Qonaq Kitabı
HƏFTƏ FƏRYADI (11)

 

(Felyeton “Bəsirət” qəzetinin 5 iyul 1914-cü il tarixli 11-ci nömrəsinin 3-cü səhifəsində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Əqidə

 

Əqidə - inanılan şey, etiqad, iman deməkdir. Yəni insan bir şeyə inanır, ona ibadət edir, onu hər şeydən müqəddəs bilib ruhunu, ağlını, tam vücudunu onun yolunda sərf etməyə çalışır...

İnsan ya elm, ya tərbiyə və ya təcrübənin təsirindən müəyyən bir əqidə sahibi ola bilər.

Tutalım ki, bir adam müəyyən bir əqidə sahibidir. Məsələn, həyat-dirilik nə olmağını böylə düşünür: dünya beş gündür, beşi də puç. Bu dünya eyş-işrət meydanıdır. İkinci dəfə daha bu dünyaya gəlməyəcəksən. Bu keçən gün, keçən saat, keçən dəqiqə ömründən gedir, mümkün olduqca onu ver zövq-səfaya, ta ürəkdə qalmasın arzun, köçəndə darülbəqaya. Bu müəyyən bir əqidədir.... Bu əqidənin sahibi həyat-diriliyin nə olmağını böylə anlayıbdır. Şəksiz, bunun feli, qövlü, ruhu, hissiyyatı əqidəsinə müvafiq gərəkdir hərəkət etsin.

"Dünya beş gündür, beşi də puç" əqidədə olan nə tövr gərəkdir zindəganlıq keçirsin? Səhər yerindən durub çayını içər, çaydan sonra ya kantora, ya dükana və yainki zavoda gedər. Namaz qılır, qılmayır, o bizim işimiz deyil, özü bilsin, öz Allahı. Günlük məişətində öz həmcinsləri ilə nə tövr rəftar edir, kimi aldadır, hankı yetimin pulunu yeyir, hankı adama quyu qazıyır, bu da bizim işimiz deyil. Fəqət onu bilirik ki, günorta aş qazanını doldurub kəlləni atır, axşam yenə də çay içib, xörək yeyib, qəlyanı xoruldadır və sonra bir az uşaqlar ilə oynayır, bir az da arvadına yaxşı-yaman deyib genə də kəlləni atır.

İl uzunu bu tövr ömür keçirir. Fəqət haman bu əqidədə olub da bir parası, yəni bir para rəndələnmişlər, üzdən pak, təmiz, ruh sarıdan ən zəiflər, axşam çaylarını və xörəklərini klublarda yeyərlər. Bunlar da dünənki ərəqçin örtəndilər. Fəqət zəmanənin təqazası kluba getməyi, klubda çörək yeməyi, səhər saat üçə, dördədək qumar oynamağı bunlardan tələb edir. Yaxşı fikir versəniz, görərsiniz həqiqət bu iki qisim adamların müəyyən bir əqidəsi vardır, yəni, dünyaya nə üçün gəlməklərini bu tövr anlayıblar; həyat nə olmağını bu tövr düşünüblər. Bunların hərəkətləri, yəni durub-oturuşları, bütün həyatları müəyyən bir əqidədə olmaqlarını göstərir: dünya beş gündür beşi də heç. İnsan yaranıbdır ölməkdən ötrü, ye, iç, kef et, dünyanın hər bir ləzzətini dad!.. Böylə bir əqidə sahiblərinə, əqidələrinə müvafiq zindəganlıq edənlərə mən heç vaxt təəccüb etmirəm, çünki bir şey ki, təbii yol ilə gedir, ona təəccüb etməməli. Məsələn, bu qisim adamlardan tutalım ki, biri qeyri bir əqidəyə qulluq edir, fikir edib özü üçün bir yol tapıbdır. Doğrudur, deyir: dünya beş gündür, fəqət bu beşgünlük dünyada gizlin xəzinələr, gizlin sirlər, qüvvələr, mühüm məsələlər, açılmayan düyünlər, təbii qanunlar vardır. Bunları aşkar etmək, təbii qanunları həll edib meydana buraxmaq insanın vəzifəsidir. Mən insanam isə bu məsələlərin birini biqədri qüvvə mən gərəkdir həll edəm, tainki dünyadan köçəndə insana məxsus olan vicdan "gərdişin hankı bir qüvvəsini ümumi insandan ötrü həll etdin?" sualını verəndə isə mən məğrurluqla cavab verəm.

