinə "yalançı pəhləvan" adı qoysa idi, daha doğrusu, daha gözəl olardı.

Məzdək əqidə, məslək uğrunda cövrü-cəfa çəkmiş bir qoca padşah hüzuruna əsir gətirilir. Padşah deyir: "Sən dinindən əl çək, yoxsa öləcəksən". Heyhat! Belə bir dünyagörmüş, əqidəsi yolunda can verən sözsüz də bu dünyanı tərk edərmi? Ondan atəşli bir niqt gözlənirdi. Əqil çaşdıran dəlillər meydanı idi! Məzdək bilirdi ki, daha bir də dirilib məzhəbini intişar edə bilməyəcəkdir! Nə üçün böylə bir məqamı buraxdı?! Buraxıb da özünü yalançı pəhləvan yerində qoydu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info