Qonaq Kitabı
"TELEFON"

 

(“Telefon” sərlövhəli felyeton “Bürühani-tərəqqi” qəzetinin 17 dekabr 1910-cu il tarixli 126-cı nömrəsinin 2-ci səhifəsində imzasız dərc edilmişdir). 

 

 

- Drr... Drr... Drr...

- Hə, kim ola?

- "Bürhani-tərəqqi" idarəsimi?

- Bəli, siz kim?...

- Arı bəy.

- Buyurunuz, nə var, nə yox?

- Əhvalat çox, fəqət hələ bunları yazınız: cənab konsulun teatr barəsində verdiyi hesab cəmi rus, firəng, alman, ingilis, yapon qəzetələrində çap olunacaqdır. Tainki bu millətlər dəxi zəhmət çəkib tufandan tələf olan iranlıların yetimlərinə ianə göndərməsinlər. Çünki ianə göndərib iranlıların boyunlarına bir böyük haqq qoyacaqlar. Nə lazım düşüb, canım! Hazır özümüz, Allah bərəkət versin, teatrdan lazım olan pulu götürdük. Qoy əcnəbilər bizim də qeyrətimizi, həmiyyət-himmətimizi görüb sarsaq-sarsaq söylənməsinlər, "vəhşi müsəlman" deməsinlər. Bir iş var, yığılan ianə gərək hər şəhərə ayrı-ayrı göndərilə.

Məsələn: əlli qəpik Ərdəbilə və qeyr. Böylə olan surətdə poçta xərci barəsində məsələ hazırda ciddiyyətlə müzakirə olunur...

- Cənab Arı bəy! Bu barədə Peterburqdan nə xəbər?

- O barədə vəkillər gələndən sonra böyük "doklad" olunacaqdır...

 

Ay Moskva şəhərində bir qız sevmişəm.

Ay sarıbaş sonama dərdim demişəm.

Bağçada güllər,

Oxur bülbüllər.

 

- Drr... Drr... Drr...

- Canım, nə söyləyirsən, Arı bəy? Bu şikəstə oxuyan kimdir, qoymur sözlərinizi yaxşı eşidim, sözünüz yarımçıq qaldı. Söyləyiniz görüm.

- İdarəmi, ha, ha, ha, bağışlayınız, sözüm qurtardı. Ancaq kefim gəlmişdi, ona görə yavaş-yavaş zümzümə edirdim. Fikr etdim ki, eşitməzsiniz, nə bilim ki, "telefon" belə gurultu salır.

- Drr... Drr... Drr...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info