Qonaq Kitabı
HƏFTƏ FƏRYADI (12)

 

(Felyeton “Bəsirət” qəzetinin 12 iyul 1914-cü il tarixli 12-ci nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Ictima

 

İctima - toplanma deməkdir. Yəni bir çox adamın bir yerə yığılmağı. İctima - toplanma nə olmağını bir insandan savayı qeyri canlı şeylər də bilir, düşünür. Arı ictimaı, qarıncalar ictimaı.

Həqiqət, bunların həyatlarına dürüst diqqət olunsa bunların ictima ilə hərəkət etməklərini görərsiniz. İnsan dünyaya gələndən, yəni ən vəhşi bir halətdə olarkən ictima nə olduğunu, yəni bir yerə yığılıb məşvərət etmək, tək bir adamın fikrindən əfzəl olduğunu düşünürdü. Fəqət insanlar vəhşi halətlərində az bir məsələlər üçün yığıncaq edərdilər. Əvvəlki adamların ictimalarında müzakirəyə qoyulan məsələlər əksəri-ovqat davaya dair məsələlər olardı. Yəni bir vəhşi qövm, digər bir vəhşi qövmün üzərinə gələn vaxt yığılardılar, məsləhət edərdilər. Qüvvətləri var isə müqabilə çıxardılar, yox isə tövcü ya bəxşiş və qeyri bir şey vermək ilə bəladan müvəqqəti xilas olardılar.

Həqiqət, vəhşi bir qövm, nadan bir millət ictimalarında böylə bir məsələlər müzakirə olunar, deyilmi?

Doğrudur, hazırda XX qərinədə dava məsələsi mədəniyyətli millətlər arasında qoyulur. Fəqət bu yığıncaqlara ictima demək səhvdir. Hazır davaya dair məsələlər bir neçə adamın fikrilə meydana gələn yaman nifrətli bir vaqiədir. Daha doğrusu, hazır XX qərinədə davaya dair ictimalar olsa idi, heç bir dava meydana gəlməzdi....

"İctima" sözünə hər kəs nə məna verəcəksə, versin. Fəqət biz bu "söz"də müqəddəs bir şey düşünürüz. "İctima" sözü aralığa gəlir isə biz deyiriz: Bu ictimaın üzvləri müəyyən bir qövm millət tərəfindən seçilmiş vəkillərdir. Millət - yəni gecə-gündüz qan-tərdə işləyən, bir qarın ac, bir qarın tox, dünyanın hər məşəqqətinə davam edən ürəyi saf, hər şeyə inanan, haman sifətlərə görə "lotular" əllərində müdam sərgərdan qalan, özü hər şeydən məhrum xalq özünə yavuq, yəni dərdindən xəbərdar olan kimsələri seçib deyir: gediniz filan ictimaya bizim dərdimizə bir əlac arayınız, bizi bu məşəqqətdən xilas ediniz, düşündürünüz: biz qanundan ötrü deyiliz, qanun bizdən ötrüdür.

Böylə bir vəkillərin toplanmasına biz ictima deyiriz. Əlbəttə, ürəyiniz daşa dönməyib, hiss damarlarınız kəndirlənməyibsə, ağlınız paslanmayıbsa, insan ilə heyvana tərcih verən qüvvəniz korlanmayıbsa, siz də böylə bir ictimada müqəddəs bir şey olmağını hiss edərsiniz....

İnsan tərəqqi etdikcə, ictimalara ehtiyacı artar. Əvvəlki adamlar ildə, iki ildə bir toplanıb ümum bir məsələni müzakirəyə qoyardılar. İndi isə ictimaların  sayı-hesabı yoxdur. Elmin ciddi bir surət ilə yeriş etməyinə səbəb hər millətin həyatına dair məsələlər də göydən dolu tökülən kimi millətin başına tökülür. Fəqət  kimi bu dolunun zərbindən tez ayılır, kimi gec. Baş dərisinin qalınlığı bunda rol oynayırmı, oynamırmı bilmirəm. Fəqət bunu bilirəm ki, dolu bir böyüklükdə, bir qüvvətdə bir yerə yağarkən insanların birinə tez təsir edir, ikincisinə gec, üçüncüsünə heç də təsir etməyir....

İndi baxalım, bu doluların bizə təsiri varmı? İctima nə olmağını biz düşünürükmü? Doluların təsiri olsaydı, ictimalar da meydana gələrdi. Hankı bir yığıncağımıza ictima adı qoymaq istəyirsiniz? Məsələ, bu günlərdə bir adamın kefinə gəlib on-on beş adam başına cəm edib bir məclis açır: "Həzərat, - deyir - mənim vicdanım qəbul etmir ki, millətin balaları bir-birini öldürsün. Ona görə sizi dəvət etmişəm, tainki bir yol aramaq, böylə bir yaman adəti aradan götürmək".

