Qonaq Kitabı
Ta ki, gördüm mən səni, aləmdə heyran olmuşam

 

Ta ki, gördüm mən səni, aləmdə heyran olmuşam,

Naləvü əfğan edərmən, didə giryan olmuşam.

 

Ta fəraqından könül məcruh olubdur hər zaman,

Dəmbədəm dər naləvü fəryadü əfğan olmuşam.

 

Gül yüzün övsafini ta kim eşitdim, ey pəri,

Hüsninin bağında bir mürği-gülüstan olmuşam.

 

Necə cəm olsun bu könlüm sənsiz, ey arami-can

Kim, səri-zülfin kimi ğəmdən pərişan olmuşam.

 

Ta dodağın cürəsindən qılmışam bir qətrə nuş,

Xızr tək sirabi-nuşi-abi-heyvan olmuşam.

 

Ey əzizim, firqətindən çıxmazam ğəmxanədən,

Sən təki Yusifdən ayru piri-Kənan olmuşam.

 

Bu Xətayi ta hilali-qaşların gördü sənin,

Şol mübarək tələtin eydinə qurban olmuşam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info