Qonaq Kitabı

 

(“Dərdlərimizin əlacı” silsilə məqaləsi “Yeni iqbal” qəzetinin 5, 20, 21 yanvar 1916-cı il tarixli 199, 212 və 213-cü nömrələrində 2-3-cü səhifələrdə “Doktor N.Nərimanlı” imzası ilə dərc edilmişdir. Qəzetin redaksiyası belə bir qeyd yazmışdır: “Doktor cənablarının bu məqaləsini çap edib də bir para fikirlərin tərəfimizdən mübahisələrə səbəb olacağını da əlavə edirik”). 

 

Axır vaxt qəzetələrimizdə milli ehtiyaclarımız barəsində bəhs olunmaqdadır. Müzakirəyə qoyulmuş məsələlərdə diqqət olunar isə 1915-ci ildən bəri meydana atılmış məsələləri görüb də deyəcəksiniz: əcəba, daha bir qeyri məsələ yoxdur? Doğrudan da, indi müzakirəyə qoyulmuş məsələlər çoxdan çeynənilmiş məsələlərdir. Fəqət nə üçün bir yeri toplayıb durmuşuq? Zahirimizə baxırsınız, guya tərəqqi yolunu tutub gedirik, batinimizə diqqət olunar isə hərəkətimiz xərçəng hərəkətinə bənzəyir. Məsələn, qəzetələrimiz göbələk kimi bitməklə ikən yazılarımızın təsiri çox az gorünür. Maarif cəmiyyətlərimizin ədədi artmaqda ikən haman cəmiyyətlərin ruhlarına əl uzadacaq oluruqsa, pərişan bir halda yaşamaqlarını görərik.

Milli məktəblərimiz günbəgün artmaqda, ziyalı oxumuşlarımız da həmçinin: fəqət yenə də dad, fəryad edirik; qəzetələrimızi oxuyan az; intelligentlərimiz mılli işlərdən kənar gəzirlər, deyib də bar-bar bağırırıq. Bu bağırtılar bu gurultular da təbiidir. Çünki doğrudan da görürük ki, işlərimizdən meydana bir şey çıxmayır.

Mühərrirlərimizdən bir parası işlərimizin böylə pərişan bir halda olmağını cürbəcür səbəblərdən asılı görürlər: camaatımız hələ qaranlıqdadır. Oxumuşlarımız, iş bilənlərimiz camaat işlərindən qaçırlar, balalarımız lazımınca tərbiyə almayırlar... Bu səbəblər düz, fəqət bu səbəbləri kənar etmək üçün nə lazım? Hərgah desəniz elm, bəs elm oxumuş, iş bilənlərimizin milli işlərdə soyuqluğa nə çarə? Deyəcəksiniz bu müvəqqəti bir şeydir. Gələcəkdə lazım olan tərbiyə verilərsə, oxumuşlarımız milli işlərdən qaçmazlar.

Böylə olan surətdə gələcəkdə və ya indi tərbiyə verənlər üçün bir yol göstərmək lazımmı? Lazımsa hankı yol ilə getməliyiz, hankı nöqtəyə, hankı ideala yeriş etməliyik. Həmən vaxt hankı bir məsləkdə olmalıyıq?

Ümum müsəlmanlar üçün müqəddəs bir məslək həqiqəti-islam nə olmağını bilməkdir. Müdam tərəqqi, müdam gərdişilə mübarizə və haman mübarizənin vasitəsilə tapılmış gizlin xəzinələri insanlar üçün meydana gətirmək, yəni insaniyyətə xidmət-bundan ali və müqəddəs bir məslək, bundan artıq qüvvətli bir nicat yolu olmaz. Fəqət bir dinə qulluq edən bir çox tayfaların özlərinə məxsus məsləkləri ola bilər. Çünki din bir tayfaları bir nötqədə birləşdirərsə, hər bir tayfaya məxsus bir çox adətlər haman tayfaları bir-birindən ayırar. Ona binaən hər bir tayfa və millətin məxsusi bir məslək, bir ideal dalınca yeriş etməyi də təbiidir.