Zahirdə bu məclisə ictima demək olardı. Çünki qəzetə müxbirləri, ziyalılar və qarapapaqlılar, hətta qeyri millətdən bu məclisdə hazır var idilər... Bundan artıq nə istəyirsiniz? Bununla belə bu məclisə ictima demək olmaz. Çünki haman nitq söyləyənlər, məsələni müzakirə edənlər xalq, camaat, yainki millət tərəfindən  seçilməmişdilər. Siz indi deyə bilərsiniz, ictimalar var ki, heç bir seçkiyə ehtiyacı yoxdur. Məsələn: müəllimlər ictimaı, həkimlər ictimaı, injenerlər ictimaı...

Doğru buyurursunuz, bu ictimalar azad ictimadır. Bu ictimaların üzvləri seçilmirlər. Bu ictimalarda müəyyən bir elmə dair məsələlər müzakirə olunur. Bir elm barəsində təzə fikirlər, təzə qanunlar həll olunur. Bir neçə ilin ərzində toplanan gizlin xəzinələr, fənlər aşkar olur, bilməyən öyrənir, bilən öz təsəvvürünü söyləyir. Demək ki, böylə bir azad ictima məktəb kimi bir şeydir.

Böylə bir yığıncağa, ictimaya vəkil seçmək lazım deyil. Xahiş edən gedər öyrənər, məlumatını, biliyini artırar....

Məsələ, bu günlərdə Peterburqda müsəlmanların ruhani işlərinə dair açılmış "ictima" yuxarıda zikr olunan elmi, azad ictimalardan gərəkdir hesab olunsun. Çünki bu ictimaya hər kəs istədisə getdi...

"Müsəlmanların ruhani işləri", görünür, bir elmdir... Fəqət bilirsinizmi bu "elm" hankı məsələlərə dair meydan açır? Arvad, kişi, oğlan, qız, nə bilim, nə məsələlər... Yemək-içmək, oturmaq-durmaq, murdar-təmiz, xülasə, demək olar ki, anadan olandan ta qəbirə gedənədək bu məsələlər də müsəlman ilə vardır.Yəni, müsəlmanın bütün həyatı bu məsələlərdən asılmışdır, desək də yarar....

Bu sözləri oxuyub da gözlərinizi bərəldəcəksiniz və deyəcəksiniz: necə ola bilər ki, bu qədər mühüm məsələlər müzakirə olunsun da, mənim xəbərim olmasın. Əcəba, mənim həyatım mənimmi, mən bir millət balasımı? Ya çovğunun, yelin qüvvəti ilə ağacdan kənara düşmüş, toza-torpağa bulanmış, saralmış bir yarpağammı? Əcəba! Məndə həyat nişanəsi yoxdur?

Yoxdur, əfəndim! Yoxdur!

Bir insan ki, öz hüququnu düşünmədi, o, insan dərəcəsinə hələ çatmamış. Bir millət ki, həyatına dair məsələlər həll olunan vaxt yatar, lal olar, o millətin diriliyi şübhəlidir. Bir millətin "yol göstərənləri", "mühüm bir ictimai" gizlədərlər isə, millətə aşkar xəyanət etmiş olarlar. İndi iş-işdən keçibdir. Fəqət qəzetələri oxudunuz isə Peterburqda müsəlmanların ruhani işlərinə dair ictimain nə olmağını bildinizmi? Müzakirəyə qoyulan məsələlərə diqqət etdinizmi? Etdiniz isə "müsəlman fraksiyasının" biliyini, qanacağını, əqidəsini də gərək biləsiniz. Bu sözləri deyib də fraksiyaya dair fikrimi gizlətsəm, mən özümü millətə xəyanətçi hesab etmiş olaram... Fraksiyanın bir üzvü birisinə yazır: filan vaxtda filan məsələlər müzakirə olacaqdır. Bir özünüz, bir də bir adam müsəlmanlar tərəfindən filan "ictima"ya gətirərsiniz... Ah, bədbəxt millət, düşünürmüsən? Sən seçdiyin vəkil sənin hüququnu ayaqlamaq istəyir... Sənə yazmır, sənin hüququnu mühafizət edən, yolunda minlərcə məşəqqətlərdə bulunan, gecə-gündüz dərdinə yanan, göz yaşı tökən qəzetənə də yazmır. Fəqət özü kimi bir qanacaqda, bir əqidədə kimsənəyə yazır: gəliniz, özünüz ilə bir adam da gətiriniz.... Bu adam da özü ilə yoldaşlar apardı. Haman yoldaşlardan biri də nitq söylədi: həzərat, şəriət ilə 9 yaşında qızı ərə vermək olar, ona binaən bu qanuna əl dəymək olmaz...

İştə, budur, cənab "vəkilin" camaat işinə, ictimaya olan əqidəsinin səmərəsi!

Böylə bir vəkilin yol göstərməyi ilə nerəyə gedəcəksən? Böylə bir gülünc, mənasız ictimalardan nə gözləyəcəksən?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info