Qonaq Kitabı
"TELEFON" (2)

 

(“Telefon” sərlövhəli felyeton “Bürühani-tərəqqi” qəzetinin 24 dekabr 1910-cu il tarixli 127-ci nömrəsinin 2-ci səhifəsində imzasız dərc edilmişdir).

 

 

 

- Drr... Drr... Drr...

- Hə, kimsən?

- "Bürhani-tərəqqi"nin idarəsimi?

- Bəli, özüdür. Siz kim?..

- Arı bəy (Bal qurdu).

- Aha, buyurunuz.

- Təzə xəbər istəyirsinizmi?

- Buyurunuz, baxalım.

- Deyirlər, müzəffəri məktəbində o qədər uşaq var ki, otaqlar tutmur. Əncümən yığılıb bu məsələni müzakirə edəndən sonra böylə qərar ediblər ki, bir zorba ev tutsunlar. Pul məsələsi araya gələndə qoçağım tacirlər min-min veriblər. Əhvalatdan böylə görünür ki, məclisdə olanlar böyük bir qeyrət göstəriblər. Hətta iş bir yerə çatıbdır ki, konsulxana qulluqçularından birisi gücü heç bir şeyə çatmayıb, əlli manata dəyən bir it bağışlayıbdır ki, məktəbin skamyalarını səhərdən axşamadək güdsün, taki oğrular aparmasınlar... Və bir də qərar qoyublar ki, məktəbdə rus dili oxunsun, hazır müəllim olmamağına görə qeyrətli tacirlərdən biri müvəqqəti olaraq rus dili dərsini boynuna almış.

- Cənab Arı bəy. Təvəqqe edirik axırıncı məsələni təhqiq edəsiniz, çünki tacirlərdən hankı birisi rus dili müəllimliyini bacara bilir? Bu əhvalat səhv olacaqdır.

- Xeyr, xeyr, necə ki deyirəm, elədir. Təəccüb etməməli...

- Cənab Arı bəy, pək əla, bunların hamısını təb edərik. Fəqət, bir iş var ki, iki gün bundan müqəddəm idarəyə verdiyiniz xəbərlərlə bu xəbərlər bir-birilə düz gəlmir: əvvəl xəbər verdiniz ki, müzəffəri məktəbinin müəlliminin cibində siçanlar oynayır. İndi deyirsiniz, tacirlər böylə bir qeyrət göstəriblər. Doğrusu, bu xəbərlər təhqiq olunmasa, qəzetəmizdə yer verilməyəcəkdir.

- Drr... Drr... Drr...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info