Həqiqət, yuxarıda zikr olunan "müəyyən əqidə" sahiblərindən biri böylə bir müqəddəs əqidədə olub, həyatı müdam gərdiş ilə müharibədə, təəccüb deyilmi?

Odur ki, deyirəm, zikr olunan həriflərin "əqidələri"nə və əqidələrinə müvafiq hərəkətlərinə heç vaxt təəccüb etməməli.

Dünya və həyat nədir? İnsan nə yol ilə yeriş edib də "insanlıq" dərəcəsinə çatmış? - suallarına bünövrəsiz bir adam cavab verə bilməz. Yəni demək istəyiriz: gərdişə (prirodaya) yavuq olmaq, onu sevmək, onun gizlin xəzinələrini tapmağa səbəb olur. Bu da oxumaq ilə olan bir şeydir. Bünövrəsiz, yəni elmsiz böylə bir mühüm məsələlərə girişmək çətindir. Bu "müəyyən əqidə" sahibləri elmdən məhrum olub da bunlardan qeyri bir şey tələb etmək, ya qeyri bir əqidə, məslək gözləmək olarmı?

Yox, əfəndim!

Təbii, alma toxumundan gərəkdir alma ağacı bitsin, deyilmi? Biz buna təəccüb etməyiriz. Biz təəccüb ediriz özlərini "müəyyən bir əqidədə" olanlara oxşadan "balta başlılar"a, "döşləri nallılar"a, "başları qaqartlılar"a. Balta, nal, qaqart bunların darülfünunda elm təhsil etməklərini guya göstərir. Rusiyadakı və Avropadakı darülfünunlar Molla əmi yazdığı "Mazandaran" darülfünunlarına oxşamırlar. Bu darülfünunlarda həqiqət, mükəmməl surətdə müəyyən bir şöbəyə dair elm oxunur. Məxsus bir sənətə dair lazımınca məlumat verilir isə ümumi məsələlər, yəni insanın ağlını hərəkətə gətirən, ruhunu təmizləyən məsələlər də müdam müzakirə olunur.

Demək ki, bir sənətdən savayı darülfünunda xahiş edənlər üçün elmlər dairəsində ümum həyata dair geniş bir meydan açılır. Fəqət görən göz, eşidən qulaq, sağlam beyin, hissli ürək gərəkdir olsun. Bunlar oldu isə, şəksiz, müəyyən bir əqidə də meydana gəlir.

İndi məndən sorarsınız: Bizim oxumuşların əksəri hankı bir yol ilə gedir? Hankı bütə sitayiş edir? Hankı bir nöqtəyə yeriş edir? Doğrusu, bu suala birdən-birə cavab vermək çətindir. Fəqət bunu təkrar edə bilərəm ki, insanın həyatına, yeni dolanacağına baxıb onun məsləkini bilmək mümkündür.

Bu mənim təsəvvürümdə, ola bilsin də bu təsəvvür səhv olmuş ola. Səhv deyilsə, yəni siz də bu təsəvvürdəsiniz isə, bir para bizim intelligentlərin məsləkləri, əqidələri barəsində nə üçün məndən sorursunuz?

Buyurunuz klublara, restoranlara, daha nə bilim nerəyə! Nerəyə, nerəyə... Yainki buyurunuz cəmiyyətlərə.... Cəmiyyətlərdə oturub bunların hərəkətlərinə, nitqlərinə baxınız, diqqət ediniz: ikiüzlülük, "filan hacının qaşqabağına" baxıb sözünü dəyişmək, qaraya ağ, ağa qara demək. Vicdanını, əqidəsini qara pula satmaq – bunların hamısını özünüz görürsünüz, eşidirsiniz.

Diplomlu provokatorların, şpionların, "cəmiyyətlər"in, millətin minlərcə pullarını yeyib sonra haman cəmiyyətə, haman millətə xəyanət edənlərin hələ sözlərini danışmıram...

Həqiqət, hərdənbir oturub fikir edirsən: Bir millətin müəyyən bir yolu, məqsudi olmadı isə, o millətin istiqbalı dəhşətli bir fırtınaya düçar olacaqdır, deyilmi? Düz bir yol, saf, sağlam, dəyanətli bir əqidə kimdən gözləmək? "Əlbəttə, oxumuşlardan" ... deyib xəcalətinizdən başınızı aşağı salacaqsınız... Və ürəkdən ah çəkib deyəcəksiniz: Ah, bədbəxt millət! Müqəddəs bir əqidəni "sən" kimdən gözləyirsən?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info