Qonaq Kitabı
Sünbülün küfründən, ey şəhzadə, iman münfəil

 

Sünbülün küfründən, ey şəhzadə, iman münfəil.

Xətti-səbzin rövnəqindən bərgi-reyhan münfəil.

 

Zülmətə nur oldu zülfün, ay yüzündən şərmsar,

Ləblərin şövqindən ol ləli-Bədəxşan münfəil.

 

Pərtövi-hüsnin ziyasından Sürəyyadır xəcil,

Surətin tabından ol xurşidi-taban münfəil.

 

Ey səba, billah, dilimdən söylə kim, çox olmasun

Mahtab üstündən ol zülfi-pərişan münfəil.

 

Qeyrətindən bir nəzər fanus yüzün göstərmədi,

Məclisində yandırır çün şəmi-pünhan münfəil.

 

Ol zaman kim, dilbərim bustanə girdi seyr içün,

Qamətindən oldu hər sərvi-xuraman münfəil

 

Uş Xətayi sözlərindən əhli-ürfan utanur,

Cahilü nadan, rəqibü namüsəlman münfəil.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info