Qonaq Kitabı
Ta kim, ey dilbər, vüsalın getdi yanımdan mənim

 

Ta kim, ey dilbər, vüsalın getdi yanımdan mənim.

Dürlü möhnətlər keçər hər ləhzə canımdan mənim.

 

Gər vücudim qəbr içində yüz min il qalsa müdam,

Çıxmıya bu nari-eşqin üstüxanımdan mənim.

 

Xanüman əhvalini məndən fəraqin sormasın,

Keçmişəm səndən cüda öz xanümanımdan mənim.

 

Qəbrim üstinə, səba, lütf eylə gəl, qılgil güzər,

Bir xəbər algil mana canü cəhanımdan mənim.

 

Həq bilür, səyyarə tək gözümə yuxu gəlmədi,

Ta fələk qıldı cüda ol mehribanımdan mənim.

 

Növcavan ikən məni hicran güni pir eylədi,

Ta ki düşmüşəm cüda ömri-cavanımdan mənim.

 

Qəldi xəm oldu qəmindən bu Xətayi xəstənin,

Ta cüda düşdü könül qaşı kamanımdan mənim.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info