Qonaq Kitabı
TƏNQİD "hifzül-səhhət"

 

(Elmi felyeton “Yeni iqbal” qəzetinin 11 yanvar 1916-cı il tarixli 204-cü nömrəsinin 3-ü səhifəsində “Doktor N.Nərimanlı” imzası ilə dərc edilmişdir). 

 

 

DOKTOR KƏRİMBƏY SULTANOV

İdarənin təklifinə görə bu kitab tənqid olunur

 

Vəzifəmiz ağır da olmuş olsa, genə milləti-insaniyyət naminə bu ağır vəzifəni qəbul edib işə girişirik. Bəradərimiz, yoldaşımız doktor Kərimbəy Sultanov da ancaq millət və insaniyyət naminə sözlərirnizə diqqət edər. Düz iyirmi il bundan müqəddəm mən "Nadanlığ"ı yazıb meydana buraxdım. Məşhur mühərrirlərimizdən biri Firidunbəy Köçərli "Nadanlığ"ı rus dilində tənqid etdi; yaramaz bir şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi. "Nalanlığı yazan daha gərək əlinə qələm götürməsin. Fəqət onun çübuqlamağı "Nadir şah"ın meydana gəlməsinə səbəb oldu...

Doktor Sultanov 166 səhifədən ibarət olan kitabı tibbin ən əhəmiyyətli bir qismindən - elmi-səhhətdən bəhs edir. Bu qisim doğrudan da tibbin idealı hesab olunur, yəni, hal-hazırda insanın əqli bir nöqtəni özü üçün müqəddəs bir məslək hesab edib ciddi surətdə haman nöqtəyə yeriş edir. Nədir o nöqtə? Yəni, bir dərəcəyə çatmaq ki, insanın bədənini cürbəcür mərəzlərdən nəinki dərman vasitəsilə sağaltmaq və hətta mərəzin qabağını almaq, ya mərəzi bilmərrə puç etmək ya onu zəifləşdirmək və yainki insanın bədənini bir növ bələmək ki, mərəz ona daxil olsa da, haman bədən mərəzdən zərər görməsin. Elmi-səhhət indiki halı və yerişi gələcəkdə doğrudan da müqəddəs, ali məqsədə çatmağa böyük ümidlər vəd edir və hətta keçən il "İqbal"da bəhs etdiyim professor Baxmetiyevin teoriya təsəvvürü bu məsələdə geniş və hala əqli çaşdıran yollar açır...

Böylə bir böyük bir məsələni meydana qoymaq üçün böyük hazırlıq lazımdır. Gah vaxt bilmək bildirməkdən çətindir. Xüşusən elmi məsələləri. İnsan əvvəla bilsin ki, özü yaxşı düşünsün; fəqət bir qeyrisini düşündürə bilməsin. Bir müəllimin öz elmini yaxşi bilməsi onun yaxşı müəllim olmağına hələ dəlalət etməyir. Uşaqlar çətin dərslərini asan və tez öyrənər isə müəllim doğrudan da yaxşı müəllim olmağını göstərər. Kitab və ya məqalə yazan əvvəl gərəkdir oxucularını gözünün qabağına gətirib də öz-özündən soruşa: Kimdən ötrü yazıram? Oxucular da mətləbi düşünməyə hazırdırlarmı?