Fəqət bir millətə məxsus məslək ümum ideal üçün bir yoldur. Məsələn, ümum ideala çatmaq üçün, yəni insaniyyətə xidmət etmək üçün, millətə lazımdır özünü tanıtsın. Bir millət özünü tanımaz isə, özü ilə qeyrisinin fərqini düşünməyə qadir olmaz isə xüsusi məsləkin dalınca yeriş edə bilməz. Bu yolda yeriş etməz isə ümum müqəddəs məslək nə olmağın da düşünməz.

İndi biz islama qulluq edən bir çox tayfalardan biriyik: məlum bir qanun altında yaşayıb, özümüzə türk deyib də xüsusi bir məslək dalınca getməliyikmi?

Getməliyik desəniz, özümüzü gərəkdir tanıyaq. Fəqət tanımaq üçün nə lazımdır?

Milli dil, milli məktəb, milli mətbuat və qeyri-qeyri şeylər deyilmi? Dil, məktəb, mətbuat dairələrində cüzi tərəqqi etmişik isə, 1905-ci il səbəb olubdur.

Əcəba! Bu on ilin ərzində bizə can verən, bizim yüz illər ilə paslanmış beynimizi pasdan təmizləyən, məhəbbət nə olmağını düşündürən, bizi insanlar çərgəsinə salan, hüququmuzu bildirən,ümum müqəddəs ideala yol açan, ilk səmərəsini nə tez unutduq. Bəli unutduq! Unutmasaydıq, indi hər başdan bir səs çıxmazdı. Qəzetələrimiz, ehtiyaclarımız barəsində yazıb bir-birinə bərəks təsəvvürlər meydana gətirməzdilər. İşlərimizin pərişan bir halda olmağını uydurma səbəblərdə görməzdilər. (...)

Sənə can, ruh verən, səni qaranlıqdan işıqlığa salan "yolu" məhv edərsənsə, özünü fövt edərsən.

Biz haman yolun dü, həmvar, baqi qalmağına gərəkdir çalışaq: tam səadətimiz bu yolda, istiqbalımızın xoşbəxtliyi onda. Əqlimizi, bədənimizi, ruhumuzu bu yolda işlətməliyik.

Bugünkü pərişan halda bulunmağımız, cəmiyyətlərimizin karsızlığı, seçkilərimizin gülünc vəqnələri, oxumuşlarımızın milli işlərdən qaçmaqları, mətbuatımızın, ədəbiyyatımızın dərinsizliyı, məktəblərimizin ruhsuzluğu, tərbiyənin acı meyvələri, bunların hamısının əlacı haman müqəddəs "yoldur". Bu yolda tərbiyə alırıqsa, həm özümüzü tanıyarıq və həm ümum müqəddəs məsləkə yavuqlaşarıq.

... Məsləkimizə müvafiq təsəvvürümüzü zəmanənin böylə bir vaxtında mümkün olduqca aşkar yazmışdıq... və fikrimizin xülasəsi də bu idi: bir millət özünü tapmayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır. Bu hürriyyət isə tamamilə olmasa da 1905-ci ildən cüzi verilibdir. Məsələn, 1905-ci ilədək Rusiyada 20 milyon müsəlmanın bir "tərcüman" qəzetəsi var idi. Demək də olmazdı ki, 20 milyon müsəlman tək bir balaca "Tərcüman" qəzetəsinə kifayət edir. Xeyr! Müsəlmanlardan qəzetə vermək fikrində çox adam var idi, fəqət izn vermirdilər. Qəzetəyə izn vermək məsələsi Petroqradda nazirdən asılı bir məsələ idi. Buradan da hamıya bir cavab gəlirdı: bəli, müsəlmanlar üçün, əlbəttə, qəzetə lazımdır. Fəqət ministrın gizlin sirkulyarına görə türk dilində qəzetəyə izn yoxdur deyirdilər. İndi isə, yəni 1905-ci ildən qəzetəyə izn almaq üçün Petroqrada və ministrə müraciət etmək lazım gəlmir. Qubernator və ya qradanaçalnik bu izni çox asanlıq ilə verirlər. Gözümüzün qabağında gündə bir qəzetə batır, biri çıxır.

1905-ci ilədək məktəblərdə ana dili yox idi, demək olar. Zatən gimnaziya və realnilərin proqramlarında ana dili heç yox idi. Ancaq şəriət dərsləri var idi. O da ki, Allaha pənah! İndisə, yəni 1905-ci ildən bəri nəinki şəriət və hətta ana dili bu məktəblərdə oxunur. Bu ilədək ana dilinə nəinki əhəmiyyət verilmirdi, hətta tarixi-müqəddəsi rus dilində keçmək təklif olunurdu. Bu təklifə görə də tarixi-müqəddəsi müsəlmanlardan rus dilinə tərcümə edənlər də tapıldı.

İndi isə böylə təklifləri eşitməzsiniz; 1905-ci ilədək müsəlmandan handa bir yaxşı müəllim olmuş olsa idi də, onun qulluğu nəinki hesaba alınmayırdı, hətta  gimnaziya və realnilərdə dərs verməyə bu müəllimlərin ixtiyarları yox idi. İndi isə bu müəllimlərin qulluqları nəinki hesab olunur, hətta müsəlmandan inspektorlarımız da vardır. Bu ilədək "Maarif cəmiyyəti" nə olmağını ancaq qeyrilərdə gorürdük. İndi isə müsəlman maarif cəmiyyətlərini hər şəhərdə görmək olar.

1905-ci ilədək camaat dərdlərini ancaq pristav və qubernatora deyə bilərdilər. İndi isə bütün millətin dərdləri ap-açıq dövlət dumasında müzakirəyə qoyulur. Daha bir çox məsələlər var ki, 1905-ci ildən sonra həyatımızın tərəqqi yoluna düşməyinə səbəb olubdur. Səbəb olub da özümüz tanımağa yol açıbdır. Özümüzü tanıdıqsa, hüququmuz nə olmağını düşünəcəyiz. Ona görə bu halın davamına və daha genişlənməsinə səy etmək lazımdır. Lakin nə yol ilə?

Məsələn: Bu gün Rusiyada dövlət Duması vardır.

Böylə olan surətdə çalışmaq ki, vəkillərimiz millətin dərdlərin bilən olsunlar və haman dərdlərə çarə nerədən olmağını düşünsünlər, yəni demək istəyiriz, bir vəkil ki, millətin dərdini düşündü, o həmən vaxt səsini bu yolda verəcəkdir. Bu yolda verərsə, bu yolda işləyən firqələrə kömək olub, onların istədiklərini keçirməyə səbəb olar...

Böylə vəkilləri nerədən tapmaq?

Əlbəttə, vəkil camaatdan seçilir. Böylə olan surətdə camaatın özündə müəyyən bir məslək, bir əqidə ilə haman camaatın vəkili də olmaz vaxt məsləksiz bir adam olar. Vəkilin müəyyən məsləki olmuş olsa da, böylə müəyyən məsləksiz camaatın vəkili lazımınca iş görə bilməz, tələb olmayanda lazımınca kirdar da və hətta hünər də olammaz. Bəs görünür, camaatdan başlamalıyız. Camaata müəyyən bir yol göstərməliyiz. Bu yolu kim gərək göstərsin? Biz cavab verib deyərdik: Mətbuat və "cəmiyyətlər".

Hər zamanda deyilmiş ki, mətbuat ikinci bir dövlət qüvvətindədir. İndi demək olmaz qəzetələrimizi oxumurlar. Mən iyirmi il bundan müqəddəm Amerika faytonçularının kuzlada oturub qəzetə oxumaqlarını kitablarımın birində təəccüb bir şey hesab edib yazmışam. Fəqət iki il bundan müqəddəm Hacıtərxanda olarkən müsəlman faytonçularını kuzlada qəzetə oxuyan gördüm! Deməli, qəzetələrimizi oxuyurlar, düşünürlər.

Fəqət bizim vəzifəmiz onlara müəyyən bir yol göstərmək və haman yolda tədriclə məlumatlar verib hazırlamaqdır.

Məsələn: rus qəzetələrındən "Russki vedomosti" qəzetəsi 53 ildir bir məslək dalınca gedib özü üçün müəyyən oxucular qazanmış. Bu oxucular haman qəzetədə bir məqalənin başını görüb də hankı nöqteyi-nəzər ilə məsələ müzakirəyə qoyulmağını məqaləni oxumamış bilirlər.

Bu qəzetə ilə yanbayan "Moskovski vedomosti" qəzetəsini gorürsünüz isə haman məsələni qeyri bir nöqteyi-nəzər ilə meydana gətirməyini bilirsiniz.

Bir qəzetənin müəyyən bir məsləki olursa, müəyyən də oxucusu olacaqdır. Müəyyən oxucu müəyyən bir qəzetə oxuyarsa, mürur ilə bu məsləkdə tərbiyə tapar, öyrəşər, sevər. Bir gün haman qəzetə olmaz isə bir şey itirmiş kimi özünü hiss edər.

İndi mətbuatımızda böylə bir müəyyən məslək varsa, əlbəttə, müəyyən oxucular da olacaqdır.

Bizə deyə bilərlər: böylə şeyləri hələ meydana gətirmək indi tezdir. Əlbəttə, gələcəkdə olacaqdır. Bunun cavabında biz də deyiriz: "Ay camaat, biz dalda qaldıq, elm dalınca gediniz" sözlərinin də vaxtı keçdi. Ona binaən lazımsa, indidən gərək başlamaq və elmə ehtiyacımız varsa, quru sözlər ilə dəvət etməmək, elmi meydana qoymaq, yəni demək istəyiriz.

"Elm dalınca gediniz" deməkdənsə, elmi oxutmaq lazımdır. Haman elm araya gələr isə xalqın beyni açılar, özünü tanıyar, özü ilə özgəyə fərq qoyar, həyat mübarizəsini düşünər və axırda bir məslək əqidə tutub gedər. Camaat elm nə olduğunu düşünərsə, onu sevər. Alim adamın qədrini bilər və bilib də ciddi-cəhd edər ki, camaat və cəmiyyətin işlərini adamlara tapşırsın!

Camaata elmi nə yol ilə oxutmaq?

Bir müəllim otuz, qırx uşağa elmi öyrədib onları bir yol ilə aparan kimi bir qəzetə də camaatın müəllimi yerində ona gərəkli məlumatlar verib bilmədiyi şeyləri öyrədə bilər. Qəzetənin dörddən bir hissəsinin elmi, fənni məqalələrə sərf edəriksə, camaata böyük xidmət göstərmiş olarıq.

Əlbəttə, bu yalnız bir qəzetənin işi deyil, bu yolda cəmiyyətlərimiz də gərəkdir ciddi surətdə işləsinlər, fəqət işləyirlərmi və hal-hazırda işləyə bilirlərmi!

Doğrudan-doğruya cəmiyyətlərimizdə get-gedə bu məsələnin meydana qoyulması, yəni gərəkli məlumatları camaat arasında bir "cəmiyyət" vasitəsilə intişar etmək ağır görünür.

Hamı cəmiyyətlərimizin gözəçarpan bir səhvi qara adamın rabitəsı olmamaqdadır.

Məlum, məşhur on-on beş adam ildən-ilə seçki düzəldib özlərini və öz adamlarını seçirlər. Qara adamın bu işlərdən xəbəri olmayir. Hətta elə "qocaqlar" vardır ki, seçki günü yüz manatdan keçib öz adamlarını üzv yazdırırlar. Özünü və istədiyi adamları keçirirlər. İşləyən olsa, yenə yaxşı, ya heç gəlmir, ya gəlirsə işlərdən başı çıxmır. Quru bir ad üçün və ya, doğrusu, sözünü keçirtməkdən ötrü tamam cəmiyyətə səhlənkarlıq edir.

Bu cəmiyyətlərə ehtiyacı olan qara adam üzvlük pulunu verəndən sonra daha bir il cəmiyyətin üzünü görməyir. Onunla ruhani rabitəsi olmayır, cəmiyyət hiss etdiyini hiss etməyir. Cəmiyyətin nə yolda işləməyindən xəbəri yox.

Doğrudan, hərgah cəmiyyətlər pul yığmaqdan və ianə verməkdən ötrü meydana gəlirlərsə, onda bu qədər cəmiyyətin bir şəhərdə olması əbəsdir. Bir cəmiyyət başına cəm olub da var qüvvətlərini bu yolda işlədirlər, pul cəm edib ianələrini verirlər. Zatən bu fikirdə olanlar da var: deyirlər bu cəmiyyətləri gərəkdir birləşdirmək. Böylə fikirdə olmaq da məsləksizlikdən olsa gərəkdir. Bu şəhərdə cəmiyyətlərin çoxalmağı təbiidir. Çünki hamı bir fikirdə olmaz, biri deyir: Millətə yardım etmək üçün cəmiyyəti-xeyriyyə lazımdır, yəni millətin yetimlərinə, korlarına, şillərinə kömək gərəkdir.

Bir qeyrisi deyir: Xeyr, bununla çox da iş görmək olmaz. Gərəkdir məktəblər açılsın, qiraətxanalar meydana gəlsin. Bu fikirdə onlar nəşri-maarif cəmiyyəti düzəltdilər.

Daha bir qeyriləri bu təsəvvürdə olurlar: Gərəkdir qara adama ruh vermək, camaatın gözünü açmaq, camaatın içinə girib onun ehtiyaclarını bilmək və bilib də ona yardım etmək. (...) Bu fikirlərin hamısı təbiidir, həmçinin cəmiyyətlərin də ayrı-ayrı açılması və yaşaması təbiidir. Fəqət nə üçün cəmiyyətlərimizin işləri getmir, yəni cəmiyyətə lazım olan mənfəəti camaata vermirlər, camaatı tanımayırlar! Tamam cəmiyyətlərin tərəqqisinə mane olan şey əsil mətləbi düşünməkdir.

Qədimdə bir qayda var idi. Seçki məsələsi araya gələndə camaat həmişə qoca, dünyagörmüş bir adam seçərdilər, qeyrilərinə nisbətən məlumatlı, iş bilən, həyatın uçurumlarından, ruzigarın sədəmələrindən keçmiş bir adama işlərini tapşırardılar. Yüz illər, min illər bundan müqəddəm olan adamlar düşünürdülər, bildirdilər ki, iş yaxşı getməkdən ötrü bilik lazımdır. İndi isə 20-ci qərinədə göydə uçarkən üzləri qızarmaya-qızarmaya, deyirlər ki, iş görməkdən ötrü pul lazımdır. Ona görə iş başına həmişə elmsiz, zəngin, dövlətli adam seçmək gərəkdir. Doğrudur, Napalyon bir vaxt deyibdir: Müharibə üçün lazımdır: əvvəla, pul, ikincisı, pul, üçüncüsü, pul. Fəqət indi haman Napalyon qəbirdən ba qaldırıb onu Rusiyadan qaçıran qarın səngərlərdə əriyib buğlanmağını görsə idi, yəqin deyərdi müharibə üçün lazımdır: əvvəla, elm, ikincisi, elm, üçüncüsü, elm. Fəqət beynimizin nası o qədər qalın düşübdür ki, gözümüzün korluğu bir dərəcəyə çatıbdır ki, biz yenə deyirik, iş görmək üçün əni əvvəl pul lazımdır. Yəni iş başına dövlətli keçirmək gərəkdi. Təəccüb burasıdır ki, böylə bir batil, böylə bir insanın şəninə yaraşmayan əqidə hazırda cəmiyyətlərimizdə işləyən bir neçə oxumuşlarda da vardır... Əlbəttə, böylə bir fikirdə olan oxumuşlarımız azdır. Bunlar millətin canında irinli, çirkli yaradırlar. Operasiya olunarsa, çirk dışarı tökülüb, camaatın, millətin canı bunlardan xilas olar.

Bu operasiya kimin vəzifəsidir? Biz deyərdik mətbuatın, bu müqəddəs qüvvət, bu müqəddəs əqidəsini bildirsin gərəkdir. Böylə bir əqidə sahiblərini çubuqlamalı və əqidələrini elmi-tarixi yol ilə puç etməlidir. Daha doğrusu, mətbuatın vəzifəsi ümumi millətin işlərini bilmək, bilib də təhlilində aciz qalmamaq və daim millətin hüququnu mühafizat etməkdir. Böylə bir ağır vəzifə bir adamın işi deyil, bu yolda lazımınca işləmək üçün elmi qüvvət lazımdır. Ona görə biz deyiriz: madam ki, mətbuatımız meydanında elmi, fənni qüvvət yoxdur, qəzetlərimizin camaata lazımınca mənfəəti və təsiri olmayacaqdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info