Qonaq Kitabı
Gözləri meyxanədir, meyxanəyə göndərmişəm

 

Gözləri meyxanədir, meyxanəyə göndərmişəm,

Ləbləri peymanədir, peymanəyə göndərmişəm.

 

Dilbərin ağzı sədəfdir dedilər, hey dilbəra,

Dişləri dürdanədir, dürdanəyə göndərmişəm.

 

Gözləri fəttanədir, saxla özün fəttanədən,

Ol xədəngi qəmzəni fəttanəyə göndərmişəm.

 

Canımın cananəsidir şol nigarın ğəmzəsi,

Canıma nuş eylədim, cananəyə göndərmişəm.

 

Yandırır gör dəmbədəm eşq odilən dilxəstəni,

Nuri-vahiddir bu gün, pərvanəyə göndərmişəm.

 

Bu Xətayi söylədi: – Zülmat içindədir yəqin,

Yar mana həmxanədir, həmxanəyə göndərmişəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info