Bizcə, cənab Sultanov kitabını yazanda bu sualları görünür ki, unudubdur. Cənab Sultanov öz müqəddiməsində deyir: "Bir neçə on il bundan əqdəm həkimlik sənət hesab olunurdu və o zamanın həkimlərini sənətkarlar deyə adlandırırdılar" və sonrakı sözlərindən də məlum olur ki, tibb elmi dərəcəsinə ancaq bu "bir neçə on ildə" çatıbdır. Yəni çox vaxt deyil ki, biz doğrudan da sənətkardan həkim olmuşuq. Biz özümüz bu yavuqdan bəri həkim olduğumuz halda və aramızda minlərlə müxtəlif məsələlər hələ həll olunmamış bir zamanda, xüsusən elmi səhhət kimi müxtəlif məsələlərlə dolmuş bir şöbədən bəhs etmək və haman bəhsi hala təzə yazı-pozu başlamış camaata yazmaq, əlbəttə, olar. Fəqət səmərəsi? Həman müqəddiməsində insanın bədəni nədən ibarət olmağım yazıb da deyir: "Biz tapmışıq kletkanı ki, bədənimiz bütün ayrı-ayrı kletkalardan ibarətdir". Hətta böylə bir kökü dil ilə yazılmış, vəsf olunmuş kletka nədən ibarət olmağım 5 il kletka üstə çalışan həkimlər, əlbəttə, düşünəcəklər, fəqət oxucuların bu məsələdə də hazır salmaqlarını da nəzərə almaq lazımdır. Habelə cənab Sultanov uzun-uzadı "ümumi azarlar" barəsində bəhs edib öylə bir şeyləri meydana gətirir ki, həkim olmayan üçün gərəksiz məlumatdır, desək də yarar; Məsələn, oxucunun nəyinə lazımdır bilsin: "deaqnustifə" nədir? "Anamniz" nədir? "Simpetyum" nədir? Və ya xalqın nəyinə lazımdır bilsin həkimlər nə fənd ilə mərəzi tapırlar? Böylə şeyləri yazıb cənab Sultanov gərəksiz misallar ilə güya istəyir bu camaatı inandırsın ki, həkimlər şarlatan deyildirlər. Əltəbbə, bu barədə cənab Sultanov həkimlər tərəfindən təşəkkürlərə layiqdir. Fəqət bir az da gərək oxucuların səbrini nəzərə almaq!

Oxucu üçün lazım böylə bir məlumatlardan sonra cənab Sultanov bakteriya barəsində uzun məlumat verir. Burada demək istərdik ki ədəbiyyatımızda ən məşhur söz mikrobdur. Bu barədə türk və tatar dilində kitabçalarımız da vardır. Bu barədə çoxluca leksiyalar da oxunubdur. Doğru, elmi bakteriya, batsil və ya mikrob bir-birindən fərqli olmuş olsa da, bakteriya yerinə mikrob işlətsək, dünyalar qara geyinməz zənn edirəm. Burada cənab Sultanov öylə bir məsələlərə girişir ki, oxucular tamam kitabı yox, bəlkə bu iyirmi səhifədən ibarət məqaləni oxuyub qurtarandan sonra ancaq bunu biləcəklərdir ki, dünyada zərrəbini canlı heyvanlar (?) var imiş. Əsil elmi-səhhətə dair asan məsələləri axıra salıb ən çətin məsələlərdən başlamaq didaktika-elmi nəzərilə böyük bir xətadır. Bu elm deyir: Əvvəl yavuqdan başlayıb uzağa getmək, yəni asandan başlayıb, çətinə gəlmək. Cənab Sultanov kitabında əsil hifzül-səhhətə dair məsələlər: Toz, su, hava və qeyrilər axıra düşübdür. Ən çətin bakteriya məsələsi qabağa keçibdir. Nədənsə, cənab Sultanov kitabda əsil elmi-səhhətə dair məsələlərə əhəmiyyət verməyir, verməyib də kitabına gigiyena elmi-səhhət adı vermək böyük cürətdir. Məsələn, su kimi bir böyük məsələ barəsində bəhs açıq quyu, çay suları barəsində müfəssəl söyləmək olmaz. Nə üçün doğrudan da Avropada və yainki Rusiyyədə milyardlar xərc edib vodoprovodlar düzəldirlər? Burada vodoprovodlardan və ya kanalizasiyadan bir gözəçarpan statistika vermək və çıplaq sıfirlar ilə xalqın beynini oyatmaq nə gözəl olardı. Doğrudan da, Bakı camaatı, xüsusən müsəlmanlar hərgah bu vaxtadək içdikləri su nə olmağını bilsəydilər və onun zərərini düşünsəydilər şorlar suyu indi Bakının küçələrində sel kimi axırdı. Haman su məsələsində filtirdənmi söhbət etmək olmazdı? Vəhalon ki, hazır filtirlər vardır ki, altı min bakteriya suyu təmizləyib bir bakteriya ancaq tapılır. Bu məsələdə artezian quyularımı əhəmiyyətsizdir. Bir yerdə həm su quyusu və həm rahatxana olub da, bunların bir-birinə yer altında yol olmağımı əhəmiyyətsiz məsələdir? Bəs, xüsusi yer məsələsi necə oldu? Toz və hava barəsində yazıb da və məktəb məsələlərinə ciddi surətdə girişməmək böyük xətadır! Cənab Sultanov bu sualların cavabında deyə bilər: mən müxtəsər məlumat verməyimi kitabın müqəddiməsində yazmışam. Onda yaxşı olmazdımı dıq mərəzinə dair "Hava ilə müalicə" məqaləsini bir az gödək yazaydınız. Əcəba! Kimdir indi həkimsiz özünü girə azot və ya muşyak ilə özünə müalicə edən? Bununla belə, bu barədə məqalə kitabın üç səhifəsini tutubdur. Bunun əvəzində yaxşı olardı ki, bir az da işıq barəsində məlumat veriləydi.

Daha doğrusu, sirayətedici mərəzlər barəsində yazıb da müalicələrinə artıq əhəmiyyət vermədən əsil hifzül-səhhətə dair məsələlərə geniş yer vermək əfzəldir. Kitabda bir neçə elmi səhvlər də vardır; fəqət bu səhvlər oxucular üçün bir o qədər əhəmiyyətli deyil. Lazım olursa, cənab doktor ilə bu barədə söhbət edərik, tainki kitabın ikinci çapında təkrar olunmasın. Bununla belə, cənab Sultanovdan təvəqqe edirik ki, cənab Meçnikovun qocalığa dair təsvirinə artıq dərəcədə diqqət versin. Cənab Meçnikovun qocalıq barəsində leksiyasını mən eşitmişəm. Ona binaən, cənab Sultanovun Meçnikov teoriyası barəsində dediyi sözlərə şərik olmam. Bu teoriya və immunitet məsələsinə dair ümidvarıq cənab Sultanov ikinci çapda lazım olan məlumatı versin. Çünki bu iki məsələnin gələcəkdə elmi-səhhətdə böyük rollar oynamağına heç şübhə yoxdur.

Dil məsələsinə gəldikdə, doğrudan-doğruya cənab Sultanov bir hünər göstəribdir ki, kitab sadə, açıq türk dilində yazılıbdır. Fəqət cənab Sultanov türk dilinin ədəbiyyatına, sərf və nəhvinə bələd olsaydı, yaxşı olardı.

Tibbə dair kitab yazmaq üçün zəhmət çəkənlərə bir söz də demək istəyirdik. Hal-hazırda tibb elminin böylə bir ağır şöbəsinə girişməkdənsə, bu şöbəyə dair, ayrıca-ayrıca məsələlər barəsində balaca kitabçalar yazmaq daha gözəl olardı.

Hər halda, səhvlər ilə belə möhtərəm yoldaşımız Kərimbəy Sultanovun "Hifzül-səhhət" kitabı müsəlmanlar üçün gərəkli bir kitabdır. Səhv etməyiriksə, bu kitab doktor əfəndinin əvvəlinci zəhmətidir. Ona görə böylə səhvlər iş başlayanlar üçün müyəssərdir.

Bir də gərəkdir bunu bilmək: iş görən səhv edər, iş görməyən səhv etməz. Biz səmimi qəlbdən yoldaşımızın böylə bir müqəddəs yola ayaq qoymağını təbrik edirik. Ümidvaram ki, Kərimbəy Sultanov alim bir adam olub da göstərdiyimız səhvlərdən qorxmaz və daha artıq cidd-cəhd edərkən bildiyi məlumatları müsəlmanlar arasında intisar edər. Doğrudan da yeni oxumuş diplomlularımızın arasında Kərimbəy Sultanov öz kitabı ilə şəfəqlənir. Böylə qeyrətli cavanlarımızın artması millətimizin xoşbəxtliyidir